Qızı ilə rusca danışan Elgiz

Qızı ilə rusca danışan Elgiz
24 sentyabr 2021
# 10:30

Kulis.az Günel Natiqin “Elgizin qızıyla rus dilində danışması” adlı yazısını təqdim edir.

Dünən qarşıma Elgizlə bağlı bir video çıxdı, əvvəl elə bildim aparıcı hansısa əcnəbi uşağı belə ədayla salamlayır: “Pozdravlyayu, Laloçka”. Uşaq da rus filmlərində eşitdiyim yad bir ləhcəylə: “Spasibo, papoçka” deyəndə təəssüflə başımı yellədim. Elgizin ekranlardan sirayət edən dürüstlüyü, səmimiyyəti həmişə məndə ona qarşı bir simpatiya doğurub, amma qızıyla yad dildə bu mehr- məhəbbəti, birinci sinifə qədəm qoyan övladını yad sözlərlə təbrik etməyi onun haqqındakı fikirlərimi mənfi yöndə dəyişdirdi.

Yadıma bir neçə il öncə baş vermiş hadisə düşdü. Sosial şəbəkədə populyar olan bir jurnalist tez- tez kiçik yaşlı qızıyla xarici ölkələrdəki şəkillərini paylaşır, qızcığazın olqunluğunu, öz valideynlərinə məhəbbətini nümayiş etdirirdi. Çoxları kimi məndə də də bu qızcığaza qarşı sevgi oyanmışdı.

Bir dəfə avtobusda ata-balayla rastlaşdım. Milli məsələlərdən böyük yanğıyla yazan bu jurnalistlə bir-birimizi yalnız sosial şəbəkələrdə gördüyümüzə baxmayaraq, dərhal bir-birimizi tanıdıq. Uşağı məktəbdən gətirirdi. Sosial şəbəkədə hamının sevimlisi olan doğma qızcığazı ana dilində salamlamaq istədim, amma o mənə soyuq baxışlarla baxıb atasına döndü və ingiliscə nəsə dedi.

Qızcığazın yorğun olduğunu düşündüm, atasıyla onların xaricə səfərləri barədə danışmağa başladıq. Həvəslə söhbət edən ata hərdən qızına ingiliscə nəsə deyir, ondan da bu dildə cavablar alırdı. Yolboyu qızcığazın dilindən ana dilində bir kəlmə də çıxmadı.

Bu davranış tərzi onların xoşbəxt, səmimi ailə illüziyasını tamamilə dağıtdı. Axı, doğma dilini sevməyən uşaq öz doğma atasını necə sevə bilər? Və uşağını bu yöndə tərbiyə edən atanın milli dəyərlərdən dolu- dolu danışmağa haqqı varmı?

Sözlərim yanlış anlaşılmasın, uşaqların əcnəbi dildə təhsil almasının əleyhinə deyiləm, əksinə, bu fikirdəyəm ki, əcnəbi dildə təhsil almaq insana əlavə dil, mədəniyyət, dünyagörüşü qazandırır. Uşaq dünyanı yalnız öz xalqının deyil, həm də digər bir xalqın pəncərəsindən görür. Və burda önəmli olan məsələ bu imkandan öz xalqının inkişafı üçün istifadə etməkdir.

Yəni biz uşaqları əcnəbi dildə oxudaraq onları itirməməliyik, əksinə, öz xalqımıza əcnəbi dilləri bilən, daha artıq mədəniyyətə malik bir mütəxəssis kimi qazandırmalıyıq.

Mən bu fikirdəyəm ki, rusdilli məktəblər saxlanılsın, ancaq bir şərtlə ki, bu məktəblərdə uşaqlarımıza ana dilimiz, mədəniyyətimizlə bağlı daha böyük sevgi aşılansın.

Bir haşiyə çıxım. Böyük türkçü olan Akif Səməd ən kiçik oğlunu rus dilində oxutmuşdu, ona bu barədə sual verəndə dedi ki, istəyirəm bizim milli mənafeyimizi əcnəbi dillərdə müdafiə etsin.

Doğrudan da 44 günlük savaş dönəmində əcnəbi dilləri bilməyin dar ayaqda olan bir xalq üçün necə zəruri olduğunu daha aydın gördük.

Rus dili uzun illər bizim üçün dünyaya açılan pəncərə olub, hələ də çox qiymətli mənbələr rus dilindədir, əgər rus dilini bilməsəydik, həmin mənbələrdən xəbərsiz olacaqdıq və öz milli xəzinəmizə yeni heç nə bəxş edə bilməyəcəkdik.

Amma əcnəbi dillərin mənəviyyatımızın ən məhrəm yerlərinə əl uzatmasına imkan vermək olmaz. İlk dərs gününün sevincini yad dildə paylaşmaq və bunu insanlara təqdim etmək özgələşməkdir, yadlaşmaqdr.

Elə aparıcı Elgizin qızıyla rus dilində ədayla danışması, “Laloçka- papoçka” kimi saxta sözcüklər də yadlaşaraq uzaqlaşan itkilərimizdən xəbər verir.

# 12408 dəfə oxunub

Müəllifin son yazıları

# # #