Elçin İsgəndərzadə: “17 ölkənin prezidenti ilə dostam” MÜSAHİBƏ

Elçin İsgəndərzadə: “17 ölkənin prezidenti ilə dostam” <span style="color:red;">MÜSAHİBƏ
16 sentyabr 2014
# 08:30

Kulis.az bu gün 50 yaşı tamam olan şair, naşir, beynəlxalq aləmdə tanınmış elm xadimi, professor Elçin İsgəndərzadə ilə müsahibəni təqdim edir.

- 50 yaş... Əvvəlcə təbrik edirəm! Əhval necədir?

- Çox sağ ol. 50 önəmli rəqəmdir. Hər adama nəsib olmur bu yaş. 50-yəcən neçə dostumuzu itirdik... Ən azı fiziki olaraq önəmli bir məqamdır. Mən də Allahın verdiyi qabiliyyətə görə 50 yaş ərəfəsi özümə verdiyim hesabatda alnıaçıq, üzüağam. Onu da deyim ki, mənə görə doğum günü, ad günü xüsusilə son 20 ildə elə də əhəmiyyət daşımayıb. Sonuncu dəfə 1989-cu ildə Şuşada – Cıdır düzündə 25 yaşımı qeyd eləmişəm. Ondan sonra ad günlərimi qeyd etmirəm. Mənə görə doğum yeri yoxdursa, onun günü də yoxdur. Bir növü 50 yaşacan əldə etdiyim uğurları qoymağa yer tapmıram.

- Ailə içində də keçirməmisiz?

- Yox. Biz indi yaşadığımız evə köçəndə 40 yaşım tamam olurdu. Ailədən başqa iki yaxın dostum da yanımdaydı: mərhum şairimiz Adil Mirseyid və Oqtay Hacımusalı... Birdən Oqtay dedi ki, bu gün müəllimin ad günüdür. İnan, unutmuşdum. 16 sentyabr olduğunu yəni... Onda da Oqtayın sözünü kəsdim ki, qalsın. 45-i Şuşada qeyd eləyərik. O da qismət olmadı. 50-də də qismət deyilmiş.

- Üzeyir bəyin 50 yaş etirafını yəqin ki, bilirsiz...

- Hə... (Gülür) Məşədi İbad söhbəti...

- Özü 50-yə çatanda deyib, kişini nahaq incitmişəm, 50 elə də çox deyilmiş. Sizdə necədir?

- Yenə Şuşaya bağlıdır bu... Nə qədər Şuşa yoxdur, özümü qoca yox, əksinə, 17-18 yaşlı əsgər kimi hiss edirəm. Yaş nə qədər diktə etsə də, o gümrahlığı əldən vermək istəmirəm. O ki qaldı şəxsi fəaliyyətə, uğurlara... Vaqif Nəsib bu yaxınlarda mənim haqqımda bir yazı yazıb, orda şairləri ömrün güneyində və quzeyində doğulanlar deyə iki yerə bölüb. Əlavə edib ki, kənardan baxanlar elə bilir Elçin İsgəndərzadə ömrün güneyində doğulan taleli şairlərdəndir. Amma əsərlərini oxuyanda gördüm, yox, Elçin də Əli Kərim ki, Sərdar Əsəd kimi içini yeyib-tökən qələm sahibidir.

- Bəlkə elmlə məşğul olmağınız sizi xilas etdi? Ədəbiyyat maddi təminat baxımından “etibarsız” sahədir.

- 37 ildir ki, ədəbiyyatın içindəyəm. Lap dəqiq desəm, 1983-cü ildə Məmməd Araz “Azərbaycan gəncləri” qəzetində mənə “Uğurlu yol” yazıb şeirlərimi təqdim etmişdi. 31 il eləyir... Peşəkar ədəbiyyatla məşğul olmağım. Amma ondan xeyli əvvəldən yazmağa başlamışdım. O gündən indiyədək Məmməd Arazın, sözün yaxşı mənasında, Domokl qılıncını başım üzərində hiss etmişəm və edəcəm də! Məmməd müəllim sonralar həmin təqdimatın əsasında mənim “Müqəddəs görüş” kitabıma ön söz yazdı. Yubileylə bağlı dərc olunan beşcildliyimə də həmin yazını ön söz olaraq qoymuşam. Məmməd Arazın təqdimatı və ön sözündən sonra özüm-özümü ədəbiyyat adamı kimi qəbul elədim. Ola bilər ki, kənardan kiməsə alim kimi daha çox görünüm. Hər halda professoram, 47 ixtiram var, Avropanın fəxri alimi və əməkdar ixtiraçısıyam. Yeri gəlmişkən, Azərbaycanda öz sahəsi üzrə bu qədər ixtirası olan yeganə adamam. Nəyi anlatmaq istəyirəm? Kənardan alim kimi, ixtiraçı kimi, naşir kimi görünə bilərəm. Bəlkə də ən sonda şair deyirlər. Amma əslində belə deyil. ciddi oxuyanlar etiraf edirlər ki, öncə şairliyim gəlir.

2004-cü ildə “Çərçivəsiz rəsmlər” adlı kitabım çıxdı. Kitaba ön sözü Çingiz Əlioğlu yazmışdı. O, ön sözdə məndən bəhs edərkən çağdaş poeziyamızın fenomeni ifadəsini işlədib. Adil Mirseyid də ondan ilhamlanaraq “Hardan baxsan görünən adam” kitabını yazdı.

- Çingiz Əlioğlunun da “Çərçivəsiz” adlı kitabı var...

- Həə... (gülür). Adil Mirseyid deyirdi, həmişə şagird ustaddan götürmür, bəzən əksinə də olur (yenə gülür). Bir də zarafat edirdi ki, gərək Çingiz müəllim sənə patent ödəsin. Çingiz Əlioğlunun kitabı da çox maraqlıdır. Beynəlxalq müsabiqələrdə mükafat alıb.

- Görmüşəm. Nərdtaxtaya oxşayır... Çox yüksək poliqrafik keyfiyyəti var... Fenomen çox böyük sözdür...

- Bilirəm. Sadəcə, kitab dünyanın məşhur rəssamlarının yaradıcılığına həsr olunan avanqard poemalardan ibarət idi. Fenomen sözünü bu mənada – bənzəri, oxşarı olmayan mənasında işlətmişdi. Söz sözü çəkdi, mətləbdən uzaqlaşdıq. Uşaq vaxtı müəllim məndən soruşdu ki, kim olmaq istəyirsən? Dedim, Lomonosov! (gülür) Min-bir əziyyətlə də olsa, təxminən Lomonosov oldum. Böyük uğurlarım var. Elmdə də, naşirlik işində də və s. Yeganə insanam ki, həm texnika, həm də filologiya elmləri doktoru diplomum var. Yaxın elmlərə görə bu adı alanlar var. Amma həm texniki elmdə, həm filologiyada bu uğur yoxdur. Məndən soruşsalar ki, bütün bu uğurlarından vaz keç, inan səmimiyyətimə, asanlıqla keçərəm. Amma ədəbiyyatdan və şeirdən əsla! Bacarmaram! Əslində o biri uğurlarımın kökündə də şairliyim dayanır. Yəni, şairliyim alimliyimə daha çox kömək edib.

- İşin maddi tərəfi də var...

- Təbii. İkinci kursdan başlayaraq ixtiralarım olub. Tədqiqat sahəm maşınqayırmanın texnologiyasıdır. Arximedin, Qalileyin vaxtına baxma, indi elmi kəşflər çox vaxt qrup halında olur.

- İndi alma tək adamın başına düşmür...

- Ay sağ ol. (Gülür) Bəzən Nobel mükafatı da bir neçə alimə verilir. Mənim də bu cür müştərək ixtiralarım olub. Məsələn, biri Bakı Məişət Kondisionerlər zavodu üçün yeni ehtiyat hissələrinin hazırlanması idi. O vaxt SSRİ ilə Yaponiyanın arasında problem yaranmışdı və ehtiyat hissələr gəlmirdi. Nazirlər Kabinetinin qərarı ilə sovet alimlər bu problemi həll etməli idilər. Həmin elm adamlarının içində mən də vardım. Hətta bizim tapdıqlarımız yaponlarınkından ildə 1,2 milyon rubl effektli oldu.

- Sizinçün poeziyanın cazibəsi nədir axı belə? Bəlkə Əli Kərimə normal bir həyat versəydin, şeiri atıb gedərdi.

- Belə bir səmimi söhbət eləyək. Bax bu gün mənim, başqa yüksək vəzifə və ad-san sahiblərini demirəm, 17 ölkənin prezidenti ilə şəxsi münasibətim var. Onların hamısından daha artıq, məsələn, Əlisəmid Kürlə oturub pendir-çörək yemək daha xoşdur mənə.

- Hansı prezidentlərdir onlar? Sir deyilsə...

- Məsələn, Rauf Denktaş. O, dünyada daha bir ilkə imza ataraq, mənim kitabımı Kıprısda yayımladı və özü də ön söz yazdı. Türkiyənin 4 prezidenti ilə salam-kalamım olub: Süleyman Dəmirəl, Əhməd Necdət Sezər, Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan... Abdullah Güllə lap yaxın olmuşam. Ən azı on dəfə görüşmüşük. Daha sonra Bolqarıstanın prezidenti Georgi Pırvanovun tapşırığı ilə Bolqarıstanın Yazıçılar Birliyi kitabımı buraxdı və məni birliyə üzv qəbul etdi. G.Pırvanov kitabımın təqdimat mərasimini təşkil etdi, özü də tədbirə qatıldı və hardasa 5-6 dəqiqə yaradıcılığımdan danışdı. Makedoniyanın prezidenti məni 5 dəfə şeir axşamına dəvət edib və ailəvi tanış olmuşuq. Orda da kitabım çap olundu və ziyafət verildi. Sizə deyim, ölkə başçıları ilə ünsiyyətdə olmaq çox maraqlıdır. Hər adamın qismətinə düşmür. İndinin özündə də bu cür elmi-ədəbi tədbirlərə dəvət alıram. Şəxsi dəvətlər də olur.

- Daha hansı prezident dostlarınız var.

- Rəşad Məcid həmişə zarafatlaşır ki, prezident dostlarının sayı artmayıb hələ? (Gülür) Sizə də maraqlıdır deyəsən... Böyük adamların zövqü də fərqlidir. Məsələn, Suriya prezidenti Bəşər Əsəd mənə üstündə öz şəkli olan qızıl saat hədiyyə edib. Çox bahalı saatdır. Mən Suriya Yazarlar Birliyinin üzvüyəm. Ərəb Yazarlar Assambleyasını təşkil edən 18 ölkənin biri Suriyadır. Bu çərçivədə keçirilən tədbirlərin birində görüşmüşdük. Suriyanın mədəniyyət naziri Əli Akle Orsanla da dost idim. Suriya Yazarlar Birliyinin də üzvüyəm. Hardasa 16 ölkənin yazarlar birliyinin üzvüyəm: Rusiya, Qazaxıstan, Qırğızıstan, İran, İraq, Kosovo və s. Onu da qeyd edim ki, xaricdə ən çox çap olunan Azərbaycan yazarlarından biriyəm. 34 kitab. 2010-cu ildə “Dünya Böyük Şeir mükafatı”nı almışam. Demək istəyirəm ki, dünya şöhrətli alimdən əvvəl, dünya şöhrətli şair saymaq olar məni.

- Bir az da nəşriyyatdan danışaq... İndiyədək neçə kitab çap etmisiniz?

- Sentyabrın 16-dək 700-cü kitab hazır olacaq: “Elçin İsgəndərzadənin bioqrafiyası və biblioqrafiyası” Bu, “Vektor” nəşriyyatının mənə yubiley hədiyyəsidir.

- Bu kitablardan neçəsi nəşriyyat hesabına buraxılıb?

- 530-dan çoxdur... 150-si dünya ölkələri yazarlarından tərcümədir. Qalanları bizim istedadlı adamların “Vektor” nəşriyyatı hesabına nəşr olunan kitablarıdır.

- Böyük işdir.

- Sağ olun (gülür).

- Elçin müəllim, bu yaxınlarda bir fotonuzu gördüm, yaxanızda o qədər orden-medal vardı ki, elə bildim, kimsə fotoşopda dostluq şarjı düzəldib...

- (Gülür) Həəə... Hələ o hamısı deyil. Hamısı yerləşməz sinəmə... Beşcildlikdə bütün orden-medal və titullarım barədə məlumat olacaq.

- Birdən uşaqlara zarafatla deyirəm ki, Elçin İsgəndərzadənin bütün titullarını yazsaq, bir-neçə səhifəyə yerləşməz...

- Bir neçə səhifə nədir, bir kitablıqdır (yenə gülür)....

- Sizi bir daha yubileyiniz münasibəti ilə təbrik edirəm və sizə can sağlığı arzulayıram! Əminəm ki, uğurlarınız davamlı olacaq.

- Mən də sizə təşəkkür edirəm. Diqqətinizə görə...

# 5398 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #