Məzarının açarı öz cibində olan şair

Məzarının açarı öz cibində olan şair
28 yanvar 2016
# 12:15

Kulis Anar Həsənlinin “Məzarının qapısının açarı öz cibində olan şair” yazısını təqdim edir.

Vaqif Səmədoğlunun xatirəsinə

Şair, bu məktubu sənə İçəri Şəhərdən yazıram.

“Biçarə şəhər” adlandırdığın şəhərdən. Özü də çox sevdiyin “Köhnə yəhudi mahnısı”na qulaq asa-asa. İstəyirəm bir az dərdləşək. Axı bu gün buraları tərk edib getməyinin 1 ili tamam olur...

Düzdür, “Kef-əhval soruşmağa görə bu dünyada adama heç nə vermirlər”, amma yenə də soruşum: Kefin-əhvalın necədir?

Yəqin ki, rahat oturub şeir yaza bilirsən. Çünki özün deyirdin “Və bir də qapısının açarı öz cibimdə olan bir məzar lazımdı mənə, bu qapının dalında, bu otaqda oturub rahat şeir yazmaqdan ötrü”.

Yaz görüm o dünyanın qumrularına “Saat neçədir, qumru, sən qonduğun budaqda” sualını vermisənmi? Yoxsa orada da vaxtdan yaxa qurtarmısan? Ümumiyyətlə, o dünyada da qumrular olurmu?

O dünyanın yağışları necə yağır? Buradakı kimi, ya çəpəki? Bəlkə altdan yuxarı? Yağanda qaçıb gizlənməyə bir künc varmı?

Mənə çox maraqlı gəlir ki, “Mən burdayam, İlahi” deyəndə Onun cavabı necə oldu? “İlahi, nə dildə yalvarım sənə? Bir dua yetər, yoxsa sənə də ağız açmaq gərəkdir dönə-dönə” sualına cavab almısansa, mənimlə də bölüş. Bəs “Biz yox, Allah inanmır bizə” məsələsindən nə xəbər? Öyrənə bildinmi niyə inanmır? Amma bunun cavabını təxminən bilirəm...

Tez-tez “Ölüm bir gün də tək qoymur məni” deyirdin. Yəqin ki, indi ölümlə lap möhkəm dostlaşmısınız. Kim kimə daha çox sadiqdir? Yaz görüm ölüm necə olur, rəngi, quruluşu, forması nə təhərdi? Danışa bilir, ya laldır? Deyib-güləndir, ya qaradinməz?

“Dirilərin daş səbrindən utanıram” deyirdin. Bu günə kimi aramızda olsaydın, bu səbrdən utanmazdın, bəlkə də xəcalət çəkərdin. Amma indi yəqin ki “Ölülərin daş qəbrindən” utanırsan...

Qağayı səni tapa bilibmi?

Suallarım həddindən artıq çoxdu, şair. Amma elə burdaca saxlayıram. Səni yormayım deyə. Həm də istəyirəm, bir az da buralardan danışım.

Bu dünyada vəziyyət elə qoyub getdiyin kimidi. Yenə “Yumurta”dan yun qırxanlar öz işlərindədi. Özlərini “Uca dağ başında”hiss edirlər. “Lotereya”ları uduşa düşənlər də həmişə onlar olur. İstəsələr lap “Yayda qartopu oyunu” da təşkil edərlər…

Qəhrəmanlarından biri necə deyirdi? “Kiminin köynəyi qaradı, kiminin bəxti”. Elə indi də bəxti qara olanların yalnız köynəyi ağdır. Yenə də “Biri namusunu itirir, biri bəxtini, biri də ağlını”. Bu azmış kimi, o vaxtdan itmiş “Bəxt üzüyü”müzü də tapa bilməmişik.

“İntihar”lar da çoxalıb. “Allah, məni yarı öldür, yarı saxla ağlamağa” deyib körpüdən tullanan kim, özünü asan kim, qatarın altına atılan kim. Başa düşmürlər ki, “İntihar Allahın sözünü yarıda kəsməkdi”, xilas yolu deyil. Bilmirəm bu işlərin axırı necə olacaq. Sən demişkən, “Arxamca dərd çapır, qorxuram çata”. O qədər fikirləşəcəm ki, “Bir gün dəli olacağam”, vallah. Aparacaqlar, gedib görəcəm “Dəlixanada axşamdir, dəli Qabil yer süpürür”.

İtirmək demişkən, Qarabağ məsələsi də dalana dirənib. İrəliləyiş yoxdur. ATƏT-in hörmətli Minsk Qrupunun üzvləri də elə hey“Çevir tatı, vur tatı” deyirlər. Elə ona görə də qonşum “Mamoy kişinin yuxuları” da çin olmur ki, olmur. Hər gecə yuxusunda Kəlbəcəri gəzib-dolaşır, səhəri ağlaya-ağlaya bizə danışır və iddia edir ki, bunlar yuxu deyil, o, həqiqətən də hər gecə Kəlbəcərdə olur. “İntizar”la “Generalın son əmri”ni gözləyir ki, silaha sarılaraq gedib torpaqları geri alsın. Soruşanda ki o general kimdi, xeyli sonra cavab verir: General Lazımovu deyirəm, general Lazımovu! Mən şəxsən belə soyadlı general eşitməmişəm. Şair, gör, oralarda elə general var? Bu barədə də yazarsan.

Hər şey bir qırağa, qonşumun başına hava gəlsə, “Kim sulayacaq bulvardakı söyüdləri?”

Dünən xalqın dəyər verdiyi, müqəddəs hesab etdiyi adam bu gün “Abşeronun pavilyonlarını gəzib araq diləneeer”. İnsanlar arasında münasibətlər çox kəskinləşib. Qohumlar bir-biriylə əlaqə saxlamır. “Dost-doğma bibimiz oğlu Qafar” da məişət problemləri ilə, kredit məsələləri ilə o qədər yüklənib ki, daha qohumlar arasında münasibət qurmağa da cəhd göstərmir. Yaxınların evinə “posılka” göndərməyə də heç nə tapılmır. Əvvəllər heç olmazsa, “əjdaha başı” var idi...

Bax, beləcə yaşayırıq. Ah çəkə-çəkə. “Ah çəkməyə bir yer olmalıdır axı bu dünyada!”. Var, şair, var. Nə də olmasa, ah çəkməyə bir yerimiz var. Tapırıq.

Deyəsən çox giley-güzar elədim. Bunları oxuyub deyəcəksən “İndi gileydən-güzardan, baş qatıb qaçmaq vaxtıdır”. Düz deyəcəksən. Çünki istənilən halda həyat gözəldir, yaşamağa dəyər. Nə olsun ki “Əlimi uzatdım sevincə sarı, gördüm, yox, arada kədər dayanıb”, yenə də yaşamaq lazımdır. “Burda gərək yaşayasan, hər gün şükür deyə-deyə. Səhər kələm, gündüz kələm, axşam kələm yeyə-yeyə...”.

Bilmirəm “Sabah yaxşı olacaq”, ya “Sabah çox pis olacaq”, amma “Şükür, sabah olacaq”. Çünki, “Mühit içində təpədən - dırnağa kimi ümid içindəyəm”. Axı ümid sonda ölür, şair...

Bir şeyi də deyim. Sənin vəsiyyətin yerinə yetirilib. Yəqin ki xəbərin var. Necə demişdinsə, elədir. Məzarında nə başdaşı var, nə heykəl. Yalnız bir cüt ayaqqabı var. Nə vaxtsa bir ayağıyalın o ayaqqabını tapacaq, geyinib gedəcək. Gedəcək “Uzaq yaşıl ada”ya. Orada “Xoşbəxtlik” sözünə mütləq qafiyə tapacaq. Çünki bu sözə qafiyəni yalnız xoşbəxt adam tapa bilər. Bir ayağıyalının ayaqqabı tapması xoşbəxtlik deyil, bəs nədir?

Hələlik bu qədər. Cavab məktubunu gözləyəcəm. Vaxtaşırı dərdləşərik...

Sayqılarla:

Sənin “Yaşıl eynəkli adam”ın.

“İçəri şəhər/Biçarə şəhər”, 28 yanvar 2016-cı il.

Saat... “Bilmirəm saat neçədi...”.

# 824 dəfə oxunub

Oxşar xəbərlər

"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

"Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır" - Emil Rasimoğlu

21:00 11 iyul 2024
Onlar Kəramət Böyükçölün qələmini sındırmaq istəmədi - Seçkiləri "ifşa" edən yazıçımız

Onlar Kəramət Böyükçölün qələmini sındırmaq istəmədi - Seçkiləri "ifşa" edən yazıçımız

12:00 11 iyul 2024
Bu roman müasir Azərbaycan nəsrində mərhələ gücündədir  - İlham Əziz

Bu roman müasir Azərbaycan nəsrində mərhələ gücündədir - İlham Əziz

12:00 8 iyul 2024
Sizin o dəryada nə işiniz var idi, Varis cənabları?

Sizin o dəryada nə işiniz var idi, Varis cənabları?

14:11 6 iyul 2024
Atasına nifrət edən yazıçı - "Kişilərə dur deyin!"

Atasına nifrət edən yazıçı - "Kişilərə dur deyin!"

15:00 5 iyul 2024
Vəfanı Vəfadara çevirən üç nəslin romanı - Məti Osmanoğlu

Vəfanı Vəfadara çevirən üç nəslin romanı - Məti Osmanoğlu

17:29 4 iyul 2024
# # #