Gənc şairə: “Bakı mühitinin uşaqları çox yekəxana görünür”

Gənc şairə: “Bakı mühitinin uşaqları çox yekəxana görünür”
4 avqust 2014
# 15:14

Kulis.Az gənc şairə, AYB Gənclər Şurasının üzvü, Ağcabədi rayonunda fəaliyyət göstərən "Ələk" ədəbi məclisinin rəhbəri Məhsəti Musa ilə söhbəti təqdim edir.

- Qarbağ ədəbi mühitini necə xarakterizə edərdiniz?

- Bütünlükdə Qarabağ ədəbi mühiti haqqında danışmağım doğru olmazdı. Amma yaşadığım Ağcabədi rayonu haqqında danışsam, əvvəlki illərə nisbətən məncə irəliyə doğru addım atmışıq. Əvvəllər burada “Qaranquş” adlı ədəbi dərnək olsa da, mən bu haqda yalnız kimlərdənsə eşitmişdim. Və onu da bilirdim ki, burada ancaq ənənəvi, primitiv şeir məclisləri olub. Lakin sonralar rayonumuzun gənc və istedadlı şairləri Rəşad Abbas və Gündüz Sevindiyin təşəbbüsü ilə “Dərk” ədəbi cərəyanı fəaliyyətə başladı. Deyərdim ki, ömrü az olsa da “Dərk” ədəbi cərəyanı xüsusilə gənclərin şüurunda dəyişiklik etməyə, köhnəlikdən, çeynənmiş ifadələrdən uzaqlaşmağa nail ola bildi. Amma neçə il idi ki, yenə də ədəbi mühitsizlik, gənclərin haraya üz tutmasını bilməməsi rayonda əməlli-başlı çətinlik yaratmışdı. Rayonda mütləq bir ədəbi məclisin olmasının vacibliyini hiss etdiyimiz üçün bu ilin yanvar ayından etibarən “Ələk” ədəbi məclisinin yaradılmasına nail olduq. Bəzən adına görə bu məclisə qeyri-ciddi yanaşanlar olur. Amma buradakı mühitlə tanış olduqdan sonra həqiqətən real ədəbi mühitin şahidi oldular. Məclisimizdəki gənc şair Gündüz Sevindiyin adını fəxrlə çəkə bilərəm. Bundan əlavə Cahandar Alıyev, Saqif Zeynal, Ramil Bağırov və digərlərinin gələcək uğurlarına çox inandıram. Yaşlı nəslin nümayəndələri də bizim məclisdə iştirak edirlər. Amma təbii ki, müasir ədəbiyyatdan xəbəri olan, yenilikləri qəbul edənlər buradakı iştiraka davam edirlər. Bəyənməyənlər isə toplaşıb özləri üçün yaxşı “Tərif məclisi” yaradıblar və Qarabağ şairləri adından ədəbiyyatın başına daş salmaqla məşğuldurlar.

- Azərbaycanın Gəncə, Sumqayıt, Lənkəran, Cəlilabad, Qazax, Mingəçevir, Quba və digər şəhər və rayonlarında maraqlı ədəbi mühit var. Nədənsə Qarabağ bölgəsində hiss olunmur bu, o qədər də... Nə deyərdiniz bu barədə? Müharibəyə görədirmi bu?

- Məncə müharibəni bəhanə etməyə dəyməz. Problem sadəcə uzun müddət ədəbiyyata göstərilən diqqətsizlik, insanların daha çox ailə qayğılarına vaxt ayırması və s. olub. Bir də qələm əhlinin tənbəlliyi, öz üzərində işləmək istəməməsi, 2-3 qafiyə qurşdırmaqla rayon rəhbərliyindən və digər qurumlardan mükafatlar gözləməsi, ad-san iddiasında olması da bu problemlərdəndir. Amma get-gedə bu cür adamlar sıxışdırılıb ortalıqdan çıxarılacaqdır. Çünki, burada həqiqi istedadlar var və artıq belələri ilə ciddi mübarizə aparmağı qarşıya məqsəd qoyublar.

- Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsi də fəaliyyətsizdir xeyli.

- Açığını deyim, özüm AYB-dən dəstək görmüş gənclərdənəm. Bu dəstəyin sayəsində də müəyyən uğurlarım olub. Və təqaüdü alıb qurtarandan sonra bəziləri kimi durub AYB-nin əleyhinə ağzıma gələni demək fikrim yoxdur. Amma, ümumilikdə götürsək, bəli, aidiyyatı şəxslər incisə belə, bu reallıqdır. AYB-nin Qarabağ bölməsi bu ərazidə ədəbi mühitin dirçəldilməsi üçün bir çox addımlar ata, çox işlər görə bilər. Amma ortada heç nə yoxdur. Sadəcə müəyyən gənclər əl-ələ verib hələ indi-indi öz təşəbbüsümüzlə nə isə etməyə çalışırıq. Vəzifəli şəxslər haqqında tərifli söz deməkdən zəhləm getsə də, real olanı deməliyəm ki, rayon rəhbərliyinin hər zaman burada ədəbi mühitin canlanmasını istədiyini, istedadlı gənclərə diqqət ayırdığını aydın hiss edirik. Sadəcə qalır AYB-nin Qarabağ bölməsinin üzərinə düşən işi lazımınca görməsi... Heç olmasa ayda bircə dəfə toplanıb bu barədə söhbətlər etsək, təkliflər versək, problemlərlə maraqlanıb həllinə çalışsaq çox nailiyyətlər əldə etmək olar.

- Ağcabədinin kitabxanalarının qarşısında həmişə ot bitirdi. İndi necədir? Siz özünüz son dəfə nə vaxt kitabxanada olmusunuz?

- Real olanlardan danışdığımız üçün yerlipərəstliyi bir kənara qoyuram. Amma gerçək olan budur ki, bu gün nəinki kitabxananın qarşısını, ümumiyyətlə buradakı heç bir obyektin qarşısını ot basmış görə bilməzsiniz. O ki qaldı oxucu probleminə, bu, təkcə bizdə deyil, məncə bir çox bölgələrdə də var. Mənim kitabxana ilə əlaqəm daim var və son zamanlar oxucu sayının artdığını da müşahidə etmək mümkündür. Doğrudur, bu, biz istəyən səviyyədə deyil, ancaq yenə də qeyd edirəm, on il əvvəlkindən çox fərqlidir vəziyyət.

“Ələk” ədəbi məclisi gənclərin mütaliəyə cəlb olunması, onların təkcə dərs vəsaiti və klassik ədəbiyyatdan yox, yeni ədəbiyyatdan da bəhrələnməsi üçün müəyyən addımlar atmağa başlayıb.

- Bakı mühitini izləyə bilirsinizmi? Oradan bura necə görünür? Kimləri oxuyursunuz?

- Bakı mühitini əsasən internet vasitəsiylə izləyirəm. Ədəbiyyat saytlarında, sosial şəbəkədə paylaşılan yazıların əksəriyyətini oxuyuram. Oxuduğumun nəsr, nəzm, köşə və s. olması, yaxud kimin olması fərq etmir. Elə yazar və ya şair yoxdur ki, deyim, onun yaradıcılığını başdan-ayağa izləyirəm. Diqqətimi çəkən yazıları oxuyuram, ya bəyənirəm, ya da itirdiyim vaxta görə əsəbiləşirəm. Ümumilikdə ruhumu oxşayan, daim oxumağa hazır olduğum müəlliflərdən biri Cavidandır ki, o da Bakıda yaşamır. O ki qaldı oranın necə görünməyinə, buradan baxanda oradakıların (söhbət hamısından getmir) əksəriyyəti, bəli çox yekəxana görünürlər. Hətta bəzən dahilik zirvəsində hiss edirlər özlərini. Amma dərinə getdikcə görürsən ki, bu, boş gurultudan başqa bir şey deyil. Yəni elə Azərbaycansayağı görünür oralar .

- Sizcə İnternet imkanları əyalət ədəbiyyatı ifadəsini aradan qaldıra bilərmi?

- Əyalətdə istedadlı, müasir zövqlü, yeniliklərdən xəbərdar olan, ədəbiyyatı canı qədər sevənlər var və yetişməkdədir. İnternet onların inkişafına xeyli təsir edir.

“Əyalət ədəbiyyatı” mənasız ifadədir. Əsərdə bar da, diskoteka da, çimərlik də, sevgi səhnəsi də təsvir oluna bilər, inək, qoyun da. Əsas əsərin məzmunudur, oxucuya nə isə verməsidir. Bu gün həddindən artıq şit sevişmə səhnələri olan, ifrat dərəcədə açıq-saçıq, söyüşlərə qərq olmuş əsərlər oxuyuruq. Bu, ilk baxışdan oxucunu cəlb edir, əsəri oxumağa sona qədər davam edirsən. Amma oxuyub bitirəndə sənin içində heç bir iz buraxmır. Heç bir ruhi, mənəvi qida ala bilmirsən, o əsərin təsiri altında qalmırsan. Şəhər yazarları bununla öyünürlərsə əbəsdir. Bu yazılarla kənara çıxmaq şansınız yoxdur. Əsərdə açıq səhnələri təsvir etmək özü də cəsarət və məharət istəyir. Yoxsa hansısa bir küçə həyatını qələmə almaq müasirlikdən xəbər vermir. Və nə qədər ki, hər sahədə olduğu kimi ədəbiyyatımızda da kəndli-şəhərli söhbətləri baş alıb gedəcək, heç nə əldə etməyəcəyik.

# 1901 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #