Qoca qarının gəlinlik donunda dilənməsi

Qoca qarının gəlinlik donunda dilənməsi
19 fevral 2015
# 20:05

Kulis.az şair Fərid Hüseynin Qahirə şeirlərini təqdim edir.

Nəhrun-Nil

Kimisə xatırlamağa bəzən bir ömür bəs etmir,

yoxsa gəlib gecə-gündüz düşünərsən...

...Nil uzunu...

Batanları aramırlar,

çaysa aldığı canları

itirməz, ovcun saxlar

Nil uzunu...

Bir sahildə yandırılmış binalar

Bir sahildə işıqlı restoranlar

Bir sahili bu dünyadı,

bir sahil o dünya

Bu dünyadan o dünyaya

qayıqçılar beş qneyə aparırlar.

Sevənlər arzularını yazıb atırlar suya,

Barmaqbalıqları udur dünya boyda arzuları,

Bəs görən niyə talelər qarışmır Nilin canına?

Eh... indi anam mənə körpü üstündən baxsaydı,

yəqin mindiyim qayığı qundağa oxşadardı,

Mənimsə başım günbəz,

əllərimi də minarə

Allaha şükür edirəm...

Nil uzunu...

Qahirə qədəri


Burda “Ölü şəhər”in sakinləri

nəsil-nəsil əzizlərini

evlərinin zirzəmisinə gömürlər;
burda ən adi şeydən ötrü ağladınsa,

demək, ölünün üstündə,

məzar başında da ağladın.


Təhrir meydanındakı tanklar

mürgüləyən inqilabın keşiyini çəkir hələ də –
xalq oyansa,

odlu iynə vurub uyudacaqlar.


Xan Xəlili bazarındakı işıqlar

insan üzündə daha da solğunlaşıblar;
iztirabları anlayıblarmı görən?
Mənisə bir qoca qarının

gəlinlik donunda dilənməsi az qala dəli eləyir.


Yaşımın indisində sözlərin gücsüz,

arzuların aldanış olduğunu anlamaqçün

otel odasındakı pərdəni sıyırmaq bəs edir mənə.


Dinin ədalətindən danışanlar

məscidə girəndə

ayaqqabılarını əlinə götürürlər.


İndi dünyanın beşiyində

muncuq satan kişiylə,

üzərlik gəzdirən qocanın,
və oyuncaq ehramlar düzəldən ustanın

ümidləri sorğulamır inqilabı –

hamı öz yerinə ölüb: həyat müdrikdir.
Deyirlər gözlərin olsa da qürbətdə korsan;

korun qaranlığa danışmasıdır bu gecə bu şeir...

# 2315 dəfə oxunub

Oxşar xəbərlər

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

17:00 17 oktyabr 2025
"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

12:05 16 oktyabr 2025
“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..."  -  Beyin rahatlığını haradan tapaq?

“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..." - Beyin rahatlığını haradan tapaq?

10:30 15 oktyabr 2025
"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

11:12 13 oktyabr 2025
"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

15:00 12 oktyabr 2025
Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

15:20 9 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər