Sevgilisi atdı, yağışın altında lüt dayanmaqla ovundu

Sevgilisi atdı, yağışın altında lüt dayanmaqla ovundu
2 iyul 2013
# 07:15

Folkner və Heminqueyin müəllimi

Şervud Anderson XX əsr Amerika nəsrinin ən görkəmli simala-rından sayılır. O, 1876-cı ildə ABŞ-ın Orta Qərbində, Ohayo ştatının kiçik Kamden şəhərində, yoxsul ailədə doğulub. Lap kiçik yaşlarından müxtəlif işlərdə çalıhıb: gah qəzetçi, gah da kuryer işləyib, çobanlıq edib, rəngsaz atasının köməkçisi kimi xidmət göstərib.

Gənc yaşlarından Çikaqoya gələn Şervud burda reklam büro-sunun agenti işləyib. 1898-1899-cu illərdə Amerika-İspaniya savaşında iştirak edib, müharibə səngiyəndən sonra yenidən Çikaqoya qayıdaraq müxtəlif reklam kontorlarında çalışıb, hətta kiçik bir göndəriş-yollama şirkətinin sahibi də olub. 1913-cü ildə nə səbəbdənsə birdən-birə şirkəti tərk edib və yenidən reklam kontoruna qayıdıb.

Amerikanın gənc yazarlarıyla yaxınlıq edən və onlara dəyərli məsləhətlər verməklə bir çoxunun yaradıcılıq istiqamətini müəyyənləşdirən bu xeyirxah insan, o cümlədən sonradan nəhəng ədəbi fiqura çevrilmiş dünya şöhrətli məşhur yazıçının - Uilyam Folknerin (həmçinin müəyyən mənada Ernest Heminqueyin) müəllimi olmuş, fərziyyələrə görə hətta məşhur Yoknapatofa saqasını yazmaq ideyasını da Folknerə məhz o vermişdir.

Hər halda, gənc yaşlarında Folknerin Andersonla hər zaman böyük məmnunluqla görüşməsi, saatlarla, günlərlə onun ədəbi söhbətlərini, mülahizələrini, məsləhətlərini dinləməsi məlum faktdır və bu barədə Folkner özü də müxtəlif auditoriyalarda çıxışları zamanı dəfələrlə geniş açıqlamalar vermiş, Andersonun adını bir qayda olaraq həmişə böyük hörmət və ehtiramla xatırlamışdır.

Tələbələrlə görüşlərin birində U.Folkner Şervud Andersonla tanışlıqları barədə bunları demişdi: "...Mən Yeni Orleanda yaşayan Şervudla rastlaşdım. Şervud dərhal ürəyimə yatdı, çox tez isinişdik, bir-birimizə rəğbət duyurduq. Adətən şəhəri gəzib-dolaşır, o danışır, mən dinləyirdim. Axşamlar bara gedib bir-iki saat oturub içirdik; o yenə danışırdı, mən yenə qulaq asırdım.

Gündüzlər isə onu görmürdüm - o işləyirdi. Sonra yenə görüşürdük və eyni şeylər təkrar olunurdu: axşamlar görüşürdük, gündüzlərsə o işləyirdi. Onda fikirləşdim ki, əgər yazıçıların həyatı belə keçirsə, bu həyat məni qane edir. Sonra oturub kitab yazmağa başladım. Bu iş çox xoşuma gəldiyindən yazdığım müddətdə Şervudu görmürdüm. Bir gün küçədə onun xanımına rast gəldim. Çoxdan görükməməyimin səbəbini soruşanda, cavab verdim ki, bəs kitab yazıram. Soruşdu ki, "Şervud sizə baş çəksinmi?" Dedim, hələ yazıb qurtarmamışam. Ona görə belə cavab verdim ki, onda hələ yazdığımı kiməsə göstərmək barəsində düşünməmişdim, mənə sadəcə olaraq yazı prosesinin özü maraqlı gəlirdi.

Bir gün yenə o qadınla rastlaşdım. "Sizin kitab yazmağınızı Şervuda xəbər verəndə başını tutub: "İlahi, özün kömək ol!" - dedi və əlavə etdi ki, Şervud sizin qarşınızda şərt qoyur: əgər siz kitabınızı oxumağı ondan xahiş etməsəniz, əvəzində o öz naşiriylə danışacaq ki, bu kitabı çap etsinlər. Dərhal dedim ki, razıyam. Bax mənim ilk kitabım belə çap olundu və həmin vaxta qədər mən artıq başa düşmüşdüm ki, yazmaq əsl mən istəyən işdir - maraqlı və ürəyəyatan. Elə o vaxtdan bu işlə məşğulam və deyəsən daha bu işin daşını atası olmayacam..."

Nə qədər qəribə də olsa da xələfi Folkner kimi Şervud Andersonun da ardıcıl təhsil almağa elə bir xüsusi həvəsi, eyni zamanda heç bir imkanı olmayıb. Ədəbiyyata da çox gec - otuz beş yaşında gəlib; novellaları isə jurnallarda yalnız 1914-cü ildən görünməyə başlayıb. Bir sıra iri həcmli əsərlərin - "Uindi Makfersonun oğlu", "Ayaqlaşma", "Yoxsul ağ", "İstəkdən də o yana" və digər romanların müəllifi olmasına baxmayaraq, Şervud Anderson Amerika ədəbiyyatında məhz novella ustası kimi tanınıb, öz kiçik hekayələrində Birləşmiş Ştatların ucqar vilayətlərinin sadə, sıravi sakinlərinin həyatını, taleyini kapitalist dünyasının ziddiyyətləri şəraitində açıb göstərə bilib; novellalarında Ş.Anderson klassik ədəbiyyata məxsus süjet xəttindən imtina edir, diqqəti cəmiyyət tərəfindən başa düşülməyən, bir qıraqda tənha həyat sürən "kiçik" adamın daxili aləminə yönəldir.

Ş.Anderson yaradıcılığının özünəməxsusluğu daha çox onun "Uaynsburq, Ohayo" (1919), "Yumurtanın təntənəsi" (1921), "Atlar və adamlar" (1923) adlı hekayə toplularında özünü göstərir. Bu novellalarda həmçinin sənət adamının ağır həyatı da öz əksini tapıb ("Blek-futun şedevri", "İnsan haqqında hekayə", "Məhkəmə" və s.).

Bütün ömrü boyu diqqətdən kənarda qalan, şöhrətə elə də can atmayan, fərqlənməyə çalışmayan böyük yazıçının həqiqətən qiymətli əsərlərinə yalnız həyatının sonlarında müəyyən maraq yaranır. O, 1937-ci ildə Amerikanın Milli Ədəbiyyat və İncəsənət İnstitutuna qəbul edilir. 1941-ci il martın 8-də isə Ş.Anderson 65 yaşında vəfat edir. Qəribədir ki, onun dostu və sevimli tələbəsi Uilyam Folkner də vəfat edəndə 65 yaşı vardı...

Təsadüfi deyil ki, şan-şöhrətdən daima uzaq qaçan, özünü heç vaxt gözə soxmağa çalışmayan (Bəlkə bu xüsusiyyətlər elə Folknerə də öz müəllimindən keçmişdi?) Ş.Andersonun bu təvazökarlığı diqqətdən yayınmamışdır; məşhur Amerika yazıçısı Teodar Drayzer onu "heç zaman pulun əsiri olmayan əsl sənətkar" adlandıraraq adını E.Sinkler, S.Lüis, E.Heminquey kimi sənətkarlarla bir sırada çəkmişdir.

Uilyam Folkner də öz ustadı və müəllimi Ş.Andersona yüksək qiymət verərək demişdi: "O, bizim nəsil Amerika yazıçılarının və Amerika nəsrinin bizdən sonrakı davamçılarının atasıdır. Drayzer onun böyük qardaşı, Mark Tven isə hər ikisinin atasıdır".

Külis.Az Şervud Andersonun “Macəra” hekayəsini təqdim edir.

İyirmi yeddi yaşlı Elis Haydmen bütün ömrünü Uaynsburqda keçirtmişdi: Corc Uillard o vaxt hələ ağzından süd iyi gələn bir uşaq idi. Elis Uinninin parça dükanında satıcı işləyir və atasının vəfatından sonra ikinci dəfə ərə getmiş anasıyla yaşayırdı. Atalığı içki düşkünü olan qəribə bir kişi idi; onun həyatı başqa bir söhbətin mövzusudur və bu barədə ayrıca danışmaq lazımdır.

Ucaboy, arıq bir qız olan Elisin şabalıdı saçları, qonur gözləri vardı; çiyinləri azacıq qabağa çıxmışdı və çəlimsiz bədəninin müqabilində başı bir qədər iri görsənirdi. İlk baxışda nəzərə çarpmasa da, qızın fağır görkəmində nəsə gizli bir qüvvə, bir ehtiras duyulurdu.

Hələ on altı yaşında ikən Elisin cavan bir oğlanla kiçik bir eşq macərası olmuşdu. O vaxt qız hələ dükanda işləmirdi, yaşca ondan böyük olan Ned Karri isə Corc Uillard kimi "Uaynsburq qartalı" qəzetində əməkdaşlıq edirdi. Ned Karri, demək olar ki, hər axşam Elisin dalınca gəlir və onlar yol kənarındakı ağaclıqda gəzişə-gəzişə öz gələcək həyatlarını düşünür, şirin-şirin söhbət edirdilər.

Elis qəşəng qız idi və Ned Karri tez-tez onu qucaqlayıb öpür, həyəcandan dili topuq vura-vura qızın qulağına qəribə şeylər pıçıldayırdı. Öz adi həyatını nə yollasa canlandırmaq həvəsində olan Elis də təsirlənir, o da danışmağa başlayırdı. Bu vaxt güclü bir fırtına qızın hər cür təmkin və ehtiyatını ağzına alıb aparır, Elis heç nə düşünmədən özünü sevgi iztirablarının ağuşuna atırdı...

Həmin il payızın axırlarında yaxşı bir vəzifə qazanmaq və camaat arasında tanınmaq məqsədilə Ned Karri Klivlendə yola düşdü. Elis də onunla getmək istəyirdi və səsi titrəyə-titrəyə:

- Orda mən də işə düzələrəm, Ned, - deyirdi, - çalışaram sənə yük olmayım. İstəsən, hələ heç evlənmərik. Biz onsuz da birgə yaşaya bilirik. Bir evdə yaşasaq da olar, o boyda şəhərdə bizi tanıyan kimdi...

Elisin sədaqəti Ned Karrini əməlli-başlı sarsıtdı. Əslində o, qızı özünə məşuqə eləmək fikrindəydi, ancaq indi bu niyyətindən qətiyyətlə əl çəkdi və qıza qarşı ürəyində qəribə bir qayğı baş qaldırdı.

- Nə danışırsan, Elis? Mən heç səni qoyaram? Hələlik sən burda qalmalısan - başqa əlacımız yoxdur. Əlimə yaxşı bir vəzifə keçirən kimi qayıdıb gələcəm.

Həmin axşam yenə həmişəki kimi görüşüb gəzintiyə çıxdılar, sonra isə fayton kirayələyib şəhər kənarına yollandılar. Ay işığı hər tərəfi nura qərq etmişdi, cavanlar isə həyəcandan söz tapa bilmir, eləcə susub oturmuşdular. Ned elə kədərli idi ki, axırda qızla necə davranacağını da unutdu: onlar çay qırağında faytonu əyləyib yaşıl çəmənliyə düşdülər və ayın solğun işığı altında...

Gecə yarısı şəhərə qayıdarkən hər ikisi xoşbəxt görünürdü. Ned Karri Elisi evə ötürərkən son sözü bu oldu:

- İndi biz bir-birimizdən daha bərk yapışmalıyıq...

Klivlenddə gənc jurnalistə qulluq tapılmadı, Ned də Çikaqoya yollandı. O, ilk günlər təklikdən bezib Elisə hər gün məktub yazırdı, ancaq sonra yavaş-yavaş şəhərə alışmağa, özünə təzə dostlar, yeni qayğılar axtarmağa başladı. Kirayələdiyi evin qonşuluğunda bir neçə qadın yaşayırdı; onlardan biri Nedin diqqətini çəkdi və bununla da məktubların arası kəsildi.

İndi o, Elisə hərdənbir nəsə yazırdı: əsasən tək qalıb darıxanda. Bəzən də axşamlar parka gələrkən ot üzərinə yayılan solğun ay işığı istər-istəməz həmin o çay qırağındakı yaşıl çəmənliyi xatırladırdı və bu zaman Ned Karri də istər-istəməz Elisi düşünürdü.

Uaynsburqda isə sevgi hissləri arxada qalmış qızcığaz gün-gündən yaşa dolaraq qadına çevrilirdi. O, iyirmi yaşına təzə çatmışdı ki, qoca atası qəfildən öldü. Dul qalmış anasına bir neçə aydan sonra pensiya kəsildi; qadın ilk pensiyadan özünə dəzgah alıb xalı toxumağa başladı. Elis də Uinninin parça dükanında işə düzəldi. O, Ned Karrinin bir daha qayıtmayacağına hələ uzun illər inanmadı.

İşləmək Elisin ürəyindən idi, çünki başı işə qarışdığından Nedin həsrəti onu əvvəlki kimi darıxdırmırdı. O, qazancını sevgilisinə göndərmək ümidi ilə yığmağa başladı. Öz aləmində həmin gecəyə görə Elis Nedi qınamırdı, ancaq hiss edirdi ki, daha heç vaxt özgəsinə ərə gedə bilməz – yalnız Nedə məxsus olan şeyləri bir başqasının ixtiyarına vermək fikri qıza dəhşətli görünürdü.

Cavanlar ona maraq göstərəndə Elis həmişə görüşdən boyun qaçırır, öz-özünə pıçıldayırdı: "Mən onunkuyam, onunku olaraq da qalasıyam – gəlsə də, gəlməsə də".

Qız səhər saat səkkizdən axşam saat altıyacan dükanda olur, həftədə üç dəfə axşamlar təzədən dükana qayıdıb saat altıdan doqquza qədər növbə çəkirdi; o, getdikcə tənhalığa daha çox alışır, axşamlar yataq otağına keçib dua eləyəndə isə sevgilisinin xəyalına pıçıldadığı sözləri də tez-tez duaya qatırdı. O, yenə eyni ehtirasla pul toplamaqda davam edir və həm də fikirləşirdi ki, bir gün bu pulları götürüb Nedin dalınca, onu axtarmağa getmək də olar. Pul yığmaq qızdan ötrü təbii vərdişə çevrilmişdi və Elis hətta özünə əyin-baş almağı da yaddan çıxartmışdı.

"Ned səyahəti çox xoşlayır, - o düşünürdü. - Ər-arvad olanda mən hər ikimizin pulunu yığacam. Onda biz varlı olacağıq, sonra da birlikdə bütün dünyanı gəzəcəyik".

Beləcə həsrət içində həftələr aya, aylar ilə çevrilirdi.

Dükanın sahibi ağsaç, şeşəbığ və qaraqabaq bir qoca idi. Qışda, yağışlı günlərdə dükana az adam gəlirdi, Elis də saatlarla vitrinin qarşısında durub boş küçəyə baxır, Nedlə gəzdiyi günləri, onun son sözlərini xatırlayırdı: "İndi biz gərək bir-birimizdən bərk yapışaq..."

Sözlər Elisin qulağında səslənir, beynində əks-səda verir və bu zaman qızın gözləri yaşarırdı. Sahibkar dükanda olmadığı vaxtlar Elis başını piştaxtanın üstünə qoyub ağlayır və ağlaya-ağlaya elə hey pıçıldayırdı: "Ned, mən axı gözləyirəm!.."

Və hər dəfə bundan sonra Ned Karrinin qayıtmayacağı fikri qızı daha bərk qorxudurdu.

Ayrılığın ilk illərində Elis evdən heç yana çıxmırdı. Ancaq bir dəfə yalqızlıq onu elə bərk sıxdı ki, daha evdə otura bilmədi, ən yaxşı paltarını əyninə keçirib cavanların arxasınca meşəyə, əyləncə yerinə getdi. Özünə hamıdan kənarda sakit bir yer tapıb əyləşdi və fikrə getdi. Düşünə-düşünə bərk sarsıldı: hiss etdi ki, gözəllik və gənclik təravəti yavaş-yavaş onu tərk edir. O, ilk dəfə özünü aldanmış sandı, ancaq bilmədi bu işdə kimi günahlandırsın; Nedi mühakimə etməyi isə ağlına belə gətirmirdi. Qüssə içində diz çöküb dua eləmək istədi, amma əvəzində başqa sözlər pıçıldamağa başladı:

- Mənimçün sevinc deyilən şey yoxdur, mənim xoşbəxtliyim həmişəlik məhv olub! Axı, niyə özümü aldadıram?

Elis iyirmi beş yaşına çatanda anası Buş Miltona ərə getdi, o da tək qalmaqdan bezib kilsəyə ayaq açdı.

- Qocalıb, allah bilir nə kökə düşəcəm, lap Ned qayıtsa da daha məni sevməyəcək. Eh, Nedin yaşadığı şəhərdə adamlar həmişə cavan qalırlar. Orda həyat elə şən keçir ki, heç qocalmağa da macal qalmır, - deyə qız kədərli bir təbəssümlə pıçıldayır və adamlarla ünsiyyətə can atırdı. O indi bununçün cürbəcür yollar arayırdı: cümə axşamları dükan bağlanandan sonra, bir qayda olaraq ibadətə yollanırdı, bazar günləri isə "Liq Epuort" təşkilatının yığıncağına gedirdi.

Kilsə tabeçiliyindəki aptekdə işləyən orta yaşlı Uil Harli bir axşam onu evə ötürmək istəyəndə qız etiraz eləmədi və özünü inandırmağa çalışdı ki: "Əlbəttə, bunun vərdişə çevrilməsinə yol vermərəm, ancaq əgər hərdənbir görüşmək istəsə, buyura bilər, burda pis bir şey yoxdur..."

Daxilində nələr baş verdiyini dərk etməyən Elis adamlara qarışmaq üçün ilk vaxtlar zəif, sonra kəskin inadla yollar düşünürdü. Uil Harli ilə yanaşı lal-dinməzcə addımlasa da, mənasını özünün də anlamadığı qəribə hisslər keçirməyə başlamışdı; indi o, Uillə xudahafizləşərkən özünü dərhal içəri dürtmürdü, qapı ağzında durub bir müddət gözləyir, hətta kişinin arxasınca qışqırıb demək istəyirdi ki, bəs geri qayıtsın, qayıdıb bir az onunla çardağın altında otursun. Ancaq qorxurdu. Qorxurdu ki, Uil onu düzgün başa düşməsin. Sonra isə öz-özünə deyirdi: "Mənə gərək olan o deyil. Mən sadəcə olaraq tək qalmaqdan bezmişəm..."

Payızın ilk ayında Elisi dəhşətli narahatlıq sardı. Bu vaxt qız artıq iyirmi yeddi yaşa girmişdi və Uillə yaxınlıqdan bezmişdi; odur ki, bir axşam kişini qəti şəkildə rədd etdi. Ancaq yenə də narahatlıq içində qovrulur, özünə yer tapa bilmirdi.

Bir gün piştaxta dalında durmaqdan bərk yorulub evə qayıdan qız əlüstü yatağa uzansa da, yuxulaya bilmədi. Gözünü uşaq kimi qaranlığa zilləyib otaqdakı əşyaları bir-bir nəzərdən keçirməyə başladı, lakin qəlbinin dərinliyində aldadılması və unudulması heç cür mümkün olmayan bir şey - həyatdan qəti cavab istəyi gizlənmişdi. Yastığı bərk-bərk qucaqlayıb sinəsinə sıxdı, sonra ayağa qalxıb yorğanı elə sərdi ki, qıraqdan baxanda döşəkağına bürünüb yatan kişi bədəninə oxşasın. Beləcə, çarpayının qarşısında diz çöküb yorğanı oxşamağa başladı:

- Niyə axı mənim həyatım belə sönük keçir? Niyə axı mən burda tək-tənha atılıb qalmışam?

Qız hərdən-hərdən Nedi xəyalına gətirsə də, duyğuları daha əvvəlki kimi ondan asılı deyildi. Yorğunluğu getdikcə artıb şiddətləndiyindən indi o nə Ned Karrinin, nə də hər hansı başqa kişinin nəvazişinə ehtiyac duymur, daha doğrusu, buna meyl edə bilmirdi. Ancaq bununla belə yenə də nəsə istəyirdi: sevinc istəyirdi, cavab istəyirdi.

Yağışlı günlərin birində isə qızın həyatında əsl macəra baş verdi. O, saat doqquzda dükandan qayıtdı və evi boş gördü: Buş Milton şəhərə getmişdi, anası isə qonşuya. Elis öz otağına keçib əlhavasına elə qaranlıqdaca soyundu, pəncərə qarşısında durub bir müddət narın yağışa tamaşa elədi. Birdən onun qəlbini qəribə bir istək bürüdü və bu istəyin nə olduğunu dərk etmədən otaqda vurnuxmağa, var-gəl etməyə başladı. Az sonra başına nə vurdusa birdən pilləkənə yüyürüb qaça-qaça həyətə düşdü və yağışın altında dayandı. Narın yağış damcıları bədənini sərin-sərin oxşadıqca qızın ürəyində dəli bir arzu baş qaldırdı: o, küçədə lüt-üryan qaçmaq həvəsinə düşmüşdü.

Ona elə gəldi ki, yağış nəsə möcüzə yaradacaq, bədəninə canlı və əsrarəngiz bir həyat qüvvəsi bəxş edəcək. O qaçmaq, yağışın altında atılıb-düşmək, özü kimi tənha bir varlıq tapıb ona sarılmaq istəyirdi. Bu vaxt evin böyründən bir kişi ötüb keçirdi. Elis kişiyə tərəf götürüldü; qız vəhşi və ağlasığmaz bir duyğunun çılğın ağuşunda üzür və qaça-qaça düşünürdü: "Nə fərqi var o kimdir? Təkdi, vəssalam!"

- Dayanın! Getməyin! Kimsinizsə bilmirəm, ancaq yalvarıram, gözləyin!

Kişi ayaq saxlayıb qulaq verdi. Bu, qulağı ağır eşidən bir qoca idi, əlini boru kimi ağzına tutub qışqırdı:

- Nə istəyirsiz? Nə deyirsiz orda?

Elis səsə diksinib dərhal yerə çökdü və titrəməyə başladı. Qız öz hərəkətindən elə qorxmuşdu ki, hətta qoca yoluna düzəlib uzaqlaşanda da ayağa qalxmağa cəsarəti çatmadı; özünü sürünə-sürünə birtəhər evə sala bildi. Otağa keçən kimi tez qapını arxadan cəftələdi; yazıq elə bərk qorxmuşdu ki, hətta bəzək stolunu da çəkib qapının arxasına dayadı. Bədəni uçum-uçum uçunur, bütün varlığı əsim-əsim əsirdi; əlləri elə titrəyirdi ki, köynəyini heç cürə geyinə bilmirdi.

Sonra yatağa uzandı və üzünü yastığa sıxıb acı-acı hönkürdü. "Nolub axı mənə? Belə də müsibət olar? Özümü ələ ala bilməsəm, deyəsən başıma oyun açacam" - deyə acı-acı düşündü və divara sarı çönüb özünü inandırmağa çalışdı ki, görünür tənhalıq içində yaşayıb ölmək çoxlarının nəsibidir və belə adamlar Uaynsburqda da yox deyil.

# 3252 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #