Əsəd Cahangir: “Aqşin oğrudur, Seymur isə yazıçı deyil” MÜSAHİBƏ

Əsəd Cahangir: “Aqşin oğrudur, Seymur isə yazıçı deyil”  <span style="color:red;">MÜSAHİBƏ
28 aprel 2014
# 08:00

Kulis.az tənqidçi Əsəd Cahangirlə müsahibəni təqdim edir.

Ağa Cəfərli: - Əsəd bəy, “Kim yatmış, kim oyaq?” kitabınızdakı “Əsəd hardadır?” adlı ilk essedə qloballaşma və ədəbiyyat mövzusunda çox ciddi fikirlərlə rastlaşırıq. Gənclərə dövlətin qayğı və diqqət göstərməsinin vacibliyi barədə maraqlı təkliflər də var. Ancaq yazının bir yerində sanki birdən-birə AYB-nin bəyanatı peyda olur. “Bəyanat”da gəncləri yıxıb-sürüyürsünüz. Biz AYB-nin belə bəyanatlarını çox görmüşük. Bunun “AYB bəyanatı” olduğunu həm də ondan bilirik ki, bu hissə yazının ümumi ruhuna uyğun gəlmir...

- Sizin kitabda qeyd etdiyiniz yer mənim AYB ilə fikirlərimin üst-üstə düşdüyü məqamdır. Amma bu o demək deyil ki, o hissə AYB-nin bəyanatıdır. Mən bu sözləri məhz AYB üzvü olduğum üçün demirəm, sadəcə, mənim fikrim belədir. İndi AYB üzvüyəm deyə özümü orijinal göstərmək üçün hökmən anti-AYB-çi mövqe tuta bilmərəm ki... Mən belə saxta, bayağı orijinallığın həmişə əleyhinə olmuşam. Orda da nə düşünürəmsə, onu deyirəm. O tərəflə də, bu tərəflə də bəzi məqamlarda fikirlərim üst-üstə düşür, bəzi məqamlarda isə yox. O yazıda əsas məqamlardan biri də məhz qızıl ortanı tutmaq məsələsidir. “Arşın mal alan” filmində Gülçöhrənin dediyi kimi, ata, həm sən deyən oldu, həm də mən deyən. Bizə indi parçalayan yox, birləşdirən məqamları tapmaq lazımdır. Mən qeyd etdiyiniz yazıda ortaq nöqtəni tapmağa çalışmış və məncə, buna nail olmuşam.

A.C.: - Məhz həmin hissədə qızıl orta məsələsi yoxdur...

- “Əsəd haradadır?” mənim kitabımın prelüdiyası, fəlsəfi, estetik, ideoloji girişidir. Müasir Azərbaycan yazıçısı hansı fəlsəfi, ideoloji, estetik platformada durmalıdır sualına cavab verməyə çalışmışam burda, yəni bu, konseptual yazıdır. Mən harda dayandığımı konkret bəyan etmiş və sonra orda qoyulan mövqedən o biri yazılara keçmişəm. Bu AYB-nin yox, mənim öz fərdi bəyanatımdır. Əgər siz hesab edirsinizsə ki, orda qızıl orta yoxdur, bircə şeylə özümə təsəlli verə bilərəm - demək, bir oxucu ilə kontaktım alınmayıb. Çünki siz bu yazıdan narazı qalan ilk adamsınız.

A.C.: - Yazırsınız ki, AYB ədəbi-bədii fikrin istiqamətləndirilməsinin yeganə qarantı olmalıdır. Sizcə bu totalitar düşüncə tərzi deyil?

- AYB-nin bu yaxınlarda 80 illik yubileyi olacaq. Təşkilatın iki min nəfərə yaxın üzvü var. Onun başında çoxillik idarəetmə təcrübəsinə malik adamlar, xüsusən də nüfuzu bütün ümumtürk kontekstində etiraf olunan Anar müəllim kimi şəxs durur. Bu təşkilat dövlət tərəfindən maliyyə dəstəyi var, yəni dövlətin ona etimadı var. Bir də var ki, heç bir idarəetmə səriştəsi, kifayət qədər ədəbi savadı və həyat təcrübəsi olmayan, nə estetik, nə də ideoloji cəhətdən formalaşmamış gənclər və onların hətta rəsmi qeydiyyatdan belə keçməyən, vur-tut on-on beş üzvü olan təşkilatı. Onların, əlbəttə ki, səhvə yol vermək ehtimalı daha çoxdur. Amma, məncə, AYB nə ideoloji, nə də ədəbi-estetik platforma yönündən səhvə yol verməməli, səhvə yol verənləri də islah etməli, cavanların yanlışlarını düzəltməlidir. Mən demirəm ki, AYB bunu zor gücünə etməlidir. Bu işləri görmək AYB-nin missiyasıdır.

Şərif Ağayar: - Demokratik cəmiyyətdə plüralizm, çoxfikirlilik əsas götürülür. Siz niyə çoxlu ədəbi qurumların, dərgilərin, sağlam rəqabətin olmasını istəmirsiz?

- Mən demirəm ki, sağlam rəqabət olmasın. Elə rəqabət olsun deyə bu fikirləri deyirəm. Mən də belə düşünürəm. Dediyiniz o çoxlu fikirlərdən biri də mənimki ola bilməzmi? Yəni, məncə, daha köklü, qat-qat təcrübəli təşkilat kimi bu məsələdə əsas məsuliyyət AYB-nin üzərinə düşür. Sitat gətirdiyiniz yazıda da AYB-nin monopoliyasından yox, onun üzərinə düşən yükün ağırlığından danışmışam. Əgər heç kəs bu yükü çiyninə almasa, yaxın bir neçə ilə cavanlar arasından neçə-neçə əkrəmciklər meydana çıxa bilər. Bu sözləri qeyd etdiyiniz məqalədə hələ Əkrəm Əylislinin romanı üzə çıxmamışdan on il əvvəl yazmışdım. İndi isə ehtimal kimi yox, təəssüf ki, konkret faktdan çıxış edib deyirəm – yaxın illərdə neçə-neçə “çaş yuxular” yazıla bilər, kütləvi daşnaklaşma meyli ədəbiyyatı bürüyə bilər. Və bu, Qarabağ məğlubiyyətindən də dəhşətli bir şey olacaq. Corc Oruell deyirdi ki, indi gələcəyə dair ancaq bəd xəbərlər gəlir. Çox arzu edirəm ki, bu proqnozum yanlış çıxaydı. Ədəbiyyatımızın əkrəmciklərə yox, ülvi bünyadzadələrə, nizami aydınlara, mübariz ibrahimovlara ehtiyacı var.

Ş.A.: - Doğrudanmı, belə hesab edirsiniz ki, siz deyənlər ədəbiyyatın bir əldən idarə olunması demək deyil?

- Mən öz fikirlərimi kifayət qədər aydın şəkildə açıqladım, siz isə eyni sualı müxtəlif variasiyalarda təkrar edir, nəyin bahasına olur-olsun öz həqiqətinizin yeganəliyinə israr edirsiniz. Məncə, bunun özündə bir monopoliyaçılıq var.

Ş.A.: - AYB-nin missiyası-filan haqqında danışırsız, amma yəqin özünüz də etiraf edərsiniz ki, sizin özünüzün tanınmağınız, qəbul olunmağınız yeni ədəbi dalğa ilə bağlı oldu. Yenilikçilərdən yazdıqlarınız ciddiyə alındı...

- Mən özüm də elə o dalğanın üstündə gəlmişəm ədəbiyyata və ədəbi müxalifətin təmsilçilərinə özəl bir nifrətim-filanım ola bilməz. Bir az bayağı patriotizm kimi səslənsə də, deyim ki, onlar mənim xalqımın balalarıdır və bu, onlara sayğıyla yanaşmağım üçün kifayətdir. Mən iki il Avropanın göbəyində, qürbət ölkədə yaşamışam. Və bu sözlərimi ancaq o adamlar başa düşə bilər ki, heç olmasa, bircə ay qürbətdə yaşasın və yad ellərin nə demək olduğunu canıyla duysun. Məsələn, məncə, Murad Köhnəqala artıq bunu bilir. Amma bu o demək deyil ki, xalqımın pisinə də yaxşı deməliyəm. Ədəbi müxalifətdə olan adamlardan kifayət qədər yazmışam. Bu yazılar daha çox ədəbi müxalifət düşərgəsinin adamları üçün maraq doğurur. Başqa düşərgənin adamlarından yazdığım yazılar da o düşərgənin adamları üçün maraqlıdır. Bu düşərgələr arasında lazımı rabitə olmadığından tərəflərdən biri qarşı tərəfin yazılara olan reaksiyasını tam bilmir. Bunu ən yaxşı mən bilirəm. Cavanlar enerjilidir, internetə çıxışları var, onlar haqqında yazdıqlarımı dərhal ictimailəşdirirlər. Reaksiyalar çox olur, üç-beş günlük qalmaqal həddinə gəlib çıxır bəzən. O biri düşərgədən yazdığım yazılar daha çox çevrənin adamları çərçivəsində qalır. Amma bu yazılara münasibətlər tədricən və başqa formalarda özünü büruzə verir. Məsələn, nəsrlə bağlı dəyirmi masada tənqidçi Vaqif Yusifli gənclərin romançlıq cəhdlərini “romana parodiya” adlandırmışdı və gənclər məhz bu fikrə reaksiya verdilər. Halbuki, o müzakirədə nəsrlə bağlı nə qədər sözlər deyilmişdi. Onlara önəm verən isə gənclər yox, Anar müəllim oldu, özünün “Roman və zaman” məqaləsi ilə. Bu onu göstərir ki, gənclər ədəbiyyat deyəndə yalnız öz dar çevrələrini nəzərdə tuturlar.

Ş.A.: - Sizin yazılarınızdan birində Aqşin və Pərvizin yazdıqları ilə bağlı çox böyük qəzəb, aqressiya vardı. Sanki bu adamlar kitab yazmayıb da, oğurluq ediblər.

- Oğurluq etməyinə edirlər, amma mənim, sizin təbirinizlə desəm, “aqressiyam” sadəcə buna görə deyildi. Məsələn, Aqşinin romanında on il qabaq Həmiddən çayxanada eşitdiyim nə qədər fikirlər vardı, üstəlik, Həmidi ələ salır. Yaxud bu günlərdə dərc olunan son şeirinin son akkordunu Salama məxsus təşbehlə vurur. Mənim o adamlara qarşı aqressiyam yox, etirazım var idi.

Özü də bu, təkcə adını çəkdiyiniz adamlarla, onların kitablarına qarşı deyildi. Məni ayrı-ayrı şəxslər yox, ümumi tendensiya maraqlandırır. Ümumən ədəbi mühiti bürümüş iddia ilə imkan arasındakı dəhşətli uyğunsuzluğa, bayağılığa etirazım vardı: biz belə eləyərik, biz elə eləyərik, biz dünyanın altını üstünə çevirəcəyik, Nizami sxematik didaktizmdir, Füzuli niyə Nitseçilik eləmir, muğam yuxu gətirir, Koroğlu niyə beş qazan aş yeyir, Axundov özfəaliyyətdir, Mirzə Cəlil primitivdir, Səməd Vurğun savadsızdır, Rəsul Pza Nazim Hikməti təqlid edib, Anar niyə Folkner deyil, Elçin niyə Nobel ala bilmədi, Afaq Məsud Kafka xaladı və sair və sair. Bunlar adama Con Patrikin “Qəribə missis Sevic” pyesinin “psixuşka”da yaşayan personajlarından biri olan Missis Peddinin sayıqlamalarını xatırladır: metrodan, polisdən, xardaldan, duzdan, elektrik düyməsindən, mən nə bilim daha nələrdən, bir sözlə, hər şeydən zəhləm gedir. Bu “zəhləmgedir”lərə qarşı uzun illərdən bəri üst-üstə yığılan etirazım gəldi o yazılarda üzə çıxdı. Bəs bu qədər iddianın qabağında sənin yazdığın nədir? Mən o yazılarda bunu demək istəmişdim. Narazı qaldığım ikinci məqam ədəbi fakta siyasi rakursdan qiymət verilməsi idi. Məhz bu cür siyasiləşdirmə hesabına Pərvizin romanını müsabiqədə birinci yerə çıxardılar. Halbuki, o mükafatı almağa daha çox haqqı çatan əsərlər vardı.

A.C. : - Kimdir Pərvizdən daha çox haqqı çatan?

- Əgər o yarışdan söz gedirsə, Məqsəd Nur. Mən demirəm ki, Məqsədin romanı idealdır, ancaq insaf da dinin yarısıdır axı. Adam müxalifətçidir, iqtidara qarşı sərt fikir ortaya qoyur deyə qalib etmək neobolşevizmdir. Lunaçarski, Çiçerin, Stalin, Buxarin kimi bolşeviklər ədəbiyyata bu cür yanaşırdılar. Ən paradoksalı isə buydu ki, Məqsədin romanı, əslində, Pərvizin romanından qat-qat cəsarətlə yazılmışdı. Sadəcə, o, publisist kimi açıq yox, yazıçı kimi obrazlı yazmışdı. Jüri bunun mahiyyətinə vara bilməmişdi. Məni narazı salan həm də Pərvizin kitabının annotasiyası və arxa qapağındakı reklamın ifrat eqoizmi idi. Guya onun “Öləngi” romanı böyük rezonans doğurub, Azərbaycan romançılığının inkişafına yön verib, guya “Yad dildə” stolüstü kitaba çevriləcək və sair və sair. Bəs, niyə çevrilmədi? “Öləngi”ni də oxumuşam, heç bir rezonans-filan da doğurmayıb. Bu qədər ağ yalanlar kimə və nəyə lazımdır?

Ş.A.: - Biz burda əsəri analiz etmirik. Sizin mövqeyinizdəki qaranlıq məqamlara işıq salmağa çalışırıq.

- Amma o qaranlıq məqamlara işıq salınması məhz əsərlərin analizini tələb edir. Çünki biz adamları yox, əsərləri çözürük. Adama da əsərə görə münasibət bəsləyirik. Məncə, insanın iddiası ilə imkanları arasında uçurum olmamalı, o, bu dərəcədə eyforiyaya qapılmamalıdır. Lap, tutaq ki, insan özü bir yalana inanıb, bəs cəmiyyətə nə olub? Professor, prezidentliyə sabiq namizəd, tariximizi, ədəbiyyatımızı gözəl bilən bir adam olan Cəmil Həsənli bir jüri kimi bu cür siyasi xalturaya gedirsə, deməyə söz qalmır. O, özü etiraf etmişdi ki, mən Pərvizə siyasi mövqeyinə görə səs verdim, əsər birinci yerə layiq deyil. İqtidar bir tərəfdən, müxalifət də bir tərəfdən ədəbiyyatı siyasiləşdirsə, onda ədəbiyyat nəyə çevriləcək? Bizim yazıçılarımız olacaq neosovet yazıçıları.

Ş.A.: - Deyirsiniz ki, əks düşərgədə olanlardan ictimai şüura təsir edəcək əsər olmadı. Bəs illərdir büdcədən kifayət qədər vəsait alan AYB-dən kim çıxdı ortaya? Kim belə bir əsər yazdı?

- Müstəqillik illərini nəzərdə tutursunuzsa, Sabir Əhmədlnin “Kef” romanı, Anarın “Otel otağı”, “Ağ qoç, qara qoç”, Elçinin “Bayraqdar”, Azər Abdullanın “Qəmərlidən keçən qatar” povestinin, Afaq Məsudun “Azadlıq”, Kamal Abdullanın “Unutmağa kimsə yox”, Kamil Əfsəroğlunun “İt qanı”, Eyvaz Zeynalovun “Qisas” romanlarının, Aslan Quliyevin “Rusiyadan gələn qardaş”, Mübariz Cəfərlinin “Rəqqas”, Pərvinin “Balerina” povestlərinin adını çəkmək olar.

Təəssüf ki, indi ədəbiyyatın şou dövrü gəlib. Bizim gənclər də yaxşı əsərlər yazmaq haqqında düşünməkdənsə, şou ilə məşğuldurlar. Onları qınamıram əslində, çünki istedadları ora qədərdir. Ancaq ciddi potensial vəd edənlərini qınayıram. Məsələn, Cavid Zeynallını qınayıram. Ciddi nəsr potensialı var, amma hesab etmirəm ki, belə ucuz şöhrət dalınca qaçmalıdır. Yeni Əlibala Hacızadə, yaxud Salam Qədirzadəyə ehtiyac yoxdur.

Ş.A.: - Vaxtilə tənqidçi kimi sizə çox inanırdılar. Amma bu inam indi sarsılıb sanki...

- Belinskinin bir sözü var, deyir, insanın yaşı artdıqca onu başa düşənlərin çevrəsi daralır və axırda o, tək qalır. Əlliyə yaxın yaşım var, ilk yazımın dərcindən iyirmi ildən çox keçir və bu qərara gəlmişəm ki, ədəbiyyat hamını itirə-itirə getmək deməkdir. Ümumiyyətlə, ictimai rəy həmişə bayağı olur. Birdən səni çox şişirdirlər, birdən də haqsız yerə tənqid edirlər. Ona görə bu məsələdə mən ekzistensialistəm, düşünürəm ki, bir həqiqət var, o da insanın daxili həqiqətidir. Sartrın “Divar” hekayəsinin qəhrəmanı yalnız özü bilir ki, həqiqət hardadır, nə faşistlər bunu bilir, nə də müqavimət hərəkatı üzvləri. Buna görə hekayənin finalında o, ironik qəh-qəhəylə gülür. İnsanla başqaları arasında həmişə bir divar olur. Başqaları onun üçün bir cəhənnəmdir. Əsas odur ki, özün özünə inanasan.

A.C.: - Yazırsınız ki, yazıçı öz qələmini istər hərbi, istər siyasi, istərsə də ideoloji cəhətdən xarici düşmənlərə qarşı yönəltməlidir. Və bu yazdığınız yazıçının siyasiləşməsi ilə bağlı indi səsləndirdiyiniz fikirlərlə ziddiyyət təşkil etmirmi?

- Məncə, yox. Çünki siyasiləşmə bir şeydir, dövlətçilik başqa şey. Məsələn, mən özümü dövlətçi sayıram, amma nə müxalifətçi, nə də iqtidarçıyam. Tomas Mann, Remark, Feyxtvanger, Zegers, Heminquey antifaşist əsərlər yazırdılar. Amma bu onların siyasiləşməsi deyildi. Bizim dövrün faşizmi də erməni daşnakçılığıdır. Gəlin məsələləri ayıq başla saf-çürük edək. Yazıçı azadlığı-filan, bu qəbil şüarlar bizi çaşdırmasın. Məsələlərə qlobal yanaşaq, dünyadan baxaq. Görək, axı Əkrəm Əylisinin yazdığı son roman nəyə xidmət edir? Orxan Pamuk, Xalid Hüseyni, Salman Rüşdinin yazdıqları son nəticədə nə üçündür? Den Braun “Da Vinçi kod”unu nə üçün yazıb? Kim onları dəstəkləyir, reklam edir? Doğrudan, yəni Əkrəm Əylislini dəstəkləyənlər bilmirlər ki, bu qazanın qapağı altda nələr qaynayır? Mən buna təəccüb edirəm.

Ş.A.: - Belə çıxır ki, bizim Xudayar bəylə problemimiz yoxdur, ancaq xarici düşmənlərə yönəlməliyik?

- Mən “Leyli-Məcnun”dan danışıram, siz isə “Şah İsmayıl”dan. Mən demək istəyirəm ki, dünya müəyyən qüvvələr tərəfindən idarə olunur: siyasi baxımdan, iqtisadi baxımdan, o cümlədən də, ədəbi baxımdan. Saxta ədəbiyyat fiqurları yaradıb bizim qarşımıza nümunə kimi qoyurlar. Biz də eyforiyaya qapılıb onları təbliğ edirik. Bilmirik ki, bu gedişatın arxasında hansı əl bizi saplarla idarə edir. Kimsə deyirsə ki, ədəbiyyat azaddır və idarə olunmur, o, saxtakar və riyakardır.

A.C.: - Azər Abdulla ilə bağlı maraqlı fikirləriniz var. Azərbaycanlı-erməni münaqişəsinə kifayət qədər obyektiv yanaşdığını vurğulamısınız. Amma çox qəribədir ki, məqalələrinizdə azərbaycanlı-erməni münasibətlərinə ədalətli yanaşan yazıçı kimi vəzifəsi olan Elçinin adını çəkirsiz, amma heç bir vəzifəsi olmayan Azər Abdulla yaddan çıxır.

- Mənim başım axı kompüter deyil ki, yazı yazanda işarəni tıklayam və bütün yaddaşımı ora köçürəm. Görünür, sizin nəzərdə tutduğunuz yazını yazanda Azər Abdulla yox, Elçin yadıma düşüb.

Ş.A.: - Olsun, amma necə olur ki, Elçin dərhal yada düşür, ancaq Azər Abdulla yox? Elçinin adı deyəsən sizdə “Raboçiy stol”dadı...

- Məncə, bir az da siz yaddaşsızlıq göstərirsiniz. Çünki Azər Abdullanın adını çəkdiyim onlarla məqaləm, müsahibəm var. Bəzən bunu bilərəkdən - oxucu diqqətini onun bu və digər əsərinə yönəltmək üçün eləmişəm. Ümumiyyətlə, Azər müəllimə böyük hörmətim var. Müasir ruhlu, Avropa tipli adamdır. Əsərlərində ciddi problemlər qoyur, yazmaq xətrinə yazmır, ən başlıcası isə Stendaldan üzü bəri gələn obyektiv yazıçı mövqeyində dura bilir. Baxın, Əkrəm Əylisli erməni-azərbaycan məsələsinə necə birtərəfli baxır, Azər müəllim “Qəmərlidən keçən qatar” povesti, yaxud “Sarı tağ” romanında eyni problemə necə obyektiv rakursdan yanaşır. Bu, qıl körpünün üstüylə yerimək kimi çətin bir işdir. Onun “Gül yağışı” hekayəsi son 30 ildə oxuduğum sadəcə hekayə yox, bəlkə də ümumən bədii ədəbiyyat nümunələri arasında psixikama, dünyagörüşümə ən ciddi təsir edən əsərlərdən biridir. Qəbir əzabından bəhs edən bu hekayəni oxuyub Azər müəllimdən soruşdum ki, siz bəyəm bir dəfə ölüb-dirilmisiniz? Gülüb dedi ki, yox, nə var ki? Dedim, bəs onda bu hekayəni necə yazmısınız? Onun Anar, Əbülfəz Elçibəy və digərlərinə həsr etdiyi portret oçerklər bu janrın Azərbaycan ədəbiyyatında, yəqin ki, ən maraqlı nümunələridir. Amma sizinlə bir məsələdə razıyam ki, Azər müəllim haqqında ayrıca yazı yazmamışam. Allah qismət eləsə, gələcəkdə bu arzumu reallaşdıracam.

Ş.A.: - Niyə sizin yazılarınızda Anarla, Elçinlə bağlı ciddi tənqidi məqamlara rast gəlmək olmur? Onların yaradıcılığında hər şey ideal səviyyədədir?

- Bir dəfə “Bizi bağışlayın” filmindən danışırdıq, rəhmətlik Həsən Məmmədov mənə dedi ki, bizim tamaşaçılar filmə baxmağı bacarmırlar. Bu sözü oxuculara da aid etmək olar. Onlar tənqid deyəndə yıxıb sürüməyi nəzərdə tuturlar. Anar haqqında “Platondan Anara qədər” adlı məqalə yazmışam...

Ş.A.: - Məqalənin adından görünür ki, sərt tənqid etmisiz...

- Mənə elə gəlir ki, orda razılaşdığım və razılaşmadığım məqamları kifayət qədər aydın ifadə eləmişəm. Elçin haqqındakı yazım yubiley yazısı olduğundan orda məntiqlə tənqidə ümumən yer olmamalıydı. Amma hətta o yazıda da polemik məqamlar az deyildi. Bunun üçün təkcə yazının adına baxmaq yetərlidir. Elçin “Ədəbi düşüncələr” yazmışdı, mən isə ona həsr etdiyim yazını “Əbədi düşüncələr” adlandırmışdım. Yəni təkcə elə yazının adıyla demək istəmişdim ki, əbədiyyət ədəbiyyatdan qat-qat ciddidir. Demək istəmişdim ki, Elçin müəllim, sizin geniş mütaliəniz, zəngin yaradıcılığınız var, amma elə rakurs var ki, ordan baxanda bütün bunlar efemer, fani görünür. Bircə hərfin yerini dəyişməklə hər şeyi baş-ayaq çevirmək olar. O şeylərin ardınca qoşmalıyıq ki, ölüm onları bizdən ala bilməsin. Siz yazını diqqətlə oxumamısınız.

A.C.: - Oxumuşuq, hətta orada Elçini anoloqu olmayan yazıçı kimi dəyərləndirmisiniz. Və hətta belə güman etdik ki, bunu yazmaqla Anar müəllimin xətrinə dəymisiniz...

- Mən orda Elçini psixoloji komplekslərin əksi baxımından Azərbaycan nəsrində anoloqu olmayan yazıçı adlandırmışdım. İndi də bu fikrimdə qalıram. Məncə, bu yöndən onunla bir yazıçı – Afaq Məsud müqayisə oluna bilər. Anarın isə başqa üstünlükləri var. Məsələn, doğurduğu rezonansın miqyasına, özündən sonrakı ədəbiyyata təsirinə görə, onun “Beşmərtəbıli evin altıncı mərtəbəsi”nin romanlarımız arasında anoloqu yoxdur. Yəni hərə bir cəhətinə görə başqalarından üstün olur. Bütün üstünlükləri Allah yığıb bir adama vermir. Məncə, Anar müəllim bunu qəbul edəcək qədər böyük ürəyə malikdir. Ona görə nahaq narahat olursan, o bundan inciməz.

Ş.A.: - Siz bayaq qızıl ortadan danışdınız. Amma sizin jurnalı - “Körpü”nü bağladılar. Deyəsən dediyiniz o “Qızıl orta” heç kimə lazım deyil...

- Anar müəllim ötən qurultaydan sonrakı plenumda bu jurnalın redaktorluğunu mənə təklif elədi, mən də bu təklifi qəbul etdim. Beş-altı sayını buraxdım da! Əksəriyyət bəyənirdi jurnalı. Günün bu günündə hamı sözləşibmiş kimi “Körpü”nü tərifləyir, onun bağlanmasına təəssüfünü bildirir. Əslində, isə o iş qətiyyən ürəyimcə deyildi. Jurnalın ayrıca otağı, işçiləri, maaş cədvəli yoxuydu. Hiss edirdim ki, jurnal Yazıçılar Birliyinin belində əlavə yükdür. Mən isə kiməsə yük olmağı sevmirəm. Jurnalın bağlanmasının əsas səbəbi bu idi. Qalan şeylər zahiri amillərdir.

Ş.A.: - Müstəqil fəaliyyət göstərən tənqidçi olmaq keçirmi ürəyinizdən?

- Rusiyada tənqidçilərin ayrıca gildiyası var. Və onların bəziləri elə sən deyən kimi fəaliyyət göstərirlər. Elxan Qaraqanın sözü olmasın, bunun üçün gərək mənim 1 milyon dollar pulum olsun. Ofisim olsun, jurnal buraxım, istedadlı gəncləri ora yığıb, müstəqil ədəbiyyat siyasəti aparım, mükafatlar təsis edim. Onda görərlər ki, tənqid necə olur və jurnal necə çıxır. Amma təəssüf ki, bu sadəcə bir arzudur və möcüzə baş verməsə, yəqin, arzu olaraq qalacaq. Mən özümdə bütün ədəbiyyatı dirçəltməyə güc də, həvəs də hiss edirəm. Amma Yevgeni Bazarovun sözü olmasın, uşaqlar var, şərait yoxdur!

Ş.A.: - Azərbaycanda yaranan bədii mətnlər niyə dünya səviyyəsinə çıxa bilmir?

- Lətifəsi sizdən uzaq, təlxək Kral Lirdən soruşur ki, Yeddi Qardaş ulduzuna niyə Yeddi Qardaş ulduzu deyirlər. Kral deyir, ona görə ki, orda səkkiz yox, yeddi ulduz var. Sizin sualınızın cavabı da elə bu sualın özündədir. Qəşəm Nəcəfzadə Hollandiyaya qədər gedib çıxdı, yaxud Səlim Babullaoğlu Türkiyədə çap olundu. Eləcə də başqaları. Hər il Azərbaycan yazıçı-şairlərinin əsərlərindən ibarət almanaxlar dərc olunur. Amma dünya çapına çıxmaq hələ dünya səviyyəsinə çıxmaq deyil. Vaxtilə dünya səviyyəsinə çıxan əsərlərimiz olsa da, qapalı SSRİ mədəniyyəti şəraitində bunu isbatlaya bilməmişik. Anarın “Mən, sən, o, telefon” hekayəsi 30 dilə çevrilib. Rusiyada, Türkiyədə, Misridə, Amerikada bu hekayə əsasında filmlər çəkilib. Amma bəzən filmlərin titrlərində heç hekayənin müəllifinin adı belə çəkilməyib. Bəzən dil baryeri bizə mane olur. İsa Muğannanın “İdeal”ı iyirminci əsr dünya ədəbiyyatının şedevridir. Amma nə olsun, Azərbaycan türkcəsinin dil oyunları üstündə qurulan bu əsəri başqa dilə necə çevirəsən? Azərbaycanın ərazicə və əhalisinin sayına görə balaca ölkə olması, dünya siyasi mənzərəsində xüsusi önəm kəsb etməməsinin də bu işdə rolu var. Bir də vacib səbəb odur ki, Azərbaycan yazıçısı dünyanın dilini bilmir, həm sözün birbaşa, həm də məcazi mənasında.

A.C.: - Günel Anarqızının “Altıncı” povesti haqqında yüngülvarı tənqidi qeydləriniz var. Anar müəllim buna görə sizdən narazı qalmadı ki?

- Belə başa düşdüm ki, siz Anar müəllimi yaxşı tanımırsınız. O, ümumən, tənqidə dözümlü adamdır, amma təhqiri qəbul etmir. Bu da təbiidir. Kim qəbul edir ki? Təəssüf ki, gənclər təhqirlə tənqidi qarışdırırlar. Kimsə “Anarın yazdığı inşadır”, “Anar Azərbaycan kinosunu pis günə qoyub” yazırsa, bu, artıq tənqid yox, təhqirdir.

“Altıncı” haqqında yazdığım yazıyla Anar müəllimlə ötəri bir söhbətimiz oldu. Ümumən razılığını bildirdi, müəyyən məsələlərdə razılaşmadığını qeyd etdi.

A.C.: - “Altıncı” haqqında yazdığınız yazıda çox dəqiq bir fikir var, məncə, bu faktdır əslində. Deyirsiniz ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” ilə “Altıncı” sanki bir nəfərin qələmindən çıxıb.

- Bu, bir oxucu kimi sizin çıxardığınız nəticədir. Mən bu sözləri bu iki əsər arasındakı ruhi-mənəvi və üslubi doğmalıq mənasında yazmışdım. Siz isə fikrimi hərfi mənada qəbul etmisiniz.

A.C.: - Elçin haqqında yazınızda onun “Pera Palas” hekayəsinin “Fosforlu Cevriyyə” və “Otel otağı” ilə səsləşdiyini yazmısınız. Necə düşünürsünüz, “Pera Palas” bu əsərlərin təsiri altında yazılıb?

- Mən bu səsləşməni təsir yox, analogiya hesab edirəm.

A.C.: - Afaq Məsud haqqında da yazı yazmısınız. Bu baxımdan maraqlıdır, Seymur Baycanın bu günlərdə Afaq xanım haqqında dediyi “moltanı ədəbiyyat” yaratmaqda ittihamına münasibətiniz necədir?

- Seymur özünü yazıçı kimi təsdiq edəndən sonra onun fikirlərini müzakirə predmetinə çevirərik.

A.C. - Bəyənmədiyiniz Əkrəm Əylislinin “Gilənar çiçəyinə dediklərim” əsərində bir obraz var - Qələndər... Biz Qələndərlə sizin taleyiniz aranızda bir oxşarlıq görürük. Amma məsələ ondadır ki, Qələndər öz Anarından qaça bilir, siz yox...

- Həqiqətən də Qələndərin başına gələnlər mənim də başıma gəlib. Amma qaçmaq məsələsində yanılırsınız, Azərbaycanda mənə qiymət verən yeganə adam elə Anardır.

# 7061 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #