Eduardo Qaleanonun essesi: Allahın günahı yoxdur

Eduardo Qaleanonun essesi: Allahın günahı yoxdur
14 aprel 2015
# 14:00

Eduardo Qaleano 1940-cı ildə Uruqvayın paytaxtı Montevideo şəhərində anadan olub. On üç yaşı olanda o artıq yerli qəzetlərdə siyasi şərhlər yazırdı. Daha sonra o müxtəlif qəzet və jurnallarda redaktor vəzifəsində çalışmış, həftəlik “Marcha” jurnalında və gündəlik “Eros” (“Zaman”) qəzetində redaktorluq etmişdir. 1973-1976-cı illər arasında Argentinada 1984-cü ilə qədər isə İspaniyada sürgündə yaşamışdır. Buenos-Ayresdə sürgündə yaşayarkən “Crisis” jurnalını təsis etmişdir. 10-dan çox kitabı, çoxlu esseləri dünyanın iyirmiyə yaxın dilinə çevrilib.

Qaleano tükənməz yazıçılıq istedadından əlavə (Latın Amerikasında ən məşhur yazıçılardan biri hesab olunur) həm də öz əsərlərində sosial bərabərsizliyi, rüşvətxorluğu, qeyri-qanuni özəlləşdirməni, qlobalizmi və inkişaf etməkdə olan ölkələrdə qarşılaşılan digər bu kimi problemləri tənqid edən siyasi sima kimi yadda qalır. Hər iki cəhəti onun əsərlərini dünya oxucuları üçün maraqlı edir.

Onun “Xeyir və Şər teatrı” essesini təqdim edirik.

Xeyir və Şərin mübarizəsində zərər çəkən tərəf həmişə sadə insanlar olur.

Nyu-Yorkda və Vaşinqtonda terroristlər 50 ölkənin vətəndaşlarını Xeyirin Şər üzərində qələbəsi uğrunda öldürdülər. Bundan sonra prezident Corc Buş intiqam almağı vəd edərkən: “Biz yer üzündə Şərin kökünü kəsəcəyik!” - deyib bir daha Xeyrin Şər üzərində qələbəsini xatırlatdı.

Şərin kökünü kəsməkmi? Axı bu Xeyirlə Şər kimdir? Göründü ki, Şər anlayışı təkcə dini fanatikin öz çılğınlığına haqq qazandırması üçün deyil, həmçinin ABŞ silah sənayesinin böyüdülməsinə və nəhəng hərbi maşınlarının yaradılmasına haqq qazandırmaq üçün də Şər hesab olunacaq düşmənlərə ehtiyac var. Xeyir və Şər, Şər və Xeyir əslində ssenari müəlliflinin istəyinə uyğun olaraq maskalarını dəyişən aktyorlardır, daim qəhrəman cinayətkara, cinayətkar qəhrəmana çevrilir və bundan əziyyət çəkənlər yenə də sadə insanlar olur.

Burda qəribə heç nə yoxdur. Tarixdə minlərcə belə hal olub. Alman alimi Verner fon Braun Hitlerin Londonu bobalayarkən istifadə etdiyi V-2 raketlərini layihələndirərkən pis, öz istedadını Amerikaya xidmətdə sərf etdikdə isə yaxşıydı. Stalin İkinci Dünya Müharibəsini apararkən yaxşı, fəqət Şər İmperiyasına başçılıq edərkən birdən-birə pis hesab olunmağa başladı. Soyuq Müharibə zamanı Con Steynbek yazırdı: “Bəlkə bu gün dünyanın ruslara da ehtiyacı var. Bəlkə ruslar da “amerikalılar”a, biz “ruslara”a yanaşdığımız kimi yanaşırlar”. Sonda hətta ruslar yaxşı hesab olunmağa da başladılar. Bu gün Putin də hər çıxışında mütləq: “Şər cəzalandırılmalıdır” sözlərindən istifadə edir.

Səddam Hüseyn yaxşıydı və onun kürdlərə, iranlılara qarşı istifadə etdiyi kimyəvi silahları da bir növ yaxşı işə xidmət edirdi. Sonra o gözlənilmədən pis oldu. ABŞ Panamanın işğalını yarımçıq qoyub, İraqın işğalına başladı, çünki İraq qüvvələri neftlə zəngin Kuveytə soxulmuşdu. Bu hadisədən dərhal sonra amerikalılar onu Satan (şeytan-N.H) Hüseyn adlandırmağa başladılar. Artıq Ata Buşun şərlə müharibəyə başlaması üçün heç bir əngəl qalmırdı. Onun ailə ənənəsindən gələn insansevər, rəhmdil təbiətinin ucbatından İraqda əksəriyyəti dinc sakinlər olan 100000-ə yaxın insan öldürüldü.

Satan Hüseyn pis olaraq qaldı, lakin o insanlığın bir nömrəli düşməni ünvanını başqasına verib, insanlığın iki nömrəli düşməni ünvanını götürməli oldu. İndi insanlığın daha dəhşətli kabusu Bin Laden ortaya çıxmışdı. Ona terror haqqında bildiyi hər şeyi Mərkəzi Kəşfiyyat İdarəsi öyrətmişdi. O ABŞ hökuməti tərəfindən sevilir, daim silahla təmin edilirdi. Bir zamanlar hətta Əfqanıstanda kommunizmlə mübarizədə “azadlıq mücahidi” adına da layiq görülmüşdü. Prezident Reyqanın Əfqanıstanda ABŞ-a xidmət edən bu qəhrəmanları “Yeniliyin carçıları” kimi başqaların nümunə göstərdiyi vaxt Ata Buş prezident köməkçisi idi. O zamanlar, Hollivud bundan ilhamlanaraq azadlıqsevər əfqan müsəlmanları haqqında “Rembo 3”-ü çəkdi. Sonra üstündən cəmi 13 il keçmiş Oğul Buşun hakimiyyəti dövründə onlar pislərin ən pisi adını qazandı.

Məlum 11 sentyabr hadisələrindən sonra keçmiş prezident Henri Kissincer ilk çıxış edənlərdən biri oldu. Onun dediyinə görə “Terroru dəstəkləyən, maliyyələşdirən və terroristləri ruhlandıran hər kəs, terroristlərin özü qədər günahkardır”. Bir qədər sonra Oğul Buş da bu sözləri təkrarlayır.

Əgər məsələ həqiqətən belədirsə, onda təxirə salmadan hamıdan birinci elə Kissencerin özünü bombalamaq lazımdır. O Ben Laden ya da hər hansı başqa bir terroristdən daha çox cinayət törədib. O, İndoneziyada, Kambocada, İranda, Cənubi Afrikada, Banqladeşdə dövlət terrorunu “dəstəkləyən, maliyyələşdirən və terroristləri ruhlandıran” şəxs olmuş, həmçinin Bütün Cənubi Amerika ölkələrinin əziyyət çəkdiyi Kondor planı əsasında aparılan iyrənc müharibələrin müəllifidir.

11 sentyabr 1973-cü ildə, Çili prezident sarayına hücum oldu. Bundan bir qədər əvvəl isə Kissincer Çilidə baş tutan seçkilərin nəticəsini şərh edərkən demişdir: “Mən Çili vətəndaşlarının biganəliyi ucbatından ölkənin göz görə-görə kommunistləşməsinə seyirçi qalmağa bir səbəb görmürəm”.

Sadə adamların düşüncəsinə hörmət etməmək dövlət və fərdi terrorizmin bir çox ortaq cəhətlərindən sadəcə biridir. Misalçün, baskların azadlığı uğrunda insanları öldürən ETA terrorçu təşkilatı öz sözçülərinin biri vasitəsilə elan edir: “Hüququn çoxluğa, ya da azlığa heç bir dəxli yoxdur”.

Terrorun hansı qəbildən olmasının heç bir fərqi yoxdur. Aşağı texnologiyalı, yoxsa yüksək texnologiyalı olsun, dini fanatiklərin, ya da biznes maraqlarının törətdiyi terror olsun, ümidini itirən kütlənin, ya da hakim təbəqənin törətdiyi terror olsun, emosional psixopatın, ya da uniformalı soyuqqanlı peşəkarın törətdiyi terror olsun, hamısını birləşdirən ümumi bir cəhət var. O da insan həyatına və azad düşüncəsinə hörmət etməmək. Məncə Nyu-Yorkda əkiz binaların yıxılması nəticəsində 5500 nəfərin həyatına son qoyan terror aksiyası ilə Qvatemalada əksəriyyəti tuzmenlərdən ibarət olan 200000 nəfərin ölümü ilə nəticələnmiş və dünya mətbuatı, televiziyaları tərəfindən işıqlandırılmamış terror aksiyası eyni şüurlu adamlar tərəfindən törədilib. Həmin qvatemalalılar hansısa müsəlman fanatiklərin qəzəbinin qurbanı deyil, ABŞ hökuməti tərəfindən “dəstəklənən, maliyyələşdirilən və ruhlandırılan” terrorçu briqadaların fəaliyyəti nəticəsində məhv edilmişdi.

Bütün bu öldürmək ehtiraslı insanların yalnız bir məqsədi var: sosial, mədəni və milli fərqləri hərbi gücün köməyi ilə yox etmək. Onlar Xeyir və Şər mübarizəsi, “Əsl həqiqət” adı altında öldürür və yalnız bundan sonra səhv axtarırlar. Qəribəsi odur ki, onlar həmişə düşmənlə vuruşmazdan əvvəl onu gücləndirir, silahla təmin edirlər. Buna misal kimi ABŞ-ın Cənubi Amerikada “Parlaq Yol” (Sendero Luminoso) layihəsi çərçivəsində törətdiyi qanlı cinayətləri göstərmək olar. Onlar Peruda prezident Fudjimoronu hakimiyyətə gətirdilər. Bu adam ölkəni terrorla idarə etdi və Perunu banan qiymətinə satdı. Başqa misal kimi, ABŞ-ın Yaxın Şərqdə və İraqda Allah adına aparılan müqəddəs müharibələrə rəvac verən qanlı cinayətlərini göstərə bilərəm.

Qoy Sivil ölkələrin liderləri apardıqları müharibələri Xaç yürüşləri adlandırsın, amma Allahın onun adına aparılan müharibələrdə heç bir günahı yoxdur. Allah İeqovanın davamçılarına qarşı soyqırımı törətməyi əmr verməyib və Allah həm də ieqovaçılara fələstinli qaçqınların toplaşdığı Səbra və Şatila qaçqın düşərgələrində kütləvi qətllər törətməyə əmr etməyib. Məgər xristian, müsəlman və yəhudi Allahları bizim Tanrı adlandırdığımız eyni bir varlıq deyilmi?

Dəhşətli səhv bir kərə edilib və artıq heç kim kimin kim olduğunu bilmir. Partlayışlardan yüksələn tüstülər, daha qatı tüstü pərdələri arasında görünməz olur. İntiqamdan intiqama sürüklənən terror getdikcə bizi məzarımıza daha da yaxınlaşdırır. Mən bir müddət əvvəl Nyu-York divarlarına yazılmış maraqlı bir yazı görmüşdüm: “Göz-gözə dayanmışıq və get-gedə korlaşacağıq”.

Zorakılıq bumeranqı yeni zorakılıqlar, çaxnaşmalar, ağrılar, qorxular, yovuşmazlıq, nifrət və dəliliklər gətirir. Bu ilin əvvəlində Porto-Aleqredə çıxış edən əlcəzairli Əhmət Ben Bell xəbərdar etmişdi: “İnəkləri quduzlaşdıran bu sistem gec-tez insanları da öldürmək ehtirası ilə yanıb tutuşan dəlilərə çevirəcək”.

Bir dəfə üç yaşı yenicə tamam olan Luka mənə dedi: “Sülh öz evinin yerini itirib”. O, bunu deyərkən xəritəyə baxırdı. O, həmin gözlərlə jurnalistlərə də baxa bilərdi./milli.az

Tərcümə: Namiq Hüseynov

# 1391 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #