Qaraqan: ”Bizdə seks haqqında düşünür, amma sevişmirlər” MÜSAHİBƏ

Qaraqan: ”Bizdə seks haqqında düşünür, amma sevişmirlər”  MÜSAHİBƏ
21 iyun 2014
# 07:45

Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı yazıçı, reper Qaraqandır. Onunla səsyazma studiyasında görüşüb, müsahibəyə başladıq.

- Yeməklə aranız necədi?

- Faydalı yeməkləri, yağlı olmayan, şəkəri az olan yeməkləri sevirəm. Mayonez və ketçup kimi əlavələri olan yeməkləri sevmirəm.

- Milli mətbəxə münasibətiniz necədi?

- Milli mətbəxlə aram yoxdu. Çünki bizim mətbəx yağlı yeməklərdən ibarətdir və insan orqanizminə çox ziyandır.

- Özünüz hansı yeməyi bişirisiz?

- Yemək bişirmək mənim üçün çətin iş deyil. Steyk, pizzadan tutmuş adi şorbaya qədər çox şey hazırlaya bilirəm.

- Hansı qidaları menyunuzdan çıxartmısız?

- Çörək, duz, şəkər. Amma bu qidalardan sırf dietaya görə imtina etməmişəm. Bu qidalar məsələn, şəkər insan orqanizminə çox ziyandır. Şirin çayın tərkibində olan şəkərin həzm olunmasına xərclənilən enerji insanın hər hansı bir layihəyə sərf elədiyi enerjidən qat-qat çoxdur. Biz yeməyi də ona görə yeyirik ki, bizə enerji gəlsin, yoxsa bədənimizdə olan enerjini aparmasın.

- Gündəlik qida rasionunuz nədən ibarətdir?

- Meyvə, göyərti və ət. Mən həmişə satışda olan, dağlardan gələn sudan içirəm. Çünki bu gün içilən su insan orqanizmə çox ziyanlıdır.

- Xaşla aranız necədi?

- Xaşın ziyan olduğunu bilirəm. Amma ildə bir dəfə ziyan da qəbul etmək olar. Bizim xaş yeməyimiz ispanların ildə bir dəfə öküzün belinə çıxmasına bənzəyir.

- Kababdan danışaq?

- Kabab əslində kotletdən, dolmadan az ziyandı. Çünki kababın tərkibində qatqı yoxdur.

- Yəqin ki, kabab bişirməyi bacarırısız?

- Kabab bişirmək çox asandır. Bir şeyi ki, mağarada yaşayan insanlar da edir.

- Sizcə, yeməyə çox bağlı deyilik?

- Yeməyə bağlılıq sublimasiyadan irəli gəlir. Yəni insan bədənindən enerji çıxmayanda o nəsə başqa işlə məşğul olub həmin enerjini çıxartmalıdır. Məsələn, Harvardda niyə oğlanlar yaxşı oxuyur? Çünki qadınlar yoxdur və onlar öz enerjilərini dərs oxumaqla çıxarır. Çox yemək bizim az şaxəli olmağımızdan irəli gəlir. İnsan daha az işlə məşğul olanda yeməyi çox yeyir.

- “Fast-food”la aranız necədi?

- “Fast-food” haqda bir maraqlı söz var. Deyirlər ki, “fast-food” özü tez hazırlanan və tez yeyilən şeydi, amma ən uzun növbə elə orda olur. Ayda bir dəfə yeyirəm.

- Toylarla aranız necədi?

- Çox az gedirəm. Mənə bir qadınla kişinin münasibət qurmağında 300-400 nəfərin oynamağı çox gülünc gəlir. Məsələn, hansısa bir oğlanla dost olanda demirəm ki, ana, ata, gedək şadlıq evinə mən filankəslə dost oldum, camaatı çağırın. Qadın-kişi münasibəti də dost olmaq kimi bir şeydir.

- Siz özünüz standart toy etməyəcəksiz?

- Mən inanmıram ki, hansısa bir qadınla ailə həyatı quranda belə toy edim. Mənim toyumda xalamın baldızı qızının nəvəsinin xalası qızı oynamasa belə biz xoşbəxt olacağıq.

- Sizcə toy necə olmaldır?

- Yəni iki gənc evlənirsə, hər ikisinin dostları yığışıb qeyd etməlidir. Amma Azərbaycan toyları iki gəncin gecə bir yerdə olmasını qeyd etmək üçündür. Toy 20 il bu günü gözləyən qadın və kişi üçün böyük hadisədir. Bu adət ancaq bizdə olur. Avropada bir insan sevgilisi ilə bir yerdə yaşayır. Əgər onlarda bu münasibət alınırsa, onda ailə qururlar.

Bizdə sevgililər gecə-gündüz seks haqqında düşünürlər, amma bunun haqda nə danışırlar, nə də edirlər. Seks də bioloji tələbat olduğu üçün bu kimi hallar problem yaradır. Bu bilirsiz nəyə oxşayır? Toyda oğlan gəlir qıza deyir ki, mən səninlə tans oynamaq istəyirəm. Qız da deyir mən də oynamaq istəyirəm. Amma sonda bir şey etmirlər, dayanıb bir-birlərinə baxırlar. Məncə, bu cür axmaqlılara baxmaq lazımdı. Çünki hər kəsin axmaqlıq etmək hüququ var.

- Şirniyyatla aranız necədi?

- Şirniyyat mənim üçün 41-45-ci illərdə qalıb (gülür). Demək olar ki, istifadə etmirəm. Öz instinktlərimə qayıdanda ət yeməyini sevirəm. Onda da steyk, kabab yeyirəm. Yəni ovçuluqla bağlı olan şeyləri.

- Ovla aranız necədi?

- Məşğul olmamışam. Amma bilmirəm ki, öldürə bilərəm, ya yox.

- Hansı tip restorana üstünlük verirsiz?

- Şəhərin mərkəzində və menyusu olan kafelərə üstünlük verirəm.

- Dənizlə aranız necədi?

- Təmiz və adam az olan çimərliklərə gedirəm. Çünki istəmirəm mənim dəniz geyimində şəklimi çəksinlər. Dənizdə əsasən balıq yeməkləri yeyirik.

- Balıq tutursuz?

- Yox. Balaca olanda bir dəfə bir balıqçı mənə dənizdən tutduğu balığı verdi, mən o balığı dənizə atdım.

- “Yeməli söhbət” layihəsinin keçirildiyi “Künefe evi” şəhərin mərkəzindədir. Amma ora gəlmədiz...

- Mənim üçün şəhərə çıxmaq çox çətindir. Şəhərdə bir saatlıq işim varsa insanlar yaxınlaşır, həmin iş 3 saat çəkir. Belə şeylərdən xoşum gəlmir. Bəzən bir fanatım gözünü məndən çəkmir, ya da telefonu çıxarıbr şəklimi çəkir. Bəzən bir valideyn zəng edir ki, mənim uşağımın nəsə problemi var. Amma mənə danışmır. Mən elə uşaqlarla oturub çox rahat söhbət edirəm.

- Avtomobil idarə edirsiz. Bu gün paytaxt sürücüləri sizi qane edir?

- Xaricdə olandan sonra Azərbaycanda bir müddət maşın sürmədim. Burdakı sürücülərin xasiyyəti mənə çatmır. Mənim qayda-qanunla avtomobil idarə etməyim bəzən yaxınlarımı da incidir. Çünki gecə saat 4-də qırmızı işıqda saxlayıram. Amma paytaxtda demək olar ki, 90 % sürücü belə etmir.

- Yaradıcılıqda nə yenilik var?

- “İkinci addım” adlı kitabın üzərində işləyirəm.

- Sosial şəbəkələrlə aranız necədi?

- Sosial şəbəkələrdə çox passivəm. Profil şəklimi 6-7 aydan bir dəyişirəm. “İnstagram”da ümumiyyətlə yoxam, “Twitter”də 4 ildə 10-15 tvitim olub. Status yazmaqla aram yoxdu. “Mən varam”, “Mən ölməmişəm” tipli şeylər etmirəm. Yəni şəkil paylaşım, ya filan kafedə oturmuşam. Bu kimi şeyləri heç sevmirəm.

- Spirtli içkilərlə aranız necədi?

- Siqaret və spirtli içkilərin heç dadını bilmirəm. Belə şeylər insanın beynini yorur. Məncə, ən gözəl həzz bunlardan istifadə etməməkdir.

- Efirə çox çıxmırsız...

- Mən efir üçün maraqlı adam deyiləm. Efirdə insanlar xoşlayır ki, kimsə oyun çıxarsın. Belə deyək də bir heyvanxanada hansı yerdə çox insan varsa demək orda meymun var. Amma şirin uzanıb yatmağına beş dəqiqə baxıb keçirlər.

- Yol qırağı kafelərlə aranız necədi? Yəqin ora sizin üçün rahat olar. İnanmıram ki, sizi Ağcəbədidə tanısınlar.

- Elə bir münasibətim yoxdur. Sadəcə yemək yeyib yola davam edirik. Şəkidə, Gəncədə fanatım çoxdur. Amma siz dediyiniz yerlərdə tanımırlar. Bir müddət əvvəl Lahıca getmişdim. Orda xeyli fanat mənimlə şəkil çəkdirdi.

Amma mən çox sevmirəm belə şeyləri. Əgər mənim kitabımı bəyənirsənsə, bu sifətimdə yazılmayıb axı. Mənimlə şəkil çəkdirmək şəxsiyyətə pərəstiş anlamına gəlir. Çünki mənim bədənim o qədər də maraqlı deyil.

- Siz necə fanat istəyirsiz ki?

- Bütün dünyada fanatlar belə olur. Sadəcə mənim üçün bu maraqlı deyil. Mən ətrafımda olan insanlarla çox az şəkil çəkdirirəm. Şəkil internet olana qədər maraqlı idi. Çünki internetdən qabaq şəkil ancaq xatirə üçün idi.

- Tələbəlik illəriniz necə?

- Mən universitetdə bacardıqca az olurdum. Birinci kursda gördüm ki, universitet xüsusi bir şey öyrətmir. Mühazirələri internetdən yükləyib “Mp3”-lə qulaq asırdım. Müəllimlər məni ayağa qaldırıb deyirdi ki, mən burda mühazirə deyirəm, sən orda musiqiyə qulaq asırsan.

- Kimə baxıb gülürsünüz?

- Azərbaycana. Mən kişinin qadın paltarı geyinib səhnədə özünü yerə yıxmasına necə gülüm? İngilis yumoru mənim üçün maraqlıdır.

- Sizcə toyda plovu təmtəraqla gətirmək nə deməkdir?

- Bunlar hamısı ritualdır. Bu hər yerdə var. Avropada bəylə-gəlin arkadan keçib girirlər. İnternet olmayana qədər belə şeylər var idi.

- Qaraqan, həmin plov bu gün də təmtəraqla gəlir. İnternetlik orda məncə bir şey yoxdur.

- Getdikcə azalacaq.

- Dolma barədə mübahisəli məsələlər var. Ermənilər dolmanın onlara aid olduğunu, biz isə əksini düşünürük. Bunu necə şərh edərdiz?

- Mən Praqada restoranda olanda menyuda yunan dolması yazılmışdı. Dolma sözü hətta bizim dildə olduğu kimi yazılmışdı. Biz onda gərək banan, kivi yeməyək ki, bu bizlik deyil. Bu söhbət mənə çatmır .

- Bu gün qadının yalnız bişirdiyi yeməklə fəxr etməsi necədi?

- Baxır tələbata. Təbii ki, intellektual kişi üçün axmaq qadınla yaşamaq çətin olar. Amma axmaq kişiyə axmaq qadın sərf edir. Çünki belə vəziyyətdə kişinin axmaqlığı çox da bilinmir.

- Tək yaşayırsız?

- Yaşama prinsipim üç növdür. Yazı yazmaq istəyəndə tək, incəsənətlə məşğul olmaq istəyəndə dostlar, darıxanda isə ailəmlə qalıram. İlin 3-4 ayını xaricdə keçirirəm.

# 14723 dəfə oxunub

Müəllifin son yazıları

# # #