MTRŞ-nin yanında olmalı

MTRŞ-nin yanında olmalı
8 oktyabr 2015
# 16:57

Son günlər mətbuatla, media məmurları arasında bir dartışma başlayıb. Bir tərəf, yəni mənim həmkarlarım bəzi verilişlərin bağlanmasına qarşı çıxır. O biri tərəf isə elektron KİV-də reytinq dalınca qaçan verilişləri ya bağlayır, ya da bağlayacağı ilə hədələyir.

İnsaf naminə deyim ki, 90-cı illərdən bu yana daim həmkarlarımın yanında olmuşam. Onlar bağlanmaq təhlükəsilə üzləşəndə, yaxud yerləşdikləri binalardan çıxarılanda onları müdafiə eləmişəm. Müdafiəçilər sırasında bir xeyli ziyalılarımız və yazarlarımız olub və heç kim həmin faktı və hadisələri unutmayıb.

Düzdü, o zaman internet və sosial şəbəkələr təzə-təzə yarandığına görə etiraz aksiyaları Feysbuk vasitəsilə reallaşmırdı. Onun üçün gərək meydanlara çıxaydın, hansısa binanın qarşısına yığışaydın. Amma o, zaman ölkəmiz cavan idi, sosial şəbəkələr də indiki kimi oturuşmamışdı. Qanunlarımız da təzə-təzə formalaşırdı...

Qayıdaq indiki dartışmaya. Təəssüflə deməliyəm ki, şəxsən mən və həmfikirlərim indiki mübahisədə Milli Televiziya və Radio Şurasının tərəfindədir. Çünki fikirlərimiz üst-üstə düşür. Biz nə deyirik? Deyirik ki, bəzi verilişlər, yumşaq desək, insanların əxlaqına və mənəviyyatına mənfi təsir edir, kobud desək, nəinki təsir edir, hətta pozur da. O cür verilişlərə baxanda, adamda, lap elə kənar müşahidəçidə belə qənaət yaranır: bu millətin bir hissəsi qatildi (yenə də kobud alındı, amma neyləmək olar), atasını, anasını, bacı-qardaşını uf demədən öldürə bilər, bir hissəsi ailə dağıdandı, bir hissəsi küçə uşağıdı və s. və i.

İllah da ki, həmin verilişlər səhərlər efirə gedəndə yaddaşlara tez yol tapır.

Bəs MRTŞ nə deyir? Şura sədri Nuşirəvan Məhərrəmli hesab edir ki, milli dəyərlərə zərbə vuran bu cür verilişlər dayandırılmalıdır, çünki onların xəbərdarlıq limiti bitib.

Bəzi ölkələrdə, lap elə Rusiyada ata-ananın Qocalar Evinə verilməsi adi haldı, ya elə ərə, arvada xəyanət qəbahət sayılmır, bəzi məqamlarda isə cəmiyyətin normasına çevrilir və biz onları misal gətirməklə, həqiqətə çata bilmərik. Bizdə elə ailədaxili, cəmiyyətarası münasibətlər var ki, onlar tabulaşıb. Televiziyaların auditoriyası çox geniş, insanlara təsiri də böyükdür. Ona görə də biz tamaşaçılara pis, yox yaxşı örnəkləri təqdim eləməli, hətta pisi təqdim edəndə də motivləşdirməliyik ki, seyrçilər çaşmasınlar, çünki onların çoxu uşaqlar və evdar qadınlardı.

Soruşula bilər ki, mən özüm necə, o cür verilişlərə baxırammı və pisdirsə niyə baxıram? Peşəkarlıq naminə, yaxud hansısa tanış simanı ekranda görəndə ən azı maraq üzündən verilişə baxmalı olursan. Onun səviyyəsini bilmək üçün axıra kimi baxmağa da ehtiyac yoxdu, adamın hövsələsi də çatmaz...Necə deyərlər, dənizin suyunun duzlu olmasını bilmək üçün onu axıra kimi içmək lazım deyil...

Əlbəttə, bu mövzunu çox uzatmaq olar, xeyli misallar da gətirmək mümkündür. Mənim fikrimcə, əxlaqi və milli dəyərlər məsələsində biz doğrunun yanında olmalıyıq...

# 2208 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #