"Ramiz Rövşənə Laplandiyada ev verəcəm" – Şaxta Baba ilə Yeni il qeybəti

"Ramiz Rövşənə Laplandiyada ev verəcəm" – Şaxta Baba ilə Yeni il qeybəti
30 dekabr 2020
# 17:47

Bərkə-boşa düşə-düşə, daha bir ili geridə qoyuruq. Bu il də dünya və ölkəmiz üçün səsli-küylü oldu. 2020-ci il siçan ili olsa da, hələ uzun zaman dünya bu ili koronavirus ili adlandıracaq. Çünki bütün bəşəriyyət üçün ən yadda qalan hadisə Çinin Uhan vilayətindən dünyaya sıçrayan COVİD-19 epidemiyası oldu. Ölkəmizdə isə bu pandemiyanın fonunda nələr oldu nələr. Bizim üçün bu il həm də Vətən müharibəsi və 27 illik Qarabağ həsrətinə nöqtə qoyulan müqəddəs rəqəm kimi tarixin şanlı səhifələrində yer aldı. Necə deyərlər, sevinci ilə kədəri ilə dolu bir il yaşadıq. Əvvəlində deyinib sonlarında şükür etdiyimiz siçan estafeti öküzə ötürür. Bu il şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq ölkəmizdə bayram ab-havası yoxdur. Küçələrdə hər il olduğu kimi bu il küknar ağacları bəzənmədi. Fikirləşdim ki, Şaxta Baba bu il bu tərəflərə hərlənməz. Həm də axı pandemiyadır. Yollar bağlıdır. Laplandiya Sumqayıt deyil ki, 3 saatlıq icazə alıb gələsən.

Lakin işə gələndə gördüm, bir Şaxta Baba şirkətin qapısı ağzında dayanıb. Müsahibə üçün vaxt müəyyənləşdirdiyim müsahib də gəlmədi. Dedi, bir balaca burnum qıcılqanır, qorxuram koronavirus olam. Dedim, elə fürsətdir, 3 saat icazə alıb evdən çıxmışam, boşa getməsin. İlin sonunda son müsahibim elə illərin sahibi Şaxta Babadır. Görək heybəsindən nə çıxacaq.

- Xoş gəlmisən, Şaxta Baba. Amma nədənsə sıxılırsan. Elə bil, sən də üç saatlıq icazə almısan...

- Yeni il ərəfəsi səni danlamaq istəmirəm, qızım. Nə təhər uşaq olmusan sən? Mənim sehrli marallarımı və xizəyimi görməmisən? Bilmirsən, dünyanın istənilən yerinə icazəsiz gedə bilərəm?

- Uşaqlıq yaşadıq ki, Şaxta baba? Qaçqınlıq... Yataqxanalar... Sən də oralara çox gəlməzdin...

- Bağışla (kədərlərnir). Bir anlıq unutdum bunları. Amma çağırsanız mütləq gələrdim. Mən məmur deyiləm ki, kasıblardan qaçım.

- Niyə belə gərginsən?

- “Xətai” metrosunun qabağındakı keçiddə Qar qızıma 100 manat cərimə yazdılar. İcazəsi yox idi.

- Nə oldu bəs sehrli marallar, xizək...

- Mən özüm Laplandiyadan gəlsəm də Qar qızı həmişə burdan götürürəm. Sizin qızlar qəşəng olur axı. Onlar sehrli deyil. Adi insanlardır. Polis tuta bilir onları.

Gallery

- Pul yığıb ödəyərik, Şaxta Baba. Dünya şöhrətli adamsan, belə xırda şeyə görə kədərlənmə.

- Tək ona görə deyil. Ümumiyyətlə, Azərbaycana baxanda çox da sevinə bilmirəm.

- Niyə axı?

- Nə bilim. Cavab versəm, siyasətə qarışmış olacam. Bunu da istəmirəm.

- Eybi yox. Sən 2020-ci ildən danış. Necə bir il idi, səncə?

- Mənim üçün bütün illərin öz xüsusi yeri var. Onlar mənim uşaqlarım kimidir. Yaxşısını da sevirəm, pisini də. Düzdü, bu il Dünya üçün bir az daha çətin oldu, COVİD-19 ilimizi məhv etməyə çalışdı, amma eybi yox. Gələn il hər şey düzələcək, daha gözəl olacaq. Özüm uzaq Laplandiyada yaşasam da, bütün ölkələri izləyirəm, maraqlanıram. Məncə, azərbaycanlılar 2020-ci ili uğursuz saymamalıdır, çünki burada Xeyir Şərə qalib gəldi. Mən də çox sevindim. Müharibəni heç sevməsəm də həmişə ədalətin tərəfində olmuşam.

- Bu il mədəniyyətdə və ədəbiyyatda diqqətini daha çox nə çəkdi?

- Deyəsən, sizin mədəniyyətiniz üçün ən əlamətdar hadisə mədəniyyət nazirinizin dəyişməsi və nazirlikdəki bəzi əməkdaşların mədəniyyətsiz əməllərinin üstlərinin açılması idi. Bir də karantin dövründə müğənnilərin imkansız ailələrə yardım etdiyini gördüm. Müharibədən sonra da ailələrə yardım edən məşhurlarınız oldu. Bunu çox bəyəndim. Amma elə bil, bir balaca çox səs-küy saldılar. İnstagramda izləyirəm çoxunu. Ən çox da Rəqsanə özünü bir təhər elədi. Çox əziyyət çəkdi. Hərdən onun üçün narahat olurdum ki, səsi batacaq. Bu qədər bərkdən danışmaq olar? Mətanət bacı da özünü çox həlak elədi. Əvvəl yaxşı başlamışdı, sonra işləri xarabladı. Eşitdiyimə görə, bu yaxınlarda nəsə şuluqluq edib. Karantin qaydalarını pozub, jurnalistə hücum edib. Mətanət bacı adrenalin dolu bir il keçirdi (gülür).

Özünüz də bilirsiniz ki, mənim işim insanlara hədiyyə gətirmək, onları sevindirməkdir. Amma indiyə kimi heç vaxt sizin müğənnilər kimi özümü reklam eləməmişəm. İnsanlar özləri məni çox sevdiyi üçün reklam edib. Yaxşılığı nəyinsə xətrinə etmək lazım deyil, çünki onda yaxşılıq öz dəyərini itirir, gözdən düşür. Bunu həmişə nəzərə almaq lazımdır. Sizin ölkənizdə xeyirxah insanlar çoxdur. Ona görə, buranı çox sevirəm.

- Bu il məşhurlardan daha kim yadınızda qaldı?

- Kamil Zeynallı ilə Hacı Nuran. Hər ayın başı və sonu Kamil Zeynallı həbsxanaya, Hacı Nuran xəstəxanaya düşdü. Kamil Zeynallı polisləri, Hacı Nuran həkimləri bezdirdi. Hə, bir də Nura Suri bu il tez-tez manşetlərdə göründü. Feysbukda da çox fəaldır. Maşallah, hansı səhifəyə girirsən, istənilən mövzuda fikir bildirib. Məsləhət verir.

Gallery

- Sosial şəbəkələrə də girirsiniz, demək.

- Mənim işim xalqın arasında olmaq, onların arzu-istəklərini öyrənməkdir. Yeni ilə mövzu toplamaq üçün cəmiyyətin nəbzini tutmalıyam. Pandemiya dövrü məcburən Feysbuka, İnstagrama, Tvitterə girməyi öyrəndim. Vatsappda da varam. Əvvəllər ən çox sifarişi ordan alırdım. Amma bu Teleqarama heç cür alışa bilmirəm. Çox mənasız gəlir.

- Əslində, Tvitter də sizə darıxdırıcı gəlməlidir. Çünki orda Şaxta Babaya inanmayanlar çoxdur.

- Tvitteri qələbə xəbərlərinə görə izləyirdim. İndi o qədər də baxmıram. İntellektual adamlardan zəhləm gedir. Həyatı çox qəlizləşdirirlər.

- Şou aləmində daha nələr müşahidə etdin?

- Röya ilə Natəvanın parik, Səidə ilə Röyanın alt paltarı üstündəki davasını. Üç müğənninin sənətə dəxli olmayan mövzuda birincilik davası etməsi mənə çox qəribə göründü. Şakiranın Antik Fəlsəfə üzrə Pensilvaniya Universitetindən məzun olduğu ərəfədə sizin ulduzların belə urvatsız mövzu ilə gündəmi məşğul etməsi biabırçılıq idi. Sənə deyim, Röya əvvəllər maraqlı gəlirdi mənə, Xalq artisti adını alandan sonra qız yaman dəyişdi. Özünə aid olmayan bir süniliyin, qeyri-səmimiliyin haləsinə büründü. Mahnıları da tutmur son vaxtlar, görmürsən? Halbuki mən əvvəllər Röyaya qulaq asmaq üçün arabama akkumulyator bağlamışdım.

- Real mahnılara sehrli aləmdə qulaq asmaq olur?

- Baxıram, çox ayıq qızsan. Ağdamlı deyilsən?

- Ağdamlıyam.

- Dedim, axı. Ömründə başqa qaçqın rayondan olan müxbir adama belə sual verə bilməz.

- Təşəkkür edirəm.

- Gözünüz aydın olsun. Ağdamı aldıq. Amma yaman talayıblar oranı. Əclaflar. Mən 1991-ci ili Ağdamda qarşılamışam. Nə vaxtlar idi. Pəh! Heyf oralardan.

Gallery

- İnşallah, yenə qarşılayarsız.

- Mütləq! Uşaqlar qayıtsa Ağdama gedəcəkdim. Sizin o Tacir var ee, Şahmalıoğlu, onun ilk xeyir-duasını Ağdamda mən vermişəm. Hələ Şaxta Babadan qorxan yaşda idi. Sehrli əsamı toxundurub Allaha əmanət elədim. Sonralar məşhurlaşdı, heç yadına salmadı məni. Ancaq toylarda bəy təriflədi.

- Daha toy da yoxdu. Vəziyyətləri psidi.

- Onlara o da azdı. Qoy kasıblığın nə olduğunu bilsinlər. Varlananda “xod” getməsinlər.

- Şaxta baba, incimə, lap Əli Mirəliyev kimi danışdın...

- Əli yaxşı adamdı. Hələ də Şaxta Babaya inanır. Böyümədi ki, Əli, uşaq qaldı. Onu lap balacalığından tanıyıram. O vaxt da dilində bir balaca şirinlik vardı. Bir ara istədim sehrli əsamı toxundurub, düzəldim, sonra vaz keçdim. Dedim, təbiiliyini itirməsin.

- Biz bilirik ki, sənə məktublar əsasən uşaqlardan gəlir. Heç böyüklərdən yazan olmur?

- Elə uşaqlardan çox böyüklər mənə məktub yazıb nəsə istəyir. Hərdən görürəm ki, hansısa uşağın məktubunun axırında xətt dəyişib. Başa düşürəm ki, böyüklər araya girib öz arzularını dürtüşdürüblər. Özümü elə göstərirəm ki, guya bilmirəm. Çalışıram, hamısının arzusunu yerinə yetirim. O gün bir oğlan uşağının məktubunu oxuyurdum. Məndən velosiped istəyirdi. Bütün məktub boyu velosipedin xüsusiyyətlərini yazmışdı. Rəngi, ölçüsü, təkərləri, siqnalı... Ən axırda bir az fərqli xətlə belə bir cümlə vardı: "Şaxta baba, əgər bu parametrlərə uyğun velosiped olmasa, sonuncu model “Porshe” də qəbulumdur”.

- Zaman-zaman sənin adından uşaqlara məktub yazanlar oldu. Məsələn Mark Tven, Tolkien. Bu səni qəzəbləndirmirdi?

- Mark bir dəfə yazdı. Amma Tolkien uzun illər mənim adımdan uşaqlarına məktub yazdı. Sonra o məktublardan kitab kimi nəşr etdirdi. Açığını deyim, sevinmişdim. Bütün uşaqlar belə həssas diqqət altında böyüməlidir. İş məktubu kimin yazmasında deyil uşaqların sevincindədir.

Gallery

- Şaxta Baba, əsrlərdir hədiyyə paylayırsan. Soruşmaq ayıb olmasın, bu dəyirmanın suyu hardan gəlir belə?

- Sizin yaxşı bir məsəliniz var, “Üzümü ye, bağını soruşma”. Bizim də uşaqları sevindirmək istəyən xeyirxah sponsorlarımız var. Sadəcə mən onları Elçin Əlibəyli kimi reklam eləmirəm.

- Bəlkə, bir az da ədəbi mühitdən danışaq?

- Bu il yazıçılarınız, şairləriniz gözümə bir az durğun görsəndi. Yenə heç olmasa Avropa ölkələrində çap olunan kitablarınız oldu. Mən də o kitablardan almışam, bayramı yola verim, oxuyacam. Bəlkə bir yazı da yazaram onlar haqqında. Ho-ho-hoooo!

- Elə bil, bir az ələ saldınız axı bizim yazarları. Yox?

- Sizin redaktora görə elədim. Kitabının Fransada çıxmasına görə çox forslanır. Bunu yazma ha. Sənə problem yaradar. Deyirlər, tərs adamdır.

- Yazmaram. Narahat olma. Aramızda qalsın, Anarı da bəyənmir. Deyir, bu qədər AYB sədri olmaq olmaz.

- Qələt eləyir! Özü nə yazıb ki, Anar boyda yazıçını bəyənmir. İki-üç aqrar kənd hekayəsi ilə lotuluq eləmək istəyir. Mən gözümü açandan Anar müəllim AYB rəhbəridir. Dünən yumurtadan çıxan gəlib ona ağıl öyrədəcək? Belə getsə, bir gün mənə də deyəcək, Şaxta Babalıqdan istefa ver, cavanlar gəlsin. Adamlar anlamır ki, AYB sədridir, Şaxta Babadır bunlar mütləq qoca olmalıdır. Gənclər üçün yer var də, gedib işləsinlər.

- Harda?

- “Ulduz” jurnalında. Hələ Seymur Baycan adlı biri var, gedib özünü yıxıb Tiflisə, ordan camaata ağıl öyrədir. Son vaxtlar mənin kimi saqqal da saxlayır. Ataların gözəl bir misalı var, hər saqqal saxlayan Şaxta Baba olmaz.

- Baxıram, ədəbiyyata yaxın adamsız.

- Şeir də yazıram. Bir dəfə başqa adla “Kulis”ə göndərdim, “Kulis+”dan verdilər, həvəsim öldü. Bunların acığına yığıb kitab eləyəcəm.

Gallery

- AYB-yə üzv olarsınız. Həmyaşıdlarınız çoxdur orda.

- Əslində, təklif gəldi. Fikrət Qoca zəng eləmişdi. Onun təxəllüsündən yaman xoşum gəlir. Dedi, kitabın çıxanda "Natəvan" klubunda təqdimat eləyərik. Aparıcı da olar Rəşad Məcid. Rəşad da ağdamlıdır?

- Deyəsən. Necə bəyəm?

- Ədəbi mühitdə mənə qaranlıq qalan yeganə məsələ budur. Gah laçınlı deyirlər, gah ağcabədili, gah ağdamlı. Ağcabədiyə görə qaçqın sayılmırdı. İndi Ağdama görə ayrı, Laçına görə ayrı təbrik edirlər. Adamın lap paxıllığı tutur. Mən neçə illərdi əlləşirəm, eləcə laplandiyalı kimi tanıyırlar.

- Bir Azad Yazarlar Ocağı da var. Eşitmiş olarsan...

- Pul olmayan yerdə bin-bərəkət olmaz, qızım. Boş şeydir o azad yazarlar dediyin. Onları görəndə, elə bil, “Hot”a qoyulmuş kondisioner görürəm. O saat tıncıxıram.

- Əhməd Cəmildən başqa bizdə heç kim şeir yazmayıb sənə. Bu səni məyus etmir ki?

- Yaralı yerimə toxundun. Bütün Yeni il şeirlərində adım keçsə də, mənə ayrıca şeir yazmayıblar. Məyus oluram, əlbəttə, adam deyiləm? Fikrət Qoca – mənə ən əziz insan, Olimpiya oyunlarına şeir yazır, mənə yox. O gün zəng elədim, dedim, ay Fikrət müəllim, Olimpiya gəldi-gedərdir, Şaxta Baba əbədi.

- Nə dedi?

- Nəsə dedi, başa düşmədim. Səsi yaxşı çıxmadı telefonda.

- Yuxarıdan tapşırsalar sizdən də yazar.

- Yazar. Bilirəm. Amma mən belə istəmirəm. İstəyirəm səmimi yazsın. Başqa ölkələrdə mənə aid o qədər şeirlər, nəğmələr qoşublar... Sizin ölkədə həmişə eyni şeiri eşidirəm uşaqlardan. Bəs Azərbaycan şairlər Vətəni idi? Hanı o şairlər? Niyə uşaqlar üçün gözəl şeirlər yazmırlar? Aqşin Yenisey ancaq pişiklərdən yazır, Del Gerani itlərdən, Cəlil Cavanşir sincablardan. Bəs uşaqlardan kim yazacaq? Yenə sağ olsun Ramiz Rövşəni, uşaqlar üçün şeirlər kitabı çıxartdı. Bircə buna görə ona Fəxri Şaxta Baba adını verəcəm. Laplandiyada da üçotaqlı mənzil...

- Əhməd Cəmil “Şaxta babanın nəğməsi”ndə sizi yaxşı təsvir edib.

Girdi evə bir qoca

Boyu çinardan uca...

- Allah ona rəhmət eləsin. İnanırsan, şəxsən tanış da deyildik, deyəsiz buna görə yazıb. Səmimi yazanda belə olur. Onun “Can nənə bir nağıl de” şeiri də gözəldir. O şeirdə mən də varam.

- Necə yəni? Orda Şaxta Baba yoxdur axı...

- Var. Əhməd Cəmil özü də bilmir. Yer var e, külək qapını döyür.

- Hə.

- O, külək deyil, mənəm, atası müharibədə olan uşağa sovqat gətirmişəm. Uşaq hiss edir ki, adamdır gələn, nənə hiss etmir. Uşağı qapını döyənin külək olduğuna inandırır.

- Bəs niyə içəri girmirsən?

- Uşaq atasını elə intizarla gözləyir ki, içəri girməyə utanıram. Sehrli xizəyimə minib onun atasının dalınca gedirəm.

- Gətirə bilirsən?

- Gətirirəm. Amma bir az uzun çəkir. Hardasa mayın əvvəllərinə.

- Şeirdə deyilən kimi olur? Qoçu qurban kəsirlər, sonra kimsə saz çalır...

- Eynən! Sadəcə havalar qızdığı üçün mən qalıb məclisdə iştirak edə bilmirəm.

- İndi də gözü qapıda qalan uşaqlar var, onların da atasını sağ-salamat gətirə bilərsən?

- Mütləq. Hamısını sağ-salamat evlərinə, uşaqlarının yanına qaytaracam.

- Xeyir xəbər olasan, Şaxta Baba. Ürəyimizi xeyli açdın.

- Bəs nə! Hoo-ho-ho! Mənim işim budur.

# 5493 dəfə oxunub

Müəllifin son yazıları

# # #