Balasına yemək aparan it qədər deyilsən!

Balasına yemək aparan it qədər deyilsən!
7 sentyabr 2015
# 11:32

Gecə mənzərələri

Gecələr yuxum gəlməyəndə çölə çıxıb, sözxanada (besedkada) oturmaq və gecə mənzərələrini seyr etmək xoşuma gəlir. Gündüzlərə nisbətən hava təmiz və sərindi, gecə böcəklərinin aramsız səsi (bəlkə də “nəğmələri” demək doğru olar) kəndi xatırladır. Heyf, qurbağa səsləri eşidilmir...

Qurrr... Qurrr...

Binaların əksəriyyətində işıqlar yanır. Bakı Madridi xatırladır. Sanki, heç kim yatmır. Bu şəhərin sakinlərinə “gecə pişikləri” deyirlər...

Rəngarəng gecədi. Sevgi, nifrət dolu həyat hekayətləridi.

...Bir oğlan bir qızı evə ötürür. Deyəsən, təzə tanış olublar.

Oğlan:

- Onsuz da əl çəkən deyiləm, - deyir və gülür.

Qız da bu sözlərə biganə qalmır və şaqqanaq çəkir:

- Ölsən də, telefon nömrəmi verməyəcəm.

Qız bu sözləri deməklə dəlinin yadına daş salır: yəni telefon nömrəmi niyə istəmirsən, ay başdanxarab.

Başqa bir söhbət onların uzaqlaşmaqda olan səsini batırır. İki oğlan harasa tələsir. Biri o birinə deyir, əslində deyinir:

- Bax, mənə deyən gərək, Binədə pivə yoxdu ki, ordan durub yorta-yorta bura gəlmisən!?

İndi o birisi deyir:

- Sən hələ yaxşısan. Mən Sumqayıta gedəcəm. Bu vaxtda adam çağırarlar?! Metro bağlı, avtobuslar da işləmir...

- Heç olmasa, taksi pulu verərdi...

Gənclər danışa-danışa uzaqlaşırlar...

Kimsə yolun o biri üzündə telefonla danışır, daha doğrusu, bağırır:

- Baxarsan! Dur orda indi gəlirəm! Gəlməsəm, kişi deyiləm!!!

Aha, pul “razborkasıdı”. İndi hərə bir küncə çəkilib kimisə hədələyir: kimi borcunun qaytarılmasını, kimi sələmin pulunu istəyir.

Bir qadın da o tərəfdən gələ-gələ telefonla danışır və şirin dilinə salır:

- Bacıcanı anam rayondan gələn kimi həll edəcəm. O nə deməkdi, ayıb söhbətdi ki... Nə!? Nə iki yüz!?..

Qarşıdakı binadan cavan bir qadın çölə çıxır və hamının eşidəcəyi səslə qulağına tutduğu telefona deyir:

- İt də səndən yaxşıdı, heç olmasa, balalarına çörək aparır. Onun qədər də yoxsan!?

Düzü, bilmirəm, sual verir, yoxsa qəzəbindən belə deyir...

Birdən lap yaxınlıqda hənirti duyuram. Bir it çömbəlib alaqaranlıqda mənə baxır.

- Burda nə gəzirsən? - deyə acıqlanıram, amma o məsum gözlərini mənə zilləyib, heç qımıldanmır da. Bir az baxandan sonra ayağa qalxır və gedir. Axsayır. Qabaq əli qırılıb, deyəsən. Sonra dayanır, sanki məni harasa çağırır.

Qarşıda mağaza var. O istiqamətə gedir. “Bu, nə istiyir məndən” deyə mızıldanıram...

Düşürəm arxasınca. Mağazanın qabağında dayanır. Qəribədi, gecə yarısı mağaza işləyir.

- Sürük cəhənnəmə, bayaq verdim də. Axaşama kimi tıxır, doymur, gündə də balalıyır, - deyə mürgüləyən satıcı acıqlanır...

- Nə yeyir o? - mən soruşuram

- Nə desən, hələ çörək də yeyir.

İt yazıq-yazıq üzümə baxır, az qalır, dil açıb danışsın.

- Bir şey ver də, yazıqdı, -deyirəm, - pulunu verərəm.

- Nə verim? - soruşur.

İt dirçəlir, sanki işinin düzəldiyini hiss edir və yalmanır, satıcı piştaxtanın arxasına keçəndə isə quyruğunu bulayır.

- Kolbasa. Özü də ucuzundan çək, - aralıdan deyirəm.

- Bəs nə bilmişdin, bəlkə ona finski kolbasa verəcəkdim.

- Neçə qram olsun?

- İki yüz bəsdi, - deyirəm...

Satıcı kolbasanı kəsib atır itin qabağına.

İt kolbasanı qapır və axsaya-axsaya harasa tələsir...

Bayaqkı qadının hələ də səsi gəlir.

- Nə iki yüz azz!..Nə faiz!?..

O biri binanın qarşısındakı qadın da dil boğaza qoymur:

- İt də balalarına çörək aparır e!!!

Böcəklər də susublar və sanki bu danışıqları dinləyirlər!..

Gecə yarısı böcək səsi ən yaxşı nəğmədir!..

1 sentyabr, 2015

# 1008 dəfə oxunub

Müəllifin son yazıları

# # #