Tanrı əbədi iqtidardır, Qardaşım!

Tanrı əbədi iqtidardır, Qardaşım!
17 yanvar 2017
# 17:09

Bəlkə də bu fikri belə ifadə etmək daha doğru olardı: Yeganə iqtidar Tanrıdır, qardaşım!

Cümlə bu cür qurulsaydı, onda “qardaş” sözü sonda gələrdi, amma mən birincini seçdim.

Sənin haqqında qeydlərin xeylisini çoxdan yazmışam. Amma çap eləməyə ürəyim gəlmədi, düşündüm ki, sənin də ürəyinə dəyər.

Yadındadır, talvarın altında oturmuşduq, dedim ki, bəlkə operasiyaya getməyəsən? Sən də cavab verdin ki, gedim, nə olar olar, bir-iki il də yaşamaq nəfdir...

O gündən bəri düşündüyün zaman keçdi və sən “getdin”!

O da yadındadır? Sonbeşik qızını ər evinə köçürəndə dedin ki, bundan sonra rahat ölə bilərəm.

Qəribədir. Biz həyata yox, övladlara daha çox bağlıyıq. Nə yaxşı ki, oğlun sən istədiyin və arzuladığın, amma dilinə gətirmədiyin mərtəbəyə yüksəldi, yəni ona doğru addım atdı. Sənin yoluna davam etdi...

Nəslimizin kişiləri ölümü heç zaman vecinə almadı, onunla hesablaşmadı. Əzraillə çiling-ağac oynadı. Amma udan yenə də O oldu...

Atamız da elə getdi, əmimiz də, böyük qardaşımız da.

Gecənin bir vaxtı bir fikir ağlıma gəldi. Onu yazdım, amma çap etmədim. Yuxarıda dediyim kimi, ürəyim gəlmədi. Bilirsən nə yazmışdım?

Niyə adam öz yaxın adamı, doğmaları barədə ithaf yazısı yazmır. Bəlkə yazanlar var, amma mən yazmamışam. Halbuki onları yaxşı tanıyırsan, hisslərini, duyğularını başa düşürsən, xasiyyətinə bələdsən, fikir və düşüncələrini təxmin edirsən, amma yazmırsan. Bəlkə ona görə ki, sən yazılarında elə onlardan yazırsan, elə onların özüsən. Deməli, sənin ifadə etdiyin fikir, təsvir etdiyin mənzərə, danışdığın hadisə birbaşa onlarla bağlıdır. Ola bilər. Çox şey şüuraltı baş verir.

Qəribədir ki, sən həmişə bizimlə fəxr edirdin, amma büruzə vermirdin. Bəlkə fikirləşirdin ki, bizə göz dəyər. Bəlkə Taleyə inanırmışsan, hər şeyin ardıcıllığını sevirmişsən.

Adam ondan böyüklərin xatirəsilə daha çox yaşayır, nəinki özününkülərlə. Bir dəfə yazmışdım: biz uşaqlıqda bizdən böyüklərin, cavanlıqda özümüzün, böyüyəndən sonra isə bizdən balacaların, yəni uşaqların, nəvələrin qəhrəmanlığından danışırıq. Mən bu yazıda özümüzdən böyüklərdən danışacam. Səninlə həmişə fəxr eləmişəm. Çünki sən fəxrə layiqsən. Bəlkə ona görə də adın Fəxrəddindi...

Mən səni, yəni özümdən on yaş böyük qardaşımı işıqlı gün kimi xatırlayıram. O zaman gün çıxmışdı. Mən ərik ağacının dibində oturub, sanki nəyisə gözləyirdim. Bəlkə də yerə düşən ərik dənələrini sındırıb yeyirdim. Birdən sən gəldin, daha doğrusu, özündən qabaq xəbərin gəldi. Dedilər ki, Faxı gəlir. Sən xəstəxanadan evə gəlirdin. Bəlkə ona qədər mən səni görmüşdüm, amma yadımda saxlamamışdım. Təxminən 3 yaşım olardı. Mən səni həmin hadisə baş verdiyinə görə tanıdım. Bildim ki, mənim qardaşımsan. Bir neçə günlük evdən uzqlaşma səni mənə tanıtdı. Deməli, yaxınını tanımaq üçün onu uzaqlara göndərməlisən...

Изображение 008.jpg görüntüleniyor

Sən ailəmizin ən sevimli oğluydun. Deyirlər ki, ana övladlarına fərq qoymur. Yalan söhbətdir. Nənəmiz, yəni anam səni hamıdan çox istəyirdi. Deyirdi ki, Məhyəddin dayıma oxşayır. Əslində isə bunun başqa səbəbi vardı. Sadəcə anam sənin nisgilli həyat keçirməyinə işarə edirdi. Deyirdi ki, Faxı süddən yanıqdır, cəmi altı ay ana südü əmib. O zaman uşaqları zorla süddən ayırmırdılar. Nə zaman süd qurtardı, yaxud uşaq özü istəmədi, marağını ana südünə yox, başqa təamlara saldı, onda anasından ayrılırdı. İş burasındadır ki, sənin süddən ayrılmağın öz günahınıydı: “Yerdə oturub çay içirdik. Faxı da altı aylıq idi. Əlindəki qayçını divara söykənmiş nərdivana döyəcləyirdi. Birdən qayçı əlindən çıxdı və mənim ayağıma dəydi. Rəhmətlik arvad (anası Abuzər nənəni nəzərdə tutur) qayçı qanadan yeri solyarka ilə sildi. Həmin gün mən qonşu gəlinlərlə Araza paltar yumağa getdim. Arazın qıjav yerində paltar yuduq. Su onda azalmışdı. Payız aylarıydı. Ayağım simlədi və güclə ölümdən qayıtdım.” İndi fikirləşirəm ki, anamın ömrü boyu ayağı ağrısa da, sənə sevgisini heç zaman əsirgəmədi.

Bir də onu xatırlayıram ki, sən yaxşı futbol oynayırdın. Sağ kənar müdafiəçisiydin. Amma tez-tez hücuma keçirdin. Həmin vaxtlar, yəni 65-66-cı illərdə futbol biz tərəfdə çox dəbdəydi. 50-60 təsərrüfatı olan kəndin böyük meydançası vardı. Qonşu kəndlərdən ora yarışa gəlirdilər və oyunu xeyli adam izləyirdi.

Bir də o yadımdarı ki, sən şəhərə gedəndən sonra mənə top almışdın: üstü damalı, qırmızı top. Dəri top olmasa da, ona bənzəyirdi və mənim qürur mənbəyimə çevrilmişdi.

Bilirsənmi, mən səni komissar Kataniyə oxşadırdım: qıvrımsaç, bəstəboy, enlikürək. Sən də, müstəntiq, o da, həm də prinsipial. Ona sui-qəsd ediləndə səni düşünürdüm, kədərlənirdim. Həmin filmin ardını səbirsizliklə gözləyirdim və indi düşünürəm ki, o filmə baxanda səni yanımda hiss edirdim.

Uşaqlıqda adi bir şey üstündə qəmlənəndə sizi – şəhərdəkiləri düşünürdüm və ürəyimdə onunla təsəlli tapırdım ki, siz gələcəksiniz, yəni mənə sevinc gətirənlər...

Bir dəfə çovustanda (əl damında) əlçimlənmiş, ağappaq buluda oxşar pambığa od vurdum. Qəfil yandı. Onda sən mənə dəstək oldun: “Yoxlayırdın, elə, necə yanar? Mən də onu eləmişəm e!!!”

Moskvada tələbə olanda sənə yazdım ki, əlimi cibimə salanda üşüyürəm. Mənə göndərdiyin pula maşın da almaq olardı.

Səninlə bağlı hər şey yadımdadır. Bu həyatda kədərin də oldu, sevincin də...Sevincin daha çox oldu, məncə. Könlü tox adamlar yaxşıları və yaxşı günləri yadında saxlayır. Şükran olduqlarına görə. Sən də elələrindən idin...

Əbədi dərgahda harama yer yoxdu. Ona görə də çox şanlısan.

Üç qız böyüdənin yeri cənnətməkandır. Sən dördünü böyütdün.

Sən indi ordasan. Bizim əbədi məkanımızda. Sevdiyin və səni sevənlərlə birgəsən. Hamımızın son dayanacağı oradır. (İstəməsələr də, sənin gəlişinə çox sevinirlər).

Bizdən öncə gələnlər yenə də öndədirlər...

Biz də ora gəlirik. Və bu kövrək məqamlardan sonra səndən müsəlmansayağı bir xahiş: Orda bizə də yer elə: üzü günəşə baxsın, nə soyuq olsun, nə də isti. Kənddəki evimiz kimi...

Tanrı nə doğulan, nə də doğandır...

O, əbədi iqtidardır, Qardaşım!..

Bizsə gəldi-gedərik!!!

Bakı

Tarix: müddətsiz

# 2753 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #