Şaxtaçı arvadı haqqında mükafatlı hekayə

Şaxtaçı arvadı haqqında mükafatlı hekayə
16 may 2014
# 08:00

Münəvvər İzginin “Qiymətlidir şaxtaçı arvadı” hekayəsi 2007-ci ildə keçirilən “Şaxtaçı hekayələri” yarışında birinci yerə layiq görülüb.

Kulis.Az həmin hekayəni təqdim edir.

“Biri var imiş, biri yox imiş...” deyə başlayır bütün nağıllar? Biri var imiş, biri yox imiş… Allahın qulu çox imiş…

Çox imiş… Çox imiş…

Çox imiş… Kimi yerində, kimi küçəsində… Kimi yer üstündə, kimi yer altında ömür sürər; vaxtı gələndə də ölüb gedərmiş…miş! (“Miş”lər də kiminə mahnı olarmış, kiminə də ağı!)

“Ölüb gedərmiş… Vaxtı gələndə! Vaxtı gələndə! Vaxtı…”

…Qorxuları kölgədə buraxıb, təhlükəsiz bir evdə, rahat yorğan-döşəyinizdə dərin yuxudaykən siz…

***

“…Laylay de balama, laylay…”

Əlləri ilə qarnını möhkəmcə ovalayır. Ayaqlarını yığmağa çalışır.

“Qaxıl, otur yerində, balam. Vaxtı deyil! Sən də getsən dayana bilmərəm!”

“…Sən də getsən… Getsən… Xəlil, getdinmi?”

Bütün dünya uğultuya çevrilir.

“Susun, susun, artıq! Əllərinizi çəkin! Mən yatmalıyam. Körpəm də yatmalıdır! Oyandığım zaman al-əlvan bənövşələr açmalıdır. Zəfəranlar, nərgizlər bəzəməlidir hər yeri.”

***

Oyaq ikən görülən bir yuxu kimi başqalarının qarabasmalarını bir yerə toplayır.

“Mədən quyusunda havasız qaldım

Əzildim, yıxıldım, dərmansız qaldım

Yoxsulluq üzündən çarəsiz qaldım.”

***

Xəyal içində bir başqa xəyalın arxasınca gedir.

Quyulara dalır; qazmanı keçmişin çöküntülərinə vurur. Dinləyir, toxunur qorxunun soyuq gövdəsinə. Heç bir şey ummadan gözləyir, danışsın deyə, bir ölü evi çılğınlığındakı mədənlər!

Gün günlərə calanır; jurnalistlərin sensasion xəbərləri, xilasedicilərin və şaxtaçıların qaçaqaçları, ağlaşmalar, fəryadlar arasında xilasetmə işləri davam edir.

Xəstəxananın qarşısı bayram günü kimi. Ürək qorxusu ilə gözləyənlərin adət etdiyimiz mənzərələri...

O qarmaqarışıqlıq içində hər təcili yardım gələndə insanlar göz yaşları içində qışqıra bağıra qapısına yaxınlaşırlar. “Xəliiil…” analar, atalar, həyat yoldaşları, uşaqlar hər meyi çıxdığı zaman qaçırlar; yaralıları, cəsədləri tanımağa çalışırlar, kömürlənmiş, qaralmış, parçalanmış cəsədlərin üstünə sarılırlar.

Qadınlar ürəkləri parçalayan çığırtılarla dizlərini döyür, qorxmuş və heyrətlənmiş uşaqlar zəif səsləri ilə onlara qoşulur; hər cür kişi səsinin də qoşulduğu gurultulu orkestr əmələ gəlir sanki.

“And içmişdim, şaxtaçıya ərə getmərəm. Kömür kirini yumaram demişdim. Qulağım səsdə gözləyə bilmərəm demişdim.”

“Ona görə oldu bunlar? Sevgim cəzalandırdımı məni?”

Xəyal içində reallıq; dəfn olunmağı gözləyən bir ölü kimi dəyir qaranlığına. Gövdəsini yandırıb, ruhunda boğulur.

“Bu ağlayanlar kimdir? Xəlilə ağlayırlar, yoxsa özlərinə? Yoxsa yanıb, uçqun altında ölən, ya da kor, şikəst, iflic olaraq yaşayıb ömür sürən yaxınlarına?”

Üzünü ovuşdurur. Sahib olmaqla itirmək arasındakı sərhəddə yox olur.

“Xəlilimi tanıya bilməyiblər. Mədəndən çıxanların arasında olmayanda necə də ümidləniblər. Üzü tanınmırmış, ayağı, qolu qopubmuş. Yanıb, qovrulub. Ahh, Xəlilim..! Körpəsini görə bilmədi.”

***

“Bu şirkət sağ qalanlara çox pul verirmiş, qız... Vay, anam, bizimkilər boşa getdi.”

Beyni zoqquldayır; təzədən uçurumlara sovrulur. Qan tüpürə-tüpürə ölən atasını; əzilmiş, beli bükülmüş anasını görür. Bu axan qan atasınındır? Yox, yox tüpürəndə bu qədər qan çıxmaz. Həm niyə onun altından axsın ki?

“Bu ağır qoxu nə qoxusudur?”

“Kömür mədənlərini yarıb, kömürü yer üstünə çıxarmaq hünər istəyir. Deyilmi, Xəlilim? Vaxtında qabağı alınmasa kömür öz-özlüyündən… Aman allah yoxsa? Yanırmı? Partlayacaq kömək edin! Mədənin ən dərin yerindəyəm. Hər yerim kömür palçığıdır. Xəlil! Hardasan, Xəlil? Gəl bizi xilas elə!”

“Yetər artıq, qışqırdıqları! Bəsdi! Körpəmi buraxın! Toxunmayın mənə! Xəliiiil.”

“Pulu vaxtlı-vaxtında verəcəklərmiş”

Dalbadal tabutlar gəlir. Qəzadan yenicə xəbər tutmuş insan axınının arxası kəsilmir. Gecə gündüzə qarışır. Günəş mədənin qarşısında ağlayan, qışqıran, ərinin, qardaşının, atasının, əmisinin cəsədini axtaran şaxtaçı yaxınlarının üzünə doğur.

***

“Qazıntı səslərini eşitmədən getdi igidim!”

“Quyulara sığmayan bədəni, xərəyə necə sığdı?”

“Getmir kömür qarası. Xəyallarım, arzularım, kabusum oldu.”

Bir gün daha sona çatdı…

Yaşaya bilmədiyiniz bir gün daha!

“Dövlətimiz hamısını həll edəcək. Yaraları müalicə edəcək. Qəza səhlənkarlıq üzündən baş veribsə günahkarlar cəzalanacaq.”

“Çox pul verəcəklər, çooox!”

“Pulunuz batsın! Xəliiil… İgidim. Körpəm!”

Kim var orda?

“Üstündən bir il keçdi. Heç kəs qalmadı ortalıqda. Şəhərdən uzaq dağ başlarındakı mədənlərdə, torpağın metrlərlə altında yenə yüzlərlə insanın səndən burnunun ucu göynəyir.

Olanlarla barışdı insanlar. Bir neçə ildən bir ölüm yenə ürəkləri dağlayar. Qalanlar yenidən həyatlarına davam edər.

Başım əyilib Xəlilim. Gərdəyim sökülməmiş mən də onlardan oldum. Göz yaşlarım çiçək oldu, gəlin gülüşüm dondu dodaqlarımda; ağzımı möhürlədim. İçim yandı, qovruldu. Qucağımda körpəmlə gələ bilmədim yanına. Qoruya bilmədim; torpaq onu da aldı, vaxtsız gəldi yanına.

Sənə olan sevgim heç sönmədi. Amma nə deyim, necə deyim bilmirəm, tək gəlmədim yanına. Bu yaxınlarda əmi olacaqsan.”

# 3192 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #