Möminə Xatun türbəsinin yanında tualet tikmək olmaz?

Möminə Xatun türbəsinin yanında tualet tikmək olmaz?
19 mart 2024
# 11:18

Kulis.az El Romanın "WC" adlı yeni yazısını təqdim edir.

Müxtəlif xəbər saytları bu şəkli paylaşıb yazır ki, "Möminə Xatun məqbərəsinin yanında ayaqyolu tikiblər, ayıbdı".

Nə bilim, hərə bir şey deyir.

Biri deyir, gör heç Eyfelin, Pizanın altında ayaqyolu görmək olar?

Biri deyir, bir az aralıda tikmək olardı.

Biri deyir, kaş yeraltı ayaqyolu olardı.

Və sairə.

Birincisi, Eyfelin də, Pizanın da düz yanında ayaqyolu var.

İkincisi, "bir az aralıdan tikmək" deyəndə, təxminən, nə qədər məsafə nəzərdə tutulur?

İnsanlar türbədən neçə metr məsafədə təbii ehtiyacını ödəyəndə, bu, Möminə Xatunun ruhuna hörmətsizlik sayılmır?

Üçüncüsü, yerin üstündə olanda hörmətsizlikdi, amma yerin altında olanda hörmətsizlik deyil?

Bu absurd düşüncə formasına bu cür absurd cavab vermək olar ki, ona qalsa, yerin altında mərhumun meyitinə daha yaxın olursan. Bu məntiqlə, gərək yerin altında daha ehtiyatlı olasan.

Yoldaş, etməgil.

Ayaqyolu ayıb yer deyil axı.

Təkcə bizik kimdənsə ayaqyolunun yerini qızara-qızara soruşan. Birdən soruşarıq, qabağımızdakı adam sidiyimizin rəngini, ya da hansı formada dayanıb siyidiyimizi təsəvvür eliyər-zad.

Hərbi xidmət zamanı əsgər yoldaşlarım Kəlbəcərin Vəng meşəliklərində təbii ehtiyaclarını dağın-dərənin qoynunda ödəməyə məcbur qalanlanda başa düşmüşdülər ki, bu, müqəddəs olan nəyəsə hörmətsizlik sayılmır.

Mən bunu bilirdim. Amma onlar təzə öyrənirdilər.

Görürəm ki, bu yaşa qədər hələ də öyrənə bilməyənlər var.

Tualetin tikildiyi yer Möminə Xatun türbəsi deyil, onun yanıdı.

Ora təkcə Möminə Xatun türbəsinin də yanı deyil axı. Ora həm də "Mahir" Aptekin, "Rəvan" Marketin, hansısa xəstəxananın, məktəbin, məscidin də yanıdı.

Ora "Möminə Xatun" adına ayaqyolu deyil axı, sadəcə, ayaqyoludu.

Hər şeyə belə sərt və mükəmməliyyətçi mövqe ilə yanaşmayın.

İcazə verin, sevgililər türbənin arxasında gizlin sevişsinlər.

İcazə verin, hansısa evsiz səfil türbənin altında qıvrılıb yatsın.

İcazə verin, hansısa yaramaz uşaq türbənin böyrünə siyisin. Buna icazə vermirsinizsə, heç olmasa, icazə verin türbənin yanında tualet tikilsin.

İcazə verin, hansısa oğlan türbənin divarına sevdiyi qızın baş hərfini yazsın.

Bunlar Möminə Xatunun ruhunu narahat etməyəcək.

Bircə, siz onun adını öz mənfəətlərinizin uğrunda çəkməyin.

İcazə verin, Möminə Xatun rahat uyusun.

# 2683 dəfə oxunub

Müəllifin son yazıları

# # #