Neçə ilin qonşuları - İsi Məlikzadənin hekayəsi

Neçə ilin qonşuları - İsi Məlikzadənin hekayəsi
24 dekabr 2019
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Neçə ilin qonşuları”dır.

Nəsib Nur otağa qımışa-qımışa girəndə Səlimə başa düşdü ki, ərinin qımışmağına bir səbəb var, Nəsib yersiz-səbəbsiz gülən kişilərdən deyil. Arvad istədi soruşsun ki, “nə var, ay kişi, yenə keyfin doxsan doqquz vurur”, amma soruşmadı, çünki Nəsibin qoltuğunda iri kağız bağlama gördü və inandı ki, ərini güldürən elə bu bağlamadır.

Nəsib köhnə portfelini divanın böyrünə tulladı, bağlamanı stolun üstündə aça-aça dedi:

- Gör nə almışam... Necədi?

Səlimə dedi:

- Çox yaxşı kostyumdu, ay kişi, əladı... Amma cavan adam üçündü bu.

Nəsib dedi:

- Elə mən də cavan adamçün almışam. On gündən sonra Şahinin iyirmi beş yaşı tamam olur. Yadından çıxıb?

Səlimə bir ay idi oğluna hədiyyə almaq barədə düşünürdü. Dedi:

- Sağ ol, kişi, payın artıq olsun.

Arvadının minnətdarlıq eləməyindən Nəsib bir az qürrələndi.

- Şahin bilməsin ha, - dedi. - Onca gün səbrini bas, ad günündə qəflətən qoyarıq ortalığa.

Səlimə ağzıbütöv arvad idi, əlbəttə, kostyum barədə oğluna bircə kəlmə də deməyəcəkdi. İndi ərini tərifləməliydi, ona alqış eləməliydi, amma bunun əvəzində elə söz soruşdu ki, Nəsibin matı-qutu qurudu.

- A kişi, bəs ip almamısan? Səhər sənə ip tapşırmışdım, paltar asmaqçün, hanı ip?

Nəsib elektrik işığında parıldayan kostyumu sığallaya-sığallaya dedi:

- Heç məqamdı, Səlimə? Heç ip-zivə yeridi? Sən buna bax. - Kostyumu göstərdi. - Yuqoslavskidi... Əllinin ikinci rostu... Qiyməti yüz doxsan manatdı, əldə üç yüz əlliyə verirlər. Öz qiymətinə almışam... Mağaza müdiri özü zəng elədi. Dedi, Nəsib müəllim, tapşırdığınız amanatı saxlamışam, gəlin götürün... Kişivün hörmətini görürsən də.

Nəsibin fikrincə Səlimə deməliydi ki, “həmişə xətir-hörmətli olasan, ay kişi”, amma elə demədi, dedi:

- Sən allah ip yadından çıxmasın. Evdəki çürüyüb, qırıq-qırıqdı, day paltar asa bilmirəm onnan. - Sonra da kostyuma baxıb dedi: – Görək Şahinin ağzı düzələcəkmi?

Arvadının sözləri Nəsibi yamanca şübhəyə saldı. Şahin evin tək oğlu idi – iki qızdan sonra gəlmişdi dünyaya – ərköyün böyümüşdü, hər şeyi bəyənən, bəxşeyiş görəndə ağzı sulanan balalardan deyildi. Hər gün də işdən bir şələ giley-güzarla qayıdırdı.

Daha Nəsibin gözləri gülmürdü. Ərinin qanını qaraltdığı üçün Səlimə peşman olmuşdu.

- Düzələr, – dedi – Şahin cavandı, yəqin evlənmək istəyir. Yaxşı yaşamaq istəyir.

Nəsib eynəyini çıxardıb yaylıqla sildi, təzədən taxdı.

- Yaxşı yaşamaq nəyə deyirsən, Səlimə? Yadından çıxıb ki, biz ikimiz səksən manata dolanırdıq? O vaxtın səkkiz yüz manatı... Onda mətbəədə balaca bir işdəydim. İndinin cavanları naşükürdürlər, qudurğandırlar. Ayda yüz qırx manat Şahinə bəs eləmir. Özü də evə bir qəpik vermir, evdən yeyir, əyni-başı da bizdən.

Qapının zəngi çalınanda Səlimə kostyumu tələm-tələsik gizlətdi.

Şahin işdən həmişə olduğu kimi, yenə qaşqabaqlı gəlmişdi. Heç yerini rahatlamamış başladı deyinməyə:

- Adamım yox, irəli çəkənim yox, qal oğlu qalam. Ömrüm boyu yüz qırx manata qulluq eləyəcəyəm.

Səlimə oğlunu sakitləşdirmək üçün dedi:

- Vəzifən böyüdükcə maaşın da artacaq.

Şahini od götürdü.

- Məndən sonra zavoda gəlmiş kütbeyinin birini böyüdüb sex rəisi qoydular. Mən iki ildi operator işləyirəm.

Səlimə oğluna baxa-baxa fikirləşdi ki, Şahinin ailə qurmaq vaxtıdır – bəlkə də vaxtı bir az ötürüb – di gəl ki, indiyəcən bir qızın adını tutmayıb, evlənmək barədə eyham, işarə vurmayıb. Şahin yaraşıqlı, gözəgəlimli oğlandı, istəsə lap dünya gözəliylə evlənə bilər. Bəs görəsən niyə tərpənmir, niyə ata-anasını nigarançılıqdan qurtarmır?

Şahin dedi:

- O taxtabaş hələ böyüyəcək. Çünki Səftərquliyevlərdəndi.

- Səftərquliyevlərin də kitabı bağlanacaq. İndi qadağa, nəzarət bərkiyib.

- Ay ata, nə qadağa, nə nəzarət? Qonşumuz var ha, Arzuman. Səndən artıq kişidi?... Niyə elə baxırsan? Arzumanı tanımırsan? Üzbəüz binada olur... Sahə milis müvəkkili... Uçastkovı. Bilirsən oğlunu necə geyindirir? Axı, o oğlan mənim atılan dırnağım deyil. O da institutu qurtarıb. Yəqin o da yüz qırx manat alır, amma əyni-başına baxanda adamın ağzı açıla qalır. Altında təptəzə “Jiquli”.

Səlimə astadan dedi:

- Həm də evlənib.

Şahin bərkdən dedi:

- Evləndiriblər!

Nəsib Nurun səsi, danışığı, onsuz da, mülayim idi, indi lap mülayimləşdi.

- A bala, biz də cavan olmuşuq. Bizim dövrümüzdə...

Şahin atasının sözünü yarımçıq kəsdi:

- “Bizim dövrümüzdə!..” Neynəmisiniz, axı?! Bax, şəxsən sən, yoldaş Nəsib Nur!.. Bu nə ləqəbdi götürmüsən, əşi? Nur! Nəyi nurlandırmısan, haranı nurlandırmısan? Familiyan Nəsibov deyil? Nəsibov Nəsib! Qırx ildi redaksiyalarda korrektor işləyirsən, cavanlığında bircə dənə oçerkin çap olunub.

- Mənnən işin olmasın, bala. İki qız böyüdüb ərə vermişəm. Oxutmuşam onları. Sən də ali təhsil almısan. Mən taleyimdən gileylənmirəm. Pensiyaya çıxdım, qoymadılar evdə oturum, xahiş-minnətlə təzədən qaytardılar işə, çünki mən orda lazımam.

Şahin mızıldandı:

- Heç nəyə lazım olmayanlar süd gölündə üzürlər.

- Mən göldə boğulmaq istəmirəm. Qaldı mənim yazmağıma... İstedadsız olduğumu yaxşı ki, cavanlıqda başa düşdüm. Başa düşdüm ki, yazmağa qadir deyiləm.

Səlimə gördü ki, söhbət uzanır, dedi:

- Əşi, Şahindi də, gecə şıltaqlığı tutub. Vaxt gələcək, dəli-doluluğun daşını atacaq. İnşallah, evlənəcək, sonra...

Şahin anasının da sözünü yarımçıq kəsdi:

- Mən evlənməyəcəm! Arvadı, ailəni nəynən saxlayacam?

Nəsib yenə səbrini basa bilmədi.

- Haram tikəyə tamah salma. Zəhmətsiz gəlirlə dolananları indi möhkəm yaxalayırlar. Elələrinin yolunu bağlayırlar.

Şahin səsini bir az qaldırdı:

- Sən fil qulağında yatmısan, Nəsib Nur! Nə vaxtacan özünə təsəlli verə-verə bu dünyada yaşayacaqsan?!

Kişi necə qışqırdısa, boğazı göynədi:

- Məndən nə istəyirsən?! Deyirsən, gedim özümü öldürüm?

Şahin də qışqırdı:

- Hə! Get, özünü öldür! Get, özünü as!

Söz ağzından qurtaran kimi dediyinə peşman oldu. Nəzərləri atasının hülqumuna ilişib qaldı: Nəsibin qoz boyda hülqumu tez-tez enib-qalxırdı, sanki boğazının dərisini cırıb çıxmaqçün yer axtarırdı, Şahin:

- Bağışla, - dedi. - Bilmədim.

Nəsib yavaş-yavaş stuldan qalxdı, dərindən köks ötürüb, o biri otağa keçdi.

Şahin çox gözlədi ki, anası bir söz desin, lap söysün onu, amma Səlimə ağzına su alıb oturmuşdu, üzünü də tutmuşdu o yana.

Şahin də durub öz otağına addadı.

Bir azdan Nəsib başını qapıdan çıxarıb əlinin işarəsilə soruşdu ki, “hanı Şahin?” Arvad da əlinin işarəsilə dedi ki, “keçib öz otağına”. Yenə Nəsibin gözləri gülürdü. Səlimə onun gülümsəməyinə məəttəl qaldı və fikirləşdi ki, burda mütləq bir səbəb var, yoxsa Nəsib yersiz-səbəbsiz gülən kişilərdən deyil.

Nəsib bir gözü yan qapıda yavaş-yavaş gəlib oturdu arvadının böyründə. Pıçıltı ilə dedi:

- İstəyirəm bu qırışmalı qorxuzam. Elə eləyəcəm ki, şübhələnsin məndən: guya özümü öldürmək istəyirəm.

- Əşi, bağrı yarılar uşağın.

- Doğrudan ölmürəm ki, bağrı yarılsın. Qoy elə bilsin özümü asmaq fikrinə düşmüşəm.

Şahin nigaran idi, bir azdan keçdi atasıgil olan otağa.

Onu görən kimi Nəsib gözlərini zillədi tavana, sonra bir xeyli döşəməyə baxdı, qalxıb fikirli-fikirli otaqda var-gəl elədi, asta-asta keçdi mətbəxə, ordan da çıxıb girdi vanna otağına:

Şahinin diqqəti atasında idi, kişinin qəribə hərəkəti şübhəyə saldı onu. Anasından yavaşca soruşdu ki:

- Bu neynəyir belə?

Səlimə qəhərlənə-qəhərlənə dedi:

- Atanın ürəyini nahaq yaraladın, bala. Kişi özünə qəsd eləmək istəyir. Sən dedin ki, get özünü as...

- Qələt elədim, başımı da yekə bir daşa döydüm, – deyib Şahin vanna otağına tərəf getdi. Təzədən anasının yanına qayıtdı. Dedi: – Gözləriylə dər-divarda nəsə axtarır.

Səlimə yenə qəhərli səslə dedi:

- Yəqin kəndir keçirtməyə yer seçir.

Səlimə elə bunu demişdi ki, Nəsib vanna otağından çıxdı, əlində də bir ip qırığı. Başını bulaya-bulaya, məzəmmət dolu baxışlarıyla arvadından soruşdu ki: “Bu nədir? Belə də ip olar?” Səlimə də başını bulaya-bulaya, məzəmmət dolu baxışlarıyla ərinə dedi ki: “Alaydın də. Sənə demədim ki, ip çürüyüb?”.

Nəsib ipi gah arxasında, gah böyründə gizlədə-gizlədə keçdi öz otağına, bircə dəqiqədən sonra qayıdıb təzədən girdi vanna otağına.

Şahin qorxudan udquna-udquna anasına dedi:

- Nə oturmusan? Ərin deyil?

- Ay Nəsib? Ay Nəsib! Orda neynirsən?! – deyib Səlimə cumdu kişinin yanına.

Şahin atasını qucaqlayıb vanna otağından çıxartdı.

- Bağışla, – dedi, – bağışla, ata.

Nəsib oğluna qışqırdı:

- Çəkil! Mən sənin atan deyiləm! – Arvadına göz vurub, yenə qışqıra-qışqıra dedi:

- Bu gün də olmasa, sabah, sabah da olmasa, biri gün!.. Əvvəl-axır özümü öldürəcəm! Ondan sonra dincələrsən, nanəcib övlad!

Səlimə ərini darta-darta o biri otağa apardı.

Nəsib day ordan çıxmadı, heç Səlimə də bəri keçmədi.

Şahin aralıq otaqdakı kresloda oturub atasının keşiyini çəkdi. – Bərk qorxmuşdu, bilirdi ki, Nəsib sözünün ağasıdır. Dedimi – eləyəcək: bu gün olmasa, sabah, sabah olmasa, biri gün... əvvəl-axır... Yox, Nəsib daşı ətəyindən tökməsə, bu evin çırağı sönəcək.

Şahin səhərəcən kresloda mürgüləyə-mürgüləyə bu barədə fikirləşdi və səhər açılan kimi durub getdi sahə milis müvəkkili Arzumanın işinə.

Arzumangillə qonşu olsalar da get-gəlləri, yaxınlıqları yox idi. Arzumanla rastlaşanda Şahin bu məhlənin adamı kimi ona ədəb-ərkanla salam verərdi, o da məhəllənin adamı kimi ədəb-ərkanla Şahinin salamını alardı. Arzumanın oğlunu da özünə tay-tuş hesab eləmirdi; hərdən ayaqüstü kəlmə kəsib, hal-əhval tuturdular, vəssalam. Şahin özü də bilmirdi ki, Arzumana ağız açmaq yuxulu vədəsində ağlına hardan gəlib.

Əhvalatı qonşuya yerli-yataqlı danışdı, öz taqsırını da boynuna aldı, axırda xahiş elədi ki:

- Atamı fikrindən döndərin. İstəyirsiniz lap bir balaca da sıxışdırın, qorxuzun onu. Elə-belə yalandan... həm uçastkovusunuz, həm də qonşu. Arzuman gülümsəyə-gülümsəyə:

- Arxayın ol, atanla danışaram, – dedi.

Və Şahin gedəndən sonra çağırış vərəqəsi yazıb küçəni təmizləyən süpürgəçi ilə göndərdi Nəsibə.

...Axşamüstü Nəsib sahə milis müvəkkilinin yanında idi.

- Xeyir olsun, – dedi, – nə məsələdi?

Arzuman kağız-qələm götürdü və müqəddiməsiz-filansız keçdi mətləbə:

- Qonşu, eşitdim özünü öldürmək istəmisən.

Nəsibin çal qaşları çatıldı, kişi elə bil nəyisə yadına salmağa çalışırdı. Arzuman soruşdu:

- Özünə qəsd eləmək təşəbbüsündə olmusan?

- Qəsd? – Nəsib bir az fikirləşəndən sonra başladı gülməyə. – Həə, dedi, – o məsələ? Şahin deyib sənə?.. Gör nə qırışmal uşaqdı bu.

Arzuman soruşdu ki:

- Elə bir şey olub?

Nəsib gülə-gülə dedi:

- Olub.

Arzuman qarşısındakı kağıza nəsə yaza-yaza dedi: – İnsanın özünü öldürməyi üçün ciddi səbəb olmalıdır.

Nəsib hələ də gülürdü.

- Nə səbəbə, əşi? Şahin bir az şıltaqlıq elədi, istədim qorxuzam onu.

- Yaxşıdı... Ölümnən uşaq qorxuzmaq... Xox!.. Sonra nə oldu?

Nəsib indicə fikir verib gördü ki, Arzuman sual-cavab elədikcə qarşısındakı kağıza nəsə yazır.

- Bura bax, Arzuman, məni bura nəyə çağırmısan? Nə yazırsan orda?

Arzuman təmkinlə:

- Bu, ilk istintaqın protokoludu, – dedi.

- Nə protokol, əşi? – Nəsib hələ gülümsəyirdi, ancaq bu, əvvəlki gülümsəməyə oxşamırdı, kişinin ağzı bir balaca sağa dartılmışdı, ona görə də təbəssümü birtəhər görünürdü. – İstintaq nədi, qonşu?

Nəsib bilmirdi Arzumanla necə danışsın, ona necə müraciət eləsin, məhrəm deyildilər, münasibətləri “salam” – “əleykə-salam”dan uzağa getməmişdi.

Arzuman özü kömək elədi Nəsibə. Dedi: – Mən qulluqdayam. Mənim familiyam var, rütbəm var. Kapitanın qaşqabağını görəndə Nəsib Nur inandı ki, məsələ ciddidir. Mat-məəttəl qaldı. Naçar adam kimi köks ötürüb, kürəyini stolun söykənəcəyinə dirədi. Və sual-cavab başlandı.

- Demək, belə... Əvvəlcə kəndir tapmısan. – Bir qırıq ip idi... Yarım metr ola-olmaya. – Yazırıq yarım metr.

- Heç yarım metr ipnən adam özünü asa bilər?

- Fərasətli oğul bircə qarışnan da asar özünü... Gələn dəfə kəndiri gətirərsən.

- Ay yoldaş kapitan...

- Əşyayi-dəlil işin içində olmalıdı.

- Axı, mən özümü doğrudan öldürmək istəməmişəm. Elə belə... Yalandan... Zarafatla öldürmək istəmişəm... Lənət şeytana, nə danışdığımı özüm də bilmirəm, məni çaşbaş eləmisən.

- Yalan danışanların həmişə dili topuq çalar. Mən əlli yaşın içindəyəm, iyirmi beş illik təcrübəm var, Nəsib Nur; kişi, adamın üzünə baxanda daxilini görürəm, Mənə kələk gələ bilməzsən.

Nəsib Nur yaman hirsləndi. Dedi:

- Sözünüzə sərhəd qoyun! Mən ömrümdə heç kimə kələk gəlməmişəm. Yenə deyirəm: yalandan öldürmək istəmişəm özümü.

- Neçə yaşın var, kişi?

- Altmış iki.

- Altmış iki yaşın var, özün də yazansan. Bu vaxtacan yalandan ölən görmüsən?

- Görməmişəm.

- Bəs sən yalandan necə ölə bilərdin? Hə? Yoxsa məni uşaq yerinə qoymursan? Mən sənin kimilərini çox görmüşəm.

- Tutalım ki, mən özümü öldürmək istəmişəm, sizə nə?

- Mən profilaktik tədbir görməliyəm ki, sən niyyətindən əl çəkəsən. Gələcəkdə özünü öldürə bilərsən. Əgər hadisə mənim sahəmdə baş versə, mən məsuliyyət daşıyacam: demək, mən vətəndaşlarla səmərəli iş aparmamışam. Bunun üçün mənim rütbəmi azaldarlar, lap vəzifədən götürərlər məni... Eh, Nəsib Nur, özünü də əngələ salmısan, məni də. Amma qiyamət adın var: Nəsib Nur! Demək, sən hər yana nur saçırsan də. Gecə vaxtı səni qabağımıza salıb aparsaq, əl fənəri kimi yola işıq salacaqsan, hə? Bay atonnan!.. Yaxşı, bu günlük bəsdi.

Nəsib yaylıq çıxardıb əvvəlcə eynəyinin şüşələrini təmizlədi, sonra boyun-boğazının, çal qaşlarının tərini sildi, yaylığı başının dazına suçəkən kimi bir neçə dəfə ehmalca qoyub-götürdü.

- Mənasız işdi bu, – dedi.

Kişinin sözlərini Arzuman elə bil eşitmədi.

- Protokola imza qoy, – dedi. – İzahat da yazmalısan. Geniş!.. Yenə çağıracam səni. Kəndir yadından çıxmasın. Gələndə kəndiri də gətir. Əşyayi-dəlil!... Məndən icazəsiz şəhərdən heç hara çıxma.

Gecə Şahini Nəsib danlayıb ötürdü Səliməyə, Səlimə danlayıb ötürdü Nəsibə. Şahin də eşitdiyinə gah inandı, gah inanmadı.

Nəsib yuxu dərmanı atdı, yenə yata bilmədi Səhərəcən Arzumanın da, Şahinin də qarasınca deyindi.

İşdə də narahat-nigaran idi. Fürsət tapıb başladı izahat yazmağa, amma tamamlamağa səbri çatmadı.

Axşam evə qayıdan kimi yenə düşdü Şahinin üstünə. Heç ürəyini ağıllı-başlı boşaltmamışdı, qapının zəngi basıldı.

Gələn Arzuman idi. Evdəkilər mat-məəttəl qaldılar: neçə ilin qonşusu idilər, bu vaxtacan Arzuman bu mənzildə görünməmişdi.

Arzuman dedi:

- Səhərdən başım elə qarışıb, kişini çağırmaq yadımdan çıxıb. Burdan keçirdim, fikirləşdim ki, girim, izahatı evdə alım.

Nəsib, onsuz da dilxor idi, qaşqabağını bir az da sallayıb dedi:

- Qurtarmamışam, yarımçıqdı.

Arzuman başını buladı.

- Bir sutkada yeddi-səkkiz səhifə sənin əlində nədir ki?

Nəsib içindəki təlatümü güclə cilovladı – öz evində qonşuya qışqırmağa ürəyi gəlmədi. Astadan dedi:

- Əşi, sənə kim deyib ki, mən yazanam? Mənim yazdıqlarımı hardan oxumusan?

- Bəs redaksiyada işləmirsən?

- Mən korrektoram... Korrektor.

Arzuman stul çəkib oturdu.

- Yaxşı, keç o biri otaqda yaz, mən burda gözləyirəm. İşi ləngitmək olmaz.

Nəsiblə Səlimə o biri otağa keçdilər.

Şahin Arzumanla üzbəüz əyləşdi. Dünən kapitanın birinci sualını eşidəndə Nəsib necə gülümsəmişdisə indi Şahin də eləcə gülümsədi.

- Arzuman dayı, bu nə deməkdi? Nə izahatbazlıqdı?

Arzuman dedi:

- Belə lazımdı.

- Bu, zarafatdı, yoxsa...

Arzuman yenə dedi:

- Belə lazımdı.

- Axı, mən sizin yanınıza şikayətə gəlməmişdim.

Arzuman bu sözdən hədsiz təəccüblənibmiş kimi qalın qaşlarını çatdı.

- Bəlkə məni toya çağırmağa gəlmişdin?

Şahin özünü itirdi.

- Mən... Mən ərk elədim.. Qonşu kimi...

Arzuman:

- İnan, – dedi, – sənə də, atana da hörmətim var, amma mən öz qayğıma da qalmalıyam, axı. Nəsib kişi özünə qəsd eləsə çox adam əngələ düşəcək. Birinci elə sənin başın ağrıyacaq.

- Mən yazılı şikayət eləməmişəm. İxtiyarınız yoxdu.

Şahin atasıgilin yanına getdi. O dəqiqə də orda səs-küy qopdu: gah Nəsib qışqırdı, gah Səlimə. Şahin otaqdan tələm-tələsik, deyinə-deyinə çıxdı.

- Mən nə biləydim ki, bu belə adamdı?! Dünya dərəbəylik deyil! Heç kim qanunu tapdaya bilməz!

Şahin qapını çırpıb getdi.

Bir azdan Nəsiblə Səlimə o biri otaqdan çıxdılar.

Nəsib dedi:

- Al, bu da mənim izahatım, amma day məni incitmə. Mən uşaq deyiləm, əl çək məndən.

Arzuman kağızları qatlaya-qatlaya dedi:

- Evimə gəl, balamın başını istə, kəsim verim sənə. Amma belə söz demə, üz vurma. Yoxsa elə bilirsən mənim ürəyim daşdandı?.. Demək, belə... Protokol var, izahat var... Kəndiri də gətir.

Nəsib gedib ip qırığını da gətirdi.

- Bu da əşyayi-dəlil!

- Protokol var, izahat var, kəndir burdadı.. – Hə, dilindən kağız verməlisən ki, gələcəkdə özünü öldürməyəcəksən.

- Ay kişi, insaf elə.

- O kağız işə tikilməlidi... Görürəm yorulmusan, yazıb gətirərsən kabinetə... Sonra həkimdən kağız alarsan. Gərək psixiatr səni yoxlasın. Gerisinə baxarıq. Əlbəttə, bu iş türməlik deyil, amma yoldaşlıq məhkəməsinə mütləq veriləcək. – Bir gözünü qıyıb, balaca uşağı məzəmmət eləyirmiş kimi dedi: – A kişi, ayıb deyil səninçün? Özün də yazansan. Adamları yaşamağa, yaratmağa ruhlandırırsan. Bu tərəfdən da özünə qəsd eləyirsən? Yazan adam heç belə iş tutar?

- Mən ömrümdə bircə oçerk yazmışam.

- Dəxli yoxdu, yazmağı bacarırsan... Yaxşı, sabah səhər saat doqquzda səni kabinetdə gözləyirəm. İstəyirsən iş yerinə çağırış vərəqəsi yollayım, səni bir-iki saatlığa buraxsınlar.

- Yox, yox! Lazım deyil! Özüm gələrəm!

Arzuman gedəndən sonra Nəsib gözlərini bir nöqtəyə zilləyib fikirləşə-fikirləşə qaldı. Arzumandan qorxmurdu, get-gəldən, boş-boş suallara cavab verməkdən qorxurdu. Birdən zalım oğlu götürüb Nəsibin iş yerinə səfeh-səfeh sözlər yazar. İşdə də hamı bir ağılda deyil ki, beşi inanmasa da, üçü inanacaq. Nəsib yuxarılara şikayət eləyib Arzumanın caynağından yaxasını qurtara bilər, amma, birincisi, bu vaxtacan şikayət üçün kimsənin qapısını açmayıb, ikincisi də şikayət eləsə, Arzumanı acığa salar. Adamdı də, çiy süd əmib, girəvələyib hardasa Nəsibə, ya da Şahinə badalaq vurar, hayıf alar onlardan.

- Bəlkə bir şey umur o səndən?

- Nə şey? Deyirsən, o zırramaya rüşvət verim?

- Ağzında “zırrama” deyirsən.

- Mən rüşvət alanlara da, rüşvət verənlərə də həmişə nifrət eləmişəm.

- Rüşvət niyə, Nəsib? Hədiyyə! Nə olar, neçə ilin qonşusuyuq, hesab elə ki, bizi ad gününə çağırıb, hədiyyə aparmışıq. Pul vermə, pul rüşvətdi, bir şey bağışla. Lap elə Şahinə aldığın kostyumu.

- Nə danışırsan arvad, ağlın başındadı?

- Ucuz şeyə yaxın durmaz Arzuman. Bu, elə Şahinə də tövbələtmə verməkdi. Öz cəzasıdı, qoy çəksin. Dilini dinc qoyaydı. Kostyumu ver, canını qurtar, Nəsib.

Gecənin yarısınacan Səlimə ərini dilə tutdu, axırı ki saqqızını oğurladı onun.

Səhər saat doqquzda Nəsib, Arzumanın kabinetinə girib bir xeyli oturdu orda.

Hirsindən-acığından işdə qərar tapa bilmədi. İcazə alıb çıxdı. Küçələri dolandı, bulvarda gəzdi, çayxanaya girdi...

Evə axşamüstü qayıtdı. Ovqatı hələ qatış-bulaş idi. Dedi:

- Kabinetə girməmişdən kostyumu başıma fırlatdım.

Səlimə dedi:

- İt aparan olsun. Bəs deyirdin, almaz?

- Əvvəlcə guya hirsləndi. Dedi, bu nədi, mənə rüşvət verirsən? Dedim, rüşvət niyə, hədiyyə verirəm. Qonşuyuq də, dedim, bağışlayıram bunu sənə. Başladı naz-qoz eləməyə: “Mən heç kimdən heç nə almıram”. Amma aldı. Dedi, ona görə alıram ki, qonşuluqda lap mehriban olaq. İnşallah, dedi, mən də sənə bir hədiyyə alaram... Protokolu da, izahatı da cırıb atdı... Səlimə, Şahin bilməsin, ha.

- Sən mənim ağzımın bütövlüyünə bələd deyilsən?

Qapının zəngi uzun-uzadı çalındı.

Şahin yenə qaşqabaqlı idi, amma dinib-danışmadı, Bir stəkan çay içdi, sonra gözlərini anasına zilləyib dedi:

- Üç gün qalıb ad günümə. Bəs hazırlaşmırsınız? Dostlarım gələcəklər. – Boş stəkanı nəlbəkiyə vura-vura xeyli susdu. Çox istəyirdi ki, atası üzünü ona tərəf döndərsin, amma Nəsib Nur gözlərini televizorun ekranından çəkmirdi. Şahin bərkdən dedi: – İndicə Arzumanın oğlunun əynində bir kostyum gördüm. Yuqoslavski. Dedi, qiyməti yüz doxsan manatdı, əldə üç yüz əlliyə verirlər... Arzuman yenə gəlir bizə? Yenə izahat istəyir? – Gördü ki, Nəsib onun dediklərinə əhəmiyyət vermir, səsini bir az da qaldırdı: – Bahalı kostyumu oğluna atası alıb! Atası!... Heç olmasa ad günündə mənə elə bir kostyum alın! Hə? Niyə dinmirsiniz?!

Səlimə ağzını ərinin qulağına tutub dedi:

- Nəsib, beş-on ərşin ip nədir ki, onu almırsan? Zivə çürüyüb, axı.

Nəsib Nur gözlərini ekrandan çəkmədən başını tərpətdi.

Nəsib işdən qayıdanda həyətdə Arzumanla rastlaşdı. Arzuman onunla çox mehriban görüşdü. Gülümsəyə-gülümsəyə dedi:

- Neçə ilin qonşusuyuq, bir-birimizi yaxşı tanımamışıq. Nəsib kişi, sən ləyaqətli adamsan. Özünə yaraşan da adın var: Nəsib Nur! Maşallah, nurlu kişisən. Qonşu olsaq da, indiyəcən bir-birimizə ağız açmamışıq. Vallah, utanıram deməyə. O kostyum üçün çox sağ ol, əvəzini çıxacam onun. Amma bizim oğlan deyir, ona düşən köynəklər var. Mənim belə şeylərdən başım çıxmır, oğlum deyir... Bu kostyuma düşən köynəklər var: “Merkuri”. Nəsib qardaş, o köynəkdən tapmaq olar?

- Tapmaq olar, amma vaxtım yoxdu. Gedirəm özümü asmağa. – Nəsib köhnə portfelini açıb ipi göstərdi. – Budu ey, əşyayi-dəlil burdadı! – deyib evinə tərəf getdi.

Arzuman şəhadət barmağının ucu ilə gicgahını qaşıya-qaşıya qaldı həyətdə.

1989

# 6083 dəfə oxunub

Müəllifin son yazıları

# # #