“Yusif Vəzirin nəşi Azərbaycana gətirilsin”

“Yusif Vəzirin nəşi Azərbaycana gətirilsin”
19 noyabr 2013
# 11:16

Kulis.az yazıçı, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəylinin Yusif Vəzir Çəmənzəminli haqqındakı məqaləsini təqdim edir.

Bir müddət öncə, daha dəqiqi «Ulduz» jurnalının 2005-ci il mart sayında Yusif Vəzir Çəmənzəminli barədə məqalə yazmış və bir çoxları kimi mən də «Əli və Nino» romanının onun qələminə məxsus olduğunu söyləmişdim. «Əli və Nino: Azərbaycanın kimlik kartı» adlı yazıda bildirmişdim ki, bu əsər müəllifin « Studentlər» romanı, bəzi pyes və hekayələrilə səsləşir. Onu da demişdim ki, ermənilər və gürcülər bizim yerimizə olsaydı, özününküləri qoya-qoya, milləti və kimliyi bilinməyən yad bir müəllifi bu məşhur əsərə sırımazdılar. Sözüm bunda deyil, yəni bu barədə polemika açmaq fikrim yoxdur.

Mən Yusif Vəzirin «İki od arasında», yaxud «Qan içində» əsəri barədə danışmaq istəyirəm. Əsəri bu yaxınlarda bir daha oxudum və bir azdan deyəcəklərimi də elə həmin oxu prosesində düşündüm. Bəri başdan onu da deyim ki, məqsədim bu əsəri də dərindən saf-çürük etmək deyil. Sadəcə bu, mənim sonradan deyəcəklərimə bir körpüdür.

Yusif Vəzir Çəmənzəminlinin «İki od arasında» romanı «Qarabağnamələr», xüsusən də Mirzə Camal Cavanşirin «Tarixi Qarabağ» əsəri əsasında yazılıb və tarixin bədiiləşdirilmiş güzgüsü rolunu oynayır.

1936-cı ildə yazılmış bu əsər bir növ proqram xarakteri daşıyır, rus və erməni məliklərinin Azərbaycanı necə parçaladığını açıb göstərir. Və bu işdə xanlıqlarımız arasında olan dartışma və çəkişmələrin də böyük rol oynadığını ürək ağrısı ilə qeyd edir. Bu qənaətlərin üstündən cəmi 50-55 il keçəndən sonra rus-erməni birləşmələri yenidən Azərbaycanı parçalamaq siyasəti aparır və istədiklərinə nail olur. Və yenə də özümüzünkülərin başısoyuqluğu və məsuliyyətsizliyi üzündən.

Yusif Vəzir Çəmənzəminli müsavatçı və «pantürkist» damğası ilə sürgün olunsa da, heç şübhəsiz onun repressiyasının əsl səbəbi «İki od arasında» romanı, müsavatçılıq və öz xalqının gələcəyilə bağlı məqalələridir. Yəni o, hansısa dövlətin casusu kimi yox, daha çox rusların və ermənilərin əleyhinə çıxdığı üçün sürgün edilib. Bu böyük ədib və mütəfəkkir milli qeyrətin və vətən təəssübkeşliyinin badına gedib. Əlbəttə, mənim məqsədim bütün bunları sübuta yetirmək deyil. Çünki görünən dağa bələdçi gərəkməz.

Yusif Vəzir təkcə romançı kimi yox, həm də gözəl hekayəçi kimi tanınır. Onun ədəbiyyat tariximizə və folklorşünaslığımıza verdiyi tövhələr də göz qabağındadır. Bircə onu deyə bilərəm ki, Yusif Vəzirin «İki od arasında» əsəri onun canı-qanı ilə yazılıb və həyatı bahasına başa gəlib.

Keşməkeşli həyat keçirən, ağrılı-acılı günlər yaşayan, zaman-zaman vətənindən didərgin düşən və bütün bu çarpışmaqlarda yüksək təhsil alan Yusif Vəziri Qırmızı imperiya nökərləri Özbəkistanın əyalət şəhərlərindən birində tutub, vətənə gətirib və sürgün ediblər. Çünki ona öz vətənində yer yox idi.

Bütün bunları Yusif Vəzirin bioqrafıyasından öyrənmək mümkündür. Ona görə də dərinə getmək və yenidən Amerika kəşf eləmək fikrində deyiləm.

Sözümün canı nədir? Azərbaycanın ədəbiyyat tarixi və tarix ədəbiyyatı sahəsində böyük xidmətlər göstərmiş, bizlərə sənət nümunələri qoymuş, vətənpərvərlik örnəyi nümayiş etdirmiş Yusif Vəzir Çəmənzəminlinin nəşinin qalıqları hələ də vətənə gətirilməyib.

Onun sürgün edildiyi yer də (Nijni Novqorod) vəfat etdiyi kənddə (Suxobezvodnaya), dəfn olunduğu qəbiristanlıq da (Betluqa çayının sahili) məlumdur.

Təklifim: Yusif Vəzirin nəşinin qalıqları vətənə gətirilsin: əgər həmin qəbiristanlıq və məzar durursa. Onun adı bir daha əbədiləşdirilsin, heykəlləşdirilsin. Bir daha ona görə deyirəm ki, Yusif Vəzirin əsərləri orta və ali məktəblərdə tədris olunur, adına küçə də var.

Bu təklifin davamı olaraq repressiya qurbanlarına bir park yaratmağı da təklif edirəm. Azərbaycanın ədəbi-mədəni, ictimai, siyasi, elmi –hərbi həyatında mühüm rol oynamış, dəyər vermiş insanların da nəşinin qalıqları (məzarları məlumdursa) vətənə gətirilsin, həmin parkda dəfn olunsun və onlara abidə, yaxud abidə kompleksi ucaldılsın. (Repressiya olunmuş yazıçı və şairlərin barelyefi AYB-də var). Çünki ziyalı elitasının repressiyası soyqırımından da betərdir.

Bildiyimə görə, ikinci təklifi bəndənizdən qabaq da səsləndirənlər olub. Mən onu bir daha aktuallaşdırmaq istəyir və bu məsələdə məni dəstəkləyəcək ziyalılarımıza və bu işi gerçəkləşdirəcək dövlətimizə arxayınam.

Bizim repressiya qurbanlarına bir soydaşlıq və yurddaşlıq borcumuz var.

14.11.13

Bakı

# 2939 dəfə oxunub

Oxşar xəbərlər

"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
MÜZAKİRƏ:   "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

MÜZAKİRƏ: "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

12:03 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər