Xanım işçi axtarılır
Üç yüz-dörd yüz otaqlı böyük bir binada ofisi olan dostumun yanına getmişdim. Otaqda dörd nəfər idik. Bir xeyli oturandan sonra:
- Artıq gedim-deyəndə dostum:
- Hara tələsirsən? Bir az da otur deyə israr elədi.
O biri iki nəfər də işləri olduğu üçün getmək istədiklərini tez-tez təkrar etdikcə dostum onların bir az da oturmaları üçün təkid edirdi. Bu arada qapı döyüldü. Dostum:
- Buyurun - dedi.
İçəri bir qadın girdi. Az qalsın dördümüzün də nəfəsi kəsiləcəkdi. İnsan soyuq suya girəndə saçından barmağının ucuna qədər titrəmə keçirər. Qadını görüncə bax, biz də o cür olmuşduq.
Dörd nəfər gənc alman zabit düşünün. Bir otaqda sakit oturublar. Birdən qapı açılır və içəri alman marşalı daxil olur. Həmin vaxt zabitlər necə ayağa qalxıb dim-dik dayanırlarsa, biz də qadını görən kimi elə olduq. Tap deyə qalxmağımızla:
- Buyurun, xanım-deyə qadının üstünə nəzakətlə atılmağımız bir oldu.
- Buyurun.
- Rica edirəm bu tərəfdən buyurun.
- Belə gəlin xanım, bura rahatdır.....
Hərəmiz qadını öz yanında oturtmaq üçün tutuquşu kimi sözləri təkrar edirdik. Qadın sakit-sakit:
- Belə oturum ki, heç kəsin xətrinə dəyməsin-dedi.
Kresloda deyil, masanın yanındakı stulda əyləşdi. Oturan kimi ayağını üst-üstə aşırdı. Elə bu vaxt yubkasının xışıltıyla açılan və dalğalanan ətəyindən sifətimizə adamı bihuş edən bayıldıcı qoxu yayıldı. Dördümüz də otağın bütün havasını ciyərlərimizə çəkdik. Qadın kim idi, niyə gəlmişdi, nə istəyirdi heç kəs bilmirdi. Ofisin sahibi olan dostum:
- Xanım, nə istəyirsiniz? Çay, qazlı su, meyvə şirəsi ya qəhvə?
Dostlardan biri əlini cəld siqaret qutusuna atdı:
- Buyurun, xanım.
İki kibrit, bir alışqan qadına tərəf uzandı. Ofisin sahibi o biri dostlardan birinə:
- Səbri, bayaq işim var deyirdin.
- Getməsəm də olar, o qədər də vacib iş deyil. Saatına baxdı. Mənə:
- Həsən, görüşə gecikmirsən?
- Sabah da getsəm olar-dedim.
Qadın siqaretdən bir tüstü içinə çəkir, sonra “püfff” deyə dostumun üzünə üfürürdü. Qadın “püff” elədikcə dostum da dərindən ah çəkirdi.
- Əmriniz nədir?
- Əstəğfirüllah... Ofisinizdə işləmək üçün xanım işçi axtarırmışsız?
Dostum işçi filan axtarmırdı. Qısa bir çaşqınlıqdan sonra :
- Həə... Yəni bəli... Axtarırıq... Yəni axtarıram-dedi. O biri:
- Mən də axtarırdım... Tam sizin kimi bir xanım-dedi. Mən cəld kartımı uzatdım:
- Xanım, bizim ofisə də təşrif buyurun. Təcili bir xanım işçiyə ehtiyacım var.
Qadını əlindən çıxaracağından ehtiyat edən ofis sahibi:
- Tam vaxtında gəlmisiz, xanım, çoxdandı qadın işçiyə ehtiyacım var ...
Qadın astadan gülümsünürdü.
- Bundan əvvəl bir yerdə işləmisizmi?
Qadın:
- Bəli... Əmək kitabçam da var-dedi.
Əvvəlcə çantasını qarışdırdı. Əmək kitabçasını tapa bilməyincə, əlini sinəsinə atdı, bir qədər döşlərinin arasında nəsə axtardı.
- Burda olmalı idi kitabça, götürməmişəm deyəsən.
Dostum gözlərini qadının alışıb yanan döşlərindən çəkmədən:
- Ay xanım, əmək kitabçasına nə ehtiyac var? Hər şey aydındı. Kübarlığınızdan oxunur. Təhsiliniz nədir?
- Təhsilim? Diplomum yanımdadı...
Qadın bir daha çantasını qarışdırmağa başladı. Sonra yenə əlini döşlərinə atıb nəsə axtarmağa başladı. Orada da tapa bilməyincə yubkasını qaldırıb jartiyer (qadın corablarının boğazlarının xüsusi vasitə ilə alt paltarına bərkidildiyi geyim - red.) yerindən corabına baxdı.
- Ay Allah, burda bir yerə qoymuşdum...
- Xanım, zəhmət çəkməyin. Mən danışmağa söhbət olsun deyə dedim. Bəlli olur ki, təhsiliniz yüksəkdi...
Qadın:
- Xeyr, yüksək deyil-dedi. O biri dost söhbətə atıldı:
- Ay xanım, bilirik ki, təvazökarlıq edirsiniz. Biz insanın üzünə baxan kimi anlayırıq. Sizin yüksək təhsilli olmağınız elə ilk baxışdan bəlli olur, maşallah...
- Yüksək deyil, orta məktəbdən çıxmışam.
- Olsun, xanım, elə yüksək də sayılır. Təhsil diplomla ölçülmür. Bağışlayın, amma biz o qədər diplomlu eşşəklər görmüşük ki. İnsan sizin kimi, öz-özünü yetişdirməlidi. Əsl məqbul olanı budur, xanım.
Qadın:
- Nə qədər verəcəksiniz?
Ofisin sahibi görəsən nə qədər versə qadın razılaşar deyə düşünərkən, o biri yoldaş:
- Mən üç yüz verirəm.
Mən “pahh” deyə qışqıracaqdım ki, özümü güclə saxladım:
- Azdı, doğrusu çox azdı... Əgər xanım qəbul edərsə hər ay ona dörd yüz verərəm.
Mən bu ofisə dostumdan yüz lirə borc almaq üçün getmişdim, amma on lirə də ala bilsəm şad olardım. Üçüncü yoldaş güldü:
- İnsafınız olsun heç olmaya qarşınızdakına baxın sonra qiymət deyin, belə şey olar?
- Əzizim, dörd yüz dediksə, hər il bunun beş maaş mislində hədiyyəsi də var... Hələ üstəlik hər altı aydan bir ay istirahət də düşür, necədi, bəyəndiniz?
Qadın tərpəndi, yubkasındakı kəsik buduna kimi açıldı. Mən də əməlli-başlı çaşıb qalmışdım:
- Məndən beş yüz-deyə qışqırdım. -Bayaq beş yüz lirə borc istəyəndə “Vallahi-billahi yoxdu, şərəfsizəm ki, yoxdu” - deyə and-aman edən ofis sahibi pul qabını çıxarıb pulları qadına tərəf uzatdı:
- Lütfən, bunu hələlik avans olaraq qəbul edin.
Qadın bu dəfə də peşəkarcasına tərpəndi. Hər tərpənəndə ətəyi bir az da açılır, nəfəsimizi kəsirdi.
- Nə iş görəcəyimi bilmədən avans ala bilmərəm.
Əsl çətinlik indi çıxmışdı. Ofis sahibi “çap maşınından başınız çıxırmı?” deyə soruşanda:
- Bilmirəm... - dedi.
- Zərəri yoxdu, bilməsəniz də olar.
- Bəs katibəlik?
Bu arada içəriyə bir nəfər daxil oldu. O da qadını görən kimi vuruldu.
- Sanki bu xanımı bir yerdən tanıyıram.
Qadın:
- Tanıyarsız, hamınız tanıya bilərsiz.
Qadına bir də diqqətlə baxdım:
- Mənə də tanış gəlir.
Qadın qəhqəhə çəkdi... Amma səsi birdən dəyişmiş, qalınlaşmışdı.
- Məni tanımadınız?
Əvvəlcə sinəsindəki taxma döşləri çıxarıb stolun üstünə qoydu. Sonra parikini çıxartdı. Aman Allah, bu bizim Cəmil deyilmi? Üzündəki boyaları siləndə ortalığa Cəmil çıxdı.
Cəmil qışqırdı:
- Alçaqlar! Bu ofisi bir - birinə qatdım mənə on lirə borc vermədiz.
- Çox zarafatcıl adamsan.
- Nə zarafatı.... Aylardır işsizlikdən sürünürəm. Hara getdimsə “Siz bizə ünvanı qoyun, məktub yollayarıq” - deyə yola verdilər. Bu boyda İstanbulda ünvan vermədiyim bir yer qalmadı. Qəzetlərdəki elanlara baxıram: “Xanım işçi axtarılır, xanım işçi axtarılır”. Heç kəs kişi axtarmır.
Dostlardan biri ofis sahibinə:
- Mənim təcili işim var, icazənizlə mən çıxım.
- Otur gedərsən də hara tələsirsən?
Cəmil:
- Sonra baxdım düzələn işə oxşamır, qadın qiyafəsinə girdim.
- İş tapdınmı?
- İş axtaran kimdi? Gözüm hara sataşdı qapını açıb girirəm. Hələ indiyə qədər “bizim işçiyə ehtiyacımız yoxdu” deyən olmadı.
Ayağa qalxdım:
- Mənim bir nəfərlə görüşüm var. Allaha əmanət olun, dostlar.
Mən qapıdan çıxarkən Cəmil:
- Amma daha asan yolunu tapmışam. Gündə iki dəfə bədənimin tükünü başdan ayağa təmizləyirəm. Baxın, yarım saat burada oturdum, ayağımın tükləri gör necə uzandı.
Çantasından təraş dəstini çıxartdı:
- İcazə verərsiz, burda təraş olum?
Çevirdi: Elnarə Ağaoğlu
Ofisə qadın axtarılır
22 noyabr 2012
09:15
2082 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024