Ayrılıq da sevdaya daxil; Ayrılanlar hələ də sevgili - GÜNÜN ŞEİRİ

Ayrılıq da sevdaya daxil; Ayrılanlar hələ də sevgili - <span style="color:red;"> GÜNÜN ŞEİRİ
21 iyun 2016
# 12:23

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Attila İlhan: “Ayrılıqlar sevdaya daxil”

Qan Turalının uyğunlaşdırmasında

açılmış sarmaşıq güllərinin

qoxularıyla bihuş

ən görkəmli saatında ulduz aydınlığının

gizli bir ilan kimi yuvalanmış

içimdə kədər

uzaq bir telefonda ağlayan

yağmurlu gənc qadın

rüzgar

uzaq qaranlıqlara qovmuş ulduzları

bənövşəyi qığılcımlar keçir

dağınıq yalnızlığımdan

onu çox arayıram onu çox arayıram

hər yerində bədənimin

ağır yanıq ağrıları

bir yerlərə ildırım düşürəm

ayrıldığımızı hiss etdiyim an

dəmirlər əriyir hirsimdən.

ay işığına batmış

qara bibər ağacları

gümüş tozu

gecənin irmağında üzür zanbaqlar

yasəmənlər unudulmuş

narahat təbəssümlər

çünki ayrılmağın da vəhşi bir dadı var

elə bir dad ki dözüləsi deyil

çünki ayrılıq da sevdaya daxil

çünki ayrılanlar hələ də sevgili

heç bir anı tək yaşaya bilməzlər

hər an onunla birlikdə

hər şey onunla əlaqəli.

təlaşlı zülmətdə yumşaq yarasalar

getdikcə artan

yanmış ot qoxusu

ulduzlar inanılmaz böyüklükdə

işıqları tutub bütün sahili

çünki ayrılmağın da vəhşi bir dadı var

elə bir dad ki dözüləsi deyil

çünki ayrılıq da sevdaya daxil

çünki ayrılanlar hələ də sevgili

yalqızlıq

sürətlə alçalan buludlar

qaranlıq bir ağırlıq

hava ağır torpaq ağır yarpaq ağır

su tozları yağır üstümüzə

azadlığımız yoxsa tənhalığımızdırmı

sönük bənövşəyə çalan sisli lacivərd

duman dövrələdi meşəni

qaranlıq çökdü dənizə

yalqızlıq

çaxmaq daşı kimi sərt

almaz kimi kəskin

ha tərəfə dönsən bir yerin kəsilər

çox qan itirərsən

qapını döyən olmadımı hələ

qolundan tutan

biləkləri bəmbəyaz qu quşu boynu

barmaqları uzun və incə

qaynar baxışları cinayət şəriki

utancaq baxışları gizlincə

yalqızların ən böyük dərdi

nəyə yarar azadlıq tənhalıqda

içindən çıxa bilmədikləri bu

ölü bir planetin

soyuq tənhalığına bənzəməsin deyə

azadlıq mütləq bölüşüləcək

cinayət ortağı bir sevgiliylə

sanmışdıq ki ikimiz

yer üzündə ancaq

bir-birimiz üçün varıq

təkadamlıq bir tənhalığa belə

rahatca sığarıq

heç yanılmamışıq

hər an yerə düşüb

büllur bir fincan kimi

duz parçaları olsaq da

hələ içimizdə o vulkan ağzı

o qıpqızılı gülümsəyən

- sanki atəşdən bir təbəssüm -

zəhər-zəqqum eşqimiz

# 1377 dəfə oxunub

Müəllifin son yazıları

# # #