Məşhur prodüser vəfat etdi

Məşhur prodüser vəfat etdi
14 sentyabr 2026
# 11:20

"Oskar" mükafatı laureatı, məşhur britaniyalı prodüser Ceremi Tomas 77 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə nüfuzlu "Variety" nəşri sənətkarın komandasının bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, əfsanəvi prodüser Oksfordşirdəki bağ evində, ailəsinin və yaxınlarının əhatəsində dünyasını dəyişib.

Tomas 1949-cu ildə Londonda kinematoqrafçılar ailəsində anadan olub. Onun atası Ralf Tomas "Həkim" (Doctor) seriyasından olan filmləri, əmisi Cerald Tomas isə "Belə davam et" (Carry On) seriyasının bütün ekran işlərini lentə alıb. Sənayeyə məktəbi bitirdikdən dərhal sonra gələn Ceremi əvvəlcə montajçı kimi çalışıb, daha sonra isə prodüserliyə keçib. Onun ilk prodüser işi 27 yaşında ikən Avstraliyada lentə alınan 1976-cı il istehsalı "Quduz köpək Morqan" (Mad Dog Morgan) filmi olub.

Yarım əsrdən çox davam edən karyerası ərzində Tomas "Recorded Picture Company"ni qurub, daha sonra isə "Hanway Films"in həmtəsisçisi olub. Ümumilikdə onun iştirakı ilə 80-dən çox tammetrajlı film işıq üzü görüb. Prodüserin karyerasının ən böyük zirvəsi 1988-ci ildə "Ən yaxşı film" kateqoriyasında qazandığı "Oskar" mükafatıdır. O, bu nüfuzlu heykəlciyi italyan rejissor Bernardo Bertoluççinin Akademiya tərəfindən 9 mükafata layiq görülən "Sonuncu imperator" (The Last Emperor) filminə görə əldə edib. Tomas ümumilikdə Bertoluççi ilə 17 il ərzində 5 ortaq film ərsəyə gətirib.

Sənətkarın digər diqqətçəkən işləri arasında Conatan Qleyzerin "Seksual heyvan" (Sexy Beast), Devid Kronenberqin "Avtoqəza" (Crash) və "Təhlükəli metod" (A Dangerous Method), Naqisa Oşimanın "Milad bayramınız mübarək, cənab Lourens" (Merry Christmas, Mr. Lawrence) kimi filmləri var. O, həmçinin Cim Carmuş, Stiven Frirz, Verner Hersoq, Terri Qilliam, Riçard Linkleyter və Vim Venders kimi dahilərlə əməkdaşlıq edib.

2006-cı ildə dünya kinosuna verdiyi xüsusi töhfələrə görə Avropa Kino Mükafatına layiq görülən prodüser, 2021-ci ildə Mark Kazinsin "Ceremi Tomasın fırtınaları" sənədli filminin qəhrəmanı olub. Ömrünün son günlərinə qədər işləməyə davam edən sənətkar, Takasi Miikenin məhz bu gün – sentyabrın 14-də Torontoda dünya premyerası baş tutacaq "Pis leytenant: Tokio" (Bad Lieutenant: Tokyo) adlı yeni filmi üzərində çalışırdı.

# 581 dəfə oxunub

Oxşar xəbərlər

“Oskar”dan süni intellektlə bağlı mesaj -  İnsan yaradıcılığı əsas olaraq qalacaq

“Oskar”dan süni intellektlə bağlı mesaj - İnsan yaradıcılığı əsas olaraq qalacaq

18:40 29 oktyabr 2026
“Minions & Monsters”  ekranlara qayıtdı

“Minions & Monsters” ekranlara qayıtdı

18:00 29 oktyabr 2026
Liv Şrayber və Stiven Qrem yeni serialda

Liv Şrayber və Stiven Qrem yeni serialda

15:30 29 oktyabr 2026
Hollivudun klassik "kino qalası"  təhlükə altındadır? - “TCM”in gələcəyi sual doğurur

Hollivudun klassik "kino qalası" təhlükə altındadır? - “TCM”in gələcəyi sual doğurur

11:40 29 oktyabr 2026
Rüfət Əsədovun "Ananın duası"  sənədli filmi Moskva Yəhudi İcmasında  nümayiş olundu

Rüfət Əsədovun "Ananın duası" sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş olundu

10:08 29 oktyabr 2026
“Harri Potter” serialının aktyor heyəti genişlənir:  Ceyms və Lili Potter də seçildi

“Harri Potter” serialının aktyor heyəti genişlənir: Ceyms və Lili Potter də seçildi

10:40 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər