İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?
13 dekabr 2025
# 12:30

13 dekabr tanınmış türk yazıçı Oğuz Atayın anım günüdür.

Kulis.az bu münasibətlə Ülvi Babasoyun "Oğuz Atayın “Tutunamayanlar” romanında “Üçbucaq arzu” konsepsiyası modern və postmodern təmayüllər kontekstində" yazısını təqdim edir.

XX əsrin əvvəllərində türk nəsrində avropalaşma meyilləri güclənir. Əhməd Həmdi Tanpınarın “Huzur” və “Saatleri Ayarlama Enstitüsü” romanları ilə müasir türk ictimai-siyasi həyatı və xaotik vəziyyətlər modern bir üslubda təqdim edilir. Tanpınarla intibah, islahat və maarifçiliyin sərhədləri” (Ecevit, 2014, s. 228) daha da genişlənir.

Türk nəsrində modernizm cığırı Tanpınarla salınır, Yusuf Atılqan isə “Aylak Adam” və “Anayurt Oteli” romanları ilə modernist, ekzistensial təmayülləri türk nəsrinə gətirir. Oğuz Atayla modernist və postmodernist estetikanın nəzəri və praktiki yönləri inkişaf edir. XX əsrin 60-70-ci illərində postmodernizmin nəzəri konsepsiyası formalaşsa da, əsrin əvvəllərində M.Prust, C.Coys, F.Kafka, R.Muzil, H.Broxun yaradıcılığında ilkin postmodernizmin təzahürlərinə rast gəlirik. Postmodernizm bir ehtiyac, zərurət kimi ortaya çıxır. Jan Bodriyar postmodern fəlsəfəni tədqiq etməyinin səbəbini yazarkən postmodernləşmə prosesinin bir ehtiyac kimi meydana gəlməsini də qeyd edir: “XX əsr və ya postmodernləşmə tərəfindən həyata keçirilən və əvvəlki əsrdə mənzərələrin yox edilməsinə bərabər böyük məna qırğını prosesini ikinci bir inqilab kimi qəbul edir, varlığını təsdiq edir, məsuliyyətini üzərimə alır və həll edirəm” (Baudrillard, 2011, s. 216).

Məhz buna görə də Prust, Coys, Qombroviç, Kafka, Muzil və Brox modernist estetikanın yaradıcıları olmaqla yanaşı, həmçinin praktiki olaraq postmodern ədəbiyyatın xüsusiyyətlərini əks etdirirdilər. Çünki XIX əsrdə başlayan modernizm prosesinə XX əsrin əvvəlindən etibarən yeni bir imic və yanaşma tərzi əlavə edirlər. “Məna ilə hücum edəni məna ilə öldürürlər” (Baudrillard, 2011, s. 216). Prust mənaya və semantikaya yeni bir obraz və semiotik baxış qazandırır. Bu baxımdan postmodernlik prosesi alt qatda başlayır. Kafkadan sonra XX əsrin ikinci yarısında nəzəri və praktiki olaraq ədəbiyyat yeni bir epoxaya daxil olur. Çünki memarlıq, arxitektura, rəssamlıq, musiqi, qrafika, fotoqrafiya, iqtisadiyyat və digər sahələrdə “postmodern vəziyyət” formalaşır. İqtisadiyyat və sənət arasında sıx əlaqə yaranır. Şəhərləşmə və sənaye inqilabı iqtisadi və estetik tərbiyələri birləşdirir.

“Bütün sənətlər arasında iqtisadiyyata ən yaxın olanı komissiyalar və torpaq, ərazi dəyərləri ilə vasitəsiz bir əlaqəyə girmiş olan memarlıqdır. Bu səbəbə görə yeni postmodern memarlığının yaşadığı qeyri-adi inkişafın eyni dövrdə ortaya çıxan transmilli biznes dünyasının himayəsi altında baş verdiyini görmək bizləri təəccübləndirmir” (Jameson, 2008, s. 35). Modernist epoxanın tükənməsi və postmodernizmin başlanğıcı memarlıq, ədəbiyyat və vizual sənətlərdə qabarıq təzahür edir. Modernizm, neorealizm, avanqardizm, neomühafizəkarlıq və poststrukturalizmdə sosial funksiya oyun estetikasına əsaslandı və postmodernizmlə bilavasitə əlaqəsi oldu. Modernist sosial funksiya konsepsiyası geniş anlayışdır. “Təkcə Karl Marks və Ziqmund Freydin, Pikasso və Brextin, Kafka və Coysun, Şönberq və Stranivskinin məsləhətlərindən ibarət deyil” (Alexander & Seidman, 2005, p. 360).

Modernizm epoxası həm də dövrün gerçəkliyi və estetikasıdır. Xüsusən ədəbiyyatda təkcə fəlsəfi fikir miqyasında əks olunmur, ədəbi-estetik tələbat kimi yaranır. Ancaq postmodernizmin doğuşu vəziyyəti dəyişir. Daha çox vahid ideya və estetikanı təmsil edən modernizm qürub edir. Postmodernlik ictimai, elmi və estetik sahələrdə yaranıb inkişaf etməklə postimperializmə rəvac verir. “Beləliklə, postmodernizm modernizm və modernliyə və onların ictimai, siyasi, etik və estetik uğursuzluqlarına qarşı əsaslı bir reaksiyadır” (Küçük, 2011, s. 12).


Rene Jirarın “Üçbucaq arzu” tezisinin klassik mətnlərdə bədii ifadəsi Oğuz Atay “Tutunamayanlar” romanı ilə türk modernist və postmodernist ədəbiyyatının əsasını qoyaraq estetik yenilik edir. Əhməd Həmdi Tanpınarın mətnləri ilə yanaşı, türk ədəbiyyatında “Üçbucaq arzu” tezisinu Atayın romanlarına da tətbiq etmək imkanı yaranır. Bəs “Üçbucaq arzu” nədir? XX əsrin ədəbiyyat strukturalisti, kulturoloq Rene Jirarın nəzəri və praktiki xarakter daşıyan tezisidir. Jirar “Romantik yalan və romanesk həqiqət” (Ədəbi mətndə mən və başqası) kitabında Servantes, Stendal, Flober, Prust və Dostoyevskinin romanlarında üçbucaqlı arzu anlayışını üzə çıxarır. Misal üçün, “Don Kixot”da Alonso Kixano cəngavər “Amadis”in təsiri ilə dünya səyahətinə çıxmağa qərar verir. Artıq Don Kixota çevrilən Kixano Sanço Pansanı ilhamlandırır. “Sanço Pansa Don Kixotla birlikdə olandan bəri sahib olacağı “ada”nı xəyal edir. Belə arzular Sanço kimi adi bir adamın ağlına gələ bilməz. Onları Pansaya Don Kixot təlqin edib. Bu dəfə təlqin ədəbi deyil, şifahidir. Amma aradakı fərq vacib deyil. Yeni arzular təzə üçbucaq yaradır, orada Don Kixot, Sanço və əfsanəvi ada var. Üçbucaq arzunun təsirləri hər iksində eynidir” (Girard, 2013, s. 25). Arzu üçbucağı yazıçının, Servantesin özü ilə tamamlanır. Servantesin sarkazmı, yumoru, Don Kixot və Pansada gülüşə çevrilir. Nəticədə, bayağılıq və zövqsüzlük Alonso Kixanonun ölüm yatağında özünə gəlməsi ilə öldürülür. Özünə qayıdış və arzunun məntiqi yekunu baş verir. Servantesin arzusu nəticəsiz qalmır.

“Tutunamayanlar” romanında isə Səlim İşıq, Turqut Özbən və Oğuz Atayın arasında arzu üçbucağı var. Ancaq burada üzbucaq arzu klassik romanlardakı kimi deyil. İntertekstual və metatekstualdır. Postmoderndir. Eyni zamanda Jirarın tezisindən bir qədər fərqlənir. ”Üçbucaq arzu”da subyekt, obyekt və onları təyin edən, tamamlayan şəxs mövcuddur. Cümlə üzvlərinin strukturuna bənzəyir (Baş üzvlər mübtəda və xəbər, onlar arasında olan əlaqəni genişləndirən tamamlıq və ya təyinin təsir gücü). Qustav Floberin “Madam Bovari” romanı “üçbucaq arzu” yaradır. Emma, Şarl və Rodolfun yaratdığı arzu üçbucağı sevgi və sevgisizlikdən ortaya çıxır. Jirarın tezisi özünü doğruldur. Emma subyekt, əri Şarl obyektdir. Ancaq sevgisizlik onlar arasında olan arzu bucağının məcrasını dəyişir. Emma Rodolfa meyil edir. Məşhur “bovarizm” sindromu yaranır.

Üçbucaq “mən”dən “başqası”na keçidlə formalaşır. “Floberin qəhrəmanlarının əsas cəhəti sabit xarakterlərinin və özlərinə aid fərdi cizgilərinin yoxluğudur. Təkbaşına olanda “bir heç” olduqları üçün mənimsədikləri bir təlqin sayəsində nəsə “bir şey” ola bilirlər” (Girard, 2013, s. 67). “Üçbucaq arzu”nun modern və postmodern mətnlərdə təzahürü “Tutunamayanlar” romanında isə Servantes, Don Kixot və Sanço Pansanın yaratdığı arzu üçbucağı qurulub. Servantes bayağı cəngavər ədəbiyyatına, Atay ziyalısız mühitə qarşıdır. “Tutunamayanlar” romanında “üçbucaq arzu” müəlliflə yaradılır. Məqalənin yeniliyi də bundadır.

Subyekt, obyekt və tamamlayan, təyin edənləri axtarmadan, mətnlərarası əlaqə və onların şərhi zamanı yaranan üçbucaq arzunu tədqiq etməkdir. “Üçbucaq arzu” postmoderndir. Atay və qəhrəmanları mütaliəyə can atır. Özünü və ətrafını işıqlandıran ziyalı oxumaq və anlamaqla yetişə bilər. Oğuz Atay, Səlim İşıq və Turqut Özbən başa düşülmür. Ziyalıların ən böyük problemidir. Atay ədəbiyyatda, Səlim və Turqut həyatda yenilik edir. Əslində, onların arzu üçbucağı eyni məntiqə əsaslanır. Səlimin oxuduğu kitablar və Turqutun Səlimin izi ilə addımlaması intertekstuallıq yaradır. Arzular, mətnlər və onların şərhi ilə modernist və postmodernist ovqat yaradır. Beləliklə, Rene Jirarın “arzu üçbucağı” tezisi “Tutunamayanlar” romanına yeni bir formatda tətbiq etmək üçün imkan yaradır.

Çünki intertekstual və metatekstual arzu üçbucağı ilk dəfə təcrübədən keçirilir. Jirarın nəzəri fikirləri Atay da eksperimentə çevrilir. Lirik, epik və drammatik növlərdən yaranan janr və forma festivalı xaotik görünsə də, məxsusi ahəng yaradır. Onlarla ədəbi, fəlsəfi və mədəni mətnlərə istinad edən “Tutunamayanlar” romanında arzu üçbucağına birinci, müəllif bucağından başlamaq məqsədəuyğundur. Atayın həyatı arzu üçbucağının bünövrəsidir. Müəllifin həyatı barədə məlumat vacibdir.

Enis Batur Oğuz Atayın ədəbiyyata gəldiyi vaxt Avropa və Türkiyədə olan siyasi-ictimai vəziyyəti və yazıçını ortaya çıxaran mühitin portretini çəkir. “Doğulduğu il (1934 – Ü.B.) qonşuluğunda yaşadığımıza inandığı Qərb dünyasına dəccal gəlmiş, uşaqlığını Hitlerin hakimiyyətə gəldiyi andan etibarən daha da kiçilmiş Türkiyədə keçirib. Oxuyub-yazmağı öyrənməyə başladığı il Coys “Finneqanın yası”nı çap etdirib və romanın çata biləcəyi sonuncu zirvəyə yüksəlmişdi. “Demokrat Partiya”sı iqtidara gələndə Ankara Maarif Kollecində şagirddir, İstanbulda mühəndislik ixtisası üzrə təhsil alan illərdə isə Türkiyənin çöhrəsi dəyişir, sürətlə yeni binalar, yeni yollar, tekstillər tikilir” (Atay, 2014, s. 14). Daha sonra “Bazar poçtu” qəzetində işləyir. Yazmağa 1970-ci ildə başlayır. Həmin il beynində şiş yaranır. Ağır xəstəliklə mübarizə aparan otuz altı yaşlı təzə qələm sahibi ömrünün son yeddi ilini yaradıcılığa həsr edir. Ağır beyin xəstəliyi onun yazmaq arzu və ehtirasına mane ola bilmir. Yeddi ilə iki roman, pyeslər və gündəlikləri sığışdırır. “Gələcəyi əlindən alınmış adam” romanı yarımçıq qalır.

Həyatı mətnlərlə ünsiyyət və oxumaqla keçən yazıçı türk nəsrində mətnlərarası əlaqə yaradır. “Tutunamayanlar” romanı daha çox Ceyms Coysun “Uliss” romanı ilə mətnlərarası əlaqəyə girir. Coysun XX əsrin əvvələrində Avropa ədəbiyyatında etdiyi estetik inqilab 1972-ci ildə Türkiyədə “Tutunamayanlar” romanı ilə baş tutur. Mühəndis yazıçı “Bir Bilim Adamının Romanı”nda müəllimi, professor Mustafa İnanın həyatını yazır” (Atay, 2004). Mühəndislik və ədəbiyyat arasında qalmaq Orxan Pamukun da həyatında olub. Pamuk da Atay kimi Texniki Universitetdə mühəndislik oxuyub. İstanbul Texniki Universitetinin tələbəsi olaraq sənət, fəlsəfə və ədəbiyyat barədə düşünməyin qəribəliyini yaşayıb.

Pamuk “Öteki Renkler” kitabında “Oğuz Atay: Bat dünya, bat” essesində talelərin oxşarlığını yazır. Hər iki yazıçı türk nəsrində sosial funksiyanın yeni struktur estetikasını yaradan imzadır. 1974-cü ildə 22 yaşlı Pamukun Oğuz Atayın romanları haqda yazısını heç bir qəzet və jurnal çap etmir. Türk mətbuatı da yeni və fərqli olana hazır deyil. Halbuki gələcəyin romançısı türk ədəbi tənqidinin görmədiyi məqamları təhlil edir. “Oğuz Atayın romanlarında hadisə və hərəkət yoxdur, təkcə hər yerə yayılan bir ət, bir dəri yığını var. Kitabları oxuyarkən işləyən, sevən, əzab çəkən insanlarla deyil, işləməyi, əzab çəkməyi və sevməyi düşünən bir yaddaşla qarşılaşıram” (Pamuk, İstanbul, s. 208). Səlim İşığın yaddaşı Turqutu özünə sarı çəkir. Arzu üçbucağı Oğuz Atayın həyatında başlayır, Səlimdə düyünlənir, Turqutda aşkarlanır. Romanın süjeti üçbucağı anlamaq üçün açardır.

“Tutunamayanlar” romanı Turqut Özbenin oxuduğu mətnlərdir. O, mətnlərlə dostu Səlim İşıq vasitəsi ilə tanış olur. Səlim intihar edir. İntihardan sonra Turqut Səlimin məktublarını və onu tanıyan insanları araşdırır. Səlimin həyatını oxumağa başlayır. Səlim İşıq üçün həyatın mənası oxumaqdır. O, kitabların və mətnlərin dünyasında yaşayır. Cəhalətlə razılaşmayan Səlim həyata tutuna bilməyən obrazdır. Türk ziyalısının faciəvi obrazı Səlimin həyatı fonunda göstərilir. Atay bunun üçün mətnlər arasında səyahət yaradır. “Tutunamayanlar” türk romanında ilk intertekstual əsərdir. Coysun “Uliss” romanında Blam və Ştefan, Atayın “Tutunamayanlar”ında Turqut və Səlim antiqəhrəmanlardır. Öz dövrləri ilə razılaşmayan və onu sorğulayan ziyalılar ağıl və ruhu təmsil edirlər. Blam ağlın, mühakimənin xarakteridir. Stefan isə ruhun, duyğu və hisslərin obrazıdır. Bu baxımdan Oğuz Atayın ilk mətnlərarası əlaqə yaratdığı roman “Uliss”dir.

“Tutunamayanlar”da isə Turqut daha çox mühakiməni, ağıl mərkəzçiliyini, Səlim emosionallığı, çılğınlığı təmsil edir. Səlimin intiharı da həmin çılğın etirazın göstəricisidir. Coys “Uliss”də daxili monoloqlardan istifadə edir. “Bir ziyalının öz-özü ilə söhbəti kimi ortaya çıxan vəziyyət həm də şüuraltının bədii tədqiqidir” (James , 2015). “Tutunamayanlar”da Turqutun özü ilə söhbətləri Blamı xatırladır. Eyni metod türk ədəbiyyatında da əks olunur. Ancaq “Uliss”dən fərqli olaraq, “Tutunamayanlar”da monoloqlar daha polifonikdir. Mətnlərarası əlaqəni gücləndirir. Şekspirdən Kalvinoya qədər dünya ədəbiyyatında müxtəlif yazı tərzləri “Tutunamayanlar” romanında sınaqdan keçirilir. Roman diaxron və sintetik səciyyə daşıyır. “Uliss”də isə Blamın vasitəsi ilə insanın beynində gizlənən kodlaşmış əməllərin psixoanalizi verilir. Dublində arxetiplərin necə və nə şəkildə ortaya çıxması göstərilir. Homerin Odisseyinin “Uliss”ə çevrilməsinin bədii tədqiqatı aparılır.

Əlbəttə ki, Oğuz Atay da keçmiş, bu gün və gələcək ilə qayğılarını ifadə edir. Türk insanının Osmanlı keçmişi və müasir Avropaya bənzəyən bu günü gələcək haqqında nə deyir? Oğuz Atay Osmanlı dövlətindən sonra öz dəyərlərindən uzaq düşmüş və köksüz şəkildə, birbaşa Avropaya, “müasirliyə” can atmağın faciəsini də yazır. Heç nəyə istinad edə bilməyən, “tutunamayan” ziyalılar məhz belə ağır, mürəkkəb bir dövrün insanlarıdır. Turqut da, Səlim də oxumaqla mütaliə ilə xaotik vəziyyətdən qaçmağı, xilas olmağı düşünürlər.
Ömər Madra Oğuz Atayın ölümündən sonra “İletişim” nəşriyyatında bütün əsərlərinin çapına yazdığı ön sözdə “Tutunamayanlar”da ziyalı taleyinin əhəmiyyətini vurğulayır. “Oğuz Atayın ziyalılar içində özünəməxsus yeri vardı və onların dərin təhlilini verirdi. Bir az bədbin, bir az acı, daha çox da güldürən bir ziyalı təhliliydi.

Bütün roman, hekayə və dram əsərlərinin əsas mövzusudur. Elə bir dərin yanaşmadır ki, nəticədə ortaya heç də balaca olmayan, xor görülməyəcək miqyasda “ziyalılar dastanı” çıxır. Hətta Oğuz Atay bir “ziyalılar marşı”, “Nəğmələr”i yazır. Vəziyyət bu məqamda mürəkkəbləşir. Oğuz Atayın əsərlərini oxuyan ziyalılar qəfildən büllur bir əndam aynasında özlərini lümlüt görürlər. Qorxunc bir vəziyyətdir, lap xəcalət verir” (Atay, 2014, s. 10). İronik bir üslubda Atayın dövrünü təhlil edən Madra ardınca yazır: “O, ömrü boyu həmişə “tələsmişdir”. Buna görə də həmişə “gecikmişdir”. Daima həyatında bir panika var. Bir kitab oxuyur, bir komediya seyr edir və yorulur. Bəzi adamlarla birlikdə olanda öz fikrini çatdıra bilmir, təşvişə düşür, narahat olur. Kiçik dərdlər, harasa ödəniləcək pullar, vergilər, məişət əşylarının təmir xərcləri heç vaxt əskik olmur və bunlar panikalı vəziyyəti artırırlar” (Atay, 2014, s. 11). Atay ziyalıların taleyini “Tutunmayanlar”ın qəhrəmanları ilə bağlaya bilir. Ancaq bir ziyalı kimi anlaşılmır. O, keçmişin bünövrəsində gələcəyi qurmağı düşünür. Adətlərdən, milli psixologiyadan uzaqlaşmadan modern Avropa ilə ayaqlaşmağı, texnogen cəmiyyət və həyata uyğunlaşmağı əsas görür. Eyni işi ədəbiyyata da tətbiq etmək istəyir və edir. Ancaq “Tutunmayanlar” gecikmiş bir mətn də olsa anlaşılmır, qəbul edilmir. Türk nəsrində ilk dəfə intertekstual və metatekstual arzu üçbucağı yaradan bir roman diqqət cəlb etmir.

Ancaq Atay ən azı əlli il türk ədəbiyyatını irəli aparır. “Ey oxucu, hardasan, mən burdayam”, – deyən yazıçı ilə Turqutun monoloqları kəsişir. Atayın ədəbiyyatda etmək istədiklərini Turqut və Səlim həyatda reallaşdırmaq üçün çalışırlar. Atay oxucu axtarışındadır. Cavad Çapan oxucu və yazıçı arasındakı bu zəruri əlaqəni dəqiq analiz edir. “Pirandello “Altı nəfər öz yazıçısını axtarır” adlı bir pyes yazmışdı. Həqiqətin fırıldağını, nisbiliyini göstərən bu pyes məndə Oğuz Atayın oxşar bir problemi işləyərkən oxucusunu axtaran bir yazıçı olması barədə fikir yaratdı. “Ey oxucu, hardasan, mən burdayam”, – deyəndə bəlkə, bir tərəfdən, oxucunun vecsizliyinə işarə edirdi.

Ancaq digər tərəfdən də oxucunun kitablarındakı ideoloji yaradıcılıqda iştirak etməsi üçün çabalayırdı” (Atay, 2014, s. 8). Arzu üçbucağı məhz bu məqamda konkretləşir. Düşünən insan, ziyalı arzusu şiddətlidir. Mühit isə onlara əks hərəkət edir. Kütləvilik və monotonluq Atayı hövsələdən çıxarır. Səlim və Turqut da eyni ekzistensial vəziyyətə düşür. Turqutun da, Səlimin də ən böyük dərdi anlaşılmaqdır. Əgər bir cəmiyyətdə ziyalı elitası yoxdursa, o toplum və millət ölümə məhkumdur. Səlim İşıq belə bir topluma etiraz edərək intihar edir. Turqut isə oxuyaraq beynini məşğul edir. Oğuz Atay da intertekstuallıq diaxrondur. Fərqli dövr və zamanın bədii mətnləri “Tutunamayanlar” romanı ilə ünsiyyətə girir. Atay Servantesin “Don Kixot” romanında etdiyi ədəbi inqilabı türk nəsrində reallaşdırır.

Cəngavərlik romanlarına etiraz olaraq doğan “Don Kixot”, əslində, cəngavərlik salnaməsi kimi yazılır. Lamançlı Don Kixotun dünya səyahətinə çıxması və xilaskar cəngavər obrazı ələ salınan ədəbiyyatın və zövqsüzlüyün öz silahıdır. Oğuz Atay da fərqli yazı metodları ilə köhnəlmiş, qəlibləşmiş ədəbi formalara kinayə edir. Türk nəsrində yenilik yaradır. Turqut Özbən və Səlim İşıq türk ziyalıları arasında Don Kixotluq edirlər. Bu Don Kixot hər şeyin fərqindədir. Qəsdi bir davranışdır. Bir də “Turqut və Səlim Don Kixotdan fərqli olaraq oxuyaraq deyil, oxumaq üçün dəli olurlar.

“Tutunamayanlar”da ən böyük savaşlar oxumaq uğrunda aparılır. Ən mürəkkəb toqquşmalar kitablar müzakirə edilərkən meydana gəlir. Türk mədəniyyətində mütaliənin ziddiyyətli bir mövqeyi var. Bir tərəfdən, evdə atanın qanunu “oxu” deyir. Ancaq bu oxumaq mənfəətcil bir oxumaqdır. “Oxu adam ol”, oxu maddi olaraq özünü xilas et, mənasına gəlir. Bir tərəfdən, oxumaq belə mənfəətcil bir məqsədkən, digər tərəfdən də, gənclər nə oxuyacaqlarını müəyyən edən senzuralı və zorakı mütaliə qəlibinə salınırlar. “Tutunamayanlar”da oxumaq kompleksləriylə yüklənmiş bir yaddaşın yayılmasını görürük. Oxumaq o qədər qarışıq, o qədər günah dolu bir fəaliyyət halına gəlmişdir ki, gah oxumaq, gah da yazmaq hərəkətinə qarşı kinayə ilə yanaşmaqdan başqa çarə qalmır. Turqut Özben rahat bir mütaliə, oxumaq üçün qatara minir” (Parla , 2010, s. 224). Hərəkət metaforu yaranır. Qatarda və fikirdə, əqidədə hərəkət xaotik cəhalət atmosferindən Turqutu xilas edir.


“Tutunamayanlar”da intertekstuallıq roman daxilindəki hadisə və mətnlər arasında da əks olunur. Səlimi daha yaxşı tanımaq üçün Turqut onun dostlarını tapır. Süleyman Səlimin ən yaxın dostlarından biridir. Turqut Səlimi tanımaq üçün Süleymanı danışdırır. Ancaq Süleymanın verəcəyi ən yaxşı cavab “Dünən, bu gün və sabah” adlı nəğmələr toplusudur. Nəğmələrin əsas hissəsi Səlimə, sonu isə Süleymana məxsusdur. Birinci nəğmə Səlimin doğum tarixi və ailəsi barədədir.

Müqəddimədə isə Süleymanla olan sarsılmaz dostluğu tərənnüm edilir. Süleymanla Səlimin dostluğu yeni mətn və mətnlər yaradır. Müqəddəs kitablarda, xüsusən İncildə keçən əhvlatlar və müasir Ankara, İstanbul macəraları qarşılaşdırılır. Şekspirin “Hamlet” əsəri və Səlimin intiharı arasında kədərli bir intertekstuallıq var. Səlim İşıq Hamlet kimi, “ölüm və olum” arasında qalır. Arxetip təkrarlanır. Dekonstruksiya və mətnlərarası əlaqə öz məntiqi bədii obrazını yaradır. Səlim də Hamlet kimi öz ölümü ilə ziyasız, nifrət və kin dolu mühitə etiraz edir. İkinci nəğmədə Atatürkün yüksək idealı və bu əlçatmaz, parlaq uğurlardan sonra türk ziyalısının çıxılmaz, ekzistensial vəziyyəti romantizə edilir. Üçüncü nəğmə daha kədərlidir. Bu nəğmədəki əhvalatlar Ankarada baş verir. Ancaq antik yunan və İslam mədəniyyəti, əsatirlər, folklor və müasir Avropa musiqi sənətinə postmodern mesajlar var. Səlim ziyasız və zorakı bir cəmiyyətdən qorxur. O narahatdır. Şəhərli, kəndli bölgüsünün yaranması, məqsədsiz və fanatik gənclərin çoxluğu, ümidsizlik burulğanına ilişən ziyalı ürəyi ən uyğun poetik deyimə, şeirə sığınır. Dördüncü nəğmə də bu mövzudadır. Beşinci nəğmədə Səlim tənhalığına ağı deyir.

Əslində, bütün türk ziyalısının tənhalığına, anlaşılmayan, başa düşülməyən ideya və fikirlərə ağlayır. Oğuz Atay çoxmərtəbəli bir mətn göydələni tikir. Anlatmaq və anlamağın bəşəri bir problem olmasının bədii obrazı yaradılır. Səlimin məhzun nəğməsi bitər-bitməz metatekstuallıq, şərh və yozumlar başlayır. Süleyman Səlimin “Dünən, bu gün və sabah” adlı nəğmələri və onun xarakteri təhlil edilir. Səlim türk xalqlarının dünənindən bu gününə baxır. Bu gündən təkrar dünənə, keçmişə qayıdır. Ancaq gələcək haqqında nəsə deyə bilirmi? Narahatdır. Çünki gələcəyi qazanmaq üçün oxumaq, anlamaq və anlaşılmaq şərtdir. Səlimin “ölüm və olum”, “olmaq və ya olmamaq” mübarizəsi davam edir. Süleyman daha sonra nəğmələri təhlil edir. Türk nəsrində ilk metatekstuallıq yaranır. Səlimin mətni bitəndə Süleymanın yazdıqları başlayır. Avropanın fərqli universitet və nəşriyyatlarının kitablarına müraciət edir. Təkcə bədii əsərlər deyil, elmi-kütləvi ensiklopediyalar da mətnlərarası əlaqənin tərkib hissəsinə çevrilir.

