Damla nəyinə güvənir?

Damla nəyinə güvənir?
5 fevral 2021
# 14:12

Bir neçə gün əvvəl müğənni Damla dedi ki, bundan sonra efirlərə tək çıxacaq. Əvvəlcə onu qeyd edim ki, Damlanın tələbi, istək və arzusu bu sferanın tamamilə qaydalarına uyğundur.

Dünyada tirajlı və populyar müğənnilərin bəlli mərhələdən sonra bu qaydalarla işləmək təcrübəsi mövcuddur. Hətta verilişlərə qatılmaq üçün, mətbu orqanlardan müsahibə qarşılığında qonorar tələb edən ulduzlar da var. Yəni Damla xanımın belə bir fikrə düşməsində bir problem yoxdur. Problem onun bu fikrə Azərbaycanda düşməsindədir.

Ölkəmizdə mövcud olan media, TV-lərin vəziyyəti Damlanın istək və tələblərinin çox-çox aşağısında dayanır. Bu sirr deyil ki, kanallarda yayımlanan ən bərk gedən verilişlər, uşaq bezlərinin, süni mayalanma edən klinikaların reklamı sayəsində güc-bəla ilə ayaqda durur. Həmin sponsorları da itirməmək üçün kanal, verilişin prodüseri, redaktoru səviyyəli bir musiqiçinin, aktyorun, yazıçının yanında Damla, Üzeyir, Talıb Tale kimi müğənniləri dəvət etməyə, onların kütləsini də reytinq toplamaq üçün ekran başına kilidləməyə məcburdur.

Dünənə qədər Dünya TV-yə pul ödəyib efirə çıxan bir müğənninin bu gün ölkənin sanballı hesab edilən kanalında hansısa verilişə tək çıxmaq tələbi qoyması, qarmon çalmaqdan müğənniliyə sürətli keçid edən Cavanşir Məmmədovun “mən bundan sonra müsahibəni qonorar qarşılığında verəcəm” deməsi qədər absurddur. Əminəm ki, sabah Damla xanım efirə çıxmaq üçün qonorar cədvəlini də tərtib edəcək. Amma bir sual çıxır ortaya: bunu nəyinə güvənərək edir?

Yutubda saxta yollarla artırdığı baxış sayına, yoxsa kitabdan xəbərsiz, dünya musiqisinə, klassik Azərbaycan musiqisinə nabələd yeniyetmə fanat ordusunamı?

Bilmirsə, Damla xanıma xatırlatmaq istəyirəm. Bu cür qaydaları tətbiq etmək üçün bir müğənnidə ən azı üç göstərici olmalıdır;

1. Böyük və peşəkarlardan ibarət orkestr.

2. Mahnılarının dünyada satışı.

3. İldə heç olmasa, bir-iki hesabat konserti.

Məsələn, Türkiyədə müğənnilər var ki, efirlərə qonorar qarşılığında çıxır. Arqument gətirirlər ki, mənim peşəkar orkestrim var. Bunun qarşılığı qazancdır və verdikləri əməyin qarşılığını almalıdırlar. Yəni kanaldan alınan qonorar müğənninin əməkdaşlarına gedir. O adamlar da çıxıb efirdə fonoqram oxumurlar. Kanal rəhbərliyi də düşünür ki, adam 20-30 nəfərlik bir heyətlə verilişinə çıxıb bir saat canlı musiqi təqdim edir və haqqıdır.

Bizim müğənnilər onu dərk etməlidirlər ki, Azərbaycanda kanallar qonorar qarşılığında verilişə qonaq dəvət etmək, media pul qarşılığında müsahibə almaq imkanına sahib olsa, o pulları Damlaya, Üzeyirə xərcləməz. Sərmayəni xarici ulduzlara yönləndirər.

Xalqın toylarda üç fonoqram mahnısına görə 5 min manat verib dinləməsinə baxmayın. Heç bir kanal rəhbəri pul verib bir saat Damlanı efirdə tək nümayiş etdirməz (pulsuz edər).

Damla bir saat çıxıb efirdə nə edəcək, nədən danışacaq?

Ən nəhayət, biz Damlaya sərf etdiyimiz bir saatımızın əvəzində ondan nə alacağıq?

Ömründə bircə dəfə bir yazıçı ilə şəkil çəkdirib, o da Kəramət Böyükçöl. Ondan o tərəfi olmayan bir müğənniyə bir saat sərf etmək və üstəlik bunun üçün ona pul ödəmək ədalətsizlik olar deyə düşünürəm.

Bunu anladığı zaman Damla xanım necə böyük bir qəflətdə olduğunu anlayacaq.

Yenə deyirəm, Damla xanımın tələbi qanunidir, amma Azərbaycan reallığı üçün bu tələb eyforiyadır.

# 4931 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #