"Pinoçet" – Aydın Talıbzadədən YENİ HEKAYƏ

"Pinoçet" – Aydın Talıbzadədən <span style="color:red;">YENİ HEKAYƏ
17 may 2016
# 20:00

Kulis.Az Aydın Talıbzadənin “Pinoçet” hekayəsini təqdim edir.

Mən daha yatmıram. Aylarcadır yatmıram. Qulyabanı kimi elə otururam. Yox, hərdən mürgüləyirəm üç dəqiqə, bəlkə beş dəqiqə. Gözlərimi yumuram, bir damcı yuxulayıram. Amma birdən kipriklərim öz-özünə qəfil ayrılır: ayılıram.

Adam ayılanda ayrılır: ayrılanda ayılırsan.

Ayılan kimi xof basır məni, gözlərim bərəlir, dörd olur.

Hər gün... hər gün... hər gün yatmaqdan qorxuram.

Hər gün... hər gün... hər gün ayrılmaqdan qorxuram.

Hər gün... hər gün... hər gün ayılmaqdan qorxuram.

Qorxuram gələrlər.

Gəlsələr, mən daha sağ qurtulmayacağam. Ona görə ayılan kimi qaçıb hamamda yuxumu qaçırdıram, yuyunuram, yuyunuram, yuyunuram, sonra qayıdıram.

Qayıdıb görürəm bir neçəsi gəlib.

Hamısını öldürürəm.

Onlar hər yerdən gəlirlər, axışıb gəlirlər: televizordan gəlirlər, bilgisayardan gəlirlər, dinamiklərdən gəlirlər. Elə ki sakitlik çökdü, qaranlıq oldu, həmən gəlirlər, qoşun-ləşkər kimi gəlirlər, bir-birinə zəncirlənib gəlirlər. O üzdən işıqları söndürmürəm, heç nəyi söndürmürəm. Hər şey yanır, televizor danışır, radio oxuyur, mən də gözlərimi tavana zilləyib qalıram, ya da marıtlayıb pərdələrə baxıram: baxıram görüm, pərdələr tərpənmir ki...

Evdə heç nə yemirəm, heç nə bişirmirəm, çay dəmləmirəm. Çörəyi də, bütün ərzaqları da buzdolabda saxlayıram. Ərzaq deyəndə ki, natural heç nə almıram. Nə alıramsa, hamısı paketdədir. Otaqları boşaltmışam, qab-qacağı tullamışam: hər şey birdəfəlikdir. Cəmi bir fincanım var. Onunla da ancaq su içirəm.

Fikir ver, yenə gəlirlər.

Əvvəllər işıqdan, sudan, səsdən çəkinirdilər. Daha çəkinmirlər, gəlirlər; gəlirlər adam yeməyə. Bəlkə heç özləri də bilmirlər ki, adam yeyirlər. Amma yeyirlər: nə düşdü qabaqlarına, yeyirlər. Paltarı da, rezini də yeyirlər. Əlimi uzadıb nə götürürəmsə – dəsmal, salfet, süfrə, yataq dəsti – arasında mütləq onlardan olur: bir az var kəşf eləmişəm ki, bu xırda zərif məxluqlar parfüm qoxuyan sabunları, şampunları, gelləri, lasyonları xoşlayırlar, pervolda yuyulmuş geyimləri xoşlayırlar: xoşladıqlarını da yeyirlər.

Gərək gecikməyəsən. Tutdun, əzəsən, öldürəsən. Geciksən, hər yana kut-kut, saqqal-saqqal yapışacaqlar. Sonra bacara bilməyəcəksən. Başlayacaqlar səni zəbt eləməyə. Zəbt eləyən kimi xımır-xımır yeyəcəklər.

Mən belə şey görməmişdim, eşitməmişdim.

Evliliyimizin üçüncü ili arvadım axırı ki hamilə qaldı. Sevindik. Onda onlar hələ təzə-təzə gəlirdilər. Vecimizə deyildi ki, gəlirlər. Gəlsinlər də: neyləyəcəklər ki?

Toz dənəciyi boyda idilər, bəlkə də bir cıqqılı böyük.

Oğlumuz olmuşdu: heç ağlayıb eləmirdi; südünü içdiyi yerdəcə yuxulayırdı. Körpəni beşikdə saxlayırdıq. Qədimi beşik idi: atamın ulu babası bunu qoz ağacından yonub düzəldibmiş və deyibmiş ki, nəslimin yalnız oğlan uşaqlarını orda yatızdırın: orda yatan padşah olar.

Biz də stul qoyub beşikdə uyuyan padşah oğlumuza məsum-məsum tamaşa eləyirdik.

Həftələr keçirdi və birdən hər şey adiləşdi, yorulduq: daha uşağın beşiyi başında əyləşmədik.

Onlar çoxalmışdılar.

Evi dərmanlayırdıq; olmurdu. Mütəxəssis çağırırdıq; əlac bula bilmirdi. Azalmaq əvəzinə, əksinə, artırdılar. Bacarmırdıq, güc çatmırdı hamısını öldürməyə: tozsorana yığıb bayıra tullayırdıq, qapı-pəncərəni bağlayırdıq, girirdik yorğan-döşəyə.

Bitib tükənmirdilər: haradansa elə hey axışıb gəlirdilər.

Bir gecə yenə yıxılıb yatdıq.

Səhər arvadımın qışqırığına ayıldım. Gördüm, çöməlib, beşiyi qucaqlayıb ağlayır. Hövlnak qalxdım yerimdən, atdım özümü beşiyə tərəf, arvadımı çəkdim kənara: onlar yüzminlərcə gəlib uşağın üstünə yığılmışdılar: gözümün önündəcə balamı yeyirdilər. Onları ovuc-ovuc xamçalayıb döşəməyə çırpmağa başladım, ayaqlarımın altına atıb tapdaladım. Azalmadılar. Mənə daraşdılar. Tez tozsoranı götürdüm: şəbəkəyə qoşduğum andaca ilan kimi ağzını açdı və birnəfəsə minini sümürüb saldı torbasına. Yavaş-yavaş seyrəldilər.

Körpənin üzünü, başının dərisini, burnunu, qulaqlarını tamamən yemişdilər, boğazını yemişdilər, bir də bələyi yemişdilər. Bədənini yeməyə macal tapmamışdılar: göbəyini didib yırtmışdılar.

Hər yerə zəng vurdum: töklüşüb gəldilər, baxdılar, fotolar çəkdilər, mat-məəttəl çıxıb getdilər: mənə tutarlı bir şey söyləmədilər. Təkcə bir nəfər bizdən aralananda öz işçisinin qulağına pıçıldadı ki, bunlar mutant qarışqalardır, “Pinoçet” məxfi proyekti üzrə evlərə göndərilir: heç kəs xilas ola bilməyəcək. Onlar qırılmırlar; yalnız qırırlar.

Uşağı götürüb məscidə apardım: kəfənləyib qaytardılar özümə.

Arvadımı xəbər almayın.

O, qeybə çəkildi.

Dedilər ki, mən evdə olmayanda guya darağını taxıb saçına, beşiyi də çevirib başına, dönüb şinəbuba, uçub gedib.

İndi tək yaşayıram.

Onlarsa gəlirlər. Məni yeməyə gəlirlər. Hər gün gəlirlər. Yorğan-döşəyimi artıq yarıya qədər yeyiblər. Amma mən mübarizəmi davam etdirirəm. Öldürürəm, tozsoranı əlimdən yerə qoymuram, hərdən də hirsimdən onları çimdik-çimdik götürüb atıram ağzıma, xırçıldadıb yeyirəm. Heç fərq eləmir: yenə gəlirlər, yenə çoxalırlar. Daha heydən düşmüşəm. Gec-tez məni də yeyəcəklər. Yatmağımı gözləyirlər: elə ki huşa getdim, məni hökmən yeyəcəklər. Dünən çeçələ barmağımdan başlamaq istəyirdilər. Dözmədim, bağıra-bağıra cumdum bayıra...

- Bəs paltarların hanı?

- Onlar yedilər.

- Küçə ilə çılpaq yüyürəndə utanmadın?

- Yox. Hamı mənə baxıb elə xoşbəxt-xoşbəxt gülümsünürdü ki...

- Sənin adın nədi?

- Pinoçet.

# 2801 dəfə oxunub

Oxşar xəbərlər

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər