Varisdən tənqidlərə cavab

Varisdən tənqidlərə cavab
1 noyabr 2013
# 17:44

“Ədəbiyyatla bir balaca məşğul olan insan ədəbiyyatı dərk eləməlidir, bilməlidir ki, ədəbiyyatşünaslıq nədir. İndiki yazarlar özlərindən başqa heç kimi oxumur. Başqalarını, Elxan Elatlını, Qaraqanı, Çingiz Abdullayevi oxumadan bunlar zəifdir, yaza bilmir demək gülməlidir. Ən böyük yazıçı birinci növbədə ən böyük oxucu olmalıdır. Yazıçı ki, başqalarını oxumursa, ədəbiyyatşünaslığın nəzəriyyəsini bilmirsə, ondan heç vaxt güclü yazıçı ola bilməz. O, ən azından özünü camaata güldürər” – bu sözləri Kulis.Az-a açıqlamasında Space televiziyasının “Üz-üzə” verilişində “Azərbaycan yazıçıları niyə oxunmur” polemikasında Şərif Ağayarın “Varis Azərbaycan dilində cümlə yaza bilmir” fikrinə münasibət bildirərkən yazıçı Varis Yolçuyev deyib.

Verilişin aparıcısı Azadə Balayevadan narazılıq edən V. Yolçuyev ədəbiyyat haqda veriliş hazırlayan insanların ancaq bir cəbhənin adamlarını dəvət etməsini qəbuledilməz hal sayır: “Nigar Köçərli ədəbiyyat adamı deyil, o biznesmendir. Nigar xanım deyir bu yazıçıların kitablar satılmır, bu yazıçıların kitabları satılır. Bir cəbhədən olan insanlar arqument irəli sürürlər ki, onlar nə yazır axı? Bu düzgün deyil də. Elə verilişlərdə ədəbiyyatşünas, tənqidçi olmalıdır. Ən azından başa salmalıdır ki, ay insanlar, gülünc sözlər danışırsınız. Ədəbiyyat budur, detektiv də ədəbiyyatın növləri sırasındadır.

Çingiz Abdullayev, Elxan Elatlı detektiv yazır, bestseller yazır, bu ədəbiyyat deyil, onların da oxucusu səviyyəsizdir demək gülüncdür. Ümumiyyətlə, oxuculara səviyyəsiz deyən öz səviyyəsini göstərir. Yəni, bu ağlasığmaz söhbətdir. Mən Şərifi də, Aqşini də oxumuşam, yaradıcılıqlarına da hörmət edirəm, ancaq o söhbətlərindən sonra onların əsərlərinin səmimi olmağına şübhə etməyə başlamışam. Qoy gedib birinci ədəbiyyat nəzəriyyəsi oxusunlar. Oxusunlar ki, ədəbiyyat nədir, detektiv nədir, bestseller nədir, janrlar nədir gedib bunları öyrənsinlər. Hələ orda biri var idi, Əsəd Qaraqaplan, mən ən çox ona əsəbiləşdim. Aqşinlə Şərif doğurdan da yazardır, mən onları qəbul edirəm. O, Şərif və Aqşinin yanında xeyli aşağıdadır”.

Ədəbiyyatı şou-biznesə çevirməyin qəti əleyhdarı olan yazıçı bu gün bütün dünyada hadisə ədəbiyyatının fikir ədəbiyyatı üstələdiyi qənaətindədir: “Dünyada da belədir, heç vaxt fikir ədəbiyyatı hadisə ədəbiyyatından çox satılmır. Bu normal bir şeydir. Siz də əgər pul qazanmaq istəyirsinizsə sintez edin. Yazdığınız fəlsəfi fikirlər oxuculara çatmırsa, bestseller janrından nəsə götürüb qoyun öz əsərinizə. Bu gün nəsr norma tanımır, nəsrin çərçivəsi yoxdur. Bu gün sadəcə oxucuya yol tapmaq lazımdır. Bu gün sən normal yazıb oxuculara yol tapa bilmirsənsə çalış öz üzərində işlə. Mənim iki kitabım Türkiyədə çap olunub və Türkiyənin 550 nöqtəsində satışa çıxarılıb. Yüksək səviyyəli iş ortaya qoyuruqsa, deməli bizdə alınır. Buna qara yaxmaq düzgün deyil”.

# 2357 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #