"Anarın bir zənginə 9 mənzil bağışladım" REPORTAJ

"Anarın bir zənginə 9 mənzil bağışladım" REPORTAJ
30 aprel 2013
# 16:53

- Bu gecə, bu qoca, bu ocaq

- Bu gecə, bu qoca, bu ocaq

- Bu gecə, bu qoca, bu ocaq

- Yox, yox, bir də yox! (Anar. "Dantenin yubileyi")

Azərbaycan Yazıçılar Birliyinin (AYB) ev növbəsində olan - şair, yazıçı, operator, mühasib, məsləhətçi onlara çatacaq mənzillərə görə uzun müddətdir ki, mübarizə aparır. Yazıçılar Birliyi isə 9 mənzili ev növbəsi çatan 36 nəfərin arasında ədalətli şəkildə, hər mənzili 4 nəfərə bölmək qərarı verib. Ancaq bu qərarı ədalətin təcəllisi hesab edənlərin sayı çox azdır. Ev növbəsinə duranlar, AYB üzvü olan-olmayan, əli qələm tutan kim varsa bu məsələni müzakirəyə çıxarıb bir nəticəyə gəlmək istəyir. Nəticə, daha doğrusu nəticəsizlik isə göz önündədir. Haqlı-haqsız ittihamların ardı-arası kəsilmir.

Düyünə düşən mənzil probleminə aydınlıq gətirmək, mənzillərin vəziyyəti ilə tanış olmaq üçün Zərgərpalan ilə Süleyman Tağızadə küçələrinin kəsişməsində tikintisi gedən binaya yollandıq. 2001-ci ildə təsis edilən “Abidə” Mənzil Tikinti Kooperativinin (MTK) inşa etdiyi binanın tikintisi üçün sərəncam 2004-cü ildə verilib. 2005-ci ildə tikintisinə başlanılan 12 mərtəbəli, iki bloklu binada işlər 2009-cu ildən müəyyən problemlərə görə 3 il dayanıb. İki bloku hazır olan hündür mərtəbəli binada hazırda üçüncü blokun tikintisi gedir. Binanın tikildiyi ərazidə 120-dən çox ev “Abidə” MTK tərəfindən köçürülüb. Köçürülmə və binanın tikintisinə 20 milyon manatdan çox vəsait xərclənib.

Sakitliyin hökm sürdüyü binanın həyətində gəzişən iş rəhbərləri ilə yanaşı, fəhlələr iki-iki, üç-üç gözə dəyirdi. Gələn il təhvil verilməsi gözlənilən binada işlərin demək olar böyük hissəsi görülüb. Gileyli halda qarşımıza çıxan “Abidə” MTK-nın sədri Arif Mədətov yazıçıların ev məsələsinə görə danışdığı mətbu orqanların sayını unudub. Ev qalmaqalına görə baş verənlərdən yorulduğunu söyləyən A. Mədətov baş verən qalmaqala görə AYB-yə veriləcək mənzilləri Prezidentin Fonduna keçirmək istəsə də sonda AYB sədri Anara görə fikrindən daşınıb: “Boş yerə qalmaqal yaradıb, şayiə yayırlar ki, filankəs aldı, mən qaldım. Ev almaq istəyənlər, bölgüdə narazı olanlar Yazıçılar Birliyinin rəhbərliyi ilə danışsın. Bu onların öz işidir, mən qarışmıram. “Abidə” MTK Yazıçılar Birliyinə yox, Arif Mədətova məxsusdur”.

Arif müəllimin dediyinə görə mənzil məsələsində AYB ilə yolları 2004-cü ildə kəsişib. Bakı Şəhər İcra Hakimiyyətinin binanın tikintisi üçün veriləcək sərəncamı ləngitməsi səbəbindən MTK sədri xalq yazıçısı Anara müraciət etməli olub. AYB sədrinin BŞİH başçısı Hacıbala Abutalıbovla danışığından sonra imzalanan sərəncam “Abidə” MTK-ya 9 mənzilə başa gəlib. Sərəncam alınan kimi 9 mənzil AYB-yə hədiyyə olunub. Hədiyyə olunan 9 mənzilin hər biri 105 kvadrat metr olmaqla iki otaqdan ibarətdir. Binadakı mənzillərin kvadrat metrinin 1500 manatdan satıldığı deyən A. Mədətov AYB-yə görə 1,5 milyon manatdan çox xərcə düşdüyünü söyləsə də ədəbiyyat sevgisinin bu məsələdə az rol oynamadığını da sözlərinə əlavə etdi: “Belə bir xeyirxah iş görmüşəm. Mən də ədəbiyyat adamıyam, dramaturqam. Yazıçılar Birliyinin üzvüyəm, indiyə kimi dörd pyesim tamaşaya qoyulub. Ancaq təəssüflər olsun ki, sağ ol deyən azdır”.

İş otağını Bakı milyonçularının fotoları ilə bəzəyən MTK sədri Bəxtiyar Vahabzadə ilə çəkilmiş fotosunu göstərərək sadəcə Anarla dostluq münasibətlərinə görə bu məsələlərə dözümlü yanaşdığını qeyd etdi. Onların dostluq münasibətləri isə illər əvvələ, 1976-cı ilə təsadüf edir. Hələ universitetdə tələbələr klassiklərdən diplom işi müdafiə edərkən A. Mədətov Anarın “Dantenin yubileyi” hekayəsinə üstünlük verib.

A. Mədətov verdiyi sözü tutaraq 9 mənzilə cavabdeh olduğunu, mənzillərin 4 və ya 4-dən çox insan arasında bölüşdürülməsinin ona heç bir aidiyyəti olmadığını söylədi: “Biz Anar müəllimlə müqavilə bağlamışıq. İndi onlar 9 mənzili 36 nəfər arasında bölmək qərarı veriblər. Mən nə deyə bilərəm?! Ancaq dörd nəfər bir mənzili sata bilməyəcək. Satış o zaman baş tutacaq ki, çıxarış-kupça olsun. 4 nəfər bir nəfərə etibar edib mənzilləri satıb bölə bilərlər”.

AYB-yə veriləcək mənzillər təmirsiz olsa da il yarımdan çoxdur ki, satış üçün hazırdır. Binada təmir işləri may ayından etibarən başlayacaq. Ancaq hələ ki, qaz, su yoxdur. Bina tam hazır olanda bu problem də həll olunacaq.

MTK sədri ev siyahısında olan insanların əraziyə gəldiklərini, tez-tez ona mənzilləri satmaq barədə təklilərin olmasını da bildirdi: “Həmkarlar təşkilatının rəhbəri Firuzə Məmmədova gəlmişdi ki, bu ev mənim adımadır. Dedim, lap yaxşı, o zaman gedib kupçanızı alın. Müqavilə onlara kupça almağa imkan verir”.

Fikirlərinin təhrif olunmadan yazılmasını israr edən A. Mədətov qapılarının hər kəsin üzünə açıq olduğunu, istənilən qaranlıq məsələyə aydınlıq gətirəcəyini qeyd etdi. Biz də belə etdik. Getdik, gördük və yazdıq.

# 5122 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #