Fitri istedad. Adətən insanlara deyirik bunu, istedadlı insanlara.
İllər öncə düşünürdüm ki, təkcə insanın yox, heyvanların da fitri istedadlısı olur. Və onların bu istedadını göstərməyə yeri də var-SİRK səhnəsi. Əminəm ki, çoxu sevib heyvanların sirkdəki oyunlarını.
"Onlar heç bir müsabiqədə şeçilə bilmir. İnsan böyük əmək sərf edib onları axtarır, tapır, səhnəyə çıxarır. Həm istedadlar batmasın, həm də maraqlı olsun, insanlara da, elə heyvanlara da". Uşaq olanda düşünürdüm bunu.
Bir az böyüdüm! Öyrəndim ki, belə deyil. Heyvanlara təlimçilər təlim keçəndən sonra yaranır o fitri istedad. Yenə sevindim. “Soyuqdan, heyvanların canı qurtarır”, - dedim.
Heç vaxt düşünməmişəm ki, kiminsə zövq almasının yolu, başqasına işgəncə verməkdən keçər. Bu günlərdə canlı şahid oldum. İnsanın heyvana təliminə...
Gördüyüm səhnələrdən gəldiyim qənaət bu oldu ki, hər şey iradəni sındırmaqdan asılıdır. Bununsa yolu-işgəncədən keçir. İşgəncələrə dözümü tükənən kimi heyvan müqavimət göstərmir. İnsanın əlinə, ayağına sürtünür. Yəqin heyvan dilində "tabeyəm!", "nə istəyirsən edim!"i belə deyirlər...
O mərhələdən sonra, heyvan elə bil insan dili öyrənir. Adamın hər əmrini, əvvəlkindən daha yaxşı eləməyə çalışır, onun insan dilində verdiyi əmri heyvanlığı ilə anlayır.
Sona qədər qala bilmədim deyə, sonu görmədim. Amma uşaqlıqda sirkdə heyvanların iştirakı ilə səhnəcikləri həsrətlə gözləməyim düşdü yadıma...
Müxtəlif yaşlarda müxtəlif təsəvvürüm var idi sirk haqda. İndi sirk deyəndə, iki söz də gəldi ağlıma: Qorxudulan və alçaldılan. Bundan belə sirk səhnəsində heyvanların oyunu, mənə görə bu ikisinin oyunudu, qorxudulan və alçaldılanın. Çünki şir adamları təəccübləndirmək üçün öz xoşuna qənd yeməz! Ayı könüllü bir konfetə oynamaz!.. Bir də uşaq olsaydım.....Ola bilmirəm!.. Təəssüf!...
Amma bir qərarım qətidi: Heç kimə “səni sirkə aparacam!” vədini verməyəcəm. Çünki o səhnəciklərdə oynayan heyvanlar, uşaqlıqda düşündüyüm kimi fitri istedad, seçilmiş filan deyillər. Dəhşətlisi odur ki, onlar heç heyvan da deyillər daha...