Yuxu ilə reallığı qarışdıran yazıçının 100 yaşı

Yuxu ilə reallığı qarışdıran yazıçının 100 yaşı
28 avqust 2014
# 08:00

Avqustun 26-da XX əsrin ən məşhur yazıçılarından biri, ötən əsrin ən cəlbedici janrlarından olan magik realizmin ustalarından sayılan Xulio Kortasarın 100 yaşı tamam olur.

Kulis.Az argentinalı yazarın həyat və yaradıcılığı haqqında məlumatı təqdim edir.

Xulio Kortasar 1914-cü ildə Brüsseldə anadan olub. Atasının işi ilə əlaqədar ailə bir ildən sonra İspaniyaya, 1918-ci ildə isə Buenos-Ayresə köçür. Uşaqlığını Avropada keçirən yazıçı sonradan yenə Buenos-Ayresə qayıdır.

Kortasar Argentinada məktəbi bitirdikdən sonra universitetə daxil olur. Amma ailə ölkədə yaranmış iqtisadi böhrana görə övladlarının təhsil haqqını ödəyə bilmir. Buna görə də Kortasar təhsilini yarımçıq saxlamalı olur. O, əyalətə köçərək orada müəllim işləməyə başlayır.

Kortasar ədəbiyyatla hələ 30-cu illərdən maraqlanmağa başlayır, ilk şeirlərini yazır, sonetlərdən ibarət kitabı çap olunur. O, həyatı boyu şeir yazsa da onlar ancaq ölümündən sonra dərc olunur. Ona dünya şöhrəti isə hekayə və romanları gətirib. “Zəbt edilmiş ev” adlı ilk qısa hekayəsi Xorxe Luis Borxesin baş redaktor olduğu jurnalda dərc edilib.

1946-cı ildə Buenos-Ayresə qayıdan yazıçı Kitab Palatasına işə düzəlir. 1951-ci ildə seçilmiş hekayələri məşhur jurnalda dərc olunsa da argentinalıların diqqətini cəlb etmir. Buna baxmayaraq artıq yazıçının ilk hekayələrində belə onun özünəməxsus stili hiss olunurdu. Məişət təsvirləri ilə fantastik elementlərin, reallıqla yuxugörmənin, adi həyatla paralel, mistik dünyaların bir-birinə qarışması – magik realizm adlandırılan bu stil onun stili idi.

Argentinadakı uğursuzluqdan dolayı Kortasar Parisə köçür. YUNESKO-da tərcüməçi işləməyə başlayır. Yaradıcılığa daha çox vaxt həsr etməyə imkan tapır. O, burada özünün ən vacib əsərlərini yazır. Fransanın paytaxtında ömrünün sonuna qədər yaşayan yazıçı 1984-cü ildə gözlərini əbədi yumur.

Sağlığında yazıçının yeddi romanından cəmi dördü dərc olunur. Bunlardan ən məşhurları “Klas-klas oyunu” və “62. Məcmuə üçün model” əsərləridir, bunlar onun ən vacib əsərləri sayılır. “Klas-klas oyunu” və “62. Məcmuə üçün model” romanları ilə yazıçı magik realizm çərçivələrini aşmağa nail olur. Onun üslubu düzxətli Balzak romanlarından fərqlənən “yeni fransız romanları”nın üslubuna çox bənzəyirdi. Sartrın “antiroman” adlandırdığı bu janrda Rob-Qriye və Marqerit Dyuras kimi yazıçılar yazıb yaradırdılar.

Kortasar da eksperimentlər edir, qəribə məzmun və forma tapır, Argentina mistizmi ilə Avropa realizmini birləşdirir, postmodernizm tendensiyalarından yararlanırdı.

Yazıçının Argentinadan Fransaya köçmüş qəhrəmanı haqqında olan “Klas-klas oyunu” romanı daha çox avtobioqrafik əsərdir. Əsər bir neçə fəsildən ibarət olsa da əsas fəsillər Paris və Argentina hissələridir. Əsəri ardıcıllıqla əvvəl Paris, sonra Argentina hissəsindən oxumaq da olar. Ya da müəllifin təklif etdiyi kimi istənilən yerdən oxuya bilərsiz. Lakin bu zaman oxucu reallıqla yuxugörmə, Parislə Buenso-Ayres arasında fərqi itirir, çaşqınlığa düşür.

“62. Məcmuə üçün model” romanının quruluşu daha qəlizdir. Fəsillər arasındakı əlaqə yoxdur, kəsik-kəsikdir. Əsər daha çox təəssüratlardan, abstrakt düşüncələrdən ibarətdir. Müəllifin fikrincə əsər oxucunun beynində bütövləşərək vahid forma alır.

Xulio Kortasar romanlarla yanaşı hekayələr müəllifidir. Onun bir çox hekayəsi ekranlaşdırılıb. Onun əsərlərinsən faydalanan kinematoqraflar arasında Mikalencelo Antonioni və Jan-Lyuk Qodar kimi dahi rejissorlar da var. Antonioninin “Fotoböyütmə” filmi Kortasarın “Şeytanın seliyi”, Qodarın “Uikend” filmi isə “Cənub şossesi” hekayələri əsasında ekranlaşdırılıb.

# 3242 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mühit lazımdırmı? - Yazıçılar öz məclislərindən danışdı

Ədəbi mühit lazımdırmı? - Yazıçılar öz məclislərindən danışdı

11:48 5 sentyabr 2025
"Başa düşdük, sənin başın daşa dəyib, icazə ver..." - Nadirdən Kəramətə SƏRT CAVAB

"Başa düşdük, sənin başın daşa dəyib, icazə ver..." - Nadirdən Kəramətə SƏRT CAVAB

16:00 4 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər