Daha nə yazım, Zakir Sadatlı?!

Daha nə yazım, Zakir Sadatlı?!
5 fevral 2014
# 11:59

Bu yazını yazmaq mənimçün zülümdü... Bir ilin söhbətidi. Redaksiyada qəfildən mənə dedilər ki, indicə Zakir Sadatlı gələcək, ondan müsahibə almalısan. Bilirdim ki, ağır xəstədir, canının ağrılarıyla əlləşir. Mən ağır xəstəliklə çarpışan adamla üzbəüz oturub onun gözünün içinə rahat baxa bilmirəm. Bu, mənim üçün əzabdır. O da tanıdığım, yazılarına bələd olduğum bir insan ola... Zakir Sadatlı ilə oturub söhbətləşmək mənim üçün çətin olacaqdı. Gəldi, görüşdük. Təsəvvür etdiyimdən xeyli gümrah görünürdü, yüksək əhval-ruhiyyədə idi. Sevindim ki, səhhəti yaxşılığa doğru gedir. Fotoqraf şəkillərini çəkməyə hazırlaşanda Qabil Abbasoğlu işarə etdi ki, bu vəziyyətdə şəklini çəkmək məsləhət deyil. Saçları tökülmüşdü, tanınmaz hala düşmüşdü...

Qonaq otağına girəndə beynimdə heç bir sual yox idi. Bir də baxdım ki, bir saatdır söhbət edirik. Sonra həmin müsahibəni diktofondan köçürəndə düşündüm ki, sanki bu suallar içimdə çoxdan hazır imiş. Zakir Sadatlının amansız xəstəliyə düçar olduğunu bildiyim andan mənim içimdə bu suallar yaranmışdı və heç ağlıma gəlməzdi ki, Zakir Sadatlı son müsahibəsini verir...

Müsahibə dərc olunandan sonra zəngləşdik. Təşəkkür elədi. Dedi “Əfqanıstan uçurumu” romanım bu yaxınlarda çapdan çıxacaq. Onda yığışıb bunu yaxşıca qeyd edərik. Amma qismət olmadı... Kitabının təqdimatı onsuz keçdi... Həmin roman haqqında yazı da yazdım, çox istərdim ki, həmin yazını Zakir özü də oxusun... Əfqanıstan müharibəsi haqqında ən yaxşı əsəri məhz o, yaza bilərdi və yazdı da! Müharibənin ağrısı onun içindəydi və bu ağrını sözə çevirmək də onun üçün asan deyildi... Yenidən o məchul, namüyyən savaşa qayıtmalıydı və yenidən o müharibədən sağ çıxmalıydı...

Zakir savaşlardan həmişə qalib çıxmışdı. Son savaşdan da qalib çıxdı və arxasında bir “uçurum” buraxıb getdi. “Əfqanıstan uçurumu”...

Fələyin çarxı çox sürətlə fırlanır... Beləcə, sıralarımız seyrəlir... Bundan o yana daha nə yazım, Zakir Sadatlı?! Bir halda ki, sənin yazdığın yazı yarımçıq qaldı... İçimizdəki uçurum çox dərindi, qardaş...

P.S. Bu gün Zakir Sadatlının vəfatından bir il ötür...

# 2679 dəfə oxunub

Müəllifin son yazıları

# # #