“Qırmızı qovluq” – Səfər Alışarlının hekayəsi

<b>“Qırmızı qovluq” – <span style="color:red;">Səfər Alışarlının hekayəsi </b>
20 iyun 2018
# 21:00

Bu gün görkəmli yazıçı Səfər Alışarlının doğum günüdür. Onun 63 yaşı tamam olur. Kulis.az olaraq Səfər Alışarlını təbrik edir və “Qırmızı qovluq” adlı yeni hekayəsini təqdim edirik.

Yayın cırramasında nə bayrambazlıqdı belə, xeyir ola, həzərat! Bekarçılıqdan bezmiş broker Xançalov şəhərdən çıxıb uzaqlara getmək istədi: adamlar bəzən özləri ilə bayramı da getdikləri yerlərə götürüb apara bilir; o qorxdu ki, bayram yox, məhz bu üzücü bekarçılıq öz tutumsuz boşluğu və rəngli lığabı ilə ondan əl çəkməyə, arxasınca sürünüb dağlara qədər gedə və orada onu təkbaşına yola vermək şəhərdəkindən də çətin ola.

İndi bu şəhərdə çoxlarının onun kimi darıxdığına broker şübhə eləmirdi, amma nəsə gözə dəymirdilər, elə bil hamısı öncədən sözləşib möhkəmcə gizlənmişdilər ki, nəbadə, kimsə onları tapıb bu bayram münasibətilə təbrik edə bilsin.

Zəng vurduğu tanışların hərəsi bir işlə məşğul olduğunu deyəndə, Xançalov öz avaraçılığına və tənbəlliyinə görə xəcalət çəkib telefonu kənara qoydu və fikirləşdi ki, bəlkə bu “bayram” deyilən günlərdə o da başqaları kimi əl-qolunu çirməyib bir faydalı işlə məşğul olsun — özünə, cəmiyyətə xeyir versin?! Çox fikirləşdi, tapmadı. Ona lazım olan bütün işləri hökumət dəstələyib öz əlinə almışdı və bayram günləri qurtaran kimi həmin işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi prosesi davam etdiriləcəkdi ki, ölkədə rifah və firavanlığın səviyyəsi daha da yüksəlsin, heç kimin heç nədən narazılığı qalmasın.

Broker hətta təbiət həvəskarı aktyor dostu Hüseyn Cahangiri də dağların, meşələrin axar-baxarı ilə şirnikdirib yola gətirə bilmədi. Teatr növbəti mövsümü qastrolda açmağa, Hüseyn Cahangir isə heç zaman qalib gəlməyəcəyini bilə-bilə yenidən iblislə vuruşmağa hazırlaşırdı. Broker indi bu haqda bir də düşünəndə Hüseynin modal səhnə davasının televizordakı bayramın darıxmaq havacatından nə qədər uzaq olduğunu gördü və onda şəhərdən çıxıb qaçmaq istəyi bir az da gücləndi.

Bəli, sən demə, bu şəhərdə hamı ciddi işlərlə məşğulmuş! Lütfən, aman verin, cənablar! Aha! Keçmiş dostlardan biri, deyəsən, çıxmağın mümkünlüyünə ümid verdi. Amma nədənsə onunla bir neçə günlüyə uzaqlara getmək, gecə-gündüz ikilikdə olmaq Xançalovun ürəyinə yatmadı. Adamlar var ki, ümumi dostluğa, qohumluğa yarayır, amma ikilik ünsiyyətdə əyinə yatmayan paltar kimi hər an özünü büruzə verir. Adamlar da var ki, ünsiyyətdə onun fiziki varlığı sanki unudulur. Broker bu dost qəhətliyində, bu bayramfəşanlıq fəvvarəsinin fışıltısından qulaq tutulan ağır məqamda da vasvasılıq edən doğma ürəyinin qarasınca deyindi:

- Sən də, maşallah... Keçi can hayında, qəssab piy axtarır!

Tək yaşadığı evində Xançalovun doğma əşyalarla, xəyalən ünsiyyətə girdiyi tanışları ilə beləcə ucadan danışmağı vardı. Elə bil möhtəşəm fəza akustikası altında kimlər üçünsə həyatının əsas məqamlarının audiohesabatını hazırlayırdı, həm də fürsətdən istifadə eləyib bununla təkliyə və tənhalığa barmaq silkələyir, bu minvalla sanki özünü davamlı tənhalıqdan doğan adamayovuşmazlıq sindromundan qorumağa çalışırdı.

Həmişə belə hallarda olduğu kimi, gözlənilmədən o özü zəng vurdu. İllər əvvəl məhz Gövhər adam aramaqla bağlı ona elə də incə yumoru ilə seçilməyən bir lətifəni qızara-qızara danışmışdı. Lətifə təxminən qarpıza oxşayırdı, uzağa aparmaq çətin idi, amma atmaq da mümkün deyildi. Broker unutmamışdı, lətifəni danışdığı bəzi adamlarla hərdən rastlaşanda məlum eyhamla göz vururdu: “Axtarırsan?”

Xançalov fikirləşdi ki, əgər o bu bağlı-bağçalı həyətdə, böyük evdə, ən azı bütün günü çimərlikdə qaralmaq, restoranda çılpaq adamlarla soyuq pivə içmək, axşamlar divanda uzanıb xoşladığı filmlərə baxmaq imkanları ilə belə darıxırsa, gör indi şəhərin bürküsündə anası ilə bir mənzilə qəpləşmiş Gövhər nə çəkir!

Metronun çıxışındakı seyrək kölgəliklərdən birinə yad adamtək sığınmış Gövhəri uzaqdan görən kimi tanıdı. Yolda hərəkət birtərəfli olsa da, o, əks tərəfə baxırdı. Bu qız heç zaman, heç bir görüşdə onun hansı tərəfdən gələcəyini təxmin edə bilməmişdi. İndi də onun maşınla gələcəyini bilə-bilə sanki metrodan camaatın axını ilə çıxacağını gözləyirdi. Xançalov maşını aralı saxlayıb ona tamaşa elədi: boy-buxunu həmin idi, əlindəki böyük çantanı yerə qoymadan narahatlıqla vurnuxurdu, göy güllü qısa don geymişdi. Dağılmış yuva qarşısına qonub, nə baş verdiyini tam anlaya bilməyən quşa oxşayırdı. Ötüb keçmiş illər ərzində, Allah bilir, bu amansız dalğalar onu haradan-hara çırpmışdı.

-Bayaxdan özümü qınıyıram, - Gövhər onu görcək diksinən kimi oldu və tez də mızıldandı. — Dedim, bəlkə sən yenə zarafat eliyibsən...

Xançalov xatırladı ki, o həmişə belə asta, yarıpıçıltı ilə danışır, elə bil səsini ucaltmaqla kimisə diksindirəcəyindən çəkinir, ya da nazik boğazının gücü yalnız bu natamam tonallığı yaratmağa yetir. İndi də titrək baxışları ilə Xançalovu süzüb çantanı ona verdi.

Gövhərin doğma ləhcəsi, səsinə, baxışına, hərəkətlərinə daha çox oturuşmuş tanış kinayəsi bircə kəlmədən Xançalovu kövrəltdi. Tanışlıqlarından da əvvəlki illəri, doğma adamları bir anın içində ona xatırlatdı. Heç bilmədi bunun axırı necə olacaq...

- Anan necədi? — nədənsə bu kövrək notlardan enməyə tələsməyən Xançalov soruşdu.

Gövhər dinmədi, gözlərini qıyıb sanki kimisə görmək ümidi ilə yol boyu asfaltdan qalxan qaynar ilğıma diqqətlə baxdı və qısa addımlarla keçib maşına oturdu. Xançalov çantanı yüklüyə qoyub gələndən sonra cavab verdi.

- Anam iki ildi rəhmətə gedib, — astaca dedi.

Xançalov ani olaraq öz anasını itirdiyi vaxtlarını xatırladı: çoxdan olmuşdu, sonralar bütün ağırlığına baxmayaraq, yaşadığı başqa sarsıntıların içində valideyn itkisi ona qızılca çıxarmaq kimi qaçılmaz görünmüşdü. O dözmüşdü, hamı dözmüşdü, Gövhər də dözə-dözə tədricən unudacaq və barışacaqdı. Adamlar onlarla heç bir əlaqəsi olmayan uydurma bayramların gurultulu, saxta təntənəsi ilə barışır, ölümlə barışmayacaqdılar?!

- Allah rəhmət eləsin! — təəssüflə dedi. — Bağışla, bilməmişəm.

Gövhərin bu böyük şəhərdə anasız, tək-tənha necə yaşadığını təsəvvür eləməyə çalışanda fikirləşdi ki, prinsipcə o özü də təkdir və şəhərdəki bütün tənha adamları bir damın altına yığmaqla da onları bu acıdan qurtarmaq mümkün deyil. Ona elə gəldi ki, təklik heç kimin eşitmədiyi bir mahnını özün üçün hər gün təkrar-təkrar oxumaqdır. Bu təkrar nəticə etibarilə düşüncə əhatəsinin məhdudlaşmasına və normal adamın yaşlı, təcrübəli gicbəsərə çevrilməsinə gətirib çıxarır. Şükür, heç olmasa, internet var: tanımadığın adamlarla nədən desən danışa bilirsən, görüşüb çay içə-içə bütün insanların hamısının suyunun eyni bulaqdan götürüldüyünü bir daha görürsən və itirdiklərinlə nisbətən asan barışırsan.

- Neçə ildə şəbəkədə mənə dostluq da göndərmədin, — Xançalov köhnə dostunu ərkyana qınadı. Əslində isə kədərli notlardan zarafata keçməyə və başlanmış səyahətin ilk qeyri-rəsmi səhifəsini açmağa çalışdı.

Gövhər dinmədi, sanki yarızarafatla ifadə olunmuş qınağın davamını gözlədi və hələlik bundan artıq olmayacağını yəqinləşdirəndən sonra çoxdan hazır bir cavab kimi dedi:

- Bu da qırmızı qovluqdu, Gövhər bir həftə şəhəri alt-üst eləyib səni tapa?!

Onluğa dəymiş bir cavab idi. Xançalov heç gözləmirdi. Qız dəyişmişdi. Bu onların tanışlıq tarixçəsiydi, çoxdan olmuşdu. Xançalov hesabatlarla dolu qovluğu onun stolunun üstündə unudub getmişdi, Gövhər isə yüz faiz şanssızlıqda onu fədakarlıqla axtarıb tapmışdı. Allah bilir, dünyanın bütün hesabları taxta çötkələrlə şıqqıldadıldığı vaxtda bunu necə eləmişdi, niyə eləmişdi.

- O qırmızı qovluq hələ durur, — Xançalov ərksiz-filansız dedi və nədənsə istədi ki, bu sözlərin arxasından illərlə boylana-boylana yetim uşaq təki ərsəyə gəlib özünü həyatda təsdiq etmiş həqiqi qüssənin heç olmasa azacıq bir hissəsini Gövhər indi duya bilsin.

Hər dəfə qovluğu görəndə onu xatırladığını Xançalov demədi, Gövhər də buna şübhə eləmirdi. Xançalov fikirləşdi ki, bu dünyada hər kəsin ürəyində bir qırmızı qovluq var və o qovluqları açıb içindəkilərə baxmaq mümkün olsaydı, məzmunca onların hamısının bir-birinin təkrarı olduğu üzə çıxardı. Nə hikmətdir ki, adamlar bu təkrarçılıqdan bezmir, usanmır və hər gələn bənzərsizliyinə əminliklə öz təzə qovluğunu yaradıb çıxıb gedir!

Maşın şəhərin sıxlığından çıxıb geniş yolda rahat nəfəs almağa başladı. Maşın da insan kimidi, hər şeyə, bütün darısqallıqlara, məhdudiyyətlərə dözür, amma genişliyi sevir. Genişlikdə adam tələsmir, sanki dəxili olan nə varsa, hamısı öz yerində dayanıb onun gəlişini, toxunuşunu və möhtac olduğu nəvazişini gözləyir. Ən başlıcası, genişlikdə pis şeylər haqqında düşünmək olmur.

- Sən neynirsən? — Gövhər onun üzünə baxmadan mızıldandı. — Həmişəki kimi?

- Nə bilim, — o, maşını qıraq sağ zolağa tam çıxarıb sürəti bir qədər azaldandan sonra dedi. — Onlar orada, mən burada... “Ayrılıqlar bizdən sonra olmayacaq”...

Xançalov oğlu haqqında düşündü. Sonra özlüyündə bir daha etiraf etdi ki, onların uzaq məsafələrlə cızılmış, iki katet, bir hipetonuzdan ibarət üçbucağında hər bucaq öz dəqiq ölçüsü çərçivəsində müstəqil həyatını yaşayır: ata, ana, oğul.

İlğımın arxasında çılpaq, sarı təpələr və boğulub ölmüş vulkan meyitləri ilə dolu cəhənnəm mənzərələri Xançalovun işıqlı fantaziyasına uçuş alanı vermədi. O, geniş yolda hərəkətin seyrəkliyinə baxıb sürəti yenə artırdı ki, günortanın istisi aləmi yandırmağa başlamamış aşırıma çata bilsin.

Gövhər, nəhayət, dissertasiyasını müdafiə eləməsindən, Türkiyə universitetinin təklifindən imtinasından, bulvara yaxın mənzilini satmaq istəyən həyasız maklerlərdən, Xançalovun da tanıdığı bəzi rəfiqələrinin həyatında baş vermiş dəyişikliklərdən danışdı. Onun izahatları çox qısa olduğu üçün Xançalov fikirləşdi ki, onlar bir evdə yaşamalı olsaydılar, yəqin ki, Gövhər yalnız susmaqla məşğul olardı. Əslində, böyük hadisələr olmuşdu onun həyatında, amma Gövhər onlar haqda nəsə rəngsiz və emosiyasız bir intonasiya ilə, yığcam tərzdə, təfsilatsız danışırdı. Elə bil öz səmimiyyətini Xançalova daha etibar eləmirdi.

- Sən tələbələr qarşısında da belə pıçıltıynan danışırsan? — onun uğurlarına ürəkdən sevinən Xançalov soruşdu.

- Mən aktyor deyiləm, Xançalov, aliməm, — Gövhər dedi. — Mənalı, məntiqli sözü bağırmağa nə hacət?!

- Sən alim olmayanda da beləydin. Ümumiyyətlə, sən nəyəsə ürəkdən sevinə bilirsən? – Xançalov zarafatla yaşamağın üstünlüyünü indi bir daha hiss elədi.

- E-eh, Xançalov, Xançalov... — Gövhər yazıqcasına gülümsünüb pəncərədən çölə, sanki uzaqlarda qalmış o keçmişə baxdı. — Sənin yadından çıxıb mənim qırmızı qovluğu gətirməyim? Bəs onda sən görmədin ki, mən o qovluqdan da qırmızıydım?!

Etiraf ilk dəfə səslənsə də, Xançalov unutmamışdı. Sadəcə, onda ətrafda qırmızı olan təkcə Gövhər deyildi, ümumiyyətlə, onda həyat ayrı cür idi. Və indi Xançalov o uzaq illərin müxtəlif zolaqlarına bir də diqqətlə baxıb gördü ki, orada baş verənlər sanki sonradan ona nəyi necə etməməyi göstərmək üçünmüş. O bunu vaxtında görə bilməmişdi. İndi isə gec idi, pis-yaxşı, ömür keçmişdi. Keçmiş səxavətlə xərclənmiş pul kimidir, heyfsilənmək onu dəyərdən salır.

- Təəssüf ki, bunu sən sonra da görmədin, — Gövhər pəncərə arxasında uzanıb gedən boz biyabanda maraqlı heç tapmayıb üzünü ona tərəf çevirdi və yüngül əlini onun köhnə, tanış “M” tatulu əlinin üstünə qoydu.

İndiyədək görə bildiklərində yanlışın, görə bilmədiklərində isə həqiqətin çox olması ehtimalı Xançalovu həyəcanlandırdı. Fikirləşdi ki, bunun doğrudan belə olduğunu həqiqətin ən ali instansiyasında ona sübut eləsələr, ağlı çaşar: ola bilərmi ki, adam bütün ömrü boyu, məsələn, “A” nöqtəsinə doğru gedəcəyi halda səhvən “S” nöqtəsinə getsin?! O bununla barışmadı: əgər o da yanlış istiqamətə getmişdisə, onda gərək “S” nöqtəsinin nisbi ağırlığı yer kürəsini çoxdan öz oxundan çıxarıb kəllə-mayallaq eləyəydi.

Yola, ətrafa baxmağa başladı. Ətrafda həqiqətən də maraqlı heç nə yox idi və bunun olması üçün nə etməyin gərəkliyini indi Xançalov, çox-çox illər əvvəlkindən fərqli olaraq, öz mühəndis başı ilə müəyyənləşdirə bilmədi. Cavan vaxtı onlar şəhərin boğazından min bir əziyyətlə dartıb çıxardıqları maksimalist layihələrlə hər şeyin çarəsini tez tapırdılar. Sonra şəhərin boğazı buna dözmədi...

Gövhər bütün gecəni toyda oynamaqdan bədəninin hələ də sızıldadığını və arxa oturacağa keçib ayaqlarını uzatmaq istədiyini də müəyyən tərəddüdlə, eynilə nə vaxtsa danışdığı lətifənin sıxıntısı ilə dedi. Xançalov başqa variant təklif elədi. Maşını körpüdən xeyli öndə saxlayıb qızı düşürdü, ona yüklükdəki balış və adyalı gətirməyi tapşırıb, özü oturacağın kürəyini endirməklə məşğul oldu. Və yapon konstruktorun yarı salon itkisi ilə düzəltdiyi yumşaq yatağı göstərməyə macal tapmamış xanımın amiranə səsini eşitdi:

- Əllər yuxarı!

Gövhər yüklükdəki tüfəngi götürüb arxadan onu nişan almışdı.

-Tüfəngi adama tuşlamazlar, — Xançalov dedi. — Apar qoy yerinə.

Qoy birini atım, Xançalov! — Gövhər deyib silahı yana çəkdi. — Ömrümdə həqiqi silahdan bir dəfə də atəş açmamışam.

Varlığı, vücudu silahla tam ziddiyyət təşkil edən bu xanımı atəş açmaq ləzzətindən məhrum etməyə Xançalovun ürəyi gəlmədi. Fikirləşdi ki, bəlkə də bu səfərdən qızın yaddaşında qalacaq ən əlamətdar hadisə elə tüfəngdən atmağı olacaq. Gedib patron gətirdi, yaxınlıqda kimsənin olub-olmadığını bilmək üçün ətrafa baxanda gördü ki, məhz burada, yolun bu yerində, bir neçə il əvvəl o, Hüseyn Cahangirlə dağlara gedəndə hərəkət dayanmışdı. Hər dəfə buradan keçəndə xatırlayırdı, hər dəfə bu adi olay onun qəlbində özünə yeni bir çalar taparaq daha dərinə otururdu. Elə bil o hadisədə nəsə çox vacib bəzi şeyləri diqqətdən qaçırdığına görə həmin günün tam mənzərəsini xəyalında yaradıb qurtara bilmirdi.

Gövhəri bütün bədəni ilə qucaqlayıb “Vinçester”in qundağından da, lülə altındakı plastik koğuşdan da zamin oldu, yalnız tətikləri onun barmağına tam etibar etdi. On-on beş saniyəlik fasilələrlə Gövhər üç dəfə havaya atəş açdı. Hər şey ona ləzzət elədi: lülənin ağzından püskürən barıt külünün yanıq qoxusu, boş gilizin çaxmaqdan qüsursuz avtomatikliklə kəllə-mayallaq sıçrayıb kənara düşməsi, qundağın yüngül geritəpməsi və nəhayət, yaxın təpələrdə və dağlarda əks-səda verən atəş səsi. Sanki xoşbəxtlik üçün qadına çölün düzündə havaya üç dəfə atəş açmaq da yetərliymiş. Kişi isə, deyəsən, o qadın saçlarının ətrindən, nazik bədənin qucağa tanış yatımından da özünə bir xoşbəxtlik anı düzəldə bilmədi. Özü də buna ilk dəfə təəccübləndi.

Getmək, yola davam etmək lazım idi. Gövhər rahat yataqda əvvəlcə arxaya çəkilib çılpaq, yuxarıya doğru ağlığı tədricən artmaqda davam edən ayaqlarını oturacağın üzərinə uzatmaqla dincəlməyə çalışdı. Xançalov fantastik alleqoriyasında özü ilə məzələnirmiş kimi fikirləşdi ki, Gövhərin qəşəng, dizdən aşağı həmişə açıq ayaqları günəşdən yox, yad kişilərin, auditoriyada onun hər hərəkətini maraq dolu baxışlarla izləyən tələbə oğlanların biganə qala bilməyən baxışlarından qaralıb. Gövhər orada darıxdı və balışı qabağa atıb başını onun üstünə qoydu.

- Belə yaxşıdı, — dedi. — Amma susma, mənimlə danış ki, yuxu tutmasın. Zəhləm gedir yatmaqdan. Yatanda mənə elə gəlir ki, tanıdığım adamlar, bütün şəhər harasa köç eləyib getdi, mən qaldım...

Üç atəşin xoşbəxt etdiyi, yatmağı sevməyən adamla nədən danışmazlar ki! Əlbəttə, Xançalov neçə il öncə Hüseyn Cahangirlə bu yolu gedəndə hərbçilərlə necə qarşılaşdıqlarını danışdı. Yol qırağı mülki maşınlar, sürücülər, sərnişinlərlə, aşağıdakı paralel torpaq yol isə tank, top, zirehli, çadırlı maşınların karvanı və əsgərlərlə dolu idi. Köhnə körpü tankların ağırlığına dözməyib çökmüşdü. Bu yollar da bütün ölkə kimi bir belə hərbi yükü daşımağa hələ hazır deyildi. Üzən körpü salırdılar ki, heç olmasa hərbi karvanı buraxsınlar. Aşağıda əsgərlər gündöyər talalarda dövrələmə oturub, ora-bura qaçan komandirlərinin əmrini gözləyir, asfaltdakılar isə onlara gizli həyəcanla baxırdılar. Birdən sanki bekarçılıqdan usanmış Hüseyn yuxarıdan aşağı gurlayan güclü səsilə əsgərləri diksindirdi:

-Ayə, hara gedirsiniz belə, a qardaşlar?

Üzü dağlara sarı hara getdikləri elə də böyük sirr olmayan əsgərlər cavab verməyə tələsmədilər, baxışıb susdular.

-Hara gedəcəklər? Bilmirsən, bu cəbbəxana ilə hara gedir anası ölmüşlər?! — Yuxarıda uzun bir məsafədə çılpaq təpələrin arası ilə əyilən boz şoseni öz əlvan paltarlarının rəngləri ilə bəzəmiş qadınlardan kimsə dedi.

Onlardan sonra komandirlərdən biri yuxarı boylanaraq bu qəribə sualın arxasındakı niyyətin fərqinə varmadan qısaca cavab verdi:

- Təlimə gedirik, əmi!

Hüseyn Cahangir kiçik səhnə məsafəsi boyu yerində əsəbiliklə gəzişdi, sanki deyəcəyini suflyor pıçıltısı ilə təkrar dəqiqləşdirəndən sonra birdən başını qaldırıb səsləndi:

- Kərbəla bu yandadı, ay öyü tikilmişlər! — Hüseyn uzun qolu ilə Kərbəlanın hansı səmtdə olduğunu göstərdi.

Tamaşaçılara hər şeyi dərhal anlatmağın məcburiyyət manerası həyatını səhnədə keçirmiş Hüseyni bezdirmişdi. Səhnədən kənarda əlinə düşən hər belə fürsətdə elə bil astarı üzünə çevrilmiş teatrın repertuar boşluqlarını doldurmağa çalışırdı. İndi bu mizan-səhnəyə böyük hövsələ ilə yanaşdı, elə bil qarşıda hələ iki yüz ili də vardı, nə vaxtsa iblisə qalib gələndən sonra yolun aşağısındakı bu ordu ilə özü şəxsən Kərbəla çölünə gedib Yezidlə vuruşacaqdı.

Aşırımda isə qüruba enən payız günəşinin qıpqırmızı almasından dişləyib araq içdilər: hərdən stolun üstünə yarpaqların arasından sapsarı günəş şüaları sancılaraq onlara öz işıq dilində nəsə deməyə çalışırdı, bu işığın bol yerində yaşıllığına adda-budda rəng xalları sıçramış dağ döşlərinə ani baxmaq da Hüseyni havalandırırdı.

Sonra onlar teatrdan, Kərbəla çölündən danışdılar. Gövhər dedi ki, islamın Əli örnəyi olmasaydı, bəşəriyyətin kişilik rəmzləri çox solğun görünərdi. Hüseynin Kərbəla çölündə vuruşaraq həlak olmasını isə Gövhər məhz Əli obrazının ilahi qüdrətlə tamamlanmasına xidmət etdiyini akademik bir fəhmlə dedi.

- Heç bir Nizami, heç bir Füzuli elə obraz yarada bilməzdi, — Gövhər maşının tavanına dikilmiş baxışlarını üzmədən mızıldandı. — Yaratsaydılar da, bu gücdə, qüdrətdə, belə planetar energetikada ola bilməzdi.

- O-o!.. Sən çox uzaqlara gedib çıxıbsan, — Xançalov ciddi eyhamla dostuna dedi.

- Hə? Sən elə fikirləşirsən? — Gövhər cavab verdi və birdən bic-bic gülümsünüb onun üzünə baxdı. — Bəlkə təklif var birjadan?

Birjada işlər o qədər bərbad idi ki, Xançalov indi onları hətta məcazi mənada da xatırlayıb əhvalını korlamaq istəmədi. Susdu. Gövhər mövzunu dəyişməyə cəhd etmədi.

Balışı iyləyib adyalı başına çəkməzdən öncə Gövhər gözlərini qıyaraq altdan-yuxarı gülümsündü və Xançalov onun boyasız qıpçaq gözlərində bu bayramı əvəz edə biləcək, bir qədər yaşlaşmış qadın şirinliyi gördü. Adətən ərsiz qadınlar bütün kişilərin üzünə o cür yarıqapalı və yarıməhrəm bir təbəssümlə baxır. Bu, Xançalovu qadınlar qarşısında tərksilah edən qəribə duyğu idi. Gövhər adyalın altında büzüşdü və gözüyumulu qaldı. Bəlkə də köhnə tanışı olan kişinin böyründə belə uzanmaq ona yatmaq qorxusunu unutdururdu. Xançalov xanımın yatıb-yatmadığını araşdırmağa lüzum görmədi, maşını asta və rahat sürməyə çalışdı ki, onu çox atıb-tutmasın.

Xançalov birjanı yaradanlardan biri idi: öz işinin qalmaqal və təhdidlərlə dolu keçmişini, gələcək inkişaf yolunu gözəl bilirdi. Çoxlarına bu iş anlaşılmaz dərəcədə mürəkkəb, sərhədlər aşıb dünya miqyasına çıxmış böyük kapital oyunu kimi görünürdü. Qeydiyyatında olan kiçik heyətlə keçmiş iqtisadi mərkəzlərdən birinin qoltuğuna sığınmış birja nə ölkədəki, nə də dünya bazarındakı qiymətlərə təsir edə bilirdi. Qiymətlər başqa yerlərdə müəyyənləşirdi, birja isə əsasən o qiymətləri ölkə daxilində leqallaşdırmaq və təbliğ etməklə məşğul idi. Səlahiyyətli iqtisadiyyat strukturlarının nəriltisi fonunda birjanın qışqırtısı milçək vızıltısı qədər də deyildi.

İlk dəfə idi Xançalovun böyründə qadın xeylağı belə, yol gedə-gedə uzanıb yatırdı, o da diqqətini iki yerə bölüb maşın sürürdü. Adyalın altında Gövhərin bədəninin cizgiləri bütün cazibədar relyefi ilə görünürdü. Xançalov fikirləşdi ki, son iyirmi ildə cəmiyyətdə sərtlik artsa da, adamların münasibətləri xeyli sadələşib və belədə həyatı, elə insanların özünü də, xüsusən qadınları başa düşmək asanlaşıb. Onların bütün istəkləri konkretdi. Ömrünün böyük bir hissəsini yataqxanalarda yaşadığı üçün Xançalov qadınlara münasibətdə həssas olduğunu düşünürdü. Onlarla dalaşan, hətta elmi mübahisə edən kişiləri də başa düşə bilmirdi. Qadınlar haqqında çoxlu aforizmlər bilirdi: onun qənaətincə, bu hikmətli fikirlər, olsa-olsa, qadının bir gecədə kişiyə bəxş etdiyi xoşbəxtliyin yalnız kiçik zərrəsini özündə əks etdirə bilərdi. Söhbət, əlbəttə, gənclikdən gedir, o gənclikdən ki, çoxdan keçib gedib, onu yalnız və yalnız xatırlamaq olar.

Yol boyu hər tərəfə uzanıb gedən, otu yanmış təpələrin və sarımtıl, çılpaq dağların susuzluq vahiməsi bitirdi: yuxarıda dəmyə əkinlərin adda-budda talaları görünməyə başlamışdı. Göydə buludlar artır və onların uzaq üfüqlərdəki tündlüyü irəlidə havanın sərinləşəcəyinə ümid yaradırdı.

Arxada köhnə şəhər, onun küçələrində sərt qadağalarla yaşanmış gənclik illəri, öndə isə yay turizmi yolçuluğunun ağrıkəsici macəraları, Gövhərlə daha bir tanışlığın sevinci dururdu. Sonra yenə şəhər, səhərdən axşamadək birjada qaçhaqaç, Nyu Yorka, Londona heç zaman cavabı gəlməyən internet mesajları yollamaq və yenə gecələr qutulardan axan bulanıq çayın sahilində ayı-ulduzu mənzil başına qədər səbirlə ötürmək... Əslində belə yaşayıb ölmək brokeri qane etmirdi, amma son vaxtlar ona elə gəlirdi ki, hər kəs həyatında bir yox, bir neçə dəfə qızılca xəstəliyi keçirir. Bunu müxtəlif yaş mərhələləri və qaçılmaz hadisələrin təklif etdiyi yeganə variantla “barışmaq” xəstəliyi də adlandırmaq olardı.

Çox vaxt divanın üstündə onu yuxu tuturdu. Gecənin bir vaxtı ayılanda işığı, televizoru yanan görüb mənasızcasına yatdığına görə dilxor olurdu. Durub soyunanda, yatağa girəndə də hər gün təkrarlanan bu mexaniki hərəkətlərin nəsə elementar məna və məzmundan məhrum olduğunu hiss edir, qiymətli axşamlarını mənalı xərcləməyə yer tapmadığına görə özünü qınayırdı. Bir vaxtlar ona elə gəlirdi ki, hövsələsini və səbrini toplayıb hamı kimi gözləsə, günlərin birində həyatı mütləq dəyişəcək, bu monoton və israfçı təkrarçılığa, nəhayət, son qoyulacaq. Amma kimsədən xüsusi olaraq nəsə konkret bir şey gözləməsə də, neçə illərdi heç nə baş vermirdi. Elə bil taleyin onun üçün göndərdiyi ən vacib mesajları kimsə yolda ələ keçirib qəsdən yanlış ünvanlara istiqamətləndirirdi.

Gecəyarısı yuxudan oyanıb pəncərə barmaqlıqlarının üçüncü zolağı arasında ulduz kimi yanan işığı görəndə bütün vücudu suya girmiş kimi ayılır, səhərə qədər daha yata bilməyəcəyinə əminliklə qalxıb geyinmək və işə hazırlaşmaq istəyirdi. Əvvəllər ona elə gəlirdi ki, yerə bütün ulduzlardan yaxın görünən o işıq ulduz yox, gecə-gündüz İraqın üstündə dayanıb aşağıdakı qanlı müharibəni izləyən casus peykidir. Diqqətlə baxanda dörd, beş ayrı-ayrı işıq topasının vəhdətindən ibarət olduğu görünən bu fəza obyekti təxminən iki saatdan artıq vaxt ərzində üçüncü zolaqdan beşinci zolağın ortasına qədər sürüşür, ondan sonra isə onu pəncərə pərdəsinin o biri tayı qapayırdı. İşığın həmişə, hətta göydə başqa ulduzlar görünməyəndə də öz yerində dayanıb sayrışması brokeri casus peyk variantına daha çox inandırırdı. Amma şaxtasız, mülayim qış gecələrinin birində o, üçüncü zolağın arasındakı işıq topasının yaxınlığında Kiçik Ayı bürcünün dolçasını və başqa ulduzları bütün aydınlığı ilə görəndə heyrətə gəldi: bu, peyk yox, əsl ulduzmuş, özü də bürcün ətrafında olan ən parlaq ulduzmuş! O, aylardan bəri əzabını çəkdiyi bu səhvinə sevinərək tez yorğana bürünüb balkona çıxdı ki, həmin gecə xüsusi çoxluqla göy üzündə peyda olmuş bütün ulduzlardan üzr istəsin.

Birdən Xançalova elə gəldi ki, altındakı maşının yarıyolda istirahət vəd edən aşırıma doğru asta yerişindən fərqli olaraq, onun qovğalarda keçmiş həyatı özünün sonuncu aşırımına doğru sürətlə irəliləyir. O bu fikrin ani gəlişindən qorxmadı: qəlbindəki arzuların ən ümdəsini seçib, onun reallaşmamasına nə dərəcədə heyfsiləndiyini bilmək istədi. Dəqiq müəyyənləşdirə bilmədiyi o arzunun nəsə oğlu ilə bağlı olduğunu hiss elədi. Fikirləşdi ki, aldadıcı parıltılarla dolu bu fani dünyada adam həqiqətən dürüst, öz arzu və istəklərinə layiq olmalıdı. Yaşadığı illərdən hasil etdiyi qənaətlər ona deyirdi ki, adam həyatını yalnız həqiqi dəyərlər qarşısında cavabdehliklə quranda səhv eləmir, səhv eləsə belə, hansısa qüvvələr onu qoruyur, məhv olmağa qoymur. Bunun üçün çoxlu illər yaşamaq, hətta çoxlu səhvlər eləyə-eləyə təcrübə toplamaq da yetərli deyil. Sadə məntiqlərlə başlanan bu fikrin ardı Xançalovun özünə də tam aydın deyildi, çünki yerinə yetirilməsi mümkün olan bütün şərtiliklərin arxasında reallıqlara və qanunauyğunluqlara qətiyyən tabe olmayan bir tale, qismət oyunu, təsadüf məntiqsizliyi də dururdu. Məhz bu oyun özünün yazılmamış, qeyri-müəyyən qanunları ilə Xançalovun qəlbində oturuşmuş bəzi dəyərləri daim şübhə atəşinə məruz qoyurdu.

Telefonuna gələn zəng Gövhəri oyadanda Xançalov birdən-birə maşının içindəki ab-havanın dəyişdiyini hiss elədi. Bayaqdan qarış-quruş fikirlərlə az qala onu yuxu basırdı. İndi Gövhər oyandı və yox olub gedən o fikir-xəyalların yerində həqiqi görüntülər, həqiqi səslərlə dolu həyat notları peyda olmaqla sanki Xançalovun keçmişlə haqq-hesab çəkməyə bir az tələsdiyini çatdırdılar.

- Mən yatmışam, — Gövhər yüngülcə gərnəşərək telefondakı adama dedi, — amma, deyəsən, saatda yüznən gedirəm.

- Yox. Yuxuda yox, maşında, — əlavə elədi.

- Biz hara gedirik, Xançalov? — bunu isə telefondakı adamdan deyil, maşını idarə edən yol yoldaşından soruşdu.

- Hələlik Yaşıldağ aşırımına, — cavab gəldi. — Sonrası məlum deyil...

- Biz hara getdiyimizi bilmirik. Belə şeyləri adam əvvəlcədən bilməz ki! Bir də görürsən adam getdi, getdi, sürüşdü birdən-birə, dəydi götü üstə yerə!.. Hə-ə... — Gövhər telefonu qapadı.

İndi Gövhər ona daha doğma göründü. Elə bil illərin ayrılığını və uzaqlığını yaşamamışdılar, elə bil təzə tanış olmuşdular və aralarında nə olmuşdusa, hamısı unudulmayacaq, vazkeçilməyəcək yaxşılıqlardan, dəbbələnməyəck kiçik, xoş həqiqətlərdən ibarət idi.

Oturacağın üstündə bardaş qurmuşdu, ayaqlarının dizdən yuxarı qadağalı ağlığı Xançalovun bu cah-cəlala toxunmaq səlahiyyətini təsdiq edən sənəd kimi açıqdı. Telefona dediyi son kəlmələrin kinayəsi salonun sərinində hələ də cingildəməkdəydi.

- Bilirsən, kimiydi? — Gövhər soruşdu.

- Bədəndən istifadəyə yasaq qoyan? — Xançalov gülümsündü.

- Aha, — Gövhər dedi. — Unutmamısan, afərin!

Təsadüfən universitetin yaxınlığında rastlaşanda Xançalov Gövhəri və onunla metro tərəfə gedən professorları qəhvəyə qonaq eləmişdi. Xanımlar xeyli məzələndilər onunla, biri isə məşuqu ilə münasibətlərindən danışanda eləcə də dedi: “Dostup k telu prekraşon!”

O xanımın gözəl diksiyası yadında qalmışdı: ən adi sözləri belə son orfoepik çalarınadək, bütün səlisliyi ilə, sanki “nitq” adlı nemətə böyük hörmətlə tələffüz edirdi. Onun boyalı, azca qabarıq dodaqları arasından bütün sözlər sorulmuş karameltək gözəlləşərək çıxırdı. Məşuquna qoyduğu qadağa onun ifasında öz ahəngdar dəqiqliyi ilə yəqin ki, məhkəmə hökmünü xatırladırmış.

Gövhər alimlərdən, onların dərs dediyi tələbələrdən danışdı və broker gördü ki, aradan keçmiş uzun zaman məsafəsi mahiyyət etibarilə hər kəsin həyatında ciddi dəyişikliklər edib. Bircə Xançalov özü sanki köhnə həyatında dəyişilməz tənhalığının ağuşunda qalıb.

Hətta aşırımın da görkəmi dəyişmişdi... Yoldan keçənlərin hamısı burada idi. Şəhərin istisindən qaçıb qurtulmuş adamların dağ başında kolluqlara qısılmış ümumi həmrəylik hissi dərhal duyulurdu. Yeyib-içən, sərin guşələrə çəkilib yatan, kabab bişirən, çay içən, ətəyindən pilləkənli daş cığırlar sallanan hotelin kölgəli eyvanlarından ətraf dağların, dərələrin mənzərəsini seyr edən hər kəs sanki ilin-günün bu atəşli çağında burada bir neçə saatlıq istirahəti insanlıq qarşısında hansısa əlahiddə xidmətinə görə mükafat alıbmış kimi sevinirdi. İnsanlar bir-birinin qarşısında gözükölgəli olmayanda hər şeyin azına qane olur, istənilən çətinliyə dözürlər. Bununla belə, adamlar bir yerə toplaşan kimi dəyişilirlər, onlarda mağara instinktləri oyanır, onlar özləri ilə gətirdikləri ənənəvi məşğuliyyət və düşüncə vərdişlərini gəmirilmiş sümük kimi mağaradan çölə tullamağa tələsirlər.

Onların eyvanından dolanbac aşırım yolunun bəzi parçaları və yaşıl dağın başına qaxılmış bir neçə çılpaq qaya görünürdü. Bir az aşağıdan bu qayalar ağzını ayırmış qoca dağın hələ tökülməmiş, son iki-üç dişinə bənzəyirdi. Yataq ağlarını onların şahidliyi ilə dəyişən xidmətçi qadın otaqdan çıxandan sonra duş qəbul elədilər. Su şampunla qarışanda gah şampan şərabının, gah da təzəcə biçilmiş otun qoxusunu verirdi. Yol yorğunluğunu götürən bütün bu incə və şən prosesin başlanğıcında Gövhər xanım məmələrinin yarısını da qapamayan büstqalterini açmağa və saçlarını islatmağa icazə vermək istəməsə də, tezliklə köhnə dostunun tanış, güclü əllərinə qarşı müqaviməti dayandırmalı oldu və sürüşkən bədənindən lazımi fiqurun düzəldilməsinə öz köməyini əsirgəmədi.

Gövhər çıxandan sonra Xançalov bədənini buz kimi soyuq bulaq suyunun altında saxlamaqla möhkəmləndirməyə çalışdı. Əmgəyindən tökülən suyun soyuqluğu onun başını keyitdi, üz-gözünü, çiyinlərini quş kimi dimdiklədi, sinəsindən və kürəyinin ortasından yandırıcı axınlarla aşağı qaçdı. Dəhşət filmi çəksəydi, Xançalov həmin şırımlardan tüstü çıxarmaq effektindən vaz keçməzdi. O, bədəninin qızardığını hiss elədi. Tanış prosedur idi, bir az da dözmək lazımdı ki, əzələlərin hamısı gərilsin, damarlarda qanın dövriyyəsi güclənsin və ondan sonra suyun soyuqluğu hiss edilməsin. Əslində, ondan sonra su nə qədər soyuyurdusa, bir o qədər ləzzətli olurdu.

- O-o, sən qıpqırmızısan ki! — o, hamamdan çıxanda lüt canına saçını qurulamağa davam edən Gövhər heyrətləndi.

Xançalov da güzgüdə özünün rəngli lütlüyünə baxıb qımışdı:

- Elə bilirsən bu dünyada təkcə sən qırmızı ola bilirsən? — dedi.

- Maraqlıdı, — Gövhər feni söndürüb qüssəli səslə əlavə elədi. — Qırmızı... Qıpqırmızı...

O demək istədi ki, daha qırmızı deyil, onun o yaşı keçib. İndi o bozdur, bəlkə qanının da rəngi xeyli solub... Amma hər halda nə vaxtsa, hansısa bir yaş dövründə adamın kim üçünsə qırmızı olduğunu xatırlamaq çox xoşdur. Şampan şərabının yenidən peyda olmuş qəfil qoxusu onların geyinib aşağı düşməsini xeyli ləngitdi. Ağlarını dəyişdiyi, böyük səy və səriştə ilə yığdığı yatağın belə tezliklə darmadağın ediləcəyi yəqin ki, öz manatı ilə xoşbəxtcəsinə aşağı düşən xadimənin ağlına gəlmirdi.

Axşam aşırımın əsas restoran meydançasında və geniş ərazinin uzaq guşələrinə sanki oğrunca aparan cığırlarda rəngbərəng işıq qrilyandaları, göyüzündə isə saysız-hesabsız ulduzlar yananda onlar ikinəfərlik stol arxasında şam eləyə-eləyə hələlik bəmdən oxuyan əyalət müğənnisinin avazını dinləyirdilər. Stolların çoxu tutulmuşdu, ofisiantlar yemək-içmək dolu məcməyiləri əyri yerişlə kolluqlara soxub boş çıxardırdılar. Hava sərinlədikcə aşırımın bu meydançasının ürəklərdəki yeri daha da genişlənir və isinirdi. Meydançanın bir tərəfində dağ kimi bir-birinə geyişmiş nəhəng, ağgövdə çinarlar, o biri tərəfində isə enişə doğru sallanan cığırlar boyu səliqə ilə əkilmiş qara gövdəli cavan cökələr durmuşdu. Hüseyn Cahangir o vaxt məhz bu cökələrin sıx cərgələrinə, qara və səssiz duruşuna baxıb, baxıb stol arxasından dəli kimi çıxmışdı. “Farağa-a-at! — qışqırdı. Müvazinətini tam düzəldəndən sonra bir də nərildədi. Elə bil o özü yox, ağaclar əmrə tabe olmayıb ləngər vurmaqda davam edirdilər: — Fa-rağa-a-at! Düşmən birə kimi daraşıb köynəyimizin yaxasına! Siz də... — çox sərt dəqiqliklə dedi və Xançalov bunun hansısa pyesdən iqtibas, ya fərdi improvizasion olduğunu anlaya bilmədi. — Kərbəla bu yandadı, oğlum!.. Əgər gavur orduları hələ də səndən güclüdürsə, demək, həqiqətən hər yer Kərbəladı!..”

Hüseyn susdu və üzüaşağı bir neçə addım atıb cökənin qara gövdəsini qucaqladı. Xançalov ona dəymədi, tüstüsünə günəşin qırmızı şüaları sancılmış siqaretini çəkdi, gözlədi ki, artist toxtasın. Kərbəlanın hansı səmtdə olduğunu kim bilmirdi ki?! Düşmən çox böyük hiylələrlə işi dolaşdırıb Hüseynin ordularını darmadağın etmişdi...

Cökələrin qüssəli axşam yaşıllığına göz gəzdirən Xançalov neçə il öncə yaşanmış bu səhnə haqqında Gövhərə də danışdı. Broker dəqiq bilirdi: hamıya aydın görünən bəzi məsələlərdə elə məqamlar olur ki, onların göründüyü kimi olmayan bütün mahiyyətindən kiçik bir zərrənin dəqiq ifşası bütövlükdə məsələni dəyişə bilir. Hüseyn Cahangiri illər öncə dəli edən bu təmsillər, əlbəttə, Gövhəri də qüssələndirdi. Amma Gövhərin həyatının da özünəməxsus dramları vardı və brokerin fikrincə, bu gerçəklərin arxasında reallıq məntiqinə tabe olmayan oyunların da durduğu istisna deyildi.

Sanki bu qəmgin notlardan xanımı uzaqlaşdırmaq üçün Xançalov bir neçə dəfə səfər etdiyi uzaq Amerikada insanların necə yaşaması haqda Gövhərə danışdı. Dedi ki, orada adamlar hər yaş dövrünü yeni bir həyat mərhələsi kimi yeni vərdiş və əyləncələrlə yaşamağa çalışırlar: yeni evlərə köçməyə, yeni həyat yoldaşı, yeni əyləncə, hətta yeni iş, yeni yaşayış yeri, hətta bəzən yeni şəhər seçməyə çalışırlar ki, özlərini həyatın monoton bəsitliyindən çıxara bilsinlər. Bəlkə də şeytanı azdırmaq üçün bunu edirlər. Bunlar Gövhərə çox uzaq və yad göründü. Ona nə dəxili vardı haradasa çox-çox uzaqlarda kimlərinsə necə yaşamasının?! Onun zəngli saat kimi çalmaqdan yorulmuş öz gəncliyi, köhnə problemləri ilə yaşayan öz ölkəsi vardı və bunların heç birində cüzi də olsa, dəyişiklik etməyə onun gücü çatmırdı.

Belə incə mətləblər haqqında xanımlarla danışmağa yadırğadığındanmı, ya nədənsə birdən Xançalov, Allah bilir, kimləri nəzərdə tutaraq dedi ki, insanlar tutduqları vəzifəyə, özlərinin və başqalarının adından daşıdıqları məsuliyyətə, danışdıqları sözlərə, hətta ürəklərindəki gizli hislərə belə layiq olmalıdırlar. O dedi ki, ümumiyyətlə, həyatda hər şey layiqlik üzərində qurulub və bu prinsipin pozulduğu hər yerdə həmişə dramlar yaşanıb.

Bunlar adi mülahizələr deyildi, bilavasitə dosent Gövhərin ixtisas profilinə aid idi, ona görə o cavab verib-verməmək haqqında heç düşünmədü.

-Sən indi demək istəyirsən ki, hər kəs bu dünyadan götürdüyünə, aldığına, oğurladığına layiqdir?

- Gövhər cavab tələb edən cod səslə soruşdu və üzünü çinarların arxasındakı qaranlığa çevirdi.

-Yəni kimlərsə bu həyatdan ala bilmədiklərini məhz onlara layiq olmadıqları üçün almayıblar?

- Əslində, almamağın səbəbləri çoxdu, — Xançalov rəngləri tündləşdirdiyini anlayaraq çarəsizcəsinə dedi. — Layiqlik müəyyən mənada onların cəmi kimi başa düşülməlidi.

- Belə dee... Biz heç bilmədik nələrə layiq olduğumuzu, bizim layiqliyimizi bizim yerimizə başqaları müəyyənləşdirdilər. Onlar hesab etdilər ki, biz “a-zəbər-a”, “be-zəbər-be”dən başqa heç nəyə layiq deyilik. Sən bunumu demək istəyirdin?

Əlbəttə, bu qız dəyişmişdi. Onun yataq maneraları kimi həyata, hadisələrə və insanlara baxışı, münasibəti də dəyişmişdi. Başlıcası, o bu münasibətin leksikoloji və məntiqi ifadə tərzini mənimsəmişdi. Xançalov bunu dəmləşmiş başı ilə indi daha aydın və dəqiq hiss eləyə bildi.

Böyük Qafqazın qarlı zirvələrində dolaşıq düşmüş hava axını kələflərini hərdən qırıb qaçan sərin meh, qaranlıqlardan oğrun-oğrun boylanan işıqlarda bərq vuran kişi, qadın simalarının axşam cazibəsi və bu zolaqlanan meşələrin, sıralanan dağların sonsuz axşam səssizliyinə şəlalə şırıltısı kimi axan estrada musiqisi restoran əhlinin layiq olanını da, olmayananı da artıq dingildətməyə başlamışdı. Xançalov təəssüflə fikirləşdi ki, belə gözəl axşamda yəqin ki, ondan başqa heç kim bu cür axmaq söhbətlə rəfiqəsinin başını xarab eləmir. Ona görə də qonşu stoldakı böyük kampaniya oynamağa gedəndə o da Gövhərin çiynini qucaqlayıb rəqs meydançasına apardı. Adamların rəqs etməsi təbiətin tam açılmamış sirri kimidir. Avropalılar öz alkoqolları ilə onu xeyli korlasalar da, rəqsdə də güclü mağara instinktləri qalmaqdadır: rəqs təkcə fiziki hərəkətlər məcmusu deyil, o həm də hər kəsin ayrılıqda və hamının birlikdə ruhi müvazinətinin bərpasıdır, insanları ən demokratik konstitusiyalardan da artıq bərabərləşdirən qeyri-adi qüvvədir. Amma onların bu bərabərliyi təsbit etməyə ehtiyacları yox idi, çünki onların iyirmi ilə yaxın bir müddətdə böyük fasilələr görmüş tanışlığında nə vaxtsa səslənmiş başqa musiqilər və oxunmuş başqa mahnılar olmuşdu. İndi o mahnıların axıb getdiyi zamanı geri qaytarmaq, əlbəttə, mümkün deyildi, yalnız onlardan qalan acılı-şirinli ovqatı xatırlamaqla təskinlik tapmaq olardı.

Bütün rəqs edənlər kimi onlar da getdiklərindən xeyli fərqli, şən əhvalla qayıtdılar. Adi bir diringinin adamı aşırımın başında belə dəyişə bildiyinə Xançalov heyrət elədi. Nə vaxtsa bu sıldırımlı dağları yarıb yol çəkən gənclərdən, görünür, sonrakı bütün nəsillər üçün ulduzlara ən yaxın yerdə bir xoş əhval qisməti qalmışdı və rəqs edənlər onu başqalarına nisbətən daha rahat və asan cəzb edə bilirdilər.

- Görən, çox eybəcər görünmürdük ki? — Gövhər sanki öz-özündən soruşdu.

- Ola bilər ki, kimlərəsə kənardan bütün rəqslər eybəcər görünür.

- Yəqin rəqsə də layiq olmaq lazımdır! — Gövhər nisbətən ucadan deməyə çalışdı.

Xançalov dinmədi. Ofisiantı çağırıb hesabı verdi və rəfiqəsinin qoluna girib, hamının gözü qarşısında yeriyən obyekt kimi daş döşənmiş işıqlı restoran meydançasının fokus dairəsindən çıxdı. Nisbətən qaranlıq cığırlarda və ətrafda kimlərin olduğu bilinmədiyindən gəlib-keçənlərin hamısı astadan, bəzilərisə tamam pıçıltı ilə danışırdı. Elə bil gündüzün istisindən, “bayram” adlı çal-çağır gurultularından güclə qoparaq axşamın romantikasına daxil ola bilmiş incə hisləri ürkütməkdən qorxurdular.

- Məclis təzə qızışırdı, — Gövhər heyfsiləndi.

- Biz səhər tez durmalıyıq, — Xançalov dedi.

- Harasa getməliyik? — Gövhər dedi. — Olmaz ki, elə burada qalaq?

- Yox, biz getməliyik, — Xançalov qızı qucaqlayaraq boynundan öpdü. — Mən istəyirəm ki, sən “Bulaqlı dərəni” görəsən.

- Bu elə vacibdi yəni?

Gövhər onun ağuşundan çıxıb yarıqaranlıq cığırda üzüaşağı sərbəst yeriməyə çalışdı. Xançalov çiçəkləmiş maqnoliya kolundan qırdığı kövrək budağı yarpaq-yarpaq lütləyib əlində qələm kimi oynatdı, barmaqları acı iyli şirəyə bulaşdı. Nəsə bir söz tapıb deməyə çətinlik çəkdi. Ona elə gəldi ki, yolda Gövhərin ləhcəsinin doğmalığı ilə bağlı düşündüyü sonu bəlli olmayan həmin o məqam öz qəfləti neqativi ilə maşın kimi siqnal verərək arxadan gəlib yetişdi və onlar bu maşının müxtəlif salonlarına minərək yenə də harasa, naməlum istiqamətə getdilər.

Sonra onlar skamyada oturub restoran, oradakı qızlar, oğlanlar haqqında danışırdılar, ancaq daha çox susdular. Restoran musiqisi indi daha yığcam və daha dəqiq akkordlarla guppuldayırdı. Müğənni əzbərlədiyi rus mahnısını oxuyur, nəqəratı onunla birlikdə bütün rəqs edən meydança şən səslə təkrarlayırdı: “Net, net, neeeet!”

Onların oturduğu hündürlükdən hotelin bəzi otaqlarının içi görünürdü: axşamın adi istirahət qayğılarını yaşayan turistlərin çoxu yarıçılpaq kişilər idi.

- Sən bilən, bu kişilər niyə istirahətə öz arvadlarını gətirmirlər? — Gövhər fikirli-fikirli ondan soruşdu.

Xançalovu da eyni sual düşündürürdü. Bayaqdan o bu suala özlüyündə müxtəlif cavablar verməkdə idi. Təhlilini hələ tam başa çatdırmamışdı. Onun qadınsız kişi məclislərindən, xüsusilə qadınsız rəqs edən kişilərdən zəhləsi gedirdi.

- Bizimlə oynayanlar “arvad” deyidilərmi? — Xançalov yarızarafatla deməyə çalışdı.

Cavab Gövhərə tikanlı göründüyündən o daha mövzunu davam etdirmədi. Ona elə gəldi ki, yuxarıda səsgücləndiricilərin bütün mahalın sinəsinə döyəclədiyi musiqi olmasaydı, indi bu dağların, meşələrin, qaranlığa bürünmüş yerin-göyün ayrı cür pıçıltısı olardı və onun bu axmaq sualı verməyə heç ehtiyacı qalmazdı. Bu an Gövhər özünü qəbahət etmiş uşaq kimi daxilən dayandırdı: o özünü qınadı ki, tamam cavan və təcrübəsiz yeniyetmə kimi fikirlərini istisna və inkar üzərində qurur. Bundan xilas olmaq üçün nə etməyin lazım olduğunu o bilirdi, amma indi buna nədənsə həvəs göstərmədi.

Otaq ay işığı ilə dolmuşdu. Sanki bu otağa ay işığı kubmetr hesabı ilə də gün işığından çox yerləşirdi və bu süd işığa bütün əşyalarını tam təslim etmiş otaq öz səssiz gedişi ilə onları naməlum istiqamətə aparmaqda davam edən qatar kupesinə bənzəyirdi. Pərdələri çəkib bu işığı söndürməyə Xançalovun əli gəlmədi. Amma gecə keçdikcə bu işıq ona daha çox mane olmağa başladı. O, uzaq Amerikanı, ona səhvsiz məktublar yazan oğlunu xatırladı və alnının nəmləndiyini hiss edəndə balkona çıxdı, üşüyə-üşüyə siqaret yandırdı. Siqaret də ləzzət eləmədi, eləcə ağzının acısını artırdı. Ona elə gəldi ki, axşamüstü duş qəbul edəndə, sonda bədənini soyuq suyun altında saxlamaqla soyuqlayıb. Qayıdıb yatağa uzandı, hərarətinin artdığını hiss etdi. Sakitlikdə yenə də yoxuşu qalxan yük maşınının nəriltisi eşidildi, sonra bu güclü səs yavaş-yavaş gecənin qaranlığına qarışıb əridi. Aşırımın sərt yoxuşlarını qalxan kamyonların bu qısamüddətli, nəriltili gücənişi yolla maşının seks əlaqəsinin zirvə məqamı kimi başa çatır, yol öz yatağında uzanıb qalır, nəfəsi açılmış maşınlar isə sürəti artıra-artıra mənzil başına doğru hərəkəti davam etdirirdilər.

Səhərə yaxın nazik adyalın altında üşüyüb yuxudan oyananda Xançalov həqiqətən soyuqladığını başa düşdü: alnı donurdu, burnu axırdı, oyanan kimi də asqırmağa başladı. Vəssalam! A nöqtəsindən naməlum istiqamətdəki X nöqtəsinə doğru bir gün əvvəl başlamış yürüş qurtardı. Yəqin ki, Gövhəri də oyatmışdı, amma qızdan səs çıxmırdı. Broker bunu baş götürüb qaçdığı bayramın arxasınca ona gətirib əlbəəl çatdırdığı özünəməxsus təbrik kimi qəbul edib, bu vəziyyətdə yalnız geri, şəhərə qayıtmaqdan başqa çarə qalmadığını anladı. Qalxıb geyindi və hələ də yerində tərpənməz uzanmış Gövhərə deyil, qarşı divardan ona soyuq-soyuq baxan qara televizor ekranına müraciətlə oğluma nəsihət janrında belə dedi: “Qaçmaqla heç nədən qurtulmaq olmaz, oğlum!”

- Gövhər, mən xəstələnmişəm, — Xançalov bu dəfə rəfiqəsinə müraciətlə dedi, — dur, şəhərə qayıdaq. Sonra vəziyyətim ağırlaşacaq, maşın sürə bilməyəcəm.

Gövhər dinmədi. Nəhayət, yerində çevrilib gözlərini yarıyacan açdı. Və Xançalov gördü ki, Gövhər dünən axşam restoranın rəqs meydançasından çıxan cığırda, hotel dəhlizində, indiyədək keçmiş uzun ayrılıq illərində olduğu kimi onunla deyil. Ancaq dediklərini bir də təkrar elədi.

- Mən heç yerə getmək istəmirəm, — Gövhər mağmuncasına sızıldadı.

- Gedək, — Xançalov burnunu çəkdi. — Maşında yatarsan.

Gövhər durub geyinincə Xançalov yır-yığış elədi və soyuqdəymənin zəhlətökən diskomfortunda əsəbiliklə fikirləşdi ki, qırmızı qovluğa toxunmaq, oradakı xatirələri yenidən oyadıb narahat eləmək lazım deyildi. O burnunun suyunu silə-silə fikirləşdi ki, bundan sonra evdəki həqiqi qırmızı qovluğa baxanda, hər şeydən öncə aşırıma bu bir günlük yay səfərini xatırlamalı olacaq. Qovluqdakılar bəzi başqa məqamlarla birlikdə onun həyatının mayasını təşkil edirdi, onları özü ilə sevgi və səmimiyyət məğlubiyyəti kimi uzaqlara, çox uzaqlara aparmaq istərdi: ömrün bu çağında onları artırmaq mümkün deyildisə, bəs belə mənasızcasına azaltmağa nə lüzum vardı? Bu nə bayram məzhəkəsi idi, onu oturduğu yerdəncə qaldırıb uzaq yola çıxardı, üstəlik də qəlbindəki öz yerində sakitcə oturmuş bir adamı özündən incik saldı?! Nəyə lazım idi bu?

Ay sürüşüb hotelin uca pəncərəsindən düşmüşdü, yerində sübh alatoranının lampa işığına və şüşə qarasına tam qarışa bilməyən sarımtıl zağı qalmışdı. Onlar çantalarını götürüb otaqdan çıxdılar. Qısa koridor boyu yenə elə, biri qabaqda, o biri arxada getdilər.

Həyətdə yüngül geyimli Xançalovu əməllicə üşüdən sübh sərinliyi vardı, sakitlikdə yalnız uca dirəklərdəki lampalardan biri aramsız hüznlə dızıldayırdı. Ona diqqətlə qulaq verəndə bu sakitlikdə, bu meşələrin, bu dağların arasında hansısa bir yolun, hotelin, orada şirin-şirin yatmış turistlərin mövcudluğu şübhə doğurur, sonra da adamı xof basırdı. Bir anlığa keçən günün yaşantıları brokerə az qala yuxu kimi göründü, amma burnunun suyu onu qətiyyətlə acı reallığa səslədi və o tez maşının mühərrikini işə salaraq qızar-qızmaz hotelin ərazisini tərk etdi. Ətrafda kimsə olmadığından baş girişdə qaldırdığı şlaqbaumu isə Gövhər əli ilə altdan tutmalı oldu ki, o, maşınla keçə bilsin. Keçdi və keçən kimi də maşını saxlayıb aşağı düşdü. İti addımlarla gedib Gövhəri qarşısını kəsdi, onu qucaqlayıb üzrxahlıq eləməyə çalışdı:

- Bağışla, — dedi. — Mən sənin xətrinə dəymək istəmirdim...

Gövhər dinməzcə ona sıxıldı, axşamdan bəri ürək sızıltısı ilə getdiyi tənhalıq yolunu indi eyni əzabla da geri qayıtmağa başladı. Uyğun ixtisas profilinə və alimlik dərəcəsinə baxmayaraq, bütün bunların niyə belə alındığını başa düşmək həmin an onun üçün də çətin idi. Xançalovun güclü qolları arasında bir qədər toxtadıqdan sonra Gövhər nədənsə dağların bu soyuq sübh sakitliyinə tüfəngdən atəş açmaq istədi və bunu dostuna pıçıltı ilə dedi.

2013

# 2932 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #