Görüşdüyüm bütün qızlar dəlixanaya gəlmişdi – Bir dəlinin gündəliyi

Görüşdüyüm bütün qızlar dəlixanaya gəlmişdi – Bir dəlinin gündəliyi
1 oktyabr 2019
# 09:00

Kulis.az Oğuz Ayvazın “Bir dəlinin gündəliyi” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

Gözlərimi ovuşdura-ovuşdura yorğanımı qırağa eləyib çarpayımdan qalxıram. Elə bil təzədən dünyaya gəlmişdim. Özümü uzun müddət idi ki, bu cür xoşbəxt, gümrah hiss etməmişdim.

Artıq dəli deyiləm. Sağalmışam. Çıxıb getmək lazım burdan. Dəlilərə nəzər yetirirəm. Burda nə işim var, mənim? İlahi, burda ancaq ağlını itirib yaşaya bilərsən.

Yaman darıxdım. Çıxıb getmək istəyirəm. Havanın, ağacların qoxusu üçün burnumun ucu göynəyir.

Lətif həkimin otağında əsgər sayağı dayandım.

- Oğuz necəsən? – arxadan həkimin nazik barmaqları çiynimə toxundu.

- Həkim, mən sağalmışam artıq. Getmək istəyirəm.

- Nə tez bezdin bizdən?

- Sizdən yox, dəlilərdən bezdim...

- Axşamlar yuxun necədir?

- Çox yaxşı, normal yatıram.

- Qulağına səslər gəlir?

- İki həftə olar ki, heç nə.

- Onda bir az da səbr elə. Bir-iki günə çıxarsan.

- Bu gün olmaz?

- Az da səbr elə.

Sərçələrin cikkildəşməsini eşidirəm. Pəncərənin şüşəsini dimdikləyirlər. Barmağımın arasında közərən siqaretdən qullab vurub pəncərəni açıram. Siqareti ona görə çəkirəm ki, bəlkə dəlixana müdiri görüb məni qovar. Sərçə keflənmiş ağcaqanad kimi yavaş-yavaş zirzəmi olan yerə uçur.

Pəncərədən dünya möhtəşəm görünür.

Bulud parçaları boz rənglərin fonunda dumanlı dağları xatırladır. Səkinin yanı ilə sıra-sıra düzülmüş yam-yaşıl çinar ağacları yarpaqlarından yağış suyunu küçələrə yayır. Mülayim külək isə çılpaq qollarından, boynundan qıdıqlayır səni. Yolda şütüyən maşınlar ağır-ağır yağış suyu ilə yuyunurlar. Başımı qaldırıb daha da yuxarı, göy üzünə tamaşa edirəm. Yağış damcıları üzümə, gözümə düşür. Sanki Amazon meşəsində zəhərli həşəratların hücumuna məruz qalırmışam kimi.

Küçənin o tinindən nimdaş geyimli adam, əlində əsası ilə yağışın altında addımlayır. Başında kepkası görünmür. Gözləri eyni nöqtəyə zillənib. Düşünürəm ki, yəqin, bu adam üçün həyat çoxdan bitib. Kim bilir, ömründə nə qədər yağışlı gün yaşayıb?!

Kameranı başqa bir tərəfə tuşlayıram. Səhv başa düşməyin kamera deyəndə gözlərimi nəzərdə tuturam. Aha, tilova bir adam da düşdü. Sən demə düz gözümün qabağında imiş. Məktəbin kandarında köhnə-kürüş, lazımsız kitablar satır. Başında qara papaq, əynində çəhrayı rəngli kurtka var. Gözlərində itmiş bir tale hiss olunur.

Yağış sürətini azaldır. Quşların cikkiltiləri daha aydın eşidilir. Torpaqdan gələn yağışın qoxusu otağımıza yayılır. Barmağımda sönmüş siqaret giləsi küləyin toxunuşu ilə, rəqs edə-edə otların üzərinə düşür.

- Pəncərəni bağla, bağlada alaaaa... – təzə düşmüş dəli anqırır.

Ona cavab vermədən pəncərəni örtürəm. Gül kimi romantikanın içinə p..x qoyan biri olmalıdır da.

Darıxıram. Elə hey darıxıram. Özümə gələndən bir dəqiqə bir yerə bənd olmuram. Çıxmalıyam. Nə olur olsun. Amma bu gün mümkün olmayacaq deyəsən.

Sevdiyim qızı da burda unutmuşdum. İki ay yatdığım dəlixana məni böyütmüşdü. Olub keçənləri xatırlamaq üçün dəlixana və həbsxana maraqlı yerdir. Ona görə də bu dəfə tanış olduğum qızları xatırlamaq istəyirəm.

Məktəbli olanda gündə bir qıza aşiq olurdum. Utancaq və cəsarətsiz olduğumdan qarşılarına çıxanda dinib-danışmır, yerin dibinə girirdim. Bir dəfə cəsarətimi yığıb aşağı sinifdə oxuyan qarabuğdayı, qıvırcıq saçlı qıza məktub yazdım. Məktubu sinif qızlarından biri apardı. Qayıdanda üzündə güllər açırdı, dedi, qız məktubu göydə qapdı. Xəyal qurdum ki, artıq məhəbbət yaşayırıq. Sevindim... Axır mənim də sevgilim olacaq.

Bir saat keçmədi, qızdan cavab məktubu gəldi:

"Mən səni ilk gördüyüm gündən bəyənirəm, amma məni qabaqladın. Beşinci mərtəbədə səni gözləyəcəm. Gəl, söhbət edək”.

Məktubu oxuyanda elə bildim, ürəyim yerindən çıxacaq; əlim, ayağım buz kəsdi, dediyi yerə gedə bilmədim. Bu mənasız həyəcanı içimdə öldürə bilsəm, qızlarla münasibətim alınacaqdı, amma bacarmırdım.

Yeniyetmə vaxtı feysbukda bir qızla tanış oldum. Profil fotosundakı özü idi, hər fotosuna baxanda, gözlərim kəlləmə çıxırdı, çox gözəl görünürdü. Vaxtaşırı bu gözəlliyə tamaşa edir, zövq alırdım. Günlərcə, saatlarca yazışırdıq.

Ona cavab yazanda belə həyəcanlanırdım. Yazdığım sözlərə diqqət edir, dəfələrlə oxuyur, artıq-əksik bir şey olmasın deyə gözümü dörd açırdım. Demək olar, virtual şəkildə vurulmuşdum o qıza. Onun da mənə meyli vardı, hiss edirdim.

Adı Həmidə idi. Bir gün telefon nömrəmi istədi. Dedi, səsini eşitmək istəyirəm. İlk cümləmi xatırlayıram:

"Sizin kimi gözəl bir xanımla danışdığıma inana bilmirəm”.

Bu sözlərdən sonra dəstəyin o başından gülüş qopdu. Bacım, qardaşım da eşitmişdi səsimi, onlar da qımışırdı.

Həmidə ilə telefonda danışanda səsim titrəyirdi. Buna görə də, evdəkilər məni lağa qoyur, şaqqanaq çəkib gülürdülər.

Həmidə bir gün yazdı ki, görüşək, artıq bir-birimizi görməliyik. Niyəsə alınan qərarlar ancaq ona məxsus idi. Mənsə miskin, müti adamlar kimi qızın sözünə baxırdım.

Görüşəcəyimiz gün şalvarımı, köynəyimi ütüləmiş, saçımı bahalı gellə yağlamışdım. Dostumun bahalı ətirindən də üzümə, boynuma vurmuşdum ki, ruslar demiş "şıkarnı” oğlan olum.

Həmidəni görəcəyim anın xəyallarını qururdum. Həyəcanım birə-min artdı. Universitetdən yenicə çıxmışdım, telefonum səs elədi. Mesaj gəlmişdi:

"Gəl də, səni gözləyirəm axı”.

Görüş yerinə uçaraq getdim. Uçaraq nə idi, ee?

Ətrafda heç kim görünmürdü. Arxadan səs eşidildi. Səsə doğru çevriləndə başımdan elə bil, qaynar su tökdülər. Həmidə budurmu, ilahi?

Saçları qısa və səliqəsiz, üzündə yekə-yekə sızanaqlar, boyu balaca, dişləri sap-sarı, ayaqları futbolçuların ayaqları kimi əzələli və iri. Gözlərimə inana bilmədim. Demə, neçə gündür xəyalları ilə yaşadığım qız yadplanetliymiş.

- Salam, necəsən? Nə olub, kefin yoxdu?

- Salam, yox, dərsdən çıxmışam, yorğunam.

- Yoxsa məni bəyənmədin?

- Əksinə bəyəndim, təbii gözəlliyin var.

- Ay çox sağ ol!

Qızdan qurtulmaq üçün bir bəhanə axtarırdım, amma beynim tormuzlanmışdı.

Şokdaydım. O isə dil qəfəsə qoymurdu. İrəlidə bir dükanın qarşısında dayandıq. Bir şey almalıyam dedi və içəri girdi. Qəfil beynim xoda düşdü, ətrafa göz gəzdirdim. Buludluq idi, küçələrdə adamlar çoxalırdı. Fikirləşdim ki, telefonumun zəngli saat bölməsinə vaxt qoyum, zəng gələndə də deyim evə gedirəm.

Həmidə dükandan çıxdı. Yenicə gəzmək istəyirdik (doğrusu, o gəzmək istəyirdi) ki, telefonum səs eləməyə başladı.

- Bəli, nə? Doğrudan? Hə, bu saat gəlirəm, gəlirəm.

Həmidə təəccüblə üzümə baxdı. Dedim, evi su basıb, təcili evə getməliyəm. Qızı yola salıb, payi-piyada evə yollandım. Yol boyu bəxtimi söydüm.

Bir dəfə də varlı bir qızla görüşmüşdüm. Qızın fikri ciddi idi, istəyirdi sevgili olaq. Məni bir çin restoranına apardı. Dedi, bilirsən, dünyanın ən gözəl mətbəxi çin mətbəxidir. Mən də təbii ki, özümü intellektual göstərmək üçün razılaşdım.

Menyu gəldi, heç nə seçə bilmədim. Dilimi sürüdüm ki, sən nə yeyirsən, onu yeyərəm. Həm də sənin kimi gözəl bir qız varkən yemək nə lazım? Gülümsündü.

Bir azdan adını bilmədiyim bir yemək gəldi, iştaham küsdü. Eləcə qaşıqladım. Dedi, sonra gedərik italyan restoranına, orda şərab içərik. Dəhşət darıxdım, dostuma "vızov" atdım, sağ olsun, o da iki dəqiqə keçməmiş zəng etdi. Qızı restoranda qoyub qaçdım. Dostumla sınıq-salxaq kafe tapıb oturduq. Masanın üstü it günündəydi, istədim, kafe sahibini qucaqlayıb ağlayım.

- Ay Oğuz, Oğuuuzzz...

- Hay, hay, həəə...

- Atan gəlib – sanitar məni xəyalların əlindən alır...

Bir anlıq öz-özümə düşündüm ki, kaş görüşdüyüm, öpüşdüyüm qızların hamısını bu dəlixanaya yığardım və onlara deyərdim:


”Sevgi əbədidir, sevgililər müvəqqəti”

Ya da buna bənzər bir şey.

Sevincək atama tərəf qaçıram. Uşaqlığımdakı kimi.

Uraa gedirik, deyəsən!

ardı var...

# 6886 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #