74 şəhərdə ər axtarışı, 10 illik həsrət, uğursuz evlilik

74 şəhərdə ər axtarışı, 10 illik həsrət, uğursuz evlilik
19 sentyabr 2014
# 12:43

İngilis tənqidçiləri Con Qolsuorsinin “Forsaytlar haqqında saqa” romanını XX əsr ingilis ədəbiyyatının ən gözəl nümunəsi və dövrünün əsl ingilis romanı adlandırırlar. Qolsuorsi özü də forsaytların xronikasını özünün pasportu hesab edirdi. Amma bu əsər yalnız onun özü üçün yox, həm də sevimli arvadı və ilham pərisi Ada Qolsuorsi üçün pasport idi. Yazıçı romanı Adaya həsr etmişdi. O, sonralar yazırdı: “Onun dəstəyi, şəfqəti və tənqidi olmadan mən indiki kimi yazıçı ola bilməzdim”.

Con Qolsuorsi 14 avqust 1867-ci ildə dünyaya gəlib. Onun atası incəsənət və ədəbiyyatla maraqlanır, Dikkens, Tekkereyi həvəslə oxuyur, Turgenevə az qala səcdə edirdi. Fermer nəvəsi olan ata Qolsuorsi hüquqşünas və bir neçə şirkətin rəhbəri olmağı bacarmışdı. Yazıçılıq qabiliyyəti də Qolsuorsiyə atasından miras qalmışdı. Con doqquz yaşına qədər evdə təhsil almış, doqquz yaşdan sonra isə təhsilinin pansion və nüfuzlu Herrou kolleci mərhələsi başlamışdı. Herroudan yollar birbaşa Oksforda aparırdı.

Universiteti bitirdikdən sonra Qolsuorsi dostu ilə “dünya turu”na hazırlaşırdı. Ancaq səyahəti bir müddət təxirə salmalı olur: o çoxsaylı əmioğlularından biri – mayor Artur Qolsuorsinin toyunda iştirak etməliydi. Mayorun istəklisi istedadlı musiqiçi, cazibədar Ada Kuper idi.

Artur Qolsuorsinin Adayla ailə həyatı çox uğursuz olur. Bəlkə də Adanın sadəcə darıxdırıcı həyatdan yaxa qurtarmaq üçün bir vasitə hesab etdiyi bu nikahdan əvvəldən heç nə gözləməyə dəyməzdi. Adanın uşaqlığı və gəncliyi Conun uşaqlığı və gəncliyinə bənzəmirdi. O, arzuolunmaz və sevilməyən uşaq idi. Hətta anasının verdiyi ad da uşağın onun üçün ağır yük olduğunu göstərirdi. Ana qızına Ada Nemezida adını vermişdi. Nemezida qisas ilahəsinin adıdır. Amansız Nemezida Adanın bütün həyatı boyu onun üzərində haqqını dəfələrlə sübut etməyə çalışırdı. Ada isə bacardığı qədər müqavimət göstərirdi...

1866-cı ildə həkim Kuper Adanı övladlığa götürür. O, nikahdankənar övlad olduğunu gizlətmək üçün hər yerdə doğum ilinin də məhz 1866-cı il olduğunu qeyd edirdi. Halbuki onun gerçək doğum tarixi 1864-cü ildir. Doktor Kuper vəfat edərkən hamilərinə Adanın təhsilinin qayğısına qalmalarını vəsiyyət edir. O, musiqi və rəqslə məşğul olur, mahnı oxumağı və rəsm çəkməyi öyrənir...

Təhsilinin başa vurduqdan sonra Ada anasıyla ölkə ərazisində ər axtarışına çıxır. 4 il ərzində onlar 74 şəhərdə olurlar... Artur Qolsuorsi ilə nikah bəxtsiz Adaya görə ən uğurlu seçim idi. Amma o, yanılmışdı...

“Niyə yazmırsınız? Siz bunun üçün yaranmısınız”

“Dünya turu”ndan qayıdan Con Qolsuorsi Adayla daha yaxından tanış olur. Qadının xoşbəxt olmadığını gördükdən sonra ona qarşı içində mərhəmət oyanır.

Qolsuorsi imkanlı gənc centlmen həyatı yaşayırdı: ova, qonaqlıqlara gedir, dostları ilə kef məclisləri təşkil edirdi... Amma bu cür həyat tərzi yavaş-yavaş onu bezdirməyə başlamışdı. Bu ərəfədə o, hüquqşünas diplomuna da yiyələnir, amma seçdiyi yolun doğruluğuna şübhə ilə yanaşırdı. “Yalnız yaşam üçün pul qazanmaq xatirinə hansısa işdən yapışmaq iyrənc ürək sıxıntısından başqa bir şey deyil. Kaş ki, istedadım olaydı, mənim fikrimcə, pul qazanmağın ən gözəl yolu yazıçılıqdır ”- Qolsuorsi məktublarının birində belə yazırdı. Özünəinamsızılıq onu üzürdü.

Məhz bu dönəmdə Ada onun eşitməli olduğu, həyatını dəyişdirəcək ən vacib sözü deyir. Parisin Şimal vağzalında baş verən görüş həm də onların münasibətlərində dönüş nöqtəsi olur. Ada gənc hüquqşünasdan soruşur: “Siz niyə yazmırsınız? Siz ki bunun üçün yaranmısınız”. Bu sözlər Qolsuorsinin gələcək taleyini müəyyənləşdirir, Ada isə ömürlük onun həyatına daxil olur: böyük yazıçının katibəsi, ilham pərisi və ömür-gün yoldaşı olmaq onun alın yazısı idi...

Bundan sonra Qolsuorsi ata evini tərk edir və kiçik bir ev kirayələyir. Atası oğlunun qərarından təəccüblənsə də, ona o qədər də yüksək olmayan məbləğdə vəsait ayırır. Onsuz da Qolsuorsinin pula o qədər ehtiyacı yox idi: sadə ev, şəxsi at arabası, bir də gündəlik xırda ehtiyaclar. O, incə zövqlə, dövrün dəbinə uyğun geyinirdi.

Adada istedada təkan vermək qabiliyyəti vardı. Onunla yalnız Qolsuorsi dil tapmırdı: bütün həyatı boyu Ada daha bir neçə yazıçıya dəstək olmuşdu. Ada özü bu nadir bacarığını belə qiymətləndirirdi: “Düşünürəm ki, mənim missiyam kimlər üçünsə faydalı olmaqdır, bu da mənim üçün çox önəmlidir”.

Ada qısa zamanda hiss etdi ki, Con böyük yazıçı olacaq. Onun ilkin ədəbi əsərlərinin zəifliyi Adanı qətiyyən narahat etmirdi. O, Qolsuorsinin hələlik zəif, uzunçu hekayələrinin ilk oxucusu idi və bu onları bir qədər də yaxınlaşdırırdı. Ada artıq onun ilham pərisi idi: o, Qolsuorsidə yaradıcılıq yanğısı yarada bilirdi. Beləliklə, gələcəyin böyük yazıçısı Adayla birgə öz yolunu başlayır.

10 illik həsrət

Onların evlənə bilmələri üçün 10 uzun il keçir: 10 illik sirr və həsrətdə keçən əzablı ömür. Onların sevgisi uzun müddət taleyə qarşı getmənin mümkünsüzlüyü düşüncəsi ilə kölgələnir. “Saqa”nın müəllifi sonralar deyirdi: “Həyatda bundan faciəvi bir şey yoxdur”.

Ada 1902-ci ildə həyat yoldaşından ayrılaraq Qolsuorsiya yaxın bir yerdə ev kirayələyir. Ancaq onlar yalnız xaricdə birlikdə yaşamaq imkanı əldə edirlər. Yalnız soyadlarının eyni olması onların işini yüngülləşdirirdi.

Ada və Con çoxlu səyahət edirlər. İtaliya, Fransa... Onlar səhər saatlarını işə həsr edirdilər: Con yazır, Ada isə əlyazmaların üzünü köçürürdü. Gündüzlər onlar gəzib – dolaşır, normand kənd mehmanxanalarının taxta eyvanları və şüşəbəndlərində uzun-uzadı oturur, kofe içir və balla bulka yeyirdilər. Xoşbəxt günlər idi! Elə bu illərdə onların həyatına musiqi daxil olur: Qolsuorsi yazır, Ada isə qonşu otaqda royalda çalırdı. Adanın musiqisi altında çalışmaq alışqanlığını Con ömrünün sonuna qədər qoruyub saxlayır.

1904 – cü ildə Qolsuorsinin atası vəfat edir. Conun kədəri o qədər böyük idi ki, o iki həftə heç kəsi, hətta Adanı belə görmək istəmir.

Con sağlığında atasını boşanma prosesi və boşanmış qadınla evlilik məsələləri ilə üzmək istəmirdi. Amma artıq o, vəfat etdiyinə görə Con və Ada bu şərtilikləri aşa bilərdilər. Onlar əvvəlcə bir neçə günlüyə kəndə, sonra isə İtaliyaya yola düşürlər. Yarım il heç kəsdən gizlənmədən birlikdə yaşayırlar. Bununla həm də mayor Qolsuorsiyə boşanmanın qaçılmaz olduğunu göstərməyə çalışırdılar. İtaliyadan qayıtdıqdan sonra isə boşanma prosesinin qızğın mərhələdə olduğunu öyrənirlər.

Qolsuorsi əmin idi ki, kübar cəmiyyətin qapıları artıq onun üçün bağlıdır. “Mən bütün işlərdən uzaqlaşdım, klublardan çıxdım və sairə. İndi nəhayət mənim yazmaq üçün vaxtım və heç nə ilə yüklənməmiş beynim olacaq”.

Onlar 1905-ci ilin 23 sentyabrında – azadlığın ilk günü evlənirlər. Nəhayət bütün çətinliklər geridə qalır və onları xoşbəxt gələcək gözləyir... Amma 10 illik gizli sevgi və xaricdə keçirilmiş 8 ay çətinliklərin olacağından xəbər verirdi.

Ada ikinci evliliyə qədər baş verənlərin hamısını ömründən silir. Gündəliyindən əvvəlki səhifələri cırıb atır. Ömür dəftərini 1905-ci ildən yazmağa başlayır.

Uzun illər gözlənilən nikah xoşbəxtlik gətirmir

Ada özünü bütünlüklə Con və onun işinə həsr etmişdi. Əlbəttə, bu əladır, amma... Amma onun qədərindən artıq diqqəti Qolsuorsini sıxırdı. Ada Conu bir dəqiqə belə gözdən qoymurdu. Nə ondakı kimi dünyagörüşünə, alicənablığa sahib olmasa da Ada özü üçün əlçatmaz sferalarda Conun da dolaşmasına imkan vermirdi. Conun qətiyyən eqoist olmadığını və yaxın adamı üçün hər şeyə hazır olduğunu bilən Ada həyat yoldaşının bu keyfiyyətindən də sui-istifadə edirdi.

Adanı çətinliklər və xoşagəlməzliklərdən, həyəcanlanmadan qorumaq, uşaq kimi əzizləmək, hər şeydə güzəştə getmək lazım idi. Hətta elə oyunlar seçirdilər ki, orada Ada uda bilsin. Onun özünəinam hissini gücləndirmək, onu qayğı və sevgi ilə əhatə etmək lazım idi.

Bununla yanaşı Adanı elə də zəif saymaq olmazdı. O, iztirab içində boğulan gözəl qadının simvolu İren Forsayta qətiyyən bənzəmirdi. Ada füsunkar təbəssümə malik incə dodaqlarıyla Roma profilli qadın idi. Onun şahzadələrə xas qaməti, əzəmətli yerişi vardı.

Onun rəfiqələrindən biri xatırlayırdı: “Həyatımda belə əzələli qadın görməmişəm”. Əslində təəccüblü deyildi. Tez-tez sağlamlığından şikayətlənən və revmatizmdən əziyyət çəkən Ada yaxşı idmançı idi: o gözəl at çapan, sərrast güllə atıcısı, məharətli kriket oyunçusu, bilyardda isə sadəcə usta idi.

Adanın soyuqluğu və sərtliyi Qolsuorsinin də ciddi olmasına səbəb olmuşdu. “Forsaytlar haqqında saqa”nın oxucularından biri Soms və İreni misal gətirərək yazıçının sevginin duyğusal tərəfini təqdir etmədiyi qənaətinə gəlmişdi. Bu iddiaya Qolsuorsinin cavabı belə olmuşdu: “Əslinə qalsa məni bunun əksində ittiham etmək daha doğru olardı. Qarşılıqlı hissləri, birtərəfli hisslərdən fərqləndirmək lazımdır. Bunlar eyni şey deyil. Zamanla, müəyyən sınaqlardan keçdikdən sonra öyrənirsən ki, sevgi üçün yaranmış əksər qadınlar onların təbiətinin həssas tərəfinə müdaxiləyə dözümsüzlük göstərirlər. Onlara görə mənəvi aşınma hissi məhz bununla bağlıdır”. Bu sözlər Adaya aid idi.

Adanın faciəsi onda idi ki, o düşünmədən Condan daha çox diqqət tələb edirdi. Bir vaxtlar onun inam və ruh verdiyi yazıçı da büsbütün bu nikahın buxovunda idi.

Ada və Con birlikdə yaşayır, birlikdə uğur əldə ediblər – o məşhurlaşıb. Ada xoşbəxtdir: Con onun həyatının mənasıdır. Amma Adanın bir dəqiqə gözündən uzaq qoymayaraq Conu bürüdüyü “firavanlıq örtüyü” yazıçıya dar gəlirdi. Adaya və ədəbiyyata olan sevgini uzlaşdırmaq Qolsuorsi üçün çətin idi: yazıçı kimi inkişaf etmək üçün o, tamamilə azad olmalı idi, hətta sevimli Adasından da.

Bəs o, nəyi seçir? “Bizim seçdiyimiz yolların içərisində ən layiqlisi mərdlik və xeyirxahlıqdır”, - deyə Qolsuorsi yazırdı.

Con Qolsuorsinin ikinci məhəbbəti

Qolsuorsi 44 yaşında 19 yaşlı rəqqasə və xoreoqraf Marqaret Morrislə qarşılaşır. Gənc rəqqasə ilk baxışdan yazıçıya aşiq olur. “Onu görmək – sevmək deməkdir, o elə nəzakətli, elə xeyirxahdır ki... Təbəssümü adamı valeh edir”. Qolsuorsi isə aşiq olduğunu dərhal anlamır. Qolsuorsi və Marqaret Morrisin bir-birilərinə qarşı duyğuları ən məsum hisslər idi. Amma Ada üçün bu əsl faciəydi.

Nemezida yenə onu haqlamışdı: Con Adanın etibar etdiyi, onu qoruyan, himayə edən, arxa duran yeganə insan idi. İndi isə ondan üz çevirmək istəyirdi. Qolsuorsi vəziyyətdən çıxış yolu tapa bilmirdi: o arvadının əzablarına dözmək gücündə deyildi.

Yazıçı Marqaretə yazırdı: “Nə siz, nə də mən başqasının ağrı və əzabları üzərində xoşbəxtlik qura bilmərik”. Onlar bir müddət məktublaşsalar da, bu o qədər də uzun sürmür: “Münasibətlərimizə son verməsək Ada üçün pis olacaq. Bağışlayın və məni unudun”.

Qolsuorsinin ailəsində uzun müddət yaşamış qohumunun xatırlamalarına görə, müqəddəs etimada “xəyanətdən” sonra da Adayla Conun nikahı davam edir, amma artıq aralarında duyğusal sevgi yox idi. Qolsuorsi Adadan daha çox asılı olmuşdu - artıq onsuz işləyə bilmirdi.

Adanın gündəliyindən: “Con yazır, mən isə avaralıq edirəm: ya çap edir, ya da mənə böyük sevinc bəxş edən sevimli balaca “Bexşteyndə” çalmağa çalışıram”.

Qolsuorsi 1932-ci ildə Nobel mükafatına layiq görülür. Amma tutulduğu ölümcül xəstəlik onun Stokholma getməsinə imkan vermir.

Ada Conun ölümünə uzun müddət inana bilmir. Bundan sonra onun qayğısına kim qalacaqdı?!

Qolsuorsi əzabla ölür, amma ağrılara mətanətlə dözürdü: “Mən çox yaxşı yaşadım: Ada, var-dövlət, malikanələr, mükafatlar, səyahətlər, uğur...”. 1933-cü ilin 31 yanvarında Con gözünü əbədi yumur. Üzüntülü Ada isə ərindən xeyli uzun yaşayır. O, 1956-cı ilin 29 mayında 91 yaşında vəfat edib.

Ölümündən sonra Adanın qiymətli zinət əşyalarını saxlandığı mücrüsündən ona həsr olunmuş iki şeir əlyazması tapılıb. Bu şeirlər Con və Ada Qolsuorsilərin sevgisinin yeganə yazılı şahidi hesab olunur.

Tərcümə: Pünhan Musayeva

# 2140 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #