Tanıdın məni, sarsaq?

Tanıdın məni, sarsaq?
20 may 2015
# 11:16

Ötənlərdə başqa bir saytda “Sarıköynəklər oxuyurdu” adlı köşə yazmışdım. Yazı sosial problemlərdən bəhs edirdi. Bəndəniz şəhərin artan hay-küyündən, maşınların aramsız siqnallarından narahatlığını bildirirdi...

Şərhlər bölümündə “Sual” ləqəbli birisi “Ədəbiyyat qəzeti”ndən niyə çıxarılmağımın səbəbilə maraqlanırdı və belə bir kobud, həm də sarsaq sual verirdi: “Yaxşısı budur, “Ədəbiyyat qəzeti”ndən niyə qovulduğunu yazasan...” “Köçən yurd yerlərimiz” yazısına isə başqa mız qoyurdu: “Bu nə addı, yurd köçməz, insanlar yurddan köçər”. Əslində mənim işim birinci sualla bağlıdı. Amma ikinci sualla ilgili deyim ki, mən inşa yazmıram, yazıçı assosiativ cümlələr qurmalıdır.

Nəsə.

Keçək “Sual”ın sualına. Əvvəla, demək istəyirəm ki, mən səni yaxşı tanıyıram. Kimliyini bir azdan açıqlayacam. İndi isə pritçafason bir misal çəkim. Stəkanı yarıbayarı su ilə doldurub birinə verirlər və soruşurlar ki, burda nə qədər su var? O cavab verir ki, stəkan yarımçıqdı. Həmin stəkanı başqasına verib, sualı təkrarlayırlar. O da qayıdıb deyir ki, burda su yoxdu ki. Üçüncüyə də eyni suyu və sualı verirlər. O isə deyir: Allah köməyiniz olsun, stəkan dopdoludur.

Birinci halda, insan yarımçıq və mənəviyyatca kasıb, ikincidə tamahkar, üçüncü də isə tox və müdrikdir.

Bu misalla “sual” işarəsinə oxşayanın arasında birbaşa paralellik olmasa da, “hərə öz əxlaqına görə mülahizə yürüdür” deyimi hər ikisinə yarayır.

Başqa pritça da deyim, lap yerinə düşsün. Qədim zamanlarda bir məmləkətin padşahı qiyamçıların yanına araşdırmaçılar göndərir. Həmin adamlar oradakı qiyamçılarla əlbir olub bir arayış hazırlayır və hökmdara gətirirlər. Hökmdar arayışı oxuyur və görür ki, hər şey qəsdən onun əleyhinə yazılıb. İstehzayla gülür və deyir: “Hər şey yaxşıdı, amma bir yerdə vergül çatışmır”. İndi bu “Sual”da o böyük-böyük məsələləri qoyub, mənasız suallar verir.

Bu da belə. Keçək mətləbə.

Bilirsən səni hardan tanıyıram? Metroya bir mindik, ikimiz də “Sahil”də çıxacaqdıq. İşimlə maraqlandın, mən də cavab verdim ki, bu yaxınlarda köçəcəyik, çünki binamız təmirə dayanır. Onda sən şeytani təbəssümlə güldün: “Adamı çıxarmaq istəyəndə əvvəlcə belə deyirlər. Çıxdınızsa, çətin qayıdasınız”. Dedim ki, sərəncam verilib, qayıdacağıq. Sən yenə də güldün, mənim ciddi-cəhdlərimə baxmayaraq istehzayla aralanıb getdin...

Bilirsən səni hardan tanıyıram?

Tanışlardan biri, sənə də, mənə də alicənablıq edən adam işdən çıxanda sevinirdin və üzündəki həmin şeytani təbəssümlə soruşdun: “Sən bilən onu niyə işdən çıxarıblar?” Cavab verdim ki, niyəsini bilmirəm, amma mərd adam idi. Bizim kisəmizdən getdi. “Nə kisə!?- dedin, - kisə onun özündəydi. Elə yaxşı elədilər, ölənə kimi orda oturub altına yığmayacaqdı ki...”

Bilirsən, səni hardan tanıyıram?

Azərbaycanın hansıca bir uğurunu görəndə, yoldaşlarının sevincinə baxanda içdən qəzəblənirsən, amma nə qədər istəsən də, hisslərini gizlədə bilmirsən. Çünki xəbis, alçaqqəlbli, paxıl birisən. Ona görə ki, bu həyatda özünə yer tapa bilməmisən. Heç o dünyada da tapa bilməyəcəksən. Sənin hərtərəfli cavabını da orda verəcəm. Hələliksə bu yetər. Elə bilirəm ki, sualına cavab verdim. Qane eləmirsə, mənim istefamla bağlı saytlara axtarış verib yetərincə məlumat yığa bilərsən.

Amma hamı sənin kimi deyil.

Şərhlərin birində təxminən belə yazılmışdı: Çox sağ olun, oxudum, zövq aldım. Çoxdandı ki, belə yazılar oxumurduq, əllərinizə sağlıq...

Sən də sağ ol, qardaşım!

Sənsə, “Sual”, yadında saxla: Yaxşılar az, amma güclüdülər, pislər çox, ancaq zəifdilər: sənin təki. Sizin kimilərin gücü kol dalından vurmağa çatır. Atdıqlarınız da bumeranq kimi özünüzə qayıdır: sadəcə hər şeyin əzəl-axırı var...

Gördün, tanıdım səni, a sarsaq!..

# 2373 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #