Baş redaktorun sürücüsü, xoşbəxt adam və uçan qarışqa - "Kulis"dən reportaj

Baş redaktorun sürücüsü, xoşbəxt adam və uçan qarışqa - "Kulis"dən reportaj
4 aprel 2024
# 15:00

Bu gün onlayn ədəbiyyat və mədəniyyət dərgisi "Kulis"in 13 yaşı tamam olur.
Kulis.az bu münasibətlə oxucuları, müəllifləri təbrik edir və El Romanın "Evin içi" adlı yazısını təqdim edir.

Bu gün "Kulis"in 13 yaşı tamam olur.

Evin içini danışmazlar. Amma bu dəfə məsələ fərqlidir. Elə səbəbkarın xətrinə.

Yatdığımız saatları çıxsaq, günümüzün çox hissəsini burda keçiririk. Zarafat deyil.

Bu gün işə gecikirəm. Amma bu dəfə günah, həqiqətən, məndə deyil. Həddən artıq tıxac var.

Hava küləklidir. Ümumiyyətlə, şəhərdə qeyri-adi hava şəraiti müşahidə olunan kimi tıxac yaranır. Fərqi yoxdu, yağış yağsın, külək əssin, göy qurşağı əmələ gəlsin, tıxac yaranır.

Yolüstü ürəyimdə arsız-arsız zarafat da elədim: "Əsən külək deyil, Fazil keçmiş karyerasından danışır...".

Fazil bizim videoqrafdı. Evlərindəki pişik də maaş alır. Yaxşı pulu var. Ağdamlıdı.

Həmişə deyir ki, keçmişdə yaxşı karyeram olub, paçka-paçka pul qazanmışam.

Fazil belə danışanda elə bilirəm ki, "Prius" sürücüsüdü.

Amma yox, bir dənə "Mercedes"i var. Arada Ulucayın şəxsi sürücüsü kimi də fəaliyyət göstərir.

Bəlkə də, Ulucay ona əlavə pul verir...

Yaxşı adamdı. Ürəyi təmizdi. Şirindi. Bir dənə də şeiri var, adını "Toyda uçan qarışqa" qoyub. Şeirin adı gülməli olsa da, hekayəsini eşidəndə kövrəlmişdim...

Amma işini çox yaxşı bacarır. Yaxşı bacarır ki, bizimlədi. Hərdən mənə deyirlər ki, inanmıram, bu şeiri sən yazmış olasan. Fazil də arada elə gözəl işlər görür ki, inanmıram, bu işi o görmüş olsun.

Ulucay baş redaktorumuzdu.

Onun haqqında çox danışa bilərəm, amma ən az bu barədə danışacam ki, sonra fikirləşməsin, ona yaltaqlıq edirəm.

Üzünə vurmalı bir neçə qara-qura işi var. Öyrənmək istəyənə dənəsini beş manatdan deyə bilərəm.

Bir də görürsən ki, bizə qonaqlıq verir. Yemək-içmək alır. Hər dəfə də deyir ki, mən əvvəllər əməkdaşları yağ-bal içində yaşatmışam. İndi əlim bir az aşağıdı...

O da mənim bəxtimdən. Ümumiyyətlə, mən hara gedirəm, ora quruyur.

Üç il əvvəl elə "Kulis"ə müsahibə verməyə gəlmişdim, Oğuz Ayvaz məndən müsahibə aldı, gül kimi söhbətləşdik, elədik. Səhəri gün Oğuz işdən çıxdı.

Ulucayla "Kulis"dən əvvəl tanışlığımız olub, amma yaxınlığımız yox.

Yadımdadı, o vaxt məclislərdən birində mənə demişdi ki, səni çox istəyirəm. Əlbəttə, mən də onu çox istəyirəm, yaxşı adamdı.

Heyif, "Fənərbaxça"nın azarkeşidi.

Heç bir klubun azarkeşi olmayan Fazil də müdirinə görə "Fənərbaxça"nın tərəfini saxlayır. Biabırçılıq.

Redaktorumuz Ömər... Evlidi, amma xoşbəxtdi.

Qəribədi...

Amma onun xoşbəxtliyi yalançı xoşbəxtlik deyil. Ömər, həqiqətən, xoşbəxtdi.

Necə ola bilər ki, adamın nəyəsə kefi pozulmasın? İşə gələndə tıxaca düşməsin, yuxusunu qarışdırmasın, yemək yeyəndə ətin tikəsi dişində ilişib qalmasın, heç olmasa, qabağından qara pişik keçməsin.

Futbola da baxmır ki, deyəsən, azarkeşi olduğu klub uduzanda kefi pozula.

Özümə ən az, Ömər qədər xoşbəxt olmağı arzulayıram. Dəli deyil, amma ona hər gün bayramdı.

"Popkorn" çəkir, müxtəlif filmlər haqqında danışır, təhlil edir, öz fikirlərini deyir. Hər buraxılışını maraqla izləyirəm.

Redaktor olsa da, əlavə çox iş görür. Əsl örnək götürməli adamdı. Xalxın uşağıdı, elə bil.

Öməri arxayın tərifləyirəm. Bilirəm, heç kəs fikirləşməz ki, mən ona yaltaqlanıram.

İş masasının sol tərəfində Aygünlə Namiqin, sağ tərəfində Polatla Çakırın şəkli var.

Özü də şəkil kimi adamdı. Dəqiq, sabit, mütləq...

Ömərlə tanışlığımızın qəribə xatirəsi var. Bir dəfə Ömərə yazmışdım ki, müəllim, sizin şeirlərinizi çox bəyənirəm. Ömər də cavab vermişdi ki, mən şeir yazmıram.

Dedim, necə yəni, oxumuşam axı, heç bir dənə də yazmamısınız? Dedi, yazmamışam.

İnanıram ki, Ömər gələcəkdə, həm də gözəl şeirlər yazacaq.

Ülvi Bahadır haqqında danışmaq istəyirəm.

Onun adını hər yazanda dəqiqləşdirirəm ki, "Bahadur"du, yoxsa "Bahadır". Arxayın oluram, sonra yazıram.

Ülviylə eyni vəzifəni icra edirik. Arada təklikdə xəyallarımızı bir-birimizə danışırıq.

Ülvi deyir ki, kaş iş saatı 12:00-da başlayardı. Mən deyirəm, kaş, həftənin şənbə günü evdən işləyərdik...

Ülvi deyir ki, kaş işdən 2 saat tez çıxardıq. Mən deyirəm, kaş, iş yerim evimə yaxın olardı...

Ülvi deyir "kaş", mən deyirəm "kaş"...

Amma ikimiz də işimizdən razıyıq.

Ülvi savadlı, dünya görüşü zəngin dostumdur. Yaxşı mütaliəsi var. Başına da romanlıq hadisələr gəlib.

Amma şəkil çəkdirməyi sevmir. Bircə dənə şəkli var. Vəsiqədə də o şəkildi, "feysbuk" profilində də. Reportaj üçün gizlin şəklini çəkmişəm. Özünün xəbəri yoxdu.

Siqaret çəkmir. Hərdən ona deyirəm ki, sən siqaret çəkmirsən, belə yazırsan, gör çəksən, necə yazardın.

Ülvi yaxşı adamdı. Həssas adamdı. Səbirlidi, təmkinlidi və arada dərin düşüncələrə dalıb getməyi var. Amma hara gedir getsin, getdiyi yerdən tez qayıdır.

Özüm haqqında danışmaq istəmirəm.

Bu gün "Kulis"in 13 yaşı tamam olur. Səbəbkar odu, gərək, onun haqqında danışam. Məndən 10 yaş kiçik olmasına baxmayaraq, məndən 10 dəfə çox iş görüb.

4 aydır ki, bu ailənin parçası olduğum üçün özümü xoşbəxt hiss edirəm. Ümid edirəm ki, uzun yol qət edərəm, məhz "Kulis"də.

Sevdiyin işi görməkdən daha gözəl nə ola bilər ki?! Bu ailənin parçası olduğum üçün qürur duyuram.

"Kulis"dən yazmaq heç də asan məsələ deyil. Gərək bu barədə sözləri çox diqqətlə seçəsən ki, sabah peşman olmayasan.

"Kulis" haqqında bundan əvvəl yazılmış reportaja baxanda gördüm ki, Ulucaydan başqa bütün heyət dəyişib.

Ağlıma "Kimlər gəldi, kimlər getdi" mahnısı gəldi.

Ümid edirəm ki, vaxtında gələn, vaxtında gedənlərdən olarıq.

Çox yaşa, "Kulis"!

Sənin 33 yaşını görməmiş getməyəcəm...

# 3125 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #