Namuslu qadın yanmağa məhkumdur – YAPON HEKAYƏSİ

Namuslu qadın yanmağa məhkumdur – YAPON HEKAYƏSİ
18 mart 2016
# 12:58

Kulis Akutaqava Rüneskenin “Soyuq” hekayəsini təqdim edir.

Kül altında gizlənmiş parıltıdan od dilimləri canlanırdı. Beləcə, o, otağa yayılmış soyuqla dayanmadan mübarizə aparırdı. Yasukiti qəfildən yeraltı dünyanın soyuğunu təsəvvür edib od dilimləri buraxan kömürə nəsə simpatiyaya bənzər bir hiss bəslədi.

- Xorikava-kun!

Yasukiti gözlərini qaldırıb sobanın yanında dayanmış dəqiq elmlər bakalavrı Miyamotoya baxdı. Miyamoto yaxınlaşdırıcı eynəkdə dili ilə üst dodağını isladaraq, əllərini cibinə qoyub mərhəmətlə gülümsəyirdi.

- Xorikava-kun! Sən qadının da bədən olduğunu bilirdinmi?

- Qadının heyvan olduğunu bilirəm.

- Heyvan yox, bədən. Mən bunu böyük zəhmətlər hesabına bu yaxınlarda kəşf etmişəm.

- Xorikava-san, Miyamoto-sanla söhbəti ciddiyə almağa dəyməz.

Bunu digər fizika müəllimi, dəqiq elmlər üzrə bakalavr Xaseqava dedi. Yasukiti ona tərəf çevrildi. Xaseqava Yasukitinin arxa tərəfindəki masa arxasında oturub yoxlama yazı işlərinə baxırdı, iri alınlı simasında utancaq təbəssüm vardı.

- Çox maraqlıdır. Məgər mənim kəşflərim Xaseqava-kunu sevindirə bilməz? Xorikava-kun, sən istilik yerdəyişməsi qanununu bilirsən?

- İstilik yerdəyişməsi. Bu, hardasa elektrik istiliyi ilə bağlı olmalıdır.

- Siz ədəbiyyatçılar bədbəxtsiniz.

Miyamoto sobanın açıq qapısından od dilimləri üzərinə bir qab kömür atdı.

- Fərqli tempratura malik iki cisim qarşılıqlı əlaqəyə girəndə, daha yüksək temperaturlu olanı nisbətən az tempraturlusuna istilik ötürür, ta ki hər ikisinin temperaturu bərabərləşincə.

- Bu, onsuz da belə olmalıdır.

- İstilik yerdəyişməsi qanunu da elə budur. İndisə hesab edək ki, qadın - fiziki bədəndir. Elədir? Əgər qadın fiziki bədəndirsə, onda kişi də, şübhəsiz ki, bu cürdür. Onda sevgi istiliyi bərabərləşdirəndir. Bu kişi və qadın qarşılıqlı əlaqəyə girəndə kişidəki böyük sevgi də istilik kimi qadının kiçik sevgisinə qarışır, ta ki hər ikisində bərabər oluncaya qədər. Lap Xaseqava-kunun başına gələn kimi.

- Hə, yenə başladı.

Xaseqava, demək olar, sevincdən utanaraq gülümsədi.

- Deməli, S sahəsindən T zamanında keçən E istilik həcmi, belə necədir? Bu zaman tempratur N, istilik mənbəyindəki məsafə X, maddələrin qərarlaşdırılmış istilik dəyişməsinin koeffisenti K olar. İndisə Xaseqava-kunun vəziyyətini götürək.

Miyamoto elə də böyük olmayan lövhədə formula oxşayan yazı yazmağa başladı. Lakin qəfildən arxaya çevrildi, sanki ümidsizliklə təbaşiri yerə tulladı.

- Xorikava-kun kimi qeyri-ixtisaslılarla heç öz kəşfinin uğurunu da bölüşmək düzgün deyil. Amma mən bunu ərsəyə gətirmək üçün nə qədər zəhmət çəkmişəm. Hər bir halda, Xaseqava-kunun mövzusu, görünür, mənim formulumla daha maraqlı olur.

- Əgər belə bir formul həqiqətən mövcud olsaydı, onda dünyada yaşamağa nə vardı ki?

Yasukiti ayaqlarını uzadıb pəncərədən çölə baxdı. Fizika müəllimləri şöbəsi ikinci mərtəbənin künc otağında yerləşirdi, ona görə də buradan bir baxışla qülləli idman meydançasını və bulvara yaxın qırmızı kərpicli binaları görmək olurdu. Binaların arasından isə boz köpükləri dalğasıyla qovan dəniz görünürdü.

- Elə ona görə də ədəbiyyatçılar təbaşir üstündə otururlar. Hə, o necə gedir? Sizin sonuncu kitabınızı deyirəm.

- Əvvəlki kimi, heç satılmır. Görünür, yazıçılarla oxucular arasında istilik yerdəyişməsi işləmir. Yeri gəlmişkən, Xaseqava-kunun toy məsələsi necə oldu?

- Cəmi bir ay qaldı. O qədər dərd-sər var ki, heç nəyi çatdıra bilmirəm. Yoruldum lap.

- Deməli, darıxdırıcıdır. Bəs nəyi çatdıra bilmirsən ki?

- Mən ki Miyamoto-san deyiləm. Əvvəlcə gərək ev tapım, ancaq heç harda ev kirayə verilmir. Gücdən düşmüşəm. Keçən bazar ev axtara-axtara bütün şəhəri gəzdim. Boş ev tapan kimi məlum olur ki, başqası tutub.

- Bəs mən qalan tərəflərdə necə? Əlbəttə ki, hər gün akademiyaya qatarla gəlib-getmək çətin olmazsa.

- Siz tərəflər çox uzaqdır. Deyirlər, oralarda ev tapmaq olar, heç yoldaşım da narazı deyil, amma... Ey, Xorikava-kun, ayaqqabınız yanar.

Deyəsən, Yasukitinin ayaqqabısı nə vaxtsa sobaya toxunubmuş. Yanmış dəri qoxusu gələndə havaya yüngül tüstü qalxdı.

- Bax, burda da istilik yerdəyişməsi qanunu işləyir.

Eynəyinin şüşəsini silən Miyamoto gözlərini qıyaraq Yasukitiyə baxıb gülümsədi.

Bir neçə gün sonra buludsuz, şaxtalı səhər açılmışdı. Yasukiti qatara yetişmək üçün bağ evinin ətrafıyla tələsik addımlayırdı. Sağda arpa zəmiləri, solda isə iki addım enində dəmiryol təpəsi yol boyu uzanırdı. Zəmilər tamamilə adamsız olsa da, narahat xışıltıyla doluydu. Sanki arpalar arasıyla kimsə gedirdi, amma bu, sadəcə şumlanmış torpaqda qırılan qırovlar idi.

Bu vaxt ərzində Tokioya gedən saat səkkiz qatarı yayılım fiti verərək öz yoluyla asta-asta gedirdi. Yasukitinin tələsdiyi Tokiodan gələn qatara hələ yarım saat qalırdı. Yasukiti öz saatına baxdı. O, nəyəsə görə doqquza on beş dəqiqə işləmişi göstərirdi. Yasukiti bu anlaşılmazlığı özünə saatların tələsməsi kimi izah etməyə çalışdı. Əlbəttə ki, "Bu gün gecikməyəcəm"i də fikirləşdi. Yola meyllənən zəmilər tədricən canlı hasar yaradan kollarla əvəzlənirdi. Yasukiti siqaret yandırıb asta-asta addımladı.

Bu, dağa yüksələn ətrafı metal töküntüsü olan yolun dəmir yoluyla kəsişdiyi məntəqədə baş verdi; Yasukiti ora heç nə olmamış kimi yaxınlaşdı. O, məntəqənin hər iki tərəfində insanların toplaşdığını gördü. Xoşbəxtlikdən keçidə qadağa işarəsinin yanındakı səbətli velosipedin sürücüsü olan oğlan uşağı tanış idi. Yasukiti siqaret tutduğu əliylə onun çiynindən yüngülcə şappıldatdı.

- Ey, nolub burda?

- Adamın üstündən keçib. Elə indi gedən səkkiz qatarı, - şələqulaq oğlan tez-tələsik dedi. Sifəti həyəcandan qızarmışdı.

- Kimin üstündən keçib ki?

- Məntəqə növbətçisinin. Qatarın altına düşəcək qızı xilas edəndə özü düşüb. Xatimanın qonşusu kitabçı Naqaını tanıyırsız? Bax, onun qızı az qala düşəcəkmiş.

- Demək, qızı xilas ediblər?

- Hə, qız ordadır. Deyirlər, ağlayır.

"Bax, orda" - bu, keçid məntəqəsinin digər tərəfindəki kütlə idi. Əslində, orada polis hansısa qızdan nəsə soruşurdu. Onların arxasında dayanan, üst-başından növbətçinin köməkçisinə bənzəyən kişi tez-tez polislərlə danışmağa çalışırdı. Məntəqə növbətçisi... Yasukiti məntəqə köşkünün yanında növbətçinin üstüörtülü meyitini gördü. O, iyrənc görünsə də , eyni zamanda, insanda maraq oyadırdı - hə, hər şey bu cür olub. Örtük altında gizlənmiş ayaqlar, daha doğrusu, ayaqqabılar görünürdü.

- Meyiti, bax, o adamlar gətirdilər.

Məntəqənin semafor tərəfində kiçik tonqal ətrafında bir neçə dəmiryolçu oturmuşdu. Tonqalın sarımtıl dilimləri bu soyuq qarşısında nə işıq, nə də tüstü verə bilirdi. İşçilərdən biri tonqalda öz şalvarının arxasını isidirdi.

Yasukiti məntəqədən keçdi. Stansiya uzaq deyildi, ona görə də keçid məntəqəsində dəmiryol xətləri çox idi. Relslər arasında addımlayarkən Yasukiti fikirləşdi ki, görəsən növbətçi hansı xətdə doğranıb. Qəfildən hər şey ona aydın oldu. Relslər üzərindəki qan izləri bir neçə dəqiqə əvvəl burada olmuş faciədən xəbər verirdi. O, instinktiv şəkildə gözlərini məntəqə istiqamətinə tuşladı. Bu da kömək etmirdi. Soyuq dəmir üzərindəki parıldayan al ləkələr bir anlıq onun ürəyinə möhürləndi. Hələ bu azmış kimi, qan ləkəsindən yüngül buxar da qalxırdı...

On dəqiqə sonra Yasukiti narahatlıqla perronda addımlayırdı. Az öncə qarşılaşdığı dəhşətli görüntüdən dalğın idi. Qandan qalxan buxar gözləri önündən asılıb qalmışdı. Birdən o, bu yaxınlarda barəsində danışdıqları istilik yerdəyişməsi qanununu xatırladı. Miyamotonun izah etdiyi qanuna görə, qanın tərkibindəki həyati istilik günahsız dürüstlüklə, yalvarmadan relsə keçirdi. Bu, ikinci həyatdır, xidmətdə həlak olmuş növbətçiyə və ya ən təhlükəli cinayətkara məxsusluğundan asılı olmayaraq, istisnasız ötürülməkdə davam edir. Bu cür ideyalar istənilən düşüncənin xaricindədir, bunu yaxşı anlayırdı. Suya düşən ən sadiq oğul gözlənilmədən boğulmağa, oda atılan ən namuslu qadın yanmağa məhkumdur. Beləcə, o, özünü dönə-dönə buna inandırmağa çalışırdı. Lakin gözlərilə gördüyü daha agır təəssürat bağışlayır və məntiqi ittihamlara yer saxlamırdı.

Perronda onun əhval-ruhiyyəsindən asılı olmayıb xeyli xoşbəxt görünən insanlar vardı. Bu da Yasukitini əsəbləşdirirdi. Dəniz zabitlərinin ucadan söhbətləri ona qətiyyən xoş gəlmirdi. O, daha bir siqaret çəkib perronun küncünə gəldi. Buradan bir az uzaqda həmin məntəqə görünürdü. Hər iki tərəfdə insan kütləsi seyrəlmişdi. Yalnız hələ də semaforun yanında ətrafında dəmiryolçuların toplaşdığı tonqaldan sarımtıl od dilimləri qalxırdı.

Bu uzaq tonqal Yasukitidə nəsə simpatiyaya bənzər bir hiss yaradırdı. Sadəcə, yanında görünən keçid məntəqəsi onda narahatçılıq doğururdu. O, məntəqəyə arxasını çevirəndə yenə şən kütləylə qarşılaşdı. On addım getməmiş kiminsə qırmızı əlcəyini yerə saldığını gördü. Sahibi əlcəyi sağ əlindən çıxarıb siqaret yandırarkən düşürmüşdü. Yasukiti çevrilib baxdı. Əlcək perronda əlləri yuxarı qalmışdı. Sanki o, səssizcə öz sahibini çağırırdı.

Şaxtalı açıq səma altında Yasukiti bu atılmış tənha əlcəyin ruhunu hiss etdi. Eyni zamanda, şaxtalı dünyaya isti günəş işığıyla gələn incə şəfəqlərin düşdüyünü duydu.

Tərcümə etdi: Səbuhi ŞAHMURSOY

# 1006 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #