“Playboy” jurnalının sevimlisi, Marsda dəfn olunmaq istəyən məşhur yazıçı

“Playboy” jurnalının sevimlisi, Marsda dəfn olunmaq istəyən məşhur yazıçı
23 avqust 2014
# 08:30

Kulis.Az XX əsrin ən böyük fantast yazıçılarından biri olan Rey Bredberinin həyatından maraqlı faktları təqdim edir.

Kitabxana məzunu

Rey Bredberi 22 avqust 1920-ci ildə ABŞ-da, İllinoys ştatının Uokiqan şəhərində anadan olub. Onun ailəsi kino ilə maraqlanırdı. Buna görə də ikinci övladlarının adını aktyor Duqlas Ferbenksin şərəfinə Duqlas qoymuşdular.

Onun ən məşhur əsərlərindən olan “Zəncirotu şərabı”ında yazıçı uşaqların gözü ilə insan həyatının dəyişməsi, qocalıq və ölüm kimi suallara cavab axtarırdı. Bu əsəri avtobioqrafik də adlandırmaq olardı. Bredberi çox erkən yaşda ölümlə qarşılaşmışdı. İki yaşlı qardaşı Sem o hələ anadan olmamışdan əvvəl vəfat etmişdi, balaca bacısı Elizabet uşaq vaxtı ölmüşdü. Həmən il Rey babasını da itirmişdi.

Bredberinin uşaqlığı Böyük depressiya illərinə təsadüf edirdi. Bu da sonradan onun əsərlərində əks olundu. Məktəbi bitirdikdən sonra Rey küçədə qəzet satırdı. Onun ali təhsil almaq imkanı yox idi. Bredberi artıq məşhur yazıçı olanda özü haqqında belə deyirdi: “19 yaşım olanda kollecə qəbul olmağa imkanım yox idi. Mən kasıb ailədən çıxmışdım. Pulumuz yox idi, ona görə də kitabxanaya gedirdim. Həftənin üç gününü kitab oxuyurdum. 27 yaşımda mən universitet yerinə kitabxana bitirdim.”

Meqqi

Bredberi çox erkən yazmağa başlamışdı. Bunu da imkansızlıqdan eləmişdi. Maraqlı bir kitab oxuyan 12 yaşlı oğlan uşağı başqa kitab almağa imkanı olmadığı üçün əsərin qəhrəmanlarının kitabdan sonrakı həyatlarının davamını özü uydurmağa başlayır.

Ucuz jurnallarda öz hekayələrini çap etdirən Bredberi 17 yaşında Los-Anclesdə “Elmi-fantastlar liqası”na qəbul olunur. Bu hekayələr ona məşhurluq gətirməsə də gənc Bredberi qətiyyətlə yazıçı olmağa qərar verir. Təhsilinin olmamasını Rey mütaliə və inadkar zəhməti əsasında kompensasiya edir. O, həftəyə bir hekayə yazırdı. Tədricən Bredberinin öz üslubu və yazıçı manerası formalaşır. Hələ ki, onda iki şey çatmırdı: pul və məşhurluq.

Rey 1946-cı ilə yeni bədii əsərlər axtarışı ilə Los-Anceles mağazalarından birinə girir. Amma bu dəfə kitabxanada gördüyü bir xanım Reyə alacağı bütün kitabları unutdurur. Bu satıcı Marqaret Susan Maklyur və ya sadəcə Meqqi idi. Meqqi də Reyə laqeyd qalmır.

Bir il sonra gənclər ailə qururlar. Bu nikah göylərdə kəsilən nikahlardan idi. Onlar bir yerdə yarım əsrdən çox yaşayırlar, dörd qız övladı böyüdürlər. Onları yalnız ölüm ayırır. Meqqi 2003-cü ildə vəfat edir.

Bredberinin dünya şöhrətli yazıçı olmasında onun xanımının olduqca böyük rolu vardı. Evliliklərinin ilk illərində Reyin əsərləri demək olar ki, heç bir gəlir gətirmirdi və ailə yalnız Meqqinin qazancı hesabına dolanırdı.

Meqqinin yerinə kim olsaydı ərindən tələb edərdi ki, bu axmaq hərəkətinə son qoyaraq ciddi işlə məşğul olsun. Amma o, ərinin istedadına inanır və onu dəstəkləyirdi. Bredberi deyirdi ki, o öz uğurunu xanımına borcludur. Təsadüfü deyil ki, yazıçının “Mars xronikası” romanı da xanımına həsr olunub.

Dünya şöhrəti “Pleyboy”dan başladı

Bredberi 1950-ci ildə “Mars xronikası”nı yazır. Bu ona ciddi gəlir gətirən ilk əsəri olur. Kitabın çap məsələlərini ədəbi agenti ilə müzakirə etmək üçün yazıçı yaxınlıqdakı yanacaq doldurma stansiyasının telefonundan istifadə edirdi. Ailənin imkansızlıqdan ev telefonu yox idi.

“Mars xronikası”nın çapından sonra yazıçının pulu da, oxucuları da peyda olur. Amma ona dünya şöhrətini 3 il sonra “Frenheytlə 451 dərəcə” əsəri gətirir. Əsərdə hadisələr gələcəyin totolitar cəmiyyətində baş verir. Burda kitablar yandırılır, mütailə etməyə yalnız seçilmiş adamlara icazə verilir.

Əsər Amerika cəmiyyətini şok vəziyyətinə salır. O, ABŞ-da senzuraya məruz qalır. Bununla belə əsər ilk dəfə “Playboy” jurnalında çap olunmuşdu. SSRİ-də isə əsər 1956-cı ildə heç bir senzuraya məruz qalmadan dərc olunur.

Marsda dəfn olunmaq istəyirdi

Bredberi 79 yaşında insult xəstəliyi keçirsə də yaradıcılığa davam edir. O, hətta yumorla deyir ki, xəstəlik onda yalnız bir problem yaradıb; araba evdə yaxşı hərəkət etmir. Bredberi özü haqqında deyirdi: “Məni canlı klassik adlandırırlar. Demək olmaz ki, bu mənim xoşuma gəlir, amma hər halda ölü klassik omaqdan yaxşıdır.”

Təəccüblü burasıdır ki, əsərlərində müasir texnikadan danışan yazıçı maşın sürə bilmirdi. Hətta təyyarəyə belə ilk dəfə 60 yaşında minmişdi.

“Mən Marsda dəfn olunmaq istərdim. Çox ciddiyəm. Axı onda mən Marsda dəfn olunan ilk adam olacam, bu da mənim şöhrətpərəstliyimi ovudar. Qoy hətta mənim külümü ora konsrv qabında göndərsinlər, mən etiraz etmirəm”-2012-ci ildə vəfat edən böyük fantast yazıçı öz gələcəyi haqqında belə planlar qururdu.

# 3620 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #