Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu
15 dekabr 2025
# 14:35

Kulis. az Könül Həsənqulunun "Qala Adam" yazısını təqdim edir.

Öz işığı ilə zamanəsinin pisliklərinə qarşı sinə gərərək yol almaq hər igidin işi deyil. Uzun illərdir ki, çağdaş ədiblərimizi həm yaxından, həm də uzaqdan müşahidə etmək imkanına sahibəm.

Rəşad Məcid məhz o qənimət insanlardandır ki, kimsəni itələmədən, ayağını tapdalamadan, üstünə qışqırmadan tutduğu işıqlı yolunda – bu əzmlə daim zirvələrə varır, amma vardığı zirvədən kimsəyə yuxarıdan-aşağı baxmır, hətta ona təkəm-tükəm kin püskürən insanlara da o, müdrikcə elə tövsiyə verir ki, söz sahibi sözündən utanır.

Yaxından tanıdığım çağdaşlarımın mətnlərində onların həyatını və yaşantılarını görə bilirəm. Rəşad müəllimin yazılarında isə, onu bir şəxsiyyət kimi öyrənmək istəmişəm.

Necə ola bilər ki, hamımızı diliacı, səbridar, emosional edən bu zəmanə ona öz sözünü keçirə bilməsin? Bax, bu fəlsəfə "açar"ını tapmaq istəmişəm həmişə.

İşıqlı, azad-asudə məzuniyyət günlərimin birində yolum doğma ocağımız Yazıçılar Birliyinə düşdü.

Xaqani küçəsinin bu yolu mənə hələ tələbə vaxtımdan – sübh tezdən qaş qaralana kimi Milli Kitabxanada keçirdiyim günlərdən bəri əzizdir.

Fürsəti qaçırmayıb, gəlmişkən o işıqlı insanı – Rəşad müəllimi görmək istədim. Gənc yaşlarımızdan bizi gülərüz qarşılayıb, hədiyyələr bağışlayıb əlidolu yola salan Rəşad müəllim bu dəfə mənə ən qiymətli hədiyyəsini – öz kitabını bağışladı.

Uzun illər fələkdən çarpan kimi mətbu orqanlardan onun haqqında oxuduğum mətnlərin hamısı indi qarşımda, üstünə "Qala adam" yazılan bir kitabda cəmləşmişdi.

Yazıçılar Birliyinin qarşısında dayanıb sifariş etdiyim taksini gözləyirdim ki, səbrim çatmadı. Gün eynəyimi çıxarıb optik eynəyimi taxaraq kitabı vərəqlədim.

Kitab "Qələmsiz yazılanlar" bölməsi ilə başlayır ki, axtarışında olduğum işıq yolunu burada tapacağımdan əmin oldum.

"Kövrəlmək yaxşı əlamətdir", "Səhər açılan kimi bəd xəbərlər yaymağa tələsməyin. İmkan verin insanlar günə nikbin başlasınlar. Günəşə bənzəməyə çalışın!", "Postinsan mərhələsi...", "Hər yanı, hər şeyi ancaq qara rəngdə görənlərin gözlərində yox, qəlblərində problem var".
Bunları oxuyurdum ki, taksi sürücüsü zəng elədi:

- Orda saxlamağa yer yoxdu, yolun qırağına keçin, 5 dəqiqəyə ordayam.
- Elə burdayam, narahat olmayın.

Kitabı bağlayıb gün eynəyimi taxmaq istəyirdim ki, gözüm kitabın arxasındakı şeirə sataşdı. Bu şeirdə, sanki, misra-misra Rəşad Məcid tablosu çəkilmişdi.

Bu tablo onun – şeirin üstündəki fotoşəkildən daha aydın təsviri idi. Müəllif özü də bilmədən avtoportretini yazmışdı.

Dostun-doğmanın üfüqdə batdığı, günbəgün üstümüzə qoşunla hücum çəkən zəmanə yağılarının arta-arta getdiyi bir dövrdə qala adamların hələ də var olduqlarına görə yolun kənarındaca babat doluxsundum. "Həyat, sən bizə nələr öyrətdin, nələr?.." - dedim öz-özümə.

Taksi sürücüsünün mənə tanıdığı 5 dəqiqə tükənmişdi. Yola baxırdım ki, Yazıçılar Birliyinin qapısından çıxan Rəşad müəllimin mehriban səsinə döndüm. Nahara gedirdi.

O, həmişəki kimi xoş sözlərlə günümüzü işıqlandırdı. Boğazımda düyünlənən qəhəri boğub, dərhal dadıma çatan təbəssümü üzümə geyinib təkcə bu sözü deməyə gücüm çatdı:

- Rəşad müəllim - əlimdəki kitabı göstərdim - bu qala adam Sizsiniz...
- Təşəkkür, təşəkkür – o işıqlı insan təvazökarca gülümsəyib sağollaşdı.


Taksidə "Qala adam" şeirini bir də oxudum və bu fəlsəfənin təsirindən çıxmamaq üçün, mütaliəyə bir günlük fasilə verdim.

Ömür əta etsin, mən nə vaxtsa, işıqlı qala adam haqqında daş-daş, divar-divar iri yazı yazacağam. O yazıda doğmalıq, qohumluq anlayışı – qarət olunmuş şəhər kimi darmadağın olacaq.

Bu viranə şəhərdə ancaq ucalmış qalalar görünəcək. Hələlik bu yazımı müəllifin avtoportreti ilə tamamlayıram.

"Qala adam"

Hər adamın sığınmağa
Bir qalası olsun gərək.
Bu qaynaşan pis gözlərdən
Bir xilası olsun gərək.

Nicat yoxdu bolca vardan -
Hündür divar, dik hasardan!
Adamı daş adamlardan
Qala - Adam alsın gərək!

Bu gələn gözəl, əladı
Yeriyən, gəzən qaladı.
Bəlkə də təzə bəladı
Dinsin görək, gəlsin görək!!!


Rəşad Məcid



# 1430 dəfə oxunub

Oxşar xəbərlər

Yenilikçi tarzən - Şəhid generalımız Polad Həşimov onun hansı mahnısını çox sevirdi?

Yenilikçi tarzən - Şəhid generalımız Polad Həşimov onun hansı mahnısını çox sevirdi?

10:00 16 avqust 2026
Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə

13:45 15 avqust 2026
“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər