Toy gecəsi soğan iyi verən ərlə savaş – BİRCƏNİN ROMANI

Toy gecəsi soğan iyi verən ərlə savaş – <span style="color:red;">BİRCƏNİN ROMANI
31 mart 2017
# 14:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Çəvəl baldızım içəri girdi, məni süzdü, iri dişlərini nazik dodaqlarıyla güclə örtüb, başının işarəsiylə bibimi çölə cağırdı. Bibim sürgünə gedirmiş kimi ayaqlarını sürüyə-sürüyə onun dalınca bayıra çıxdı, bir az ləngiyəndən sonra otağa qayıtdı. Mən dözülməz həyəcanla Telli mamanın üzünə baxdım. Bibim birdən özünü üstümə atdı, məni ehmalca qucaqlayıb bağrına basdı:

- Qorxma, - dedi, - eşikdəyəm, özünü ağıllı apar. Hər şey yaxşı olacaq...

Ardınca mənə bir xeyli təsəlli verib, əlindəki bir topa ağ dəsmalı üstündə ilan yatmış döşəyin altına qoydu.

- Burnun-zadın qanasa, özünü itirmə, bunları ağzına tut, - deyib qapıya doğru getdi. Bir əli qapıda bibim yenidən geri qayıtdı, yenə məni bağrına basıb ürək-dirək verdi, sonra da iti addımlarla gecənin qaranlığına çəkildi.

Qaldım tək-tənha. Qara ilan yenə beynimə soxuldu, üşəndim. Gəlinliyimin uzun ətəklərini əlimə yığıb, bibimin arxasınca bayıra çıxmaq istədim, ancaq qapının dəstəyinə əlim çatmamış qapı üzümə açıldı. Eminlə burun-buruna dayandıq. O, “Tıq-tıq xanım” multfilmində deyildiyi sayaq “Qara qız, hara belə?” deyib önümü kəsdi. Onun nəfəsindən püskürən soğan qoxusu məni çox pis vurdu. Soğanın kəskin iyi ac mədəmə bir anda elə doldu ki, qan iyindən, qan dadından ağzımda-burnumda əsər-əlamət qalmadı.

İçimdə umudumun şaqqıltıyla necə qırıldığını qulaqlarımla eşitdim. Otaqdakı qarmaqarışıq qoxuların üstünə bir dolu nəfəs soğan qusuldu elə biləsən. Dizlərimin taqəti kəsildi, qapıya yaxın kürsüyə çökdüm. Emin otağın boş qalmış künc-bucağı boyunca gəzişməyə başladı. Arxası mənə olanda başımı qaldırıb ona baxırdım, üzü mənə doğru gələndə başımı aşağı salırdım.

Heç nə barədə düşünə bilmirdim, məni nə gözlədiyini ağlıma sığışdırmırdım. Təkcə bunu bilirdim ki, bir az da keçsə, soğan iyi məni qusduracaq, ancaq xoşbəxtlikdən mədəmdə qaytarılası bir şey qalmamışdı. Elə yanğıyla su istəyirdim ki, bəlkə bir səhəngi başıma çəkib boşaldardım.

İçimdəki qarmaqarışıq düşüncələrin burulğanında boğulduğum vaxt birdən elə bil göydən yerə çırpıldım. Bir anlıq nə olduğunu anışdırmadım. Gözümü açanda özümü çarpayının ortasında tapdım. Elə bildim belim qırıldı. Heyrətlə Eminin üzünə baxdım:

- Belə niyə?

O:

- Nə naz-qoz eləyirsən, bəs necə olmalıdı?! - deyəndə anladım ki, vəziyyət gərgindi.

Bir də axı mən naz-qoz eləməmişdim – bəlkə düşünürdü ki, bu müddətdə soyunub onu gözləməliymişəm, sevinə-sevinə üstünə atılmalıymışam? Soğan iyi, bir də onun kobudluğu ilanı yadımdan çıxartdı. İki əlimin ikisi də bağlıydı – bağlı deyəndə ki, ata evindən çıxanda ovuclarıma qoyulmuş pulun üstündən bağlanan sarıqları hələ də açmamışdım. Belimin sarığı da eləcə. Adətə görə, ovcumdakılar mənim olmalıydı, belimdəkinin üstünə isə bəy əlavə nəmər qoyub yengəyə verməliydi. Sarıqları da incə bir nəvazişlə bəy açmalıydı.

Bu, məni top kimi çarpayının üstünə atanda içimdə elə bil bomba partladı, fikirləşdim soğan yediyi bəs deyil, hələ bir gör mənlə necə davranır. Yadıma düşdü ki, böyük qardaşım Səməndər öz toyu günü tez-tez ağzına mixək atırdı, mən də tez-tez soruşurdum mixəyi niyə yeyirsən; indi soğan iyi beynimi dələndə anladım səbəbini.

Mən çarpayının ortasında oturub cücə kimi titrəyirdim. İtlər seyrək-seyrək hürüşürdü, xoruzlar banlaşırdı. Emin bir az məndən aralandı, baxdım gördüm soyunur. Birdən üzünü mənə sarı çevirdi:

- Özünü uşaqlığa qoyma, qalx sən də soyun!

Ən sonda saatını açıb şaqqıltıyla masanın üstünə atdı. Sonra yenə əl atıb məni qamarladı, bir göz qırpımında məni aymalayıb gəlinliyimi yerə tulladı. Döşlərimə elə bil neştər soxdular – paltarı sıyırıb başımdan çıxaranda döşlərim necə əzildisə, gözümdən od parladı. Əlimdəki bəzəkli dəsmalları hikkəylə dartıb başımın üstündən yerə tulladı, elə bildim nəsə bir müqəddəs şeyi çırpdı yerə. Ancaq mən eşitmişdim ki, belə olmalı deyil, zifaf gecəsi bəy gəlinlə çox mehriban, nəvazişlə davranmalıdı, onun üstünün bər-bəzəyini xüsusi bir törənlə, bir mərasim ədasıyla açmalı, gəlinliyini əynindən əzmədən, incitmədən ehmalca çıxarmalıdı. Bəs mənim başıma gələn nəydi? Çaşıb qalmışdım, neyləyəcəyimi bilmirdim.

Birdən o, başımı qovzayıb əllərini daraq kimi saçlarıma yeritdi, başımı özünə sarı çəkib dodaqlarımı ağzına yığdı. Mən boğulurdum, üstəlik də soğanın dözülməz iyi ödümü partladırdı. Özümü toplayıb ayağımı yerə bərk dirədim, onu sinəsindən itələyib dodaqlarımı ağzından aldım. Bir ağız möhkəm öyüdüm, ağzımdan isti, acı su gəldi. Yarıqaranlıq otaqda əlimi atıb bibimin başaltıma qoyduğu dəsmallardan birini götürdüm, əlim ağzıma çatmamış Emin dəsmalı göydəcə qapdı, qalxıb işığı yandırdı. Dəsmalı işığa tutub diqqətlə o üz-bu üzünə baxandan sonra üstümə tolazladı. Bu müddətdə mən artıq qusuntumun yarısını udmuşdum.

İçimdən bir vulkan püskürdü, bir anda köməksiz, kimsəsiz, əlacsız qaldım, üst-üstə geyindiyim beş tuman belə karıma gəlmədi. Bir az əvvəl üstündə ilan yatmış çarpayının ortasında lüt-üryan çabalayırdım, etiraz eləməyə, müqavimət göstərməyə nə dilimdə, nə də qolumda güc vardı. Susuzluqdan yanırdım. Onun kobudluğu, gəlinin yanına soğan yeyib gəlməsi məni lap iyrəndirmişdi. Bəlkə bir az nəvazişli, bir az həlim yanaşsaydı, mən də sakitcə itaət göstərərdim. Bilirdim burdan o yana yolum qalmayıb, bilirdim qızlığımın sonu çatıb, amma o gecə qadın olmağa bir zərrə gücüm, tabım-tavanım yoxuydu. Sudan, bir də yatmaqdan savayı heç nə istəmirdim, bir ömrün yorğunluğu vardı canımda. Neçə gündən bəri burnumdan axan qan da məni lap əldən salmışdı. Xoruzlar kahıl-kahıl banlaşırdı, itlər ərincək-ərincək hürüşürdü – bundan bilirdim ki, səhər açılhaaçıldadı.

O gecə bu dünyanın incə duyğularından, qadınlıq dünyasından tamam bixəbər adam məni nə qədər əziklədi, nə qədər hövkələdisə də, heç nəyə nail ola bilmədi. Bir yandan dan yerinin sökülməsi, bir yandan da mənim heydən düşənəcən süpürləşməyim axırda onu necə bezdirdisə, kürəklərimi gücü gəldikcə verdi qapaza. Mənim çığırtıma bibim qapını kəsdirəndə o, tələsik qalxıb geyindi.

Öləziyən şamın işığında onun hərəkətlərinə altdan-altdan göz qoyurdum. Toy gecəsi düçar olduğu uğursuzluqdan, üstəlik də bibimin qapını narahat-narahat cırmaqlamasından həyəcanlanan Emin çaşıb mənim tumanımı geyirdi əyninə. Bunu görcək içimdən dəli bir qəhqəhə püskürdü, yorğanı başıma çəkdim ki, güldüyümü görməsin. Bəlkə də elə başa düşmüşdü ki, ağlayıram.

***

Emin qaranəfəs özünü eşiyə tullayan kimi bibim içəri girib yorğanı üstümdən atdı. Arvad bir an donub qaldı yerində, bəlkə də elə bildi yenə havalanmışam. Yerə səpili paltarlarımı bir gözü məndə dənləyə-dənləyə qayıtdı ki, dur otur. Qurşaqdan yuxarı yorğana bükülüb oturdum. Sonra bibim mənə xalat uzatdı ki, geyinib düşüm çarpayıdan. Mən yataqdan aralanan kimi bibim uzandığım yeri həyəcanla axtarmağa başladı. Döşəyin üstünə sərilmiş mələfəni dartıb əlinə yığdı, təəccüblə ora-burasına baxandan sonra arvadın gözləri böyüdü:

- Bəs hanı, bəs niyə belə?!.. - deyib zarıdı.

Baxdım ki, bir az gec cavab versəm, bibim qorxudan ölə bilər. Sakitcə:

- Kefini pozma, aramızda elə bir şey olmadı, - dedim.

Bibim mələfəni büküb paçasının arasına aldı, beli qırılmış kimi çarpayının üstünə çökdü:

- Bəs mən bu qədər adama nə cavab verəcəm?! - deyib fəryad qopardı.

Qayıdıb bibimə sarıldım. Dünəndən bəri mənə ürək-dirək verən, məni qoruyan Telli mamaya bu dəfə mən təsəlli verməyə başladım; onu inandırmağa çalışırdım ki, qorxmasın, hər şey yaxşı olacaq. Bibimin könlünü ala-ala yenə bayaqkı gülməyimdən qalmırdım.

Qaynanam qapını itələyib ləngərli yerişiylə içəri girəndə bibim suya düşmüş cücəyə döndü. Arvadın sual dolu baxışları Telli mamanı dəlib keçdi. Büzüşüb yumağa dönmüş bibim mənim üzümə baxmadan mələfəni çarpayıya çırpıb otaqdan çıxdı, qaynanam da onun dalınca.

Mən qalxıb yatağın üstünü örtdüm, axşamdan yanıb öləzimiş şamları söndürdüm, otağıma yüngülcə əl gəzdirdim. Hələ də gülürdüm, heç cür özümü toplaya bilmirdim, Eminin dolaşıb mənim tumanımı əyninə geyməyi gözümün önündən getmirdi.

Artıq gün bir boy qalxmışdı. Adətə görə, bu vaxt yengə yaxşı xəbərlə geri qayıtmalıydı, gəlinin zifaf gecəsindən üzüağ çıxdığını deyib qız evini muştuluqlamalıydı. Yazıq bibimsə əliboş qalmışdı, evimizə aparacağı xoş bir xəbər yoxuydu. Sabahsa bizimkilər duvaqqapma - üçgünluk mərasiminə, mənim yanıma gəlməliydilər. Ancaq mən bütün ssenarini pozmuşdum.

Günortayacan evdə hamı küsülü kimi gəzdi. Böyük qaynımın arvadıyla baldızım qarşımda çox geniş bir çıxış elədilər: guya bu gün aramızda nəsə alınmasa, bizim də ailəmiz, bunların da ailəsi biabır olacaqmış. Bu istiqamətdə bəlalı başıma bir xeyli öyüd-nəsihət tıqqıldadıb çıxdılar.

Günortadan sonra bizə daha bir fürsət verdilər.

***

Yenə gülürdüm. İçimdə heç nə yoxuydu – nə qorxu, nə həyəcan, nə gözləm. Qəlbim lümlüt, bomboş qalmışdı. Bəlkə elə buna görə çox güclüydüm, heç burnum da qanamırdı. Qarşıma elə bir məqsəd də qoymamışdım – iş-işdən keçəndən sonra nə məqsədim olasıydı ki! Bircə hiss, bircə əminlik vardı ürəyimdə: ömrümün üzünü görmədiyim, adını belə eşitmədiyim idealına, Ağ Atlı Oğlanıma saxladığım bakirəliyimi asanlıqla əldən verməyəcəkdim, könüllü təslim olmayacaqdım!

Hərdən bir qəribə duyğu da beynimi qapsayırdı: uşaqlıqda meyvə dərmək üçün bir ağaca çıxardımsa, o dəqiqə nənəm başımın üstünü ley kimi alıb məni ehmalca ağacdan endirərdi; deyərdi çox hündürə dırmaşma, birdən yıxılarsan, qızlıq pərdən gücə düşüb cırılar. İndi düşünürdüm, görəsən, ürəkgetməm tutub yerə çırpıldığım vaxtlarda bakirəliyimə xətər toxunmayıb ki? Hərdən elə bilirdim heç mən qız da deyiləm, nəsə cinsiyyəti bilinməyən bir məxluqam. Bu hiss arada-bərədə qəlbimə gəlib gedirdi...

Emin yenə otağa girdi. Mən onun əlinə keçməmək üçün uşaq kimi masanın başına fırlanmağa başladım. Bir az qaçdı-tutdudan sonra yenə iri pəncələriylə məni qamarlayıb çarpayıya atdı. Əynimdə nə vardısa hamısını cırıqlayıb-çıxarıb yerlə bir elədi. Meşədə ac ayıya ürcah olmuş əliyalın adamın halı necə olar, mən də eləydim – canım çıxana qədər umudumu itirmir, amansız yırtıcıyla süpürləşirdim.

O, kobud pəncələriylə bədənimi əzik-əzik elədi, döşlərimin ağrısından az qalırdı huşumu itirəm. Bu adamın davranışlarının mənasını başa düşə bilmirdim - bilmirdim öpür məni, bilmirdim sıxır, yoxsa dişləyir. Bir onu bilirdim ki, bədənim futbolçu ayağına dəyən top kimi əzilir, yenidən düzəlir.

Birdən budlarıma nəsə qaynar bir şeyin töküldüyünü hiss elədim. Var gücümlə Emini üstümdən aşırıb əlimi buduma çəkdim, üstümə tökülənin nə olduğunu yoxlayıb-anlamağa çalışdım. Əvvəl elə bildim vaxtından qabaq xəstələnmişəm. Ancaq o sürüşkən isti mayeyə əlim dəyəndə ətim lərzəyə gəldi, bütün bədənim ürpəndi. Əllərimi üzümə yaxınlaşdıranda isə mayenin qırmızı yox, ağ rəngdə olduğunu, özünün də burundan axan çirkə bənzədiyini gördüm. Məni heç vaxt heç yerdə duymadığım əcaib bir qoxu vurdu, ardınca da elə bil içimə əl salıb bütün içalatımı qarışdırdılar. Böyürə-böyürə necə öyüdümsə, səhər-səhər bibimin verdiyi bir almayla bir stəkan suyu fontan kimi Eminin sinəsinə qusdum.

Adam bir anlıq çaşıb qaldı, sinəsinə tökülən qusuntunun iyindən onu da öyümək tutdu. Əl atıb yapışdı saçımdan, yumruğuyla harama gəldi döşəməyə başladı. Mən zavallı başımı qollarımla birtəhər qoruyurdum, o isə gözü qızmış buğa kimi məni buraxmırdı. Burnumdan açılan qan da onun hirsini soyutmadı. Ağlına-ağzına gələn hər söyüşü sifətimə çırpırdı, mənsə qorxudan səsimi çıxara bilmirdim.

Handan-hana gördüm, yox, belə getsə, bu məni öldürəcək, ona görə də başladım qışqırmağa. Səsimə bibim özünü içəri atdı. Ağzımın-burnumun qanı bir-birinə qarışıb göbəyim aşağı axırdı. Bibim tez mələfəni yoxladı – mələfə də, yorğan da qan içindəydi. Bibim ağız-burnuma fikir vermədən sevincək məni qucaqladı. Dünyadan xəbərsiz yazıq, məzlum arvad gah gülür, gah da mənə təsəlli dolu gözaydınlığı verirdi:

- Bax görürsən, deyirdim hər şey yaxşı olacaq! – Sonra da əllərini göyə açdı. - Şükür sənə, ilahi!

Elə bunu demişdi ki, qaynanam yenə özünü içəri atıb bibimin sevincini qursağında boğdu. Telli mamanın qolları şappıltıyla yanına düşdü, özünü yaxındakı kürsüyə yıxıb əlacsız gözlərini mənə dikdi. Heç belə olmamışdı ki, məni qan apara, bibim də bir qıraqda oturub kirimişcə qala. Burnumdan axan qan göbəyimdən aşağıda göllənib budlarıma yaxılmış eybəcər ağ mayeyə qarışırdı. Birdən qaynımın arvadı içəri girib mənim bu görkəmimə bir az baxandan sonra qayıtdı:

- Başa düşə bilmirəm, burda nə var axı sən özünü bu hala saldırırsan?..

Handan-hana özünə gələn bibim ayağa qalxdı, məni xalatıma büküb kürsüyə oturtdu. Qanıma bulanmış mələfəni döşəyin üstündən yığışdırıb təzəsini saldı. Otağa yığılmış qəzəbli qadınlara yalvardım ki, nə olar, kömək eləyin mən çimim – həmişə bir müqəddəs əmanət kimi baxdığım canımdan, sevə-sevə əzizlədiyim bədənimdən, hətta əllərimdən belə iyrənirdim. Qaynanam dedi:

- Qabaq evlər qonaq-qarayla doludu. Təzə gəlin bu qədər adamın içindən keçib gedə bilməz.

Qaynımın arvadı çıxış yolu göstərdi:

- Pəncərədən düşə bilsən, səni görən olmaz.

İndi mən hər şeyə razıydım, təki təpəmdən, nənəm demiş, bir qaşıq su axıda bilim. Ona görə də eltim dediyi sayaq otağımın həyətə açılan pəncərəsindən yerə hoppanıb qaça-qaça özümü hamama yetirdim, suyun altına girib bir az sakitləşdim.

Elə bilirdim canıma illərin hisi-pası, çirki-murdarlığı hopub. Özümü dönə-dönə salavatladım, dalbadal neçə yol qüsullandım. Handan-hana mənə elə gəldi ki, kirdən-pasaqdan arınıb duruldum, yalnız bundan sonra canım dinclik tapdı. Daha əndamıma dəymiş şillə-yumruğun da yeri ağrımırdı. Bircə şey ürəyimcə olmadı – nə qədər yaxaladımsa, qan dadı ağzımdan getmədi ki, getmədi.

Yenə arxa pəncərədən birtəhər keçib otağıma qayıtdım. Bibimə yalvardım ki, heç kimi içəri buraxmasın, bir az yatım.

Sonra da ağzımda hələ özgə qanına qarışmamış halalca qanımın dadı, qollarımda, kürəklərimdə, üz-gözümdə Eminin zərbələrinin ağrısı, məni huş apardı. Bayırdakı vurhavurdan, bibimin səksəkəsindən, qaynanamın zəhmli baxışlarından qopub öz içimə çəkildim, ölüm yuxusuna getdim.

ardı var

# 9594 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #