Mənim kədərli travmalarım – Şəhriyar del Gerani yazır...

Mənim kədərli travmalarım – <span style="color:red;">Şəhriyar del Gerani yazır...
30 noyabr 2017
# 11:15

Son illər canımı azərbaycanlılardan qorxmaq kimi bir azzzar alıb. Azar yox, “3Z”, azzzar. Bu qorxu idarəolunmazdır. Fobiya - şiddətli qorxudur həm də. Bu fobiya dəhşətlidir. Bu gözəlim məmləkət azsaylı yerlərdəndir ki, burda adamlar biri-birinə heç bir səbəbi, heç bir əsası olmadan fantastik pisliklər edə bilirlər.


Atıram, metroya enmək üçün eskalatordan istifadə edirsən. Eskalatorla endiyin yerdə qəfil kimsə səni itələyə bilər. Yıxılarsan, qolun-qıçın sınar, ən pis halda saçın ilişər eskalatora, dartıb başının dərisini qoparar, al-qanına boyayar səni eskalator, şil-küt olarsan. Birtəhər xilas edərlər səni, apararlar xəstəxanaya. Səni itələyən adamı da tutub gətirərlər yatdığın palataya.


Soruşarsan: “Niyə belə etdin? Cavab belə olar: “Heç nə, elə-belə...”


Donub qalarsan. Birtəhər özünə gəlib təkrar soruşarsan: “Necə yəni elə-belə? Məni niyə itələdin axı?” Təkrar cavab verər: “Dedim axı, heç nə, elə-belə...”

İlahi, bu nə cındır situasiyadır? Dəli olarsan. Qışqıra-qışqıra soruşarsan: “Ay adam, mən sənə neyləmişdim? Niyə məni itələdin? Niyə məni bu günə saldın?” O isə cavab verməkdən sanki yorular, gözləri gözlərinə zillənmiş halda sadəcə çiyinlərini çəkər. Bağıra-bağıra deyərsən: “İnsan, vallah başa düşərəm səni, təki bircə səbəb de mənə, bir əsas de, nəsə de, ovundurum özümü”. O isə təkrar-təkrar susar. Ən alicənab halda - “Heç nə, elə-belə...” - deyər. Vəssəlam.

Bəlkə də inanmırsınız. Amma bu, həqiqətən belədir. Şahidi olmuşam. Ciddən. Dözülməzdir. Sən qolunun sınmasını, dabanının çatlaması, diz qapağının qopub düşməsi, baş dərisinin soyulmasını unudarsan. Səni səbəbsizlik dəli edər. Səbəbsizlik məhv edər səni. Alt-üst olarsan səbəbsizlikdən. Səbəbsiz pisliklər dəhşətli olur...

Bunları niyə dedim? Fobiyamı az da olsa izah etmək üçün. Yaxın dostlar bilir bu qorxularımı, sizin də bilməyinizi istədim. Bu qədər.

Ümumiyyətlə, istəyirəm bunu hamı bilsin. Bir avtobioqrafik hekayəm var, bu qorxularımdan yazmışam. Əlimə pul düşdükcə müxtəlif dillərə tərcümə elətdirəcəyəm o hekayəni. Ən nüfuzlu dərgilərdə, portallarda yayımladacağam. Qoy bütün dünya bilsin. Bilsin ki, mən azərbaycanlılardan, müsəlmanlardan necə və niyə qorxuram. Nə isə...

Nə isə. Travmalarımdan bəhs edəcəkdim axı. Deyirəm, baxın, mən anamı xərçəngdən itirmişəm. Ən ağırı – ağ ciyər xərçəngi. Ol səbəb, bu xəstəlikdən əziyyət çəkən adamları danışdıranda, onların ağrılarını eşidəndə rahatlıq tapıram. Ol səbəbdən. Ki, o ağrılarla öz aramda tanışlıq yaradıram bir növ. Bu yolla anamın vaxtilə keçirdiyi ağrıların sərhədlərini müəyyənləşdirirəm həm də, tanıyıram o ağrıları. Nevroz tərəfi olmamış deyil məsələnin. Nə isə.

Bu xəstəlikdən əziyyət çəkən adamları danışdıranda, onların ağrılarını eşidəndə rahatlıq tapıram. Bu heç. Bir də var yaxınları - ata, ana, bacı, qardaşı bu məşum xəstəlikdən əziyyət çəkən adamlarla ünsiyyət. Bundan da bir başqa rahatlıq duyuram. Mən adına “rahatlıq” deyirəm, siz nə deyirsiniz deyin. Əgər kimsə bu rahatlığı komfortla, zövq almaqla, xoşhal olmaqla eyniləşdirirsə, heç nə. Deyəcək bir sözüm yox.

Nəyi deyirdim? Dün sosial şəbəkədə bir oxucumla mesajlaşırdıq. Xaricdə yaşayırdı, qayıdıb.

“Niyə qayıtdın? Nə var burda?” – deyə sual etdim. Hətta qınadım, rişxəndimdən də qalmadım. Dedi, “anam üçün darıxırdım, dözə bilmədim, gəldim”. Susdum. Yəni mövzu ana olunca, məlum. Davam etdi: “Anam xərçəngdir, onu bu vəziyyətdə qoyub hansısa xoşbəxtlər ölkəsində necə firavan yaşaya bilərdim?” Bir də susdum. Davam etdi: “Onun ətriylə ovunmaq, onun səsinə yuxudan durmaq kimi bir səadət varsa, nə işim var başqa ölkədə?” Dedim, Allah şəfa versin, qızım. Mən o xəstəliyin adını belə eşidəndə bədənim titrəyir. O da cavab verdi ki, həə, amma biz o xəstəliklə vuruşaraq yaşayırıq, can savaşdırırıq. Bildim ki, məni yaxşı tanımır. Tanımır dediyim, yəni yaxşı oxumayıb. Nədən ki, bioqrafiyamdan xəbərsiz. Olsun. Nə yaxşı. Yaxşı ki, xəbəri yoxdur. Qoy bir az danışsın. Görüm necə ağrıyır? Maraqlıdır. Görüm tanış gəlirmi? Rahatlıq tapım bir az. Qarşı tərəfi qıcıqlandırmaq, bir az daha artıq danışdırmaq niyyətilə böylə sual etdim: “Xərçəng o qədər də ağır xəstəlik deyil mən biləni. Ağır qrip kimi bir mərəz. Harasındadır ki?”

Düzü, sualımdan bir az utandım. Amma özümü o yerə qoymadım. Monitorun bu tərəfində bir siqaret yandırdım, ayağımı-ayağımın üstünə aşırıb arın-arxayın çat pəncərəsini güdməyə davam etdim. Xanım uzun-uzadı danışdı, hamısı tanış hisslər, tanış duyğular. Yeni başqa, fərqli heç nə yox. Qəfildən nə oldusa, monitorun o biri tərəfində mənə acığı tutmuş oxucumun da şair damarı tapdandı.


“Bilirsinizmi necədir? Xərçəng anamın sinəsindədir. Döşünün biri əməliyyat olunub. Bir ildən artıqdır mən anamı ürəyim istəyən kimi qucaqlaya bilmirəm. Qollarım qalxmır. O da məni qucaqlamır ki, qorxaram birdən...”


Təsəvvür edin, ana övladını qucaqlamır ki, birdən övladı qorxar, ürpənər, nəsə...

İlahi, bu nə idi? - “O da məni qucaqlamır ki, qorxaram birdən...”

Etiraf edirəm, bu yaşantılara əlavə izah verməyə nə cəsarətim çatır, nə istedadım, nə də təfəkkürüm...

Sonra əlavə elədi: “Gəlin başqa şeylərdən danışaq, yoxsa ağlayacam”. Məniysə artıq ağlamaq tutmuşdu bu tərəfdə...

Necə təsəlli verməli? Məsələn, o xanıma, o anaya necə təsəlli vermək olar? Hansı təsəlliylə aldatmaq olar onu? “Hər şey yaxşı olacaq” - cümləsi necə də “tüşüy” səslənir bu məqamda.

Təsəlliylə aldatmaqdan söz düşmüş ikən bir xatirəni də mən yazmaq istəyirəm həmin oxucum üçün.

Bunu yazıram:

“Tələbəlik illəri boyunca hər dəfə şəhərdən rayona gedəndə anam - "a bala, zəhirmara qalsın o kitab-dəftəri, yenə sınıxmısan" - deyə gileylənərdi. Anamın gözləri dəqiq foto-tərəziydi, amma nədənsə məni hər dəfəsində "sınıxmış" çəkərdi. Hirslənərdim. Deyirdim: ay arvad, sənin hesabınla mən sınıxıb-sınıxıb yoxa çıxmalıydım bu illər ərzində, bəsdi axı! O da həlim səslə dünyanın ən sadə və ən mükəmməl cavabını verərdi: "A başına dönüm, sınıxmısan ki, deyirəm sınıxmısan daa. Kökəl deyim kökəlmisən". Gülüşərdik.

İl oldu 2011. Anam xərçəngə tutuldu. Mən hələ də tələbəydim, ikinci təhsilimi alırdım. Artıq mənim rayona getməklərimin də ikinci adı vardı - anamı növbəti müayinə-müalicə üçün Təbrizə aparmaq. Artıq bu dəfə rayonagedişlərimdə mən anamı qabaqlayası olurdum: “Ay ana, şükür, dərmanlar nə yaxşı təsir eləyib, kökəlmisən...”

Və beləcə tələbəlik illərim mənim "sınıxmaqlarım"la anamın "kökəlməkləri" arasında sovuşub getdi. Düzü, hamısı sevgi aldadışlarıydı: nə mən sınıxırdım, nə də anam kökəlirdi. Amma yox, deyəsən mən həqiqətən sınıxırdım. Amma yox, deyəsən anam həqiqətən kökəlirdi.

Şair demiş, sonra nə oldusa, yadıma gəlmir...

# 2301 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #