Kulis.az Anar Şamilin "Ədəbi dairə" yazısını təqdim edir.
Satış məqsədilə istehsal edilən məhsul alıcısını tapmadıqda onun keyfiyyətli və ya keyfiyyətsiz olması hər hansı əhəmiyyət daşımır.
Məhsulun istehlakı və keyfiyyət göstəricisi alıcıya tanıdılmasından asılıdır. Müasir dövrdə ən əsas keyfiyyət meyarlarından biri satış sayıdır. Daha çox satılan daha keyfiyyətli hesab edilir. Vicdanla işləyib həqiqətən keyfiyyətli məhsul ortaya qoymağa çalışan sahibkarlar, məhsulun tanıtım məsələlərinə diqqət ayırmadıqlarına görə istehsalı dayandırmalı olurlar.
Hazırda iki təbəqə var: Kapitalının az bir hissəsini məhsulun keyfiyyətinə, çox hissəsini tanıtımına xərcləyib keyfiyyətli məhsul istehsal etdiklərini simulyasiya edənlər və kapitalın çox hissəsini məhsulun keyfiyyətinə xərcləyib müştərinin diqqətini çəkə bilməyənlər.
Müasir Azərbaycan ədəbiyyatı da belə sahibkarlarla zəngindir. Yazıçılar sözdən xammal kimi istifadə edir, onu istedadları ilə zənginləşdirərək düşünməyə sövq edən, cəmiyyətə yaxşı mənada təsir göstərən məhsul hazırlayırlar. Digər sahə ilə məşğul olan sahibkarlar kimi, onların da vicdanla işləyəni və ya simulyasiya edəni var.
Bu gün Azərbaycan ədəbiyyatında tanıtım məkanlarının ən birincisi sosial şəbəkələrdir. Burada isə biz “Əks-səda kamerası” (echo chamber) hadisəsini müşahidə edirik. Məkanı təhlil etsən, bir yerdə olan, yəni yazılarını, istirahətini, tədbirlərini, informasiyanı və nüfuzlarını bir-biri ilə bərabər bölüşən bir neçə insanı müşahidə edə bilərik. Onlar daha çox gənc nəslin nümayəndələri sayılırlar. Bu prosesin yaxşı tərəfi yazıçıların bir yerə toplanması və ədəbi müzakirələrin aparılmasıdır. Pis tərəfi isə manipulyasiyadır, yəni oxucu kütləsini idarə edərək istiqamətləndirmək və onlarda istədikləri zövqü formalaşdırmaqdır.
“Əks-səda kamerası” – qapalı informasiya məkanı mənasını verir. Həmin məkanda fikir, ideya, əqidə və yanaşmalar alternativ baxış bucağını istisna edərək bir qrup daxilində təkrarlanır, güclənir və yayılır. Əgər ölkənin oxucu kütləsi məhdud sayda yazıçının ətrafında toplaşıbsa, bu o deməkdir ki, ədəbi əsər nümunələrinin keyfiyyətini onlar müəyyən edirlər. Nəzərə alsaq ki, bu gün bizim mühitdə ədəbi tənqid özünün yaxşı dövrlərini yaşamır, meyar kimi götürüləcək tənqidçi yoxdur, (ya da elə biri var, amma gündəmə gələ bilmir) ancaq “Əks-səda kamerası” iştirakçılarının (ədəbi kruq) paylaşdığı əsər nümunələri yaxşı hesab edilir, yaxşı biri kimi təqdim edilir, yaxşı olaraq oxucu tərəfindən qəbul edilir.
“Ədəbi kruqu”-un sayəsində sosial şəbəkələrdə ədəbiyyat mövzusunda ancaq eyni fikirlər, eyni düşüncələrlə qarşılaşırıq. “Kruq”-un hər hansı bir üzvünün söylədiyi fikir və yazdığı yazı azı 6 dəfə qarşına çıxır və hamısında həmin fikir dəstəklənir. Gənclik dedikdə insanın düşüncəsinə ilk növbədə rəngarənglik, alternativ yanaşma gəlir. Amma reallıqda “boz” ədəbi ortam yaradılır. Onlar tənqid etdikləri, monopolist adlandırdıqları ədəbiyyatı rəngləndirə və şaxələndirə bilmirlər. Sayələrində məhdud sayda insanın fikri bütün cəmiyyətin fikrini əks etdirir kimi görünür.
“Ədəbi kruq” nüfuzundan istifadə edərək dairədə olan insanları təbliğ etməklə Azərbaycan ədəbiyyatının əhatələnməsinin, üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır. Həmçinin cəmiyyətin tərəzisinə əl qataraq bəzi hallarda keyfiyyət simulyasiyası yaradır. Bu səbəbdən tanıtımı zəif olan keyfiyyətli məhsul müəllifin kompüterinin “lazımsızlar” qovluğunda qalır.
Əslində, siz futbol skautu kimi ədəbiyyatın skautları rolunu oynamalısınız. (Bəlkə də, milli ədəbiyyat da milli komanda kimi yarışlara getsəydi, məğlubiyyətlə üzləşərdi). Gənc yazarların (yeni yaradıcılığa başlayanlar) sizə feysbukda yazıb, cavabınızı gözləməkdənsə, sizin onları tapıb işıqlandırmağınız daha gözəl olar. Bu halda siz uğrunda mübarizə apardığınız və daim səsləndirdiyiniz güclü Azərbaycan ədəbiyyatını yaradan ədəbi nəsil ola bilərsiniz. Amma burada, yəqin ki, insan xarakteri önə çıxır: "Məndən güclü məni zəiflədir" prinsipi ilə güclü yazılara zəif demək, onları işıqlandırmamaq, zəif yazıları isə gündəmdə saxlamaq. Çünki müqayisəyə ehtiyac yaranarsa sizin yazınız elə sizin gündəmdə saxladıqlarınızla müqayisədə, yəqin ki, daha yaxşı olacaq.
Feysbukda apardığım müşahidələrdən sonra bu fikirlərimi yazmağa qərar verdim.
Yanlış təhlil etməyim mənim üçün xoş xəbər olardı.