Aparıcı Ulvira: “Kişiləri mətbəxdən yaxşı tanıyıram”

Aparıcı Ulvira: “Kişiləri mətbəxdən yaxşı tanıyıram”
24 may 2014
# 08:00

Yəqin əksəriyyətiniz “ANS” telekanalının “Toy olsun” verilişinə baxmısınız. Həmin verilişin aparıcısı Ulviranı da yəqin ki, tanıyırsız. Verilişdə hamıya “geyinib-keçinin, gəlin” deyən aparıcı bizimlə müsahibəyə qızının paltarını geyinib gəlmişdi.

“Nizami” Muzeyindən “Azərbaycan” kinoteatrı istiqamətində gedən yolda, Əziz Əliyev 33 ünvanında yerləşən “Künefe evi”ndə baş tutan “Yeməli Söhbət”i sizə təqdim edirik.

Ulvira xanımla çay və künefə sifariş verib, müsahibəyə başlayırıq.

- Sevdiyiniz yemək hansılardır?

- “Sev” sözünü eşidəndə sevgili başa düşürəm, beynimə qan sızır. Mən plovdan başqa bütün yeməkləri sevirəm. Xüsusən supları çox sevirəm.

- İlk yeməyi nə vaxt bişirmisiz?

- 19 yaşımda.

- Dietaya münasibətiniz necədir?

- Dietanı vaxtaşırı saxlayıram. Keçən ildən başlamışam dietaya. İndi də yeməyi azaltmışam. Sizə bir şey danışım. Qızım dünyaya gələndən sonra xeyli arıqlamışdım. Nə yeyirdimsə kökəlmirdim. Naxçıvanda zirətov deyilən bir yemək var. Yemək düyü unu, şərbət və qozdan hazırlanır. Bir ay hər səhər ondan yedim. Xeyli kökəldim.

- Hansı yemək sizi dietadan ayırar?

- Sac qovurması məni dietadan ayırmağı bacarır. Məsələn, bir həftə dieta saxlayıram.

- Sizcə erotik hisslər oyan yemək var?

- Ac olanda insanda bütün yeməklər erotik hisslər oyadır.

- Kişilərin ürəyinə yol doğurdanmı mədəsindən keçir?

- Çox təəssüf ki, bu belədir.

- Kişilərin bişirdiyi yeməyi sevirsiz, ya əksinə?

- Ən böyük kulinarlar elə kişilərdir. Bütün böyük restoranlarda aşpazlar kişi olur.

- Xarici mətbəxlə aranız necədi?

- Yaxşıdır. Məsələn, mən Bakıda Çin restoranında qızardılmış qurbağa əti yemişəm.

- Evin bazarlığını necə edirsiz?

- Anamla gedib bir aylıq bazarlıq edirik. Amma hesabı anam verdiyindən mən o pulun qədərin bilmirəm.

- Yeməklə bağlı efirdə veriliş apararsız?

- Xeyr. Çünki o sahəni bilmirəm.

- O zaman belə çıxır evləndirmə prosesinin ustasısız?

- Əlbəttə. Evləndirmək münasibətin qurulmasıdır. O işi çox gözəl bilirəm.

- Tələbəlik illərinizin yeməyi nə olub?

- Şirinçay, kolbasa.

- Danışdıqlarınızdan belə məlum oldu ki, yemək bişirən deyilsiz. Amma süfrədəki şirniyyatı yeməyinizdən hiss olundu ki, yemək yeməyə o qədər də laqeyd deyilsiz. Bəs evdə yemək problemini necə həll edirsiz?

- Mənə yeməyi anam bişirir. Anam evdə olmayanda təzyiqim düşənə qədər ac qalıram. Sonra isə rəfiqəmə zəng edirəm, o mənə yemək bişirir.

- Bu gün cəmiyyətdə bəzi qadınlar var ki, onlar evdar həmcinslərinə bozbaş bişirən qadınlar deyirlər. Bozbaş bişirmək ayıbdır?

- Bu gün əgər bir qadın öz ailəsinin qulluğunda durursa o qadın qəhrəman qadındır.

- Spirtli içkilərə münasibətiniz necədi?

- Ayda-ildə bir dəfə. O da çox az.

- Toylarla aranız necədi?

- Xoşlamıram. Çox qarışıqdı, ssenarisizdi. Bizim toylarda olan yeməklər gündəlik yediyimiz yeməklərdir, sadəcə həddən artıq çox miqdardadı. Mən toylarda yalnız salat yeyirəm.

- Bişirmək istədiyiniz, lakin bişirə bilmədiyiniz yemək var?

- Mətbəx mənim üçün arzu-xülyalar yeri deyil.

- Ulvira xanım, mətbəxi yaxşı tanıyırsız, ya kişiləri?

- Kişiləri.

- Azərbaycanın hansı bölgəsinin yeməyin bəyənirsiz?

- Qax zonasının yeməklərini sevmirəm. Məsələn, sürhüllü. Tərəkəmələrin bir yeməyi var. Amma adın bilmirəm. Əti xeyli qaynadıb yeyirlər. Çox əladır o. Şəkinin də mətbəxini çox sevirəm.

- Sizə bir balıq versək, ondan nələr bişirə bilərsiz?

- O gün məsələn, kilkə bişirdim. Onun təmizlənib bişirilməyinə 3 saat vaxt sərf elədim, amma 15 dəqiqəyə yeyib qurtardım.

- Qızınız nə bişirir?

- Qızım 8 yaşında keks bişirmişdi. Amma bir çox yeməyi bişirməyi bilir.

- Kababla aranız necədi?

- Kababı sevirəm (əlilə “əla” işarəsini göstərir). Tikə, lülə, pomidor, badımcan kabablarını sevirəm.

- Fast-foodla aranız necədi?

- Yemirəm.

- Ovla aranız necədi?

- Heyvanları öldürə bilmərəm.

- Hər gün yeyə biləcəyiniz yemək var?

- Pomidor-yumurtanı sevirəm.

- Sizə nəyisə xatırladan bir yemək var?

- Suşi. Həyatımdakı bir mərhələni, rahatlığı xatırladır.

- Həyatınızda rahatlıq cəmi bir dəfə olub?

- Yox (gülür). Rahatlıq dövrlərimdə çox vaxt suşi yeyirdim.

- İlk dəfə restorana nə vaxt getmisiz?

- Çox gec. Naxçıvandan Bakıya köçəndən sonra. Yəni 26 yaşımda.

- Evliliklə bağlı veriliş aparırdız. Evlənmək üçün gələn kişilərdən sizi seçən olub?

- Aparıcısı olduğum verilişə Lənkərandan bir kişi evlənmək üçün gəlmişdi. Həmin adam bir-iki verilişdən sonra mənə dedi ki, mən bu verilişə sənin üçün gəlmişəm. Həmin adam düz üç ildir ki, mənə zəng vurur. Onun bütün nömrələrin bloka atsam da gizli nömrəylə zəng vurur. Bu insandan mən polisə şikayət elədim, alınmadı, 100 nəfərə qədər insan ona başa saldı ki, ay qardaş, sənlik deyil, yenə əl çəkmədi. Mənə elə gəlir ki, dəlidir. Yəni normal insanın eləmədiyi hərəkətləri edir. Özünü elə inandırıb ki, guya mənimlə bu nə vaxtsa evlənəcək.

- Həmin verilişlərdə evləndirdiyiniz insanlardan boşananları olub?

- Dörd ailə boşanıb. Onlar da çox tələsdilər.

- Ulvira xanım, olubmu ki, sizin qabağınıza çox pis bişirilən bir yemək qoyulsun, amma o yeməyi yemək məcburiyyətində qalasız.

- Dünyanın ən pis yemək bişirən qadını əmim arvadıdır. Amma məcbur qalıb yeyirəm.

- Restoran açmaq istəsəniz əsas nəyə üstünlük verərsiz?

- Restoran işi çətindir. İmkanım olsa çay evi açaram.

- Yol qırağında olan kafelərə münasibətiniz necədi?

- Əla. Onların çox dadlı yeməkləri olur. Məsələn, Ağsu aşırımında bir restoran var, biz bir il ərzində hə ay gedib orda kabab yeyirdik.

- Ofisianta çay pulu verirsiz?

- Əlbəttə. Ödədiyimiz hesabın 5%-ni ofisianta çay pulu veririk.

- Dəniz mövsümi başlayır...

- Burda mən dənizə getmirəm. Çox çirklidir. Dənizə ancaq yeyib-içməyə gedirəm. Məsələn, Corata qutab yeməyə gedirəm, amma mənim anam ordan yaxşı qutab bişirir.

- Qarpız?

- Çox sevirəm.

- Qarpızı doğrayanda onun başını kəsib dörd yerə bölüb fal atdığınız olub?

- Əlbəttə, çox atmışam.

- Şəkərburanın üstünə naxış vura bilirsiz?

- Əlbəttə. Amma səbrim çatmır.

- Ədəbiyyatla aranız necədi?

- Rus və xarici ədəbiyyatları sevirəm.

- Hədiklə aranız necədi?

- Əla.

- Yeməyi çəngəl-bıçaqla yeyirsiz?

- Əlbəttə. Mən və qızım, ikimiz də beş yaşından belə yeyirik.

- Qabırğa kababını da çəngəl-bıçaqla yeyə bilirsiz?

- Bəli.

- Avtomobil idarə edirsiz. Salondakı orta güzgünü nə üçün istifadə edirsiz?

- Məsələn, bu gün sizinlə müsahibəyə gələndə makiyaj eləməmişdim. Ona görə, maşını yolun qırağından saxlayıb, sizin dediyiniz güzgü ilə hər şeyi yoluna qoydum.

- Yol Polisi saxlayanda Vaqif Əsədova zəng vurursuz?

- Vaqif Əsədov mənə heç vaxt kömək eləməyib. Özün elə aparır ki, elə bil “QAİ”də işləmir.

- Sarımsaqla aranız necədi?

- Ümumiyyətlə sarımsaq yemək olmaz. Sarımsağı mətbəxdən çıxartmaq lazımdır. Çox nifrət edirəm.

- Qarşıdan Ramazan ayı gəlir. Oruc tutacaqsız?

- Əlbəttə. Oruc tuturam. Müsəlman oruc tutmalıdır. Mir Mövsüm Ağa ziyarətgahına gedəndə ziyarət namazı qılıram.

# 8881 dəfə oxunub

Müəllifin son yazıları

# # #