Kulis.az Orxan İsmayılovun "Yaxşı hekayəni necə yazmaq olar və ya üslub kamilliyi nədir?" yazısını təqdim edir.
Cümlə və abzas quruluşunun altında müəyyən prinsiplər dayandığı kimi, hekayənin, məqalənin, şeirin, hətta metro xəttinin və ya göydələnin quruluşunun da öz təməl prinsipləri vardır. Yenə də, istər şüurlu şəkildə, istərsə də fərqində olmadan, cümlənizin və ya abzasınızın məqsədinə çatmasını istəyirsinizsə, bu əsas prinsiplərə hörmət etməlisiniz.
Əgər məna həmişə aydın başa düşülürsə, vurğunu daim lazım olan yerdə qoymağı bacarırsınızsa, yazınız istədiyiniz kimi zövqlü, iti və ya təsirli alınırsa, onda üslub prinsipləri barədə narahat olmağa dəyməz, hətta onları nəzəri cəhətdən bilməsəniz belə. Amma əgər aydınlaşdırmaq istədiyiniz yerdə qaranlıq qalırsınızsa, dəyərli sandığınız bir həqiqəti oxucuya aşılamaq istədiyiniz halda təsirsiz görünürsünüzsə, maraqlı olmaq niyyəti ilə yazıb oxucunu yorduğunuzu hiss edirsinizsə, o zaman üslub prinsiplərinə müraciət edin və onları işlək səviyyədə mənimsəyənədək öyrənin.
Biz başa düşülməliyik ki, oxucunun zehnini və səbrini həddindən artıq yükləməməliyik, məqsədimizlə əlaqəsiz və ya ona zidd fikirlər təlqin edirmiş kimi görünməməliyik, əhəmiyyətsiz olanı qabartmamalı, oxucunu təsirləndirmək istədiyimiz əsas məqamı isə kölgədə qoymamalıyıq.
Üslub prinsiplərini öyrəndikcə görəcəyik ki, onlar sağlam düşüncəmizin onsuz da bizə diktə etdiyi tələblərə çatmaq üçün müəyyənləşdirilib, əks halda daha böyük məqsədlərimizdə uğursuzluq qaçılmazdır. Yalnız bu prinsiplərə riayət etməklə yaxşı nəticə əldə edə bilərik: bir-biri ilə ahəngdar şəkildə birləşən, aydın və gözəl bir yazı yarada, məhz yaradılma məqsədinə xidmət edən cümlə və abzaslar qura bilərik.
Üslub prinsipləri barədə biliklərimiz bizi çətin vəziyyətə salmaq üçün yox, uğur yolunda kömək etmək üçündür. Elə bu məqamda istəkli gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər. O, o qədər düzgün, zərif, təsirli yazmağa çalışır ki, üslubu həqiqətən də düzgün, zərif və təsirli olur, amma hekayəsi oxucuda heç bir təsir yaratmır. Üslub, sırf üslub olaraq, qüsursuzdur, lakin hekayə uğursuzdur.
Bununla belə, qoy bu hal həmin o yazıçını ruhdan salmasın. Dərzi əvvəlcə biçimlərə tam uyğun paltar tikməyi öyrənməlidir ki, sonradan özünəməxsus zərifliyi və cazibəsi olan, geyinən insanın bədəninə mükəmməl uyğunlaşan libaslar yarada bilsin.
Bethoven də şübhəsiz ki, əvvəlcə sadə qammaları mükəmməl ifa etməyi öyrənmişdi; yalnız bundan sonra xırda bir meh kimi başlayıb getdikcə güclənən küləyə çevrilən axıcı pasajları yarada bilmişdi. Biz də hekayə yazmaq üçün həqiqətən qaneedici bir üslubu, müəyyən qədər məşq etmədən və bir neçə səhvə yol vermədən əldə edə bilmərik.
Bəs hekayədə üslubun kamilliyi nədir? Əminliklə deyə bilərəm: əgər üslub mövzuya (istər dialoq, istər hərəkət, istər təsvir, istərsə də başqa bir cəhət olsun) mükəmməl şəkildə uyğunlaşırsa və oxucu onun varlığını belə hiss etmirsə, üslub kamilliyi bax budur.
Əgər maraqlı bir mənzərəyə pəncərədən baxırsınızsa, şüşədən istədiyiniz yeganə şey onun görünməz olması, gözünüzə və fikrinizə heç bir şəkildə mane olmamasıdır. Möhtəşəm bir mənzərəni görmək üçün bir təpəyə qalxmısınızsa, havadan gözləntiniz onun saflığı, mülayimliyidir ki, baxdığınız mənzərədən tam həzz alasınız.
Mükəmməl hekayə üslubu da o üslubdur ki, tam şəffaf olsun və hadisələrin, dialoqların, hekayəni təşkil edən hər şeyin aydın şəkildə ön plana çıxmasına imkan versin. Başqa sözlə desək, ideal üslub özünü silir ki, hekayə heç bir an belə kölgədə qalmasın, bulanıqlaşmasın.
Əgər kədərli bir hekayəniz varsa, onu nəql edin. Amma kədərli olmağa çalışmayın. Sadəcə imkan verin ki, hekayə özü oxucuya təsir etsin. Təsəvvür edin: ağ saçlı bir ana oğlunu cəbhəyə yola salır. Bəlkə, bir daha görüşməyəcəklər. Belə ayrılıqların nə qədər ağrılı olduğunu kimsənin sizə izah etməsinə ehtiyac yoxdur. Ananın əyilmiş başı, göz yaşları, kədər və məhəbbətlə dolu anlaşılmaz pıçıltıları sizi kənardan edilə biləcək bütün bəzəkli çıxışlardan daha dərindən sarsıdacaq.
Əgər gülməli bir hekayəniz varsa, onu nəql edin. Oxucunu əsəbiləşdirərək nə qədər gülməli olduğunu izah etməyin və özünüz də süni şəkildə zarafatlar etməyə çalışmayın. Əgər hekayə doğrudan da gülməlidirsə, oxucu bunu sizin köməyiniz olmadan da anlayacaq. Qoy o, yumoru sakitcə yaşasın.
İstənilən mövzuda bir hekayə yazmısınızsa, onu sadəcə danışın. Materialınızdan və ya personajlarınızdan çox bəhs etməyin. Yadda saxlayın ki, kamil üslub hekayəni tam açan üslubdur. Üslubunuz hekayənizin yolunu kəsirsə, nə qədər düzgün olursa-olsun, o artıq yaxşı üslub sayılmır.