Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi

Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi
14 sentyabr 2026
# 17:22

Bakıda azərbaycanlı mütəfəkkir alim Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib.

APA xəbər verir ki, konfrans Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşü çərçivəsində təşkil olunub. Tədbirdə türk və islam dünyasından dini liderlər, alimlər və ziyalılar iştirak ediblər.

Konfransda Şeyx Seyid Yəhya Bakuvinin elmi, fəlsəfi və mənəvi irsi, onun İslam dünyasının düşüncə və təsəvvüf ənənəsindəki rolu, eləcə də irsinin müasir dövr üçün əhəmiyyəti müzakirə olunub.

TDT Baş katibi Kubanıçbek Ömüralıyev çıxışında Şeyx Seyid Yəhya Bakuvinin irsinin türk və islam dünyasının ortaq mənəvi və intellektual irsinin mühüm hissəsi olduğunu bildirib. O, dini qurumlar arasında əməkdaşlığın, dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam isə Bakuvinin irsinin sülh, mərhəmət, mötədillik və insan ləyaqəti kimi dəyərlərin təşviqi baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, fərqlilik qarşıdurma və nifrət yox, qarşılıqlı tanıma və əməkdaşlıq üçün imkan olmalıdır.

Çıxışda Şeyx Seyid Yəhya Bakuvinin Xəlvətilik təriqətinin əsas şeyxlərindən biri olduğu da diqqətə çatdırılıb. Məhəmməd Əbdülsalam Əl-Əzhərin Böyük İmamı Əhməd əl-Tayyibin Bakuvinin məzarını ziyarət etmək arzusunda olduğunu bildirib.

Konfransda çıxış edənlər Şeyx Seyid Yəhya Bakuvinin irsinin gənc nəslə çatdırılmasının, onun elm, mənəviyyat, dialoq və insan həmrəyliyinə dair fikirlərinin müasir dövrdə təbliğinin vacibliyini vurğulayıblar.

Tədbirdə Azərbaycanın və türk-islam dünyasının zəngin dini-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Türkiyənin Diyanət İşləri naziri Safi Arpaquş bildirib ki, türk dünyasını birləşdirən əsas dəyərlərdən biri ortaq dil, tarix, mədəniyyət və mənəvi irsdir. O, əcdadlardan miras qalan mənəvi irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

Safi Arpaquş Seyid Yəhya Şirvaninin mötədillik anlayışının mühüm nümunələrindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, İslamda mötədillik passiv orta yol yox, yüksək şüur, dərin anlayış və güclü əxlaqi intizamdır.

Türkiyənin Diyanət İşləri naziri bildirib ki, Seyid Yəhya Şirvani elmə böyük əhəmiyyət verib, insan yetişdirməyə və maarifləndirməyə ömrünü həsr edib. O, Şirvaninin qırx il ərzində elm, irşad və təhsil fəaliyyəti ilə məşğul olduğunu, minlərlə tələbə yetişdirdiyini və türk, ərəb və fars dillərində əsərlər yazdığını diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan hökumətinin TDT çərçivəsində əməkdaşlığa göstərdiyi xüsusi diqqət, eləcə də Azərbaycanın ev sahibliyi və dəstəyi sayəsində üzv ölkələr arasında sıx və səmərəli təmaslar davamlı xarakter alıb.

Komitə sədri Prezident İlham Əliyevin “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” fikrinin bütün sahələrdə olduğu kimi, mənəvi-mədəni inteqrasiya istiqamətində də əsas prinsip olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu siyasi iradə və strateji baxış türk dövlətləri arasında mənəvi tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsini zəruri edir.

Ramin Məmmədov qeyd edib ki, bu istiqamətdə mühüm addımlardan biri cari il iyunun 30-da Şuşada TDT üzv ölkələrinin dini məsələlərə məsul dövlət qurumları rəhbərlərinin ilk görüşünün keçirilməsi olub. O bildirib ki, həmin platformanın fəaliyyətinin sistemli və ardıcıl xarakter alması, əlaqələrin ənənəvi əməkdaşlıq modelinə çevrilməsi əsas strateji prioritetlərdəndir.

# 62 dəfə oxunub

Oxşar xəbərlər

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

17:45 14 sentyabr 2026
“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

17:30 14 sentyabr 2026
Parisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandı

Parisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandı

17:00 14 sentyabr 2026
ADMİU-da İncə və Sənət təqdim edildi

ADMİU-da İncə və Sənət təqdim edildi

16:40 14 sentyabr 2026
Məhəmmədhüseyn Şəhriyarın  “Heydərbabaya salam” poeması özbək dilində

Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində

16:10 14 sentyabr 2026
Hava limanına məşhur müğənninin adı veriləcək

Hava limanına məşhur müğənninin adı veriləcək

14:30 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər