"İlham Əzizin yaradıcılığında bir dənə bədii mətn yoxdur" - Əli Novruzov

"İlham Əzizin yaradıcılığında bir dənə bədii mətn yoxdur" - Əli Novruzov
7 avqust 2023
# 12:38

Kulis.az Əli Novruzovun "Ədəbi qonaqlıqdan reportaj" adlı yeni yazısını təqdim edir.

Məmləkətimizin ədəbi mühitində öz orijinallığı ilə seçilən milli və yerli bir təcrübə mövcuddur—adətən ortayaşlı, imkanlı və səxavətli yazıçılar həm özləri kimi ortayaşlı, amma imkanlı olmayan yazıçıları, həm də həyata yeni atılan gənc və perspektivli yazıçıları öz ətraflarına toplayıb tez-tez onlara ədəbi qonaqlıqlar verirlər. Mən özüm də bir-iki dəfə təsadüfən belə məclislərə düşmüşəm, sözün açığı, ürəyim sıxılıb, çünki araq içmirəm; həm də orada gedən söhbətlərdən estetik zövq almağı bacarmıram. Avropa və Amerika mütəfəkkirlərinin XX, XIX, hətta XVIII əsrlərdə xitam verib Ədəbiyyat institutunun arxivinə göndərdiyi işləri bu məclislərdə yeni bir şey kimi uzun-uzadı müzakirə edirlər.

Bu ədəbi qonaqlıqlardan sonra ərsəyə gələn, ədəbi tənqid janrına iddialı müxtəlif yazılar da əslində, ədəbiyyatşünaslıq baxımından, ayrıca kateqoriyada təsnif olunmalıdır. Danışıqda tost yazıları kimi əhəmiyyət verilməyən bu mətnlər əslində öz daxili qanunauyğunluqları olan, müəyyən kontekst içərisində mövcud olan, xüsusi funksionallığa malik münfərid ədəbi janrdır. Azərbaycan ədəbiyyatşünaslığında bu janr ətrafında hələ fundamental tədqiqatlar aparılmadığına görə, mən bu yazının məqsədləri üçün həmin janrı şərti olaraq ədəbi qonaqlıqdan reportaj adlandıracağam.

Son zamanlar ədəbi qonaqlıqdan reportajların predmetlərindən biri də ədəbi mühitə yeni qədəm qoymuş, ancaq zəngin həyat təcrübəsi ilə seçilən Hacı İlham Əzizovdur. İlham Əziz adı altında bədii və publisistik mətnlər qələmə alan müəllif haqqında ədəbi mühitdə gəzən əfsanələri orta əsrlər salnaməçisi kimi bir yerə toplamaq istəsək, sanki Cəlaləddin Mənguberdi miqyasında bir tarixi şəxsiyyətin müasiri olduğumuzu kəşf edəcəyik. Əlbəttə, bütün bu şəhər əfsanələrinin nə qədər səhih olduğunu təsbit etmək üçün əlimizdə kifayət qədər məlumat yoxdur, həmçinin Hacı İlham Əzizovu bir şəxsiyyət kimi öyrənmək dövrün salnaməçiləri və təzkirəçilərinin vəzifə borcudur, biz isə öz səlahiyyətlərimiz dairəsində olmayan mövzularda gəzişməyə mükəlləf deyilik. Əlbəttə ki, doğrusunu Allah bilir. Bu yazının məqsədi isə Hacı İlhamın bədii mətnlərinə nəzər yetirməkdir.

Ədəbi tənqid, əgər ədəbi qonaqlıqdan reportaj janrında yazılmırsa, gərək onun təməlində möhkəm bir ədəbi metod dayansın. Bizim bu yazıda istifadə edəcəyimiz ədəbi metod isə Hacı İlhamın şəxsiyyətinə toxunmadan yalnız onun dərc olunmuş bədii mətnləri əsasında təhlil aparmaq və müəllifin portretini bu mətnlərdən rekonstruksiya etməkdir. Həm yuxarıda qeyd etdiyim məsələyə görə ki, Hacı İlhamı bir şəxsiyyət kimi öyrənmək bizim yox, dövrün salnaməçiləri və təzkirəçilərinin vəzifə borcudur, həm də bu addımla dünya ədəbiyyatşünaslığında oturuşmuş presedentlərdən çıxış etmiş oluruq.

Don Kixot romanını təhlildən keçirərkən bir qayda olaraq heç kim Servantesin təkqol olduğunu vurğulamır. Servantesin bir qolunun olmamağı ədəbi tənqidin yox, ədəbiyyat tarixinin və bir az da elmi-popular bioqrafiyalar yazan müəlliflərin maraq dairəsindədir. Eləcə də fransız maarifçisi Volterin yeddi suveren hökmdara sələmlə borc pul verməsi, Amerikadan gəmilərlə şokolad, kakao, tütün gətizdirib Avropa birjalarında satması onun bədii və fəlsəfi əsərlərinin təhlili zamanı bir faktor kimi nəzərə alınmır.

Buna görə də bizim İlham Əziz kimdir? sualına cavabımız konkret olmalıdır: 2022-ci ildə Qanun nəşriyyatında çapdan çıxmış "Şimşəkdən sonra" hekayələr kitabının müəllifi. Müəllif haqqında bioqrafik bilgilərimiz də yalnız kitabın annotasiyasında getmiş kasad məlumatlardan ibarətdir: 1972-ci ildə doğulub, 2017-ci ildən ədəbi yaradıcılıqla məşğuldur, ədəbi və ictimai mövzularda yazılar yazır. "Şimşəkdən sonra" toplusu isə müəllifin ilk kitabıdır.

Ədəbi qonaqlıqdan reportajlar yazan müəlliflər İlham Əzizi təqdim edərkən adətən onun ədəbiyyata gec yaşlarında gəlməyini xüsusi vurğulayırlar. Biz bu faktın vurğulanmasını bir ədəbi dəyərləndirmə vasitəsi kimi qətiyyətlə rədd edirik. Yazıçılara bu formada handicap-lər vermək hal-hazırda Avropa və Amerikanı cənginə alan Yeni Etikanın lüzumsuz və zərərli təzahürləridir.

Biz əgər ədəbi dəyəri bədii mətndə yox, onun müəllifinin özündən asılı olmayan xüsusiyyətlərində (yaşında, etnik və dini kimliyində, cinsində, cinsi təmayülündə, mənsub olduğu silkdə və ya sahib olduğu sosial statusda və s. və i.a.) axtarsaq, bu zaman sonu görünməyən dibsiz bir uçuruma doğru yuvarlanacağımız şəksizdir. Avropa Birliyinin sanksiyalar siyahısına düşmək niyyətimiz olmadığı üçün bu mövzuda mülahizələrimizə bu nöqtədə yekun vurmağı lazım bilirik. Sadəcə onu qeyd etmək zəruridir ki, İlham Əzizin ədəbiyyata gənc və ya gec yaşlarında gəlməsinin xüsusi vurğulanmasında heç bir funksional məqam yoxdur, əksinə, son nəhayətdə oxucunun İlham Əzizə obyektiv və düzgün qiymət verməsinə maneə yaradır.

İlham Əzizin yaradıcılığının birinci problemi öz yaşı yox, bədii mətnlərinin yaşıdır. İlham Əziz sanki zaman bunkerindən indicə çıxıb, bayırda XXI əsrin ilk qərinəsinin sona doğru getdiyindən xəbərsizdir. Onun dünyasında hələ də keçən əsrin 50-60-cı illəridir. Sov.İKP-nin XX qurultayı təzə başa çatıb, bir azdan Tvardovski «Novıy Mir» jurnalında Soljenitsını dərc edəcək, sovet oxucusunun Bunin haqqında təsəvvürləri yox səviyyəsindədir, kolxozçular isə pasport alıb şəhərlərə axışacaq və burada kənd romanları, kənd povestləri, kənd hekayələri yaradacaq. İlham Əzizin də 60-cı illərdə pasport almış Əkrəm Əylislidən təsirləndiyi açıq-aşkar hiss olunmaqdadır. Müəllif hətta bir hekayəsini Əkrəm Əylisliyə ithaf edib. "Şimşəkdən sonra" toplusunu oxuyarkən yaranan təəssürat da budur—İlham Əziz ancaq Əkrəm Əylislini oxuyur, ancaq Əkrəm Əylislini sevir, ancaq Əkrəm Əylislinin epiqonçuluğunu edir.


Bir sözlə, İlham Əziz özünü Əkrəm Əylisli xəttində yazıb-yaradan yazıçı olaraq görür. Lakin bu məqamda onun yaradıcılığının növbəti problemi ortaya çıxır. "Şimşəkdən sonra" kitabı 10 hekayə ehtiva etdiyini iddia etsə də, biz bu kitabda bədii mətn görmürük. Buradakı hekayələr ən yaxşı halda zarisovkadır. Gəlib-keçmiş bütün təcrübəli yazıçıların arxivində minlərlə belə mətnlər var, lakin bu mətnləri hekayə adı altında dərc etmək heç kimin ağlına gəlməyib.

İlham Əzizin mətnlərinin əsasında duran zəngin həyat təcrübəsi onların uşaqvari, məktəb inşası səviyyəsində təhkiyəsi ilə toqquşub böyük bir texniki qəza törədir. Hətta bu mətnləri süsləyən ifrat lirizm, çoxsaylı epitetlər, bənzətmə və istiarələr, metonimiya və təkrirlər, bədii sual və bədii təzadlar, litota və parabolalar, inversiya və peripetiyalar da bir işə yaramır, çünki formalist məktəbin terminləri ilə desək, bu mətnlərdə süjet (plot) yerli-dibli yoxdur, sadəcə fabula (story) var. Bu mətnlər bir az da nəyə oxşayır—sanki Hacı İlham ədəbi qonaqlıqların birində masa arxasında oturub öz başına gələn hadisələri nəql edir.

Hadisə var, hadisə inandırıcıdır, hətta sarsıdıcıdır, onların əsasında bəlkə də, gerçək əhvalatlar dayanır, amma bu hadisə bədii filtrlərdən keçib bədii mətnə çevrilə bilmir. Belə görünür ki, İlham Əzizin bədii təfəkkürü onun zəngin həyat təcrübəsi ilə ayaqlaşa bilməyib, buna görə də Hacı İlhamın danışdığı hekayələri ədəbi qonaqlıqda masa arxasında eşitdiyi kimi də qələmə alır. Bu zaman Əkrəm Əylislidən təsirlənərək həmin mətnlərə ənlik-kirşan kimi çəkdiyi ifrat lirizm, çoxsaylı epitetlər, bənzətmə və istiarələr, metonimiya və təkrirlər, bədii sual və bədii təzadlar, litota və parabolalar, inversiya və peripetiyalar da vəziyyəti xilas edə bilmir.

Yanılmıramsa, bir dəfə ədəbi tənqid yazılarımdan biri dərc olunduqdan sonra hörmətli bəstəkarımız Firudin Allahverdi mənimlə əlaqə saxladı. Mənə iradı bundan ibarət idi ki, tənqid sözü nəğd sözü ilə eyni kökdən gəlir, yəni hər bir tənqid özündə nəğd bir nəsnə ehtiva etməlidir. Mən isə həmin yazımda nə qədər doğru mətləblərə toxunsam da, oxuculara nəğdi təklif etməmişdim. Hörmətli bəstəkarımızın bu haqlı iradı mənim üçün böyük bir ibrət dərsi oldu. Əlbəttə ki, eşitmək və dinləmək istəyənlər üçün hər sözdə bir hikmət vardır. Buna görə də indi nəğd hissəsinə keçidimiz labüddür.

İlham Əziz nə üçün yazır? Belə görünür ki, onun deməyə sözü var. Arxada qoyduğu 50 illik bir həyatın qazandırdığı insan təcrübəsini yazıya tökmək üçün yanıb qovrulur. İnsan qəribə varlıqdır, daxili dünyası onu yazmağa vadar edirsə, şəraitə baxmır, hətta silkələnən qatar vaqonunun tamburunda ayaq üstündə papiros kağızına da ürəyini boşaldır.

İlham Əzizin mətnlərini oxuduqca yunan şairi Kavafisin personajlarından Aristomenis ağlımdan getmək bilmirdi. Böyük Səhradan İsgəndəriyyəyə qonaq gəlmiş bərbər knyazı Aristomenisin ürəyi doludur, Aristomenis danışmaq istəyir, öz fikirlərini və bu həyatda gördüklərini dilə gətirmək arzusu ilə alışıb yanır. Lakin Aristomenis həm də danışmır, çünki utanır, deyəcəyi sözlərin və səslərin kobud çıxacağından qorxub daxilən xəcalət çəkir. Aristomenisdən fərqli olaraq İlham Əziz ədəbi mənada daha cəsarətlidir, deyəcəyi sözlərin və səslərin kobud çıxacağı əndişəsinə qapılmır. Onun deyəcəklərinin məzmunu, mahiyyəti sanki daha ağır basır, buna görə də hər şeyə rəğmən İlham Əziz yazır və hekayələrini dərc edir.

Yazının bu hissəsində İlham Əzizin yaradıcılığında sonuncu problemə gəlib çıxırıq—təəssüf ki, müasir ədəbiyyat silkələnən qatar vaqonunun tamburu deyil. Həm oxucuların, həm də geniş mənada ədəbiyyat dünyasının bu gün bir yazıçıdan sərt gözləntiləri var. Yazıçı təkcə yaratdığı məzmunun aliliyinə aludə olmamalı, həm də işin texnika tərəfini fikirləşməlidir. Yazıçılıq 50 faiz məzmun, 50 faiz isə texnikadır. Biri əskik olsa, ədəbiyyat ərsəyə gəlməz. Buna görə də dövrümüzün az qala bütün böyük yazıçıları bu və ya digər formada yaradıcılıq və yazıçılıq kurslarından keçiblər. Nobel mükafatı laureatı Kadzuo İşiquro hətta onun universitet kursunu oxuyub. Bu mənada İlham Əzizin müasir yazıçılıq texnikalarına bələd olması üçün belə bir kursdan keçməsi zərurəti üfüqdə görünür. Yoxsa onun əlində olan misilsiz və təkrarsız həyat materialı bitmiş bir epoxanın (sovet dövrünün) köhnəlmiş yazı texnikasının (kənd nəsrinin) girdabında məhvə məhkumdur.

Əkrəm Əylisli və İsa Hüseynov kimi kənd nasirlərinin yaradıcılığına sovet dövründə siyasi, ictimai və sosial sifariş olduğu üçün onlar da funksional idi. Sovet hökuməti silah gücünə, döyə-döyə kolxozçulara və sovxozçulara kitab oxutdururdu, hər kənddə üç kitabxana saxlayırdı (məktəbin kitabxanası, klubun kitabxanası, bir də ayrıca kitabxana). İndi isə sovet hökuməti dağılıb, dünənki kolxozçular və sovxozçular onun əsarətindən qurtularaq azadlığa çıxıb, onlar daha kitab oxumurlar; buna görə də kənd nəsrinə heç bir siyasi, ictimai və sosial sifariş yoxdur. İlham Əziz və onun timsalında kənd həyatından yazan yazıçıların daha müasir yazı texnikalarına müraciət etməsi daha məqsədəuyğundur. Əlhəmdülillah ki, bu ehtiyacı öncədən görüb bu yöndə çalışan insanlarımız da yox deyildir. Qismət, Günel Mövlud və Ramil Əhməd kimi qələm adamları zaman-zaman yaradıcılıq kursları təşkil edir və ya bu mövzularda konsultasiyalar verirlər. Zamanın ruhuna uyğun olaraq bu kurslara onlayn qoşulmaq da mümkündür. Qalır bircə qolları çırmalayıb işə başlamaq.

# 4597 dəfə oxunub

Müəllifin son yazıları

# # #