“Kitabi-Dədə Qorqud”da ermənilər hardadır? - ARAŞDIRMA

“Kitabi-Dədə Qorqud”da ermənilər hardadır?  - ARAŞDIRMA
30 yanvar 2015
# 13:28

Kulis.Az filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Erməni mifini dağidan ana kitabımız” məqaləsini təqdim edir.

2015-ci ildə “Dədə Qorqud kitabı”nın elm aləminə məlum olmasının 200 ili tamam olur. Bu 200 ildə “Dədə Qorqud kitabı” müxtəlif yönlərdən araşdırılmış, öyrənilmişdir. Lakin bütün öyrənilənlərlə bərabər, türk xalqları ədəbiyyatının bu şah əsəri, özündə yenə də kifayət qədər sirri, müəmmanı qoruyub saxlayır. Bu böyük abidəni, dastanı və yaxud da, başqa sözlə desək, Azərbaycan xalqının müəyyən mənada, müəyyən dövrünün tarix kitabı olan bu əsəri oxuduqca, bir fakt özünü bütün çılpaqlığı, həqiqəti, böyüklüyü ilə aksiomcasına göstərir: “Dədə Qorqud kitabı”nda nə bir erməni, nə erməni dövləti, nə də erməni dilinin heç bir əlaməti, izi-tozu yoxdur. Deməli, ən azı 2000 il bundan əvvəl, heç bir erməni-Azərbaycan ədavəti, təəssübkeşliyi olmayan bir dövrdə araya-ərsəyə gəlməyə başlayan, özündə ancaq və ancaq müqəddəs hisslər, mənəvi keyfiyyətlər daşıyan, aydan-arı, sudan duru, pakdan-pak dastanımızda, həqiqətən də, erməni anlayışı yoxdursa, onda, doğrudan da, erməni tarixi, Ermənistan anlayışı başdan-başa mifdir.

Dastanın bütün xüsusiyyətləri incədən-incəyə araşdırılıb. O cümlədən, Oğuz qəhrəmanlarının əsas düşmənləri olan kafirlər, onların məskun olduqları ərazilər, düşmənlərin dinləri və s. Lakin Azərbaycan qorqudşünaslığında Dədə Qorqud coğrafiyasında tarixən ermənilərin yaşamadıqları və “Dədə Qorqud kitabı”nda erməni adının, erməni sözünün, Erməni dövlətinin adının çəkilmədiyi diqqəti bir o qədər də cəlb etməyib. Sadəcə olaraq, yenə də Xalq yazıçısı Anar “Dədə Qorqud dünyası” əsərində bu məsələyə toxunaraq, keçib: ““Kitabi Dədə Qorqud”da “erməni” və “hay” sözlərinə rast gəlmirik. “Təkur” sözünü erməni kəlməsi “taqavor” kimi oxuduqda belə, bu, farsca “tacidar”dan törənmiş qeyri-müəyyən hökmdar titulundan başqa bir şey deyil”.

Bu məsələləri bir qədər dərindən nəzərdən keçirtdikdə məlum olur ki, həqiqətən də, dastanda heç bir erməni anlayışı yoxdur. Dastanda olan düşmən obrazlarına gəldikdə isə, bu düşmənlərin də heç biri erməni deyildirlər və dastanda da heç bir yerdə ermənilərin uydurduqları tarixi və müasir Ermənistanın adı çəkilmir. Maraqlısı odur ki, dastanda adı çəkilən düşmənlər də müasir Ermənistan ərazisində deyil, daha cox Gürcüstanda, Rumda yaşayırlar. Müasir Ermənistan ərazisi isə dastanda Oğuzların daimi yaşadıqları, məskun olduqları, at oynatdıqları torpaqlardır. Məsələ burasındadır ki, düşmən torpaqları kimi dastanda da daha çox elə Gürcüstanın adı çəkilir. Məsələn, “Salur Qazanın evi yağmalandığı” boyunda Qazan ova çıxarkən Aruz Qoca ondan “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan?”-deyə soruşur. “Qam börənin oğlı Bamsı Beyrək” boyunda Baybörə, ata dura-dura bəzirganların niyə əvvəlcə oğlunun əlini öpdüklərini soruşduqda, bəzirganlar: “İmdi incinmə, xanım, əvvəl onun əlin öpdigimüzə. Əgər sənin oğlın olmasaydı, bizim malımuz Gürcüstanda getmişdi. Həpümiz tutsaq olmışdı” – deyrilər. “Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı” boyunda Uruz atası Qazandan inciyərkən “Qalqubanı yerimdən mən turaram, Qara gözli yigitlərimi boynıma aluram. Qan Abqaz elinə mən gedərəm, Altun xaça mən əlümi basaram”- deyir. Yenə həmin boyda ata-oğul ova çıxarkən “Məgər Başı açuq Tatyan qələsindən, Aqsəqa qələsindən kafirin cəsusu vardı. Bunları görüb təkura gəldi” fikri söylənilir. “Qazılıq qoca oğlı Yegnəkin” boyunda Qazılıq qoca axına gedərkən “Düzmürd qələsinə”, “Qara dəniz kənarına” gəlir. “Bəkil oğlı Əmranın” boyunda “Toquz tümən Gürcüstanın xəracı gəldi; bir at, bir qılıc, bir çomaq gətürdilər” fikri söylənilir. Yenə həmin boyda Bəkil vətəni qoruyarkən “Toquz tümən Gürcüstan ağzına varub qondı. Qaravullıq eylədi. Yad- kafər gəlsə, başın Oğuza ərməğan göndərdi” söylənilir, Qazandan inciyərkən isə “Toquz tümən Gürcüstana gedəlim, Oğuza asi oldum, bəllü bilin!”- fikri deyilir. “Salur Qazan tutsaq olub oğlı Uruz çıqardığı” boyunda isə Qazanın şahini Tumanın qalasına qonur. Dastanda Başı açıq, Tatyan qələsi, Aqsəqa qələsi deyilərkən, Gürcüstanın qərb sərhədləri cızılır, Qara Dərvənd ağzı, Evnik qalası da deyilərkən cənub sərhədləri nəzərdə tutulur. Çünki “Qam börənin oğlı Bamsı Beyrək” boyunda Qara Dərvənd ağzında, Evnik qalasında malları yağmalanan bəzirganlar başlarına gələnlər haqqında Baybörəyə danışarkən, daha Qara Dərvənd ağzının və Evnik qalasının adlarını çəkməyərək, mallarının birbaşa Gürcüstanda soyulduğunu deyirlər. Tanınmış tarixçi Süleyman Əliyarov, türk tədqiqatçısı F.Qırzıoğlu və başqa müəlliflərə əsaslanaraq, Evnik qalası və Qara Dərbənd haqqında aşağıdakı məlumatları verir. “ Evnik (Avnik) qalası – Ərzurum səmtində Abnik – Avnik qalası ehtimal olunur... Pasinük Qara Dərvənd – Ərzurumun güney səmtində, qədim tarixçilərin Fasiana adlandırdığı yer. Basian dərəsi adlanır”. “Dədə Qorqud kitabı”nda müəyyən mənada Gürcüstan ərazisi kimi təqdim olunan bu qalalar, əslində Gürcüstan sərhədlərindən bir o qədər uzaqda deyillər. Beləliklə, gördüyümüz kimi, yuxarıda Evnik qalası və Pasinük Qara Dərvənddən başqa adları çəkilən yer adları istər tarixən, istərsə də müasir günümüzdə həmişə Gürcüstanın ərazisinə daxil olmuşdur. Bu mənada, həqiqətən də, bu torpaqlarda heç bir erməniyə təsadüf olunmamalı idi və olunmur da.

Dastanda Oğuz qəhrəmanlarının təmasda olduqları, hərbi səfərlərə getdikləri ikinci istiqamət cənub istiqamətidir. Bu istiqamətin də coğrafiyasına nəzər saldıqda, onların da Ermənistanla heç bir əlaqəsi olmadığını görürük. Belə ki, bu istiqamətdə adı çəkilən əsas yer adları Parasarın Bayburd hasarı, Trabzon, Əlincə qalası, Hamid ilə Mardin qalalarıdır. Parasarın Bayburd hasarı dedikdə ilk növbədə “Qam börənin oğlı Bamsı Beyrək” boyu yada düşür. Lakin bu boya qədər də Bamsı Beyrək dastanda bir neçə yerdə “Parasarın Bayburd hasarından parlayıb uçan” qəhrəman kimi xatırlanır. Adı çəkilən boyda isə hadisələr bilavasitə Parasaran və Bayburd hasarı ilə bağlıdır. Belə ki, Beyrək evlənərkən kafərin cəsusu Beyrəyin toyunu Bayburd hasarının bəyinə xəbər verir və o da Beyrəyi oğurlatdırır. Boydakı sonrakı hadisələrdə Beyrək on altı il Bayburd hasarında dustaq olur. Bəzirganlar da Beyrəyin öldü, ya qaldı xəbərini bilmək üçün Bayburda gedirlər: “Bazırganlar yaraq gördilər. Gecə-gündüz deməyüb yüridilər. Nagah Parasarın Bayburd hasarına gəldilər”. Və nəhayət, Beyrək Bayburd qalasının təkurunun qızının köməkliyi ilə əsirlikdən azad olur.

Dastan qəhrəmanları Trabzona da səfər edirlər. Belə ki, “Qanlı qoca oğlı Qanturalı” boyunda Qanturalının atası Qanlı qoca oğluna qız axtarmaq üçün Trabzona gəlir. “Qanlı qoca sevini – qıvanı urı turdı. Ağ saqallu pir – qocalar yanına bıraqdı. İç Oğuza girdi. Qız bulamadı. Tolandı, Taş Oğuza girdi, bulımadı. Tolandı, Trabuzana gəldi”. Boydakı sonrakı hadisələr zamanı Qanturalı da sevgilisinin dalıyca Trabzona gedir. Trabzon təkuru tərəfindən ilk növbədə çox hörmətlə qarşılanır.

Dastanda adları çəkilən Hamid və Mardin qalalarına gəldikdə isə, demək lazımdır ki, əslində bu qalalara dastan qəhrəmanlarından real olaraq, heç biri səfər etmir. Bu qalaların adları yalnız Qaragünə oğlu Qarabudağın adı çəkilərkən xatırlanır: “ Hamidlən Mərdin qələsin dəpüb yıqan, dəmür yaylı Qıpçaq Məlikə qan qusdıran, gəlübən Qazanın qızın ərliklə alan, Oğuzın aq saqallu qocaları görəndə ol yigidi təhsinləyən, al məxmuri şalvarlı, atı bəhri hotazlı Qaragünə oğlı Qarabudağ”. Beləliklə, Oğuz sərhədlərindən kənarda olan bu torpaqlar da erməni torpaqları deyil və bu torpaqlarda da heç bir yerdə heç bir erməniyə təsadüf olunmur. Bu mənada, şimalla cənub arasında müasir Ermənistan ərazisi qalır ki, dastandan da göründüyü kimi, bu yerlər dastan qəhrəmanlarının, Oğuzların əsas ana yurdlarının böyük bir hissəsini təşkil edir. Yəni başqa sözlə desək, dastandakı Oğuz qəhrəmanlarının məskun olduqları, at oynatdıqları, yaşadıqları Göyçə dağı, Göycə dənizi, Ala dağ, Sürməli, Ağcaqala, Ağılqan, Cızıqlar, Altuntaxt, Dərəşam kimi yerlər ermənilər tərəfindən tarixi və müasir erməni torpaqları kimi təqdim olunsalar da, dastanda bu torpaqlarda da heç bir erməniyə rast gəlinmir.

Dastanda adı çəkilən Oğuz qəhrəmanlarının düşmənləri olan Şökli Məlik, Qara Tükən Məlik (Qara Təkur), Buğacıq Məlik (Qara Arslan Məlik), Ağ Məlik, Sufi Sandal Məlik, Qıpçaq Məlik, Qara Təkur, Arşun oğlı Dirək Təkurun da heç biri, kafir olmalarına baxmayaraq, erməni deyildir. Məsələn, tədqiqatçıların əksəriyyətinin də qeyd etdiyi kimi, adının mənsubiyyətinə görə də Şəki ilə bağlı olan Şökli Məlik, dastanda həmişə Oğuz elinin şimal sərhədlərində təhlükə yaradır. Belə ki, Gürcüstan ağzında oturan Qazan xan ova çıxarkən, ona məhz Şökli Məlik hücum edir. Digər bir tərəfdən Qazanın məhz Qapılı Dərvənddə on min qoyununun olduğunu bilərkən də, ora Şökli Məlik dəstə göndərir. Digər bir boyda, “Bəkil oğlı Əmranın” boyunda yenə də Şökli Məlik Oğuza, Oğuzun Gürcüstan sərhəddini, şimal sərhədlərini qoruyan Bəkilin üzərinə Dəmür qapu Dərvənddən hücum edir: “Dəmür qapu Dərvəndindən xəbər varmış, Alca atlu Şökli Məlik qatı pusmuş”, Şökli Məliyi yalnız iki boyda, bir “Qam börənin oğlı Bamsı Beyrək” boyunda biz başqa yerdə - Bayburd hasarının yanında, bir də “Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı” boyda Qazan xanın yenə də Oğuzun şimal sərhədlərinə - Ağlağana, Gögçə dağa, Cızıqlara ova çıxarkən, bu hadisəni Başı açıq Tatyan qalasının, Aqsəqa qalasının cəsusları kafirə xəbər verdikdən sonra, kafirlərlə Qazan xan arasında döyüş olub, kafirlər Uruzu Qara Dərvəndə apardıqda, Qara Dərvənddə görürük. Bu boylarda Şökli Məliyin Bayburd hasarının yanında və Qara Dərvənddə olması isə düşmən dəstələrinin birləşib Oğuza qarşı bir qüvvə ilə çıxmaları ilə əlaqədardır. Çünki “Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı” boyda Qara Dərvənddə döyüş gedərkən belə bir cümlə keçir: “Qazan kəndü dopa dəpdi. Təkur ilə Şökli Məlikə həvalə oldı”. Deməli, Təkur Qara Dərvəndin hökmüdarı, Şökli Məlik isə bu yerlərdə daimi yaşamayan, sadəcə bu hökmüdara köməyə gələn qüvvədir.

Oğuz düşmənlərindən, kafirlərdən olan Ağ Məlik, Sufi Sandal Məlik, Qıpçaq Məliyin də etnik mənsubiyyətlərinə gəldikdə, bunların da erməni olmadıqları elə adlarından açıq-aşkar görünür. Belə ki, biz ilk iki düşmənin adlarına İlək qoca oğlu Alp Ərənin təyinləri kimi rast gəlirik: “Kafərləri it ardına burağıb xorlıyan, eldən çıqub Ayqırgözlü suyından at yüzdürən, əlli yeddi qələnin kəlidin alan, Ağ Məlik Çeşmə qızına nikah edən Sufi Sandal Məlikə qan qusdıran, qırq cübbə bürünüb otuz yedi qələ bəyinin məhbub qızlarını çalub bir-bir boynun qucan, yüzində-todağında öpən İlək qoca oğlı Alp Ərən”. Bizcə, burada yuxarıda adı çəkilən Ağ Məlik Məliyin öz adı, Çeşmə isə onun qızının adı kimi təqdim olunur. Bu mənada, qızının adı Çeşmə, öz adı isə Ağ olan düşmən heç vəchlə erməni ola bilməz. Eyni zamanda, Sufi Sandal Məliyin adı da erməni adı deyil.

Dastanda Qıpçaq Məlik də döyüşlərdə real iştirak edən düşmən deyildir. Onun da adına biz Qaragünə oğlu Qarabudağın təyini kimi rast gəlirik: “Hamidlən Mərdin qələsin dəpüb yıqan, dəmür yaylı Qıpçaq Məlikə qan qusdıran, gəlübən Qazanın qızın ərliklə alan, Oğuzın aq saqallu qocaları görəndə ol yigidi təhsinləyən, al məxmuri şalvarlı, atı bəhri hotazlı Qaragünə oğlı Qarabudaq”. Beləliklə, adından da göründüyü kimi Qıpçaq Məlik mənşə etibarilə türkdür. Özü də Oğuz içində deyil, haradasa Rum elində, başqa sözlə desək, Hamid ilə Mərdin qalalarının yanında oturan bir düşməndir. Bu mənada, əgər Hamid ilə Mərdin qalalarında mənşə etibarilə türk olan Qıpçaq Məlik oturursa, deməli, ertmənilərin iddia etdikləri kimi tarixən Böyük Ermənistanla əlaqədar olan, təqribən Bayburdun, Trabzonun və digər yerlərin də Ermənistanla heç bir əlaqəsi yoxdur.

Dastanda adı çəkilən düşmənlərdən Arşun oğlı Dirək Təkuru da erməni ilə heç bir bağ bağlamır. Çünki onun da yeri-yurdu bəllidir. O da Qara dəniz kənarında, Düzmürd qalasında oturur. Trabzon təkuruna gəldikdə, o da Trabzonun hakimidir. Tədqiqatçıların qeydinə görə Tuman qalası da Gürcüstanda yerləşir.

Beləliklə, dastanda Şökli Məlik kimi Oğuz qəhrəmanları ilə birbaşa döyüşə girən, vuruşan əsas düşmənlər Qara Tükən Məlik (Qara Təkur) və Buğacıq Məlik (Qara Arslan Məlik)dir. Bu düşmənlərin adlarına biz dastanda, əsasən, üç boyda iki variantda rast gəlirik. Üç boyun hər birində bu düşmənlərin adı yalnız bircə dəfə çəkilir. Özü də maraqlıdır ki, bu düşmənlərə ancaq Şökli Məlik olan yerdə təsadüf olunur. Belə ki, biz “Salur Qazanın evi yağmalandığı” boyunda oxuyuruq: “İç Oğuz bəglərilə Qazan dopa dəpdi, Şökli Məlikə həvalə oldı, bögürdibəni atdan yerə saldı, ğafillücə qara başın alub kəsdi... Sağ tərəfdə Qara Tükən Məlikə Qıyan Səlcük oğlı Dəli Tondaz qarşü gəldi... Sol tərəfdə Buğacıq Məlikə Qaragünə oğlı Dəli Budaq Qarşu gəldi”. “Qam börənin oğlu Bamsı Beyrək boyunda” isə oxuyuruq: “Şökli Məliki bögirdibəni Qazan bəg atdan yerə saldı. Qara Təkura Dəli Tondaz qılıcladı, yerə saldı. Qara Arslan Məliki Qarabudaq yerə saldı”. “Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyda” oxuyuruq : “Qazan kəndü dopa dəpdi. Təkur ilə Şökli Məlikə həvalə oldı... Sağ tərəfdə Qara Tükən Məlikə Tondar qarşu gəldi... Sol tərəfdə Buğacıq Məlikə Qarabudaq qarşu gəldi”. Beləliklə, gördüyümüz kimi, hər üç boyda əgər Qazana qarşı Şökli Məlik dayanırsa, Qara Tükən Məliyə- Qara Təkura qarşı Dəli Tondaz- Tondar, Buğacıq Məliyə- Qara Arslan Məliyə qarşı isə Qarabudaq- Dəli Budaq dayanır. Bizə elə gəlir ki, hər üç boyda Oğuz qəhrəmanları təqribən eyni düşmənlərlə qarşılaşdıqlarına görə, düşmən tərəfdən olan Qara Tükən Məliklə Qara Təkur eyni düşmən, Buğacıq Məliklə də Qara Arslan Məlik eyni düşmənlərdir. Çünki iki boyda Qarabudaq -Dəli Budaq Buğacıq Məliklə, yalnız bir boyda Qara Arslan Məliklə, yenə də iki boyda Dəli Tondaz – Tondar Qara Tükən Məliklə, yalnız bir boyda Qara Təkurla qarşılaşır. Bu mənada, adlarında olan yaxınlıq və hər üç boyda eyni Oğuz qəhrəmanları tərəfindən qətlə yetirildiklərinə görə, biz, Qara Tükən Məliklə Qara Təkuru eyni düşmən, Buğacıq Məliklə də Qara Arslan Məliyi eyni düşmən sayırıq.

Maraqlıdır ki, dastanda təsvir olunan düşmənlərin hər birinin öz yurdu-yuvası olduğu halda, məsələn, Şökli Məlik Dəmir Qapı Dərvənd tərəfdə, Arşun oğlu Dirək Düzmürd qalasında, Qıpçaq Məlik Hamid ilə Mardin qalalarında oturduqları halda, Qara Tükən Məliklə Buğacıq Məliyin yeri-yurdu bir o qədər də bəlli deyildir. Görünür, bunlar sadəcə olaraq, Şökli Məliyin ordusunun tərkibində fəaliyyət göstərən döyüşçülərdir. Çünki dastanda bir yerdə, daha doğrusu, Bamsı Beyrək boyunda Qazan Şökli Məliyi, Dəli Tondaz Qara Təkuru, Qarabudaq Qara Arslan Məliyi öldürdükdən sonra, belə bir cümlə keçir : “ Dərələrdə kafərə qırğun girdi. Yedi kafər bəgi qılıcdan keçdi”. Bizə elə gəlir ki, Qara Arslan Məliklə Qara Təkur da ayrı-ayrı bölgələrin məliki olmayıb, ümumiyyətlə, Şökli Məliyin ətrafında toplaşan kafərlərdir. Eyni zamanda, onu da xatırlatmaq yerinə düşər ki, dastanda cəmi üç yerdə adı çəkilən Qara Tükən Məlik - Qara Təkur iki dəfə məlik kimi qeyd olunursa, bir dəfə də, sadəcə olaraq, Qara Təkur kimi xatırlanır.

Amma bununla belə, hər halda kafərlər də vahid bir qüvvə kimi çıxış etməyi bacarırlar. Çünki döyüş zamanı onlar da öz bayraqları ilə vuruşurlar. Belə ki, “Qazanın evi yağmalandığı boyda” axırda Qazan bəyin qardaşı kafərin tuğilə sancağını qılınclayaraq, yerə salır. “Qazan bəgin oğlı Uruzun tutsaq olduğu” boyda da Burla xatun kafərin qara tuğunu qılınclayır. Amma düşmən qüvvələrinin əksinə olaraq, Qazan xan Alpanlar başı- Alban dövlətinin başçısı kimi xatırlanır. Doğrudur, dastanda Doqquz tümən Gürcüstan da bir dövlət kimi qeyd olunur. Belə ki, məlum olduğu kimi, Bayandır xana Doqquz tümən Gürcüstandan xərac gəlir. Lakin dastanda digər bölgələrin, adı çəkilən qalaların heç birinin belə bir statusa malik olduğunu görmürük. Digər tərəfdən, Şökli Məlik və onun ətrafında vuruşan qüvvələr də Oğuzla həmişə eyni məkanda, eyni sərhəd ağzında vuruşmurlar. Onlar Oğuz qəhrəmanlarıyla gah Şökli Məliyin torpaqlarında, gah Bayburd hasarının yanında, gah da Qara Dərvənddə döyüşürlər. Bütün bunlar isə Şökli Məlik və onun ətrafında vuruşan qüvvələrin vahid bir dövlətə malik olmadıqlarını, sadəcə olaraq, onların Oğuza yağı olub, fürsət düşdükcə həmişə Oğuzla vuruşmağa, onlardan qisas almağa hazır olan qüvvələr olduqlarını göstərir. Çünki əgər bu qüvvələr bir dövlət kimi çıxış etsə idilər, dövlətlərinin bir hissəsi şimalda - Şəki ilə Dəmir Qapı Dərbənd arasında, Şökli Məliyin oturduğu yerdə, bir hissəsi isə Bayburdda, Parasarda, Qara Dərbənddə ola bilməzdi. Bütün bunlar da bir daha Şökli Məliyin, Buğacıq Məliyin, Qara Tükən Məliyin heç bir dövləti təmsil etmədiklərini göstərir. Eyni zamanda, başda Şökli Məlik olmaqla, bu düşmənlərin adları da bu kafərlərin Azərbaycanın, Şəkinin şimalında yaşayan Xəzər tayfalarından və yaxud da qıpçaq türklərindən olduqlarını ortaya qoyur.

Dastanda adları çəkilən düşmən obrazlarından daha iki epizodik təkur obrazı vardr, biri, Bayburd hasarının təkuru, digəri isə, qeyd etdiyimiz kimi, “Qazan bəg oğlı Uruz bəgin tutsaq olduğu” boyda Qara Dərvənddə döyüş gedərkən, Qazanin Şökli Məlikə ilə bir yerdə qətlə yetirdiyi Təkur.

Lakin dastanda daha iki Təkur vardır ki, onlardan bir qədər daha ətraflı danışmaq lazımdır. Belə ki, yenə də onlardan biri “Bəkil oğlı Əmranın boyu”nda adı çəkilən Təkur, digəri isə, “Uşun qoca oğlı Səgrəkin” boyunda adı çəkilən, Əlincə qalasının Təkuru olan Qara Təkur. Qeyd edək ki, “Bəkil oğlu Əmranın boyu”nda məlum olduğu kimi, boyun qəhrəmanı Bəkil Gəncəni, Bərdəni vətən tutaraq, “Toquz tümən Gürcüstan ağzına varıb qonur” və bu zaman ona kafərlər hücum edir. Hadisələrin sonrakı gedişindən isə məlum olur ki, bu kafər adi kafər olmayıb, əslində Oğuzun əzəli, qatı düşməni olan Şökli Məlikdir. Bir dəfə yuxarıda xatırlatdığımız kimi: “Dəmür qapu Dərvəndindən xəbər varmış, Alca atlu Şökli Məlik qatı pusmuş”, “Şökli Məlik sana qatı pusdı. “Meydandakı şol oğlanı tutun, Qarusından ağ əllərin bağlan, Ğafillicə görklü başın kəsin, Alca qanın yüzinə tökün!” – dedi”. Bu mənada, bizə elə gəlir ki, bu boyda təsvir olunan Təkur əslində elə Şökli Məliyin özüdür. Ən maraqlısı isə odur ki, bu boyun sonunda Təkur – kafər – Şökli Məlik müsəlman olur: “Kafər aydır: “ Yigit, aman, sizün dinə nə deirlər, dinünə girdim”, - dedi. Parmaq götürüb, şəhadət gətirüb müsəlman oldu”.

Bizə elə gəlir ki, düşmən yurdları baxımından “Dədə Qorqud kitabı”nın ən maraqlı coğrafi nöqtə Əlincə qalasıdır. “Uşun qoca oğlu Səgrəkin boyu”nda Əgrək Qazan bəydən aqın diləyərkən oxuyuruq: “Turdı, Qazan bəgdən aqın dilədi. Aqın verdi, çağırtdı. Aqınçı dərildi. Üç yüz say cidalu yigit bunın yanıya cəm oldu. Meyxanədə beş gün yemə-içmə oldı. Andan Şirokuz ucından Gögcə dənizə dəkin el çarpdı. Ğalaba toyum oldı. Yolı Əlincə qələsinə uğramışdı. Qara təkur orada bir qorı yapdırmışdı. Uçardan qaz, tauq; yürürdən keyik, tavşan bu holəyə toldurub, Oğuz yigitlərinə bunu dam etmişdi”. Beləliklə, gördüyünüz kimi Oğuz yurdunun ortasında Əlincə qalası kafirlərin əlindədir və oranın da hakimi Qara Təkurdur. Bizə elə gəlir ki, bu, Oğuz yurdunun tarixində müvəqqəti bir hal olub, kafirlərin qısa bir müddət ərzində bu qalaya yiyələnmələri ilə bağlıdır. Bu qalanın hakimi olan Qara Təkura gəldikdə isə bizə elə gəlir ki, bu Təkur da “Qam Börənin oğlu Bamsı Beyrək boyu”nda adı çəkilən Dəli Tondaz tərəfindən qətlə yetirilən Qara Təkurla eyni kafərdir. Belə ki, yuxarıda bir dəfə də qeyd etdiyimiz kimi, əvvəlki boylarda Dəli Tondaz tərəfindən üç dəfə qətlə yetirilən Qara Tükən Məliklə eyni şəxsiyyət olan Qara Təkur əgər əvvəlki iki boyda Qara Tükən Məlik kimi xatırlanırsa, “Qam Börənin oğlu Bamsı Beyrək boyu”nda və bu boyda daha əvvəlki kimi Məlik titulu ilə deyil, sadəcə olaraq Qara Təkur kimi yad edilir. Bu mənada, dastanda dörd dəfə adı çəkilən, iki boyda Qara Tükən Məlik, iki boyda isə Qara Təkur kimi xatırlanan bu kafər, eyni düşmən olub, Əlincə qalasının müvəqqəti hakimlərindən biridir. Çünki, əgər Əlincə qalası, həqiqətən də, kafirlərin torpaqları olsa idi, oranın hakimi də əvvəlki iki boyda olduğu kimi, Məlik titulu ilə xatırlanardı. Bu fakt bir daha kafirlərin, Qara Təkurun Əlincə qalasında müvəqqəti hakim olduğunu və Oğuzun əzəli, əbədi torpaqlarında qoruq düzəltdirərək, Oğuz qəhrəmanlarının həmişə gəlib-getdikləri öz vətənlərində hiylə ilə tələyə düşəmələrinə çalışdıqlarını göstərir. Ən maraqlısı isə odur ki, bütün boyların sonunda, adətən, əsas kafirlər qətlə yetirildikləri halda, bu boyda da Oğuz qəhrəmanları “kafəri basıb qırsalar da”, Qara Təkuru konkret olaraq qətlə yetirmirlər.

Beləliklə, bura qədər dediklərimizə yekun vursaq, görərik ki, həqiqətən də “Dədə Qorqud kitabı”nda nə bir erməniyə və nə də bir erməni toponiminə təsadüf olunmur. Bu mənada, əgər doğrudan da, Dədə Qorqud coğrafiyasında və Dədə Qorqud coğrafiyası ilə təqribən üst-üstə düşən ermənilərin uydurduqları Böyük Ermənistan coğrafiyasında erməni toponiminə və erməniyə təsadüf olunmursa, onda deməli, həqiqətən də, erməni tarixi, Böyük Ermənistan anlayışı, ermənilərin bu coğrafiyada mövcud olmaları başdan-başa yalan və mifdir. Çünki, əgər dastan qəhrəmanları məskun olduqları, yaşadıqları və hətta, səfər etdikləri qonşu ərazilərdə, məsələn, “Qazılıq qoca oğlı Yegnək boyu”nda “ötəgi qara tağın bir yanında altı-başı balqar bir ər” görərək, onu qeydə alırlarsa, deməli, ən azından bu ərazilərdə heç olmasa, bir erməniyə və ya bir erməni toponiminə də rast gəlsə idilər, onu da mütləq dastanda əks etdirməli və qeydə almalı idilər. Bu mənada, dastan qəhrəmanları və dastanı qələmə alan – düzüb- qoşan sənətkarlar bu torpaqlarda heç bir erməniyə təsadüf etmədikləri və erməni haqqında heç bir təsəvvürləri olmadıqlarına görə, dastan yaranan zaman heç bir ermənini və erməni toponimini qeydə almamışlar. Amma, bunun əksinə olaraq, Qazan xan dastanda “Alpanlar başı” kimi təqdim olunur ki, bunu da, bəzi tədqiqatçıların da doğru olaraq, göstərdikləri kimi, Alban dövləti kimi qəbul etmək olar.

Azərbaycan xalqı yarandığı gündən, təşəkkül tapdığı zamandan etibarən, tolerant xalq olmuş, xüsusilə, qonşu xalqlarla həmişə əmin-amanlıq və sülh şəraitində yaşamağa çalışmışdır. Bu mənada, Azərbaycan xalqının içindən çıxmış ayrı-ayrı sənətkarlar da əsərlərini heç zaman milli təəsübkeşlik, millətçilik hissləri ilə qələmə almamışlar. Təkcə Nizami Gəncəvinin adını çəkmək kifayətdir ki, onun nə qədər böyüklükdə mənəviyyat sahibi olduğunu görə bilək. Bu baxımdan, biz elə Nizami Gəncəvinin əsərlərində və hətta, ondan bir qədər əvvəl və bir qədər sonrakı dövrlərdə qələmə alınmış tarix kitablarında və eyni zamanda, bədii əsərlərdə Ərməniyyə sözünə, termininə rast gəlirik. Doğrudur, tədqiqatçıların qeyd etdikləri kimi, əslində haylarla və müasir ermənilərlə heç bir əlaqəsi olmayan bu termin ilkin orta əsr və Nizami dövrü şairlərinin yaradıcılığında inzibati ərazi bölgüsünə uyğun olaraq işlənmişdir. Və Nizami də öz sənət prinsiplərinə, ideallarına sadiq qalan sənətkar olduğu üçün, dövründə mövcud olan bu termindən, təbii olaraq, heç bir tərəddüdə yol vermədən istifadə etmişdir. Bu mənada, heç şübhəsiz ki, Dədə Qorqud qəhrəmanları və “Dədə Qorqud kitabı”nı qələmə alan sənətkar da belə bir toponimə təsadüf etsə idilər, yəqin ki, dastanda o termin də öz əksini tapmış olardı.

Maraqlıdır ki, dastanda Məhəmməd Peyğəmbərin (s.ə.s.), xəlifələrin, İmam Həsənin (ə), İmam Hüseynin (ə) adları çəkilsə də, dastan qəhrəmanları kafirlərin kəlisalarını yıxıb yerlərində məscidlər tiksələr də, əsərdə heç bir ərəbə təsadüf olunmur. Tarixdən məlum olduğu kimi, ərəblər VII əsrin birinci yarısından etibarən Azərbaycanı işğal etməyə başlamış və buraya 200-300 nəfərlik qoşunla deyil, on min, yüz minlik qoşunla gəlmişlər. Bu mənada, yuxarıda qeyd etdiyimiz dini məsələləri çıxmaq şərtilə, dastanda heç bir ərəbin də izi-tozu yoxdur. Bu da bir daha dastanın, əsasən, ərəb işğalından qabaqkı dövrlərdə formalaşdığını və tədqiqatçıların doğru olaraq qeyd etdikləri kimi, dini məsələlərin dastana sonrakı katiblər tərəfindən əlavə edildiyini göstərir. Yəqin ki, dastan ərəb işğalından sonra qələmə alınmış olsa idi, biz dastanda ərəb ruhuna, heç olmasa, az da olsa, rast gələrdik. Bu mənada, diqqətlə baxdıqda dastan qəhrəmanlarının əslində xristian olmadıqlarını da görürük. Belə ki, onlar, bu və ya digər mənada xristianlıqla əlaqəli olsalar da, əslində biz dastanda dastan qəhrəmanlarının totemizmdən birbaşa islama keçdiklərinin şahidi oluruq. Bu isə dastanın bəzi tədqiqatçılarının, yenə də doğru olaraq dedikləri kimi, abidənin xristianlıqdan əvvəl formalaşdığını göstərməklə bərabər, eyni zamanda, xristianlığın da əsərdə nazik bir təbəqə olduğunu sübut edir. Bu mənada, biz də dastanın xristianlıqdan, yəni yeni eradan çox-çox əvvəl, Alban dövlətinin ilkin təşəkkül tapdığı vaxtlarda meydana çıxdığını söyləyir və dastanın ilkin variantının müəyyən mənada salnamə, müəyyən mənada tarix kitabı olduğunu deyirik. Çünki dastanda bəzən düşmən qoşunlarının, döyüşdə qırılan kafərlərin sayı, döyüş zamanı hansı kafərin hansı Oğuz qəhrəmanı tərəfindən qətlə yetirilməsi və s. məsələlər elə dəqiqliklə öz əksini tapır ki, bu fakt dastanın, həqiqətən də, ilkin dövrlərdə salnamə olduğunu ortaya qoymuş olur. Bu baxımdan, bizə elə gəlir ki, dastan ən qədim zamanlardan, Alban dövlətinin ilk yaranma tarixindən etibarən meydana çıxmağa başlamış və nəhayət ən geci VII əsrin sonlarında – ərəblərin Azərbaycana gəlişindən bir qədər sonra formalaşıb qurtarmışdır. Təbii ki, təqribən min ili əhatə edən bu tarix ərzində dastan bir neçə dəfə yazıya alınmışdır. Dediyimiz kimi, dastanda olan müxtəlif qatlar bu fikri deməyə bizə daha çox əsas verir. Yuxarıda göstərilən təqribi min il ərzində dastanı bir neçə dəfə yazıya köçürən, ona müəyyən mənada, xristian və islam donu geyindirən müəllif və yaxud da katiblər dastanın əsas məğzinə, məzmununa toxunmamış, onun məğzini və mahiyyətini qoruyub saxlamışlar. Ən maraqlısı isə odur ki, dastanı yaradanlar Dədə Qorqud coğrafiyasında Erməni dövləti mövcud olmadığı və erməni yaşamadığı üçün, dastana da erməni toponimi və antroponimi daxil etməmiş və qeyd olunan min il ərzində dastanın üzünü köçürən katiblər də ona sonradan müxtəlif donlar geyindirsələr də, yenə də bu coğrafiyada erməni görmədikləri üçün ona erməni əlavəsi etməmişlər.

# 5906 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #