Kulis.az Musa Yaqubun "Bu qar" şeirini təqdim edir.
Bu qar yaman tutdu soyuq vaxtımı
Nə tez üst-başımı qara bələdi.
Soyuqluq bələdi,
Soyuq bələdi…
Bir sevgi istisi könlümə dolmaz,
Elə bil baxışım soyuq bir almaz,
Elə bil nəfəsim,
Həvəsim soyuq,
Elə bil çəmənəm qırovlanmışam,
Bir çox hisslərimi cilovlamışam,
Nə bilim, bəlkə də yorğunam bir az…
Bu qar yaman tutdu soyuq vaxtımı -
Tərtəmiz, gül kimi, güldən də təmiz,
Yağır aram-aram soyuğa həris.
Uzaqda üfüqdə qaşlar ağarır,
Əvvəl soyuq-soyuq daşlar ağarır.
Ağarır sahibsiz bir evin damı,
Qarı göydə udur sobalı damlar.
Buğlanır çinarın çılpaq əndamı,
Mamırlı budağın üstü gümüş qar.
O qızın yanağı dönübdür oda,
Qar od kirpiyinə ilişə bilmir.
Hardasa bir kəklik yuvasına da
Hələlik bu soyuq girişə bilmir.
Köhnə bir sobanın yanıq kərpici
Hasarın dibində qaralır hələ.
O qızıl külçəsi olsaydı əgər,
Onu qar tutardı qalmazdı belə.
Qoşa keçənlərin izi buğlanar,
Qarın nə hünəri yağsın o izə.
Bəlkə də, dünyada qar adamı var,
Soyuqdular deyə çıxmırlar üzə...
Qar yağır tərtəmiz,
Güldən də təmiz,
Yağır aram-aram soyuğa həris.
Bu torpaq nə zaman günəşdən doyub?..
Köhnə ocaq yeri diksinir qəfil.
Könlümdə bir qərib ümid soyuyub
Qar onun üstünə yağır elə bil...
Bu qar yaman tutdu soyuq vaxtımı…
Yağır aram-aram qar, birəm-birəm,
Bir çox duyğulardan yoxdu gərəyim.
İlk dəfə…
Bilmirəm…
Nəsə bilmirəm,
Bu gün soyuqluqdan qorxdu ürəyim...