Şərqin orta əsrlər tarix və mədəniyyətinə aid qaynaqlar mətnə daxil edilir. Çevrə genişlənir. Romanın hər bir səhifəsində elmi, publisistik və bədii mətnə istinad və postmodern əlaqə var. Süleymanın şərhlərində İsa Peyğəmbərə də rast gəlirik. O, göydən yerə enib Səlimlə dərdləşir. “Qəflətən İsa ortaya çıxdı, hamını ordan uzaqlaşdırdı. “Haydı, hər kəs öz işi ilə məşğul olsun”, – dedi. Birlikdə yuxarı qalxdılar, yüksək bir yerə çıxıb üzbəüz oturdular. Ruhun gözəlliyindən, filan danışdılar. İnsanlarda nələr gördüklərini dilə gətirdilər, vaxtın necə keçdiyini hiss etmədilər. Hava qaralanda İsa icazə istəyib getdi. Yuxarıda atası onu gözləyirmiş” (Atay, 2014, s. 153). İsa Peyğəmbər ruh, kölgə arxetipinə çevrilərək romanın süjetinə daxil olur. İsanın ideyaları, həyatının bir hissəsi də mətndə əks olunur. Mətn daxilində mətnlər yaranır. İsa ilə söhbətdən sonra Səlim dostu Halukla bara gedir və İsanı tənqid etməyə başlayır. İnsan təbiəti öz sözünü deyir. Yad qadınlarla intim münasibətlərin qadağan olmasını Səlim qəbul etmir. Çünki insan təbiətində bəzi təbii ehtiyacları ödəmək meyli var. Halukla Səlim barda xristian rahiblərini, keşişləri və maqdalalı Mariyanı da tənqid edirlər. Bar əhvalatı İsa Peyğəmbərin maqdalalı Mariya ilə münasibəti arasında postmodern cığır açır. Sual yaranır. Görəsən, İsa özü maqdalalı Mariya ilə necə bir münasibət yaşayıb? İsa da, Səlim də bəşəriyyətin işıqlı gələcəyi üçün çalışırlar. İsa ümidlidir. Səlim bədbindir.

İsa ilahi sevgi və din vasitəsi ilə maarif və gözəllik yayır. Səlim elm, mühakimə, məntiq və ən əsası da mütaliəni çıxış yolu olaraq görür. Səlimin İsaya olan məktubu da yeni bir mətn yaradır: “Əziz İsa, Bütün baş verənlərə görə üzr istəyirəm. Qəbahətin məndə olduğunu bilirəm. Neçə gündür ki, səni düşünürəm. Kitabını əlimdən yerə qoymuram. Bütün məsələlərdə sən haqlısan. İndi düşündüklərimi səninlə birlikdə olduğumuz gün dərk etsə idim, hər şey başqa cür olardı. Ancaq görəcəksən, bir də görüşsək, sən istədiyin kimi bir adam olacağam. O qədər dəyişdim ki, məni tanımayacaqsan. Çərşənbə günü anamgil evdə olmayacaq. Gələ bilsəydin, oturub rahat-rahat danışardıq. Səni sevən Səlim” (Atay, 2014, s. 154).
Səlimdə mənəvi təmizlənmə baş verir. Çünki ziyalı baxışı və təfəkkürü öz sözünü deyir. Səhv düşündüyünü dərk edir. O, İsa Peyğəmbər kimi ətrafındakı insanların dərdini çəkməyə başlayır. Səlim İşığın bu halı Dostoyevskinin “İdiot” romanının qəhrəmanı Knyaz Mışkini xatırladır. Mışkin İsanı duyğu və hissləri ilə təmsil edir. Səlim isə ağıl və məntiqlə hərəkət edir. Oğuz Atay bu cümlə ilə demək istəyir ki, hər bir ziyalı bir İsadır, bir xilaskardır. Hər şeyə rəğmən mübarizə aparmaq lazımdır. Süleyman Səlimin yazdığı nəğmələri misra-misra izah edir. Bu zaman yüzlərlə mətn yaranır. Mifoloji, tarixi, ədəbi və mədəni mətnlərin kollajı yeni estetik zövq və gözəllik duyumu sərgiləyir. Gah orta əsrlərə Mahmud Qəznəvinin hakimiyyət illərində baş verən bir hadisəyə, gah da XX əsrin 30-40-cı illərində Türkiyə həyatına şahid oluruq. Dini mətnlər, tarixi mənbələr, ədəbi əsərlərdən müasir dövrün kino sənətinə qədər bir çox məsələlər şərh edilir. Metatekstual karnaval yaranır. Süleymanın geniş şərhlərlə dolu mətni bitir və Turqut Səlimlə bağlı tədqiqatına davam edir. Bu dəfə Səlimin digər dostu Əsədlə tanış olur. Əsəd də Səlimin xarakteri barədə qısa məlumat verir. Ancaq Əsədin əsas söhbəti Səlimin oxuduğu kitablar haqqındadır. Səlim ağır və mürəkkəb ədəbiyyatı sevir. Əsasən də, Oskar Uayld və Maksim Qorki onun sevimli yazıçılarıdır. Uayldın “Doruan Qreyin portreti” romanında insanın ruhu ilə mübarizəsi, Qorkinin “Mənim universitetlərim” əsərində həyat universitetindən dərs almağın yolları Səlimi özünə cəlb edir. Səlimin həyatı Dorian Qrey və Maksim Qorkinin çətin, mürəkkəb yaşayış tərzi ilə ünsiyyətə girir. Bu baxımdan “Tutunamayanlar” romanı dünya nəsrində bir çox əsərin dekonstruksiyasıdır. Dünya ədəbiyyatında intertekstual və metatekstual xüsusiyyətlərinə görə polifonik, postmodern romanlar çoxdur. Ancaq dekonstruksiya əsasən, bir və ya iki mətn üzərində aparılır. Oğuz Atay ilk intertekstual türk romanını yazmaqla yanaşı, birinci çoxsəsli dekonstruksiyanı da gerçəkləşdirir.

Səlim Dostoyevskinin qəhrəmanları kimi çılğın, melanxolik xarakterə sahibdir. “Cinayət və cəza”da Raskolnikovun dəyişkən hərəkətləri ilə Səlimin qərarsızlığı üst-üstə düşür. Səlim də Raskolnikov kimi, peşman və pərişandır. Mənəvi əzab çəkir. Cinayət işləməsə də, etdiyi əməlləri canilik hesab edir. Kitabların dünyasında bütün peşman hadisələr və əməlləri unutmaq istəyir. Əsəd Səlimin qərarsız, çılğın hərəkətlərini nəql edir. “Qarşısına çıxan hər şeylə maraqlanardı. Hər şeyə eyni enerji sərf edərdi, hansı istiqamətdə gedəcəyini bilməzdi” (Atay, 2014, s. 374). Əsədin Səlim barədə söhbətləri ədəbi əsərlərdən ibarət bir karnaval yaradır. Səlimin həyatına işıq salan obrazlı bir dünyaya daxil oluruq. Tolstoyun “Hərb və sülh”ünə heyran olan Səlim də eynilə romanın personajları kimi duyğularla mübarizə aparır.

Necə ki, “Hərb və sülh”də Napoleon və Aleksandrın qoşunları arasında baş verən savaşdan daha çox, hər iki hökmdarın gözlərindəki ehtiras və şəhvət dəhşətlidir. Andrey, Pyer, Elen, Nataşa və Anatoli arasında keçən beşbucaqlı eşq və şəhvət dolu ünsiyyət daha təhlükəlidir. Oğuz Ataya və eləcə də Səlim İşığa görə ziyalı olmazsa, düşünən beyin olmazsa, Türkiyə həyat mübarizəsində geridə qalacaq. Hətta ədəbiyyatda belə estetik inkişaf və sıçrayışın, yeni forma axtarışlarının uğurlu nəticə verməsi üçün Atay türk nəsrində ilk intertekstual, polifonik romanla inqilab edir. “Tutunamaynalar” romanında arzu üçbucağı özündən əvvəlki romanları şərh edir. Metatekstualdır. Onlarla əlaqə yaratması intertekstualdır. “Tutunamayanlar”da polifonik və yeni tipli intertekstual və metatekstual “Arzu üçbucağı” formalaşır. Oğuz Atay, Səlim İşıq və Turqut Özbənin bilik yaymaq arzusu təsəvvüfün üç mərhələsini diaxronlaşdırır.

Hər üçü də əvvəlcə dərk edir, gerilik, cəhalət və çıxılmazlığa şahid olur və vəziyyətin ağrı-acısını içlərində çəkə-çəkə alışıb-yanırlar (eynilə idrak mərhələsində təsəvvüf yolçusunun yanan odu duyması, görməsi və atəşin içərisinə daxil olub yanması kimi). Arzu üçbucağı retrospektivdir. Sənət, həyat və bilik işığı yayılır. Müəllifin sənəti, Səlimin məhzun həyatı və Turqutun dərin bilgisi cəmiyyətdə harmoniya yaratmağı arzulayır. Ədəbiyyat və elmlə yaşamaq mübarizəsi aparırlar. “Tutunamayanlar” romanında intertekstual və metatekstual “Üçbucaq arzu”nun sosial funksiyası mətnin oyun estetikasını artırır. Oxucuda maraq və diqqət oyadır.

# 232 dəfə oxunub

Oxşar xəbərlər

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
"Boynumu aşağı əyərək dedi ki,  bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

"Boynumu aşağı əyərək dedi ki, bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

10:00 13 dekabr 2025
"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

11:46 10 dekabr 2025
"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər