Gözlərim hər səhər çürük taxta kimi açılır əclaf həyatın üzünə...

Gözlərim hər səhər çürük taxta kimi açılır əclaf həyatın üzünə...
17 iyul 2013
# 10:05

Kulis.Az Kənan Hacının yeni şeirlərini təqdim edir.

Dostum Etibarın qəfil ölümünə

Bu Günəş də yox oldu üfüqdə

son ümid kimi,

ömrün günlərini vurub-çıxırsan,

hər dəfə səhv edirsən,

fələk sayan düz çıxır...

Fələyin saydığı neçənci Günəşdi,

batdı üfüqdə?!..

Adam hər gün azalır,

ən yüngül çəkidə gedir qəbirə,

sən çox idin,

bu qədər ağır canla

necə sığdın torpağa?

Qırxıncı qapıda açılır sirlər,

bu sirli qapını örtdün arxanca,

quş qanadını göyünə görə uzatdığıtək

ayağını yoluna görə uzatdın,

yataqda ölməz kişilər,

kişilər ölümü yolda qarşılar,

sənə də qəfil ölüm yolda tuş oldu,

fələyin barmaqları ürəyində yumuldu...

*******

Daş olub ayağımdan asılıb

yaşadığım günlərin

heçliyi,

gözlərim hər səhər

çürük taxta kimi açılır

əclaf həyatın üzünə...

gecənin güclü vaxtında

öldürə bilmirəm gücsüzlüyümü,

ölüb-dirilməyin

xərci də çoxdu,

cibimin pulu azaldıqca

qorxuram öləm,

daha dirilməyəm...

***

Bəlkə sən xəyalsan,

ayrılıq dövrəndən qalxan

zəhərli dumandı bəlkə?

Tənhalıq içimdə çat verdi,

Bizim görüşümüz uzandı bəlkə,

nə vaxtsa mənim olmağın

sadəlövh gümandı bəlkə?..

gəl indi taleyə inanma,

daha bir uğursuz sevgini

yazdı alnıma!...

# 1956 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #