Gənc yazar: “Qazaxda çəpişlərin soyqırımı olur” - MÜSAHİBƏ

Gənc yazar: “Qazaxda çəpişlərin soyqırımı olur” - <span style="color:red;">MÜSAHİBƏ
11 mart 2016
# 08:30

Kulis gənc yazar Hikmət Orhunla müsahibəni təqdim edir.

- Yazmağa necə başladın? Ədəbiyyata maraq hardan yarandı?

- Orta məktəbdə oxuyanda mənim bir sinif yoldaşım var idi, o bir şeir yazmışdı. Göyərçinlər haqqındaydı şeir. O şeir çox zəif olsa da, məni xeyli təsirləndirmişdi. Onda öz-özümə dedim, bundan yaxşısını yazacam. Dediyim kimi, yazdım və şeir də elə bir şeydir ki, bir dəfə səni cənginə aldımı, buraxmır.

- İlk dəfə harda çap olundun bəs?

- “Dəli kür” qəzetində olub. Nə təhər olmuşdu? 20 yanvar şəhidlərinin anım günü ilə bağlı tədbir idi. Ədəbiyyat müəllimim də mənim şeir yazdığımı bilirdi, dedi ki, gəl sən də şeir de. Sonra da şeirlərimi istədi, yığıb verdim, aparıb “Dəli kür”də çap elətdirdi. Gəraylı, qoşma, hətta cığalı təcnis var idi o şeirlərin içində. İndi arada arxivdən o qəzeti çıxardıb baxıram, bir xeyli gülürəm.

- Qazaxda yaşayırsan, əyalətdə. Bakıdakı ədəbi mühitindən uzaqda olmusan həmişə. Səni orda kim həvəsləndirdi? Kim dedi ki, gəl bizim “kruq”a?

- Hamısı ağsaqqallar idi. Birinci elə o ədəbiyyat müəllimim həvəsləndirib. Barat Vüsalla tədbirlərdə filan rastlaşırdıq. Sonra AYB-nin Qazax filialında görüşdük Barat müəllimlə. Mən şeirlərimi özümlə gətirmişdim ki, oxuyub fikrini desin. O zaman Barat Vüsala büt kimi baxırdım. Səməd Vurğundan sonra ən yaxşı şairimiz Barat idi mənə görə. Televiziyalarda görmüşdüm onu, baxıb deyirdim ki, bax mən də bunun kimi gözəl şair olacam. Sonra AYB-nin Qazax filialının tənqidçisi vardı, Bilal müəllim, ondan tanış oldum, mənə kömək elədi...

- Bir sözlə, ancaq qocalar. Sən cavan, onlar yaşlı. Necə ünsiyyət qura bilirdin onlarla?

- Bu gün məndən kim oturub söhbət edir, deyir, sən yaşlı adam kimi danışırsan. Mənim elə yaşımdan böyük görünməyimin səbəbi həmin ağsaqqallarla oturub-durmağıma görə idi. Onların mənim sonrakı həyatıma təsiri oldu. Ancaq bilmirəm, bu müsbət mənada, ya mənfi mənada oldu.

- Deyəsən, şeir kitabını da çıxartmışdılar... Barat müəllimin sayəsində olmuşdu?

- Hə, elə idi. Barat müəllim təklif etdi ki, gəl kitabını çıxardaq, artıq bir şair kimi yetişibsən. Amma mən görürdüm, o şeirlər bir qəpiklik deyil. 16 yaşında bir uşağın yazdıqları nə qədər parlaq ola bilər ki? O vaxt Qazaxda bir şeir kitabı çıxartmaq bumu vardı. Yetən də, yetməyən də şeir kitabı çıxartmaq istəyirdi, bu da Barat müəllimin aldatmalarına görə olmuşdu. Bir yaşlı şair var idi, deyirdi ki, mən 70 ildir arzulayırdım kitabım çıxsın. Əslində onun arzusu gözəl idi. Ancaq Barat müəllim onun arzusunu da, gənclərin də arzusunu puça çıxarırdı. Kitablarını tez-bazar çap elədi və gənclərdə kitaba marağı azaltdı. Hər kitabın çapından sonra da təqdimatlar olurdu və keçi, çəpiş kəsilib yeyilirdi. Yəni hər təqdimatda keçilərin, çəpişlərin soyqırımı olurdu. (gülür) – Nə yaxşı ki, mən kitabım çıxan ərəfədə Bəxtiyar Hidayətlə tanış oldum. Kitabım çıxdı və mən AYB-nin Qazax filialından üzülüşdüm. Çəpişi yeyə bilmədilər. (gülür.) Əslində o kitab çıxmamalıydı. Ancaq elə də təəssüf eləmirəm. Arada evdə suvenir kimi baxıram. Özü də mənim kitabıma görə atam qonşudan sələm götürmüşdü, ayda 10 manat verirdik. Elə çap eləmişdim o kitabı.

- Dedin ki, Bəxtiyarla tanış oldum və AYB-nin Qazax filialından üzülüşdüm. Birdən-birə mühafizəkar bir mühitin içində olan adam birdən-birə necə dəyişdi?

- Bəxtiyara qədər ancaq rayonda olan qəzetləri izləyirdim. Qazax şairlərinin kitabları, jurnallarda, qəzetlərdə çıxan şeirləri. Vəssalam. Sonra Bəxtiyar gəlib dedi ki, bloqlar var, “Alatoran” jurnalı var, “Alma” qəzeti var. O vaxt “Alma” qəzeti Qazaxa iki nüsxə gəlirdi, birini mən alırdım, birini də institut tələbəsi var idi, o alırdı. Onları oxuyandan sonra başa düşdüm ki, bizimki qatıq üzü yalamağa bənzəyirmiş. Ədəbiyyat təkcə qoşma-gəraylıdan ibarət deyilmiş. Barat Vüsalın, onun ətrafının yetişdirdiyi, təqdimatlar keçirdiyi yazıçılar, şairlər isə heç deyilmiş. Onlar çox klassikdir, dilləri axsayır, sözləri köhnəlib. Bəxtiyarın yönləndirməsindən də deyil təkcə. Bir adamı nə qədər istiqamətləndirsən də, gərək öz qabında da nəsə ola. Mən də oxudum, araşdırdım, gördüm ki, ədəbiyyat daha geniş bir anlamdır.

- Barat Vüsal Bəxtiyara qədər sənin üçün kim idi, Bəxtiyarla tanış olandan sonra kim?

- Barat Vüsal əvvəllər mənim üçün böyük bir şair idi. Bəxtiyardan sonra onun heçliyi ortaya çıxdı, anladım ki, o şeir yaza bilmir. Yaxşı şairlərin şeirini oxuyan adam, Baratın şeirlərinə burun silməz. Barat müəllim haqqında resenziya yazdığı adamı yaxşı təqdim edə bilər. Ədəbiyyatda yeganə uğuru budur.

- Qocalarla, Barat Vüsalla üzülüşdün. Sonra ədəbi qovğanız olmadı ki? Onları “atıb getməyin” Barat müəllimə təsir eləmədi?

- Elə davamız olmadı. Amma yadımdadır ki, onlara çox pis təsir elədi. Mən hələ də AYB-nin Qazax filialına gedirdim. Azadlıq Radiosunda bir yazım getmişdi. Yazı da AYB-nin Qazax filialının fəaliyyəti ilə bağlı idi. Bunları tənqid etmişdim ki, kitablar çıxmır, çıxanlar da qocalarındı, gənclər sıxışdırılır və s. Filiala getdim, Barat müəllim dedi, belə bir yazı çıxıb, onu sən yazıbsanmı, Hikmət Carçılı Orhun sən deyilsənmi. Mən də imzamı elə o yazıda dəyişmişdim. Dedim ki, yox mən deyiləm. İstəyirdim, onun reaksiyasını öyrənim. Başladı, nə başladı! O əclaf bizi elə tənqid edib, belə tənqid edib. Əslində Barat yazını oxumayıb, buna kimsə çatdırıb. Filialdan çıxhaçıxda dedim, Barat müəllim, mən yazmışam. O da qayıtdı ki, sən qudurubsan. Ondan sonra da Baratın ətrafında olan və şeirlərimi tərifləyənlər məni “istedadsız” adlandırıb sildilər.

- Barat müəllim hələ də səndən incik olar...

- Onunla indi münasibətimiz “salam-sağ ol” çərçivəsindədir. Arada tədbirlərdə filan qarşılaşırıq. Məndən küsülüdür, incikdir. Bəlkə bir ağsaqqal kimi onu incitməyə bilərdim. Amma ədəbiyyatda ağsaqqal, böyük, kiçik söhbəti olmur. Mən onun mətnsizliyini, fəaliyyətsizliyini bağışlaya bilmədim.

- Bəs indi AYB-nin Qazax filialı nə iş görür?

- Vaxtı ilə mən oralara ayaq basanda Bilal müəllim vardı, ədəbi tənqidçi idi, indi işləmir. İki, üç adam olurdu, hərəsinin də ayrı-ayrı otaqları. Yığışıb Nəsiminin, Füzulinin kitablarını oxuyurdular, özləri üçün. Heç bir iş görmürdülər yəni. Arada gənclər gəlirdi ki, Barat müəllim, bizə filan şeir kitabınızı imzalayardınız. Kitabı yolda da imzalatdırmaq olar. Daha buna görə o boyda filial tikməyə ehtiyac yoxdu axı. Vaxtı ilə “Sınıq körpü” çıxıb, o da 90-cı illərdə. İndi heç bir qəzet, jurnal çıxmır. Barat müəllim gəlib oturur öz otağında. Onun xüsusi ofisiantları var, çay gətirirlər. Arada da bir şair tapıb gətirirlər ki, gəl sənin təqdimatını keçirək. Biz tənqid eləyəndə də deyirlər, Şaiq Vəliyə də təqdimat keçirmişik. Ancaq deyim ki, o çox urvatsız təqdimat olub.

- Özün qazaxlısan. Bir “qazaxşina” söhbəti var. Sən buna necə baxırsan? Yoxsa sən də qazaxşinasan?

- Bu dəqiqə mən qazaxlı şairləri oxumuram. Ona görə ki, hamısı Səməd Vurğunu, Nüsrət Kəsəmənlini, Hüseyn Arifi yamsılayırlar. Elə Nüsrət də, Hüseyn Arif də Səməd Vurğunu yamsılayıblar. Buna görə də özümdə qazaxşinalıq yoxdur. Ancaq bu qazaxşina söhbəti həqiqətən də var. Böyük bir xəstəlikdir bu. Yaxşı yaza bilməməyə, böyük olmamağa imkan verməyən də qazaxşinalıqdır. O vaxt elə bilirdim ki, varsa yoxsa Nüsrət, Səməd var, vəssalam. Məsələn, Qazaxda Tofiq Saleh adında şair var, deyir, dünyada dörd böyük şair var: Bayron, Səməd Vurğun, Puşkin, bir də mən. Qazaxşinalıq bax budur.

- Sözünə qüvvət, bir dəfə Ağamalı Sadiq Əfəndi kafeyə girib, görüb ki, oturanların hamısı qazaxlıdır. Yaxınlaşıb deyib, elə belə də saxlayın, aranıza başqa millət almayın. Hardasa ayrıca bir millət kimi görürlər qazaxlı olmağı.

- Qazax şairlərini inkişaf etməyə qoymayan mühafizəkarlıqlarıdır. O mühafizəkarlığın içində qazaxşinalıq da, Səməd Vurğuna, Nüsrət Kəsəmənliyə, Hüseyn Arifə pərəstiş də var. Mən bir dəfə Nüsrətin şeirlərini tənqid etmişdim, qazaxlılar məni top atəşinə tutdular. Demirdim ki, o istedadsızdır, sadəcə bütləri sındırmaq istəyirdim. Qazaxşinalığı həmişə xəngəl, qurud və saza bağlayıram. Qazaxlılar Amerikada da, Gürcüstanda da, Rusiyada da olanda qurudlu xəngəli ancaq özləri yeyirlər. Aralarına tovuzlu, kürdəmirli falan salmırlar ki, o nə qanır xəngəl nədir. Qazaxşinalığın kökündə bu dayanır. Bu sözü də dilimizə Asif Ata gətirib. Halbuki onun özü ən böyük qazaxşina idi. Qazaxşinalıq mənə görə məclisin ab-havasından yaranan bir şeydir. Qazaxlıların yazdıqları şeirlər məclis üçündür.

- Qazaxlılar aşığı da çox sevirlər. Səndə saz çalmağa maraq olmayıb?

- Mən 5 yaşımdan saz çalmaq istəyirdim. İmkan olmadı, aşıq yanına qoya bilmədilər. Sonra 15 yaşında mənə saz aldılar. Elə sazı köynəyindən çıxarıb yenicə dınqıldatmışdım ki, nənəm rəhmətə getdi. Sonra sazı asdım divardan, nənəmin qırxı çıxandan sonra məni qoydular qadın aşığın yanına. Həm özü gözəl qadın idi, həm də qəşəng barmaqları vardı, yaxşı saz çalırdı. Mən də onun gözəlliyinə baxa-baxa sazı öyrənə bilmədim.

- Həm şeir yazırsan, həm də nəsr. Axır-əvvəl birini seçəcəksən, ya həmişə belə olacaq?

- Özümü nəsrdə görmək istəyirəm, amma mənim üçün hələ tezdir. Bu günə qədər yazdığım hekayələrin heç biri alınmayıb. Ancaq qoşmalarım, gəraylılarım bir az alınıb. “Alatoran” juranlını, yeni yazarları oxuyandan sonra isə başa düşdüm ki, indi qoşma-gəraylı vaxtı deyil. Sərbəst şeirlər də yazdım, ancaq onlar o qədər alınmadı. Bu dəqiqə qoşma yazmıram. Gələcəkdə nəsrə iddialıyam. Yazımı oxuyanlar deyirlər ki, dil gözəldir. Sadəcə çatışmayan mütaliədir. Azərbaycan ədəbiyyatını oxumuşam, ancaq dünya ədəbiyyatını o qədər yox.

- Həm də Qazaxda mühit də yoxdu...

- Əlbəttə, o da var. Nə qədər ancaq Bəxtiyar Hidayətlə danışmaq olar? Bəxtiyarla artıq sözümüzü deyib qurtarmışıq. Yeri gəlmişkən deyim ki, Bəxtiyar məni Baratın əlindən aldı, amma bu dəqiqə Bəxtiyarın da cəngindən çıxmaq istəyirəm. Mühit ancaq ikimizdən ibarətdir. Qazaxda məclis şairləri var ancaq. Mühitin çox böyük rolu var. Məsələn, mən Bakıya gələndə hər görüşdüyüm yazıçı, şairlə söhbət edəndə bir az da ədəbiyyata həvəsim artır.

- Hikmət, ayağında axsama var. Bu səndə kompleks yaratmır ki?

- Mən bir aylığımda ölüb dirilmişəm. Kliniki ölüm keçirmişəm, məni qibləyə qoyublar ki, bu artıq ölüb. Amma birdən xortlamışam (gülür). Ondan sonra axsaya-axsaya yaşamışam. Əvvəl kompleksim var idi. Qızlarla münasibətim heç cür tutmurdu. Mənim sevdiyim bir qız var idi, ilk məhəbbətim. Bir məktub yazıb ona göndərmişdim. Qız da cavab vermişdi ki, hələ getsin yeriməyi öyrənsin. Onun təsirindən bir xeyli şeir yazmışdım. Qadına qarşı aqressiya var idi o şeirlərdə. Qadınla münasibət qura bilmirdim deyə onlara qarşı aqressiyam yaranmışdı.

# 2607 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #