Tüfeyli həyat tərzi yaşayan influenserlər – Onlar niyə hər işlə məşğuldur?

Tüfeyli həyat tərzi yaşayan influenserlər – Onlar niyə hər işlə məşğuldur?
15 yanvar 2024
# 16:00

Kulis.az El Romanın “İnfluenserlər niyə hər işlə məşğuldur?” adlı yeni yazısını təqdim edir.

Mənim heç kəslə işim yoxdur. Amma gərək quyruğumu tapdamayasan.

Heç influenserlərlə də işim yox idi. Ta ki bir influenser xanım mənim şeirimi səsləndirənə qədər.

Bu yazıda onun adını “Səbəbkar” qoyuram. Şeirimi yol gedə-gedə telefondan oxuyan Səbəbkar xanım arada bir yola da baxırdı ki, nəyəsə ilişib yıxılmasın. Şeiri də başdan axıra qədər gülə-gülə dedi, həm də yanında kiməsə göz də vurdu. İki hissədə sözləri özündən dəyişdirdi deyədir, ya nədəndir, bilmirəm, heç müəllifi də qeyd eləməmişdi.

Yaxşı ki, eləməmişdi.

O vaxtlar “Samanyolu” kanalında “Beşinci boyut” serialı gedirdi. Ordakı Saleh obrazı hər bölüm bir peşənin yiyəsi olduğu kimi, bu influenserlər də hər gün bir işlə məşğul olurlar.

Məsələn, onlar şairdir.

Həqiqətən, şeir yazanını görmüşəm. Pis də yazmırdı. Amma sadəcə həftənin bazar günü şair olurdu. Baş açmırdım.

Onlar snoptikdir.

Həmişə havaya uyğun geyinirlər. Elə fikirləşirlər ki, izləyiciləri çöldəki havanı onların geyiminə əsasən təyin edir.

Onlar ekspertdir.

Bahalı restoranlarda pulsuz yeyib-içəndən sonra restoranın şəklini çəkib paylaşırlar ki, bu gün burada olmuşam, məsləhətdir, siz də gəlin.

Deyən də yoxdu ki, sən orda pulsuz yeyib-içmisənsə, bu hal məsləhət gördüyün sevimli izləyicilərin üçün keçərli deyil.

İnfluenserlərin bəzi əlamətləri: Hər şeyin reklamını edə bilirlər. İstifadə etdikləri (hətta etmədikləri) saç boyalarından tutmuş, dırnaq boyalarına qədər. Yəni, təpədən dırnağa kimi hər şeyin. Daha çox ağac-kol məhsulları ilə qidalanırlar. Məsələn, səhər yeməklərində mütləq zeytun olur. Dəri rəngləri sarıya çalır. Konkret yuxu vaxtları yoxdur. Tüfeyli həyat tərzi yaşayırlar. “Ev yuvadır” prinsipi ilə yağışlı havalarda yuvalarından çıxmırlar və buna baxmayaraq, yuvadan rahatlıqla işləyə bilirlər. Oxşarları müharibə dövrünə kimi meqapolis şəhərlərdə yaradıcılıqla məşğul olsa da, bəhs edilən dövrdə onlara daha çox dağlıq ərazilərdə rast gəlmək olardı və sairə.

Müharibə dövrü onların ən parlaq dövrü oldu. Bu dövrdən məharətlə istifadə edən blogerlər, əslində, burada izləyicilərinin şüuraltına yeridir ki, “əziz izləyicilərim, mən buralara sizə görə gəlmişəm. Məni ayaqda tutan sizlərsiniz. Həmişə arzum olub ki, torpaqlarımız azad olunsun və mən bura gəlib məhz “vloq” çəkim”.

Hə, məhz “vloq” çəkmək üçün.

Nəzərə almaq lazımdır ki, 600 min izləyicisi olan bir blogerin çəkdiyi videoya 40 min “layk” gəlirsə, bu o demək deyil ki, 560 min izləyici bu videonu bəyənmir və ya sadəcə paxıllıqlarından “layk” etmir. Ola bilər ki, bot izləyicilərdir, ola bilər ki, həmin şəkil izləyicilərinin sadəcə 5 faizinin qarşısına çıxıb, amma qətiyyən ola bilməz ki, 560 min nəfər həmin şəkli bəyənmədiyi üçün “layk” qoymamış olsun. Hə, əgər “dislayk” düyməsi olsaydı, bax, bu, başqa məsələ...

# 2637 dəfə oxunub

Müəllifin son yazıları

# # #