Quyu - Əli Novruzovun hekayəsi

Əli Novruzov

Əli Novruzov

8 noyabr 2022
# 09:00

Kulis.az Hekayə günü layihəsində Əli Novruzovun “Quyu” hekayəsini təqdim edir.

– Mama, mama! Miri hanı?

Anası quyudan su çəkirdi, ipi saxlayıb bağa göz gəzdirdi. Miri bağın bu tərəfində yox idi. Bağın ortasında bitmiş iri, amma qısır qaysı ağacı ilə yenə də iri amma bar verən ağ tut bağın o biri tərəfini gizlətmişdi. Anası yenə ipi çəkməyə başladı, dodaqucu dedi:

– Bağın o biri tərəfinə bax, meynələrin arasına. Şəhər uşağıdı, birdən bilməz, qoraları yeyər, qoyma yesin, sonra qarnı ağrıyar.
Bağın o tərəfinə baxmışdı. Miri meynələrin arasında yox idi. Tualetdə, evdə də yox idi. Miri bağda yox idi. Tələsik alaqapıya qaçdı, bayıra çıxıb balaca meydançanı keçdi. Əvvəlcə qonşuları Xeybərin hasarının dibi ilə Maştağaya gedən yola baxdı, axıracan bomboş idi. Sonra Zina xalanın çəpərinin yanı ilə stansiyaya gedən yola baxdı, ora da boş idi. Həyətə qayıtmalı oldu.

– Adə, sənə demədim meynələrin arasına bax, küçəyə nöş çıxırsan?

– Gedirəm, mama, indi ora baxacam.

– Əncirin yanına da bax, birdən bilməz altında yatar, - sonra anası özü çönüb Rimagilin hasarının böyründə bitən sıx əncirliyə baxdı, - Yox, get meynələrin arasına bax.

Qımdan təmizlənmiş narın qumluğu qaça-qaça keçib qısır qaysı ağacının altına gəldi, anası görməyən yerdə kölgədə oturdu. Miri bağdan qaçmışdı. Bütün günü Mirini incitmişdi, axırda da Miri bezib bağdan qaçmışdı. İndi bəs nə olacaq?

Oturub bir-bir yadına saldı. Səhər bir qucaq qımı yığıb yatan yerdə Mirinin üstünə töküb yuxudan oyatmışdı. Bax, sən tənbəlsən, yatmısan, amma mən səhərdən durub bağı qımdan təmizləmişəm. Miri də acığa düşüb yarıyuxulu getmişdi qım təmizləməyə. Ay, hay! Şəhər uşağı nə bilsin ki, qımı sübh tezdən şeh düşəndə təmizləmək lazımdır. Onda qum yumşalır, qımı dartırsan, özü çıxır. Günün başqa vaxtı qımı tutub dartsan, kökü qırılıb qumda qalacaq, özü də əlini kəsəcək. Miri də əllərini kəsib qayıtmışdı.

Günortaya kimi danışmadılar. Sonra necəsə oldu barışdılar. Barışandan yarım saat keçməmiş bir ovuc dozanqurdunu yığıb Mirinin köynəyinin yaxasından içəri tulladı. Miri də qışqıra-qışqıra köynəyini çıxarıb qaçmağa başladı. Bağa gəlmisən, köynəkdə nöş gəzirsən? Şəhərdi bura? Çıxart lüt gəz də. Əcəb oldu! Axırda da bu çimmək söhbəti. Necə oldu açıldı, heç özü də bilmədi. Günah Miridə idi. Niyə axı desin ki, özü çimmir, bibiləri çimizdirir onu? Xeyli lağa qoydu Mirini. "Səni bibilərin çimizdirir? Hahahaha... Mən səndən balacayam, amma özüm çimirəm!" Miri bundan sonra heç nə demədi, qaçıb qısır qaysının arxasına, meynələr olan tərəfə getdi. O da qonşunun bağına, xartut yeməyə. Qonşunun bağından qayıdanda Miri yoxa çıxmışdı.

Yüz faiz qaçmışdı.

Birdən onu elə bil cərəyan vurdu. Miri stansiyaya qaçıb! Elektriçkaya minib şəhərə gedəcək. O da əgər düz stansiyada düşsə. Birdən səhv stansiyada düşdü? Onda nə olacaq? Onda Miri azacaq axı! Miri yolda itsə, nə olacaq? Mirini incitməsəydi, Miri də qaçmazdı, sonra da itməzdi. Ağlı tez işlədi.

Yadına düşdü ki, xartut yeməyə gedəndən hələ elektriçka keçməyib.

Dəmiryolu bağın o biri tərəfindən, çəpərin düz yanından keçirdi. Hər dəfə elektriçka keçəndə xəbəri olurdu. Tez-tez çəpərin yanına qaçıb pəncərədən boylanan adamlara baxırdı. Şəhərdən dənizə gedənlər, dənizdən şəhərə qayıdanlar basabas vaqonlarda sıxışıb qalırdı. Yazıqların istidən ürəkləri partlayırdı. Bəxti gətirənlər şüşəsi sınmış pəncərələrin yanına düşürdü, arabir başlarını, qollarını bayıra çıxarıb sərinləyirdi.

Alaqapıya baxdı. Yox, oradan çıxıb Mirinin dalınca stansiyaya gedə bilməzdi. Anası hələ quyunun yanında idi, indi də dəmir vannada çirkli paltarları isladırdı. Küçəyə çıxanda anası onu görəcək, yenə üstünə qışqıracaq. Gərək bağın o biri tərəfindən çəpərin üstündən atlayıb dəmiryolu boyunca stansiyaya qaçsın. Elektriçka gələnəcən Mirini tapmasa, hər şey bitdi. Tez ayağa qalxıb meynələrin arası ilə çəpərə tərəf qaçmağa başladı. Çəpərə çatmağa az qalanda ayağı iri qum təpəsinə ilişdi, çox pis yıxıldı. Bu qum təpəsi haradan? Burada əvvəl belə şey yox idi axı! Birdən Mirini gördü.
İri, sıx yarpaqlı meynənin arxasında dərin çalanın içində Miri oturmuşdu, göyə baxırdı. Necə qazmışdısa, içində oturanda başı bayıra çıxmırdı. Hələ Miri guya hündür oğlan idi. Yıxılanda Miri də onu gördü, tez ayağa qalxdı, qurşağına qədər yerin içində idi.

– Noldu?

– Heç... Yıxıldım... Sən orda neynirsən?

– Gizlənmişəm.

– Gizlənmisən? Gizlənpaç oynamırıq axı... ayyyy...

– Oynamırıq, oynamırıq da... Pis əzildin?

– Sənə dəxli yoxdu! Otur öz quyunda!

Miri yenə çalanın içində itdi. Onu maraq bürüyürdü. Miri niyə gizlənib? Bağda kimsə var? Çalanın düz yanına gəldi. Miri yenə də göyə baxırdı.

– Niyə gizlənmisən?

– Gizlənmişəm də.

– Olar mən də düşüm?

– Yox.

– Nooolar?

– Dedim yox.

Miriyə bir də baxdı. Miri gözünə nəsə başqa cür dəyirdi. Gözləri yekə adamların gözlərinə oxşayırdı. Birdən fikir verdi ki, sən demə Mirinin dodaqlarının üstündə, yanaqlarında tək-tük qalın tüklər çıxırmış. Əvvəl heç görməmişdi. Bir az çəkinən kimi oldu. Özünü yığışdırdı. Amma marağı da getmirdi.

– Kimdən gizlənmisən?

– Səndən, mamandan, papandan...

– Papa axı bağda yoxdu.

– Nolsun yoxdu. Hamıdan gizlənmişəm. Elə bil mən yoxam.

– Necə yoxsan?

– Yoxam da.

– Axı varsan.

– Əslində, yoxam.

Mirinin nə dediyini heç başa düşmədi. Başqa dildə danışırdı elə bil. Bu vaxt uzaqdan yaxınlaşan elektriçkanın səsi gəldi.

– Elektriçka gəlir, tez ol, dur baxaq!

– Baxmıram.

– Niyə?

– Elektriçkadan da gizlənmişəm.

Elektriçka taraq-taraq səslə bağın yanından ötüb keçdi. Heç onun da durub baxmağa həvəsi olmadı. Əvəzində çalaya bir də diqqətlə göz atdı. Çox yekə idi. İki adam rahat oturardı. Miriyə heç nə demədən düşüb yanında oturdu.

– Bunu nəynən qazmısan?

– Əlnən.

– Yalan deyirsən!

– Əlnən qazmışam – Miri çox sakit dedi.

Nə üçünsə Miriyə ürəkdən inandı. Elə bil Miri dəyişmişdi, səhər qım yığmağa gedən Miri deyildi. Sataşmaq bir yana, ona nəsə deməyə də qorxurdu. Bir az belə oturdular. Birdən çalanın içinə dozanqurdu düşdü. Dozanqurdunu görəndə qorxdu. Günorta olan söhbəti xatırladı. Elə bildi Miri indi dozanqurdunu əzəcək.

Ürəyi əsməyə başladı. Amma Miri dozanqurdunu görüb heç nə eləmədi, təzədən başını qaldırıb sakitcə göyə baxdı. Göydəki bulud elektriçkaya oxşayırdı. Bir az uzunsov idi, başı da elektriçkanın başı kimi girdə. Elektriçka necə vaqonlara bölünürdüsə, elə də bu bulud kəsik-kəsik idi. İstədi bunu Miriyə desin, amma ürək eləmədi. Miri də həmin buluda baxırdı. Yəqin o da elektriçkaya oxşadıb. Birdən Miri sakitcə dedi:

– Bilirsən, adam yetim olanda elə bil heç kimə lazım olmur. Artıq olursan dünyada.

Miri çox qəribə şeylər deyirdi, heç başa düşmürdü onu.

– Necə yəni yetim, Miri?

– Yetim də, adi yetim. Yetim başqa necə olur?

– Sənin papan var axı, qoy müharibə qurtarsın, qayıdıb səni aparacaq.

– Nə bilirsən qayıdacaq?

– Qayıdacaq da. Yayın axırında. O gün mama dedi.

– Yox, qayıtmayacaq.

– Sən hardan bilirsən qayıtmayacaq?

– Mən bilirəm. Qayıtmayacaq.

Bilmədi Miriyə nə cavab versin. Birdən Miri əli ilə buludu göstərib dedi:

– Bax, o buludu görürsən? Necə elektriçkaya oxşuyur? Vaqonları da var...

– Elə bildim bağdan qaçmısan mənə görə. Şəhərə getmək istəyirsən. Lap qorxdum. Dedim birdən yolda itərsən. Dalınca stansiyaya qaçırdım səni tapım qaytarım. Quma ilişdim pis yıxıldım. Sən də deyirsən heç kimə lazım deyiləm. Lazım olmasaydın, dalınca o cür qaçardım?

Miri, deyəsən, çalanın içində birinci dəfə güldü.

Atası axşam bağa gələndə möhkəm əsəbiləşmişdi. Talvarın altına çatanda qışqırdı:

– Adə, o quyunu nöş qazmısan?!

– O qazmayıb, mən qazmışam, dayı! - Miri tez dedi.

Atası bir oğluna baxdı, bir də Miriyə. Deyəsən Miriyə inanmadı.

– Otur aşağı, sən şəhər uşağısan, sən quyu qaza bilirsən? - sonra yenə oğluna tərəf çönüb qışqırdı, - ay əclaf, meynənin dibini nöş qazırsan?

Üzümünü sən yeyəcəksən axı!

Sonra da oğluna bir yağlı şapalaq ilişdirdi.

# 3721 dəfə oxunub

Müəllifin son yazıları

# # #