Gorbagor - Elnaz Eyvazdan HEKAYƏ

Gorbagor - Elnaz Eyvazdan<span style="color:red;"> HEKAYƏ
11 sentyabr 2015
# 11:56

Kulis Elnaz Eyvazın “Gorbagor” hekayəsini təqdim edir.

Oğlunun cənazəsini həmin o yerə qoydular ki, əlindəki beli dayayıb fikrə getmişdi. Arvadı özünü cənazənin üstünə elə atdı, elə bil ayaqları yerdən üzüldü, uçub cənazəyə qondu. İki əlilə başına-başına necə döydüsə, heç kəs mane ola bilmədi. Hamı məəttəl qaldı. Gonbul ikiqat olmuşdu. Arvadını belə görəndə əlini ona tərəf uzadıb çarəsiz-çarəsiz dedi: “Öləcək ee... bədbaxtın balası, qoymuyun elə eləsin.”

Dəfnin səhərisi tezdən Gonbul dünən ikiqat olduğu yerdə stul qoyub oturmuşdu. Çox kök olduğundan hamının “Gonbul” dediyi adam bir gecənin içində nə hala düşmüşdüsə, əynindəki nimdaş pencəyin çiyinləri aşağı sallanmışdı.

Əlini gicgahına dayayıb fikrə getmişdi. Arada da gözlərinin yaşını pencəyinin qoluna silirdi.

***

Səhər tezdən səsi aləmi götürmüşdü. Öz-özünə elə danışırdı ki, elə bil qonşularla söhbət edir. Əslində, elə idi: balkondan baxanların hamısı onun həmsöhbəti idi. Xeyir-şər evinin ətrafına əkdiyi ağacların dibini belləyə-belləyə deyinirdi:

- Eşitdüz dəə, uçaskov Salam da gorbagor oldu. Yıxmadığı ev qalmadı, o qədər fağırın, yetimin çörəyinə bais oldu, axırı nooldu? Odeey, öldü getdi. İndi goruna aparacax yığdıxlarını?!

Əllərini belin sapında çarpazlayıb çənəsinə dayadı, xeyli fikrə getdi. Öz-özünə:

- Əşşi, şeytan əl çəkib, Allah rəhmət eləsin, - deyib qulağını çəkdi və üzünü özündən beş-altı addım aralıda çömbəlib altdan-yuxarı ona baxan oğluna tutdu, - qulağını çək ə, üzünnən irax.

Oğlu əlini-əlinə vurub şaqqanaq çəkdi. Gonbul yekə bədənini yırğalaya-yırğalaya onun üstünə cumurmuş kimi yerindən götürüldü, oğlu cəld qalxıb qaçdı. Gonbul bir-iki addım atıb dayandı:

- Köppəyoğlu, qulağını çək demirəəm? – deyib oğluna çımxırdı.

- Çəksəm, ölmiyəcəm? Söz verirsən, ay dədə? – dedi.

Oğlunun zarafatla “Dədə” deməyi Gonbulun hirsini soyutdu. Gülə-gülə: “Köpəyoğluna bax daa,” – deyib başını yellədi.

***

İndi həmin dibini bellədiyi ağacın yanında oturub fikrə getmişdi. Arada pencəyinin çiyinlərini dartır, yaxasını üşüyürmüş kimi üst-üstə çəkib saxlayırdı. Cibindən çıxardığı yaylığın arasını açıb yupyumru ətli üzünü örtdü. İri, koppuş əllərini yaylığın üstündə cütləyib hönkürdü. Sonra gözlərini quruladı, yaylığı əvvəlki kimi qatlayıb cibinə qoydu. Mağarın yanındakı uşaqlara səsləndi:

- A bala, ay oğul, o vedrəni su ilə doldur, gətir tök bu ağacların dibinə. Neçə gündü su vermir, yanacaxlar, hayıfdılar...

Ağır-ağır ayağa qalxdı. Şalvarının arxasını çırpıb ayaqlarını sürüyə-sürüyə:

- Bu nə işdi mən düşdüm, bu nə bəladı, ay Allah! – dedi və evə tərəf getdi.

Oğlunun ölümünə hələ də inanmayan Gonbul başını itirmişdi. Səhər oğlunu sağ-çillə işə yola salıb, axşam ölüsünü qarşılamışdı. Qəzaya düşən idarə maşınındakıların heç birinə heç nə olmamışdı, bircə bu bədbəxtin balası ölmüşdü. Bilmirdi, axın-axın yasa gələnlərin qabağında dursun, yoxsa dərdini çəksin. Bu qədər adamı necə qarşılayıb-yola salacaqdı? Kənd yerlərində cavan adamın yasında heç kəs əlini süfrəyə uzatmasa da, yası layiqli yola vermək onun atalıq borcu idi. Hərçənd bu xərcin altından çıxmaq çox çətin olacaqdı, çünki son bir ildə Gonbulun ailəsini dolandıran rəhmətlik oğlu idi. O, böyüyənə qədər göy-göyərti satmaqla birtəhər keçinirdilər. Uşaqlarını zor-güc böyütsə də, hələ heç birinə toy etməmişdi. Böyük oğlu Sərvər işə düzəlib ilk maaşını evə gətirəndə Gonbul sevincindən ağlamışdı. Oğlunun boynunu qucaqlayıb:

- Şükür sənə, ay Allah, mən də oğul çörəyi yeyəcəm, - demiş, üzünü qapının ağzında durub içini çəkən arvadına tutmuşdu:

- Düş dükandan toyuqdan-zaddan al, axşama yaxşı bir çığırtmalı aş bişir, oğlum evə maaş gətirib, zarafat deyil!

O gecə sevindiyindən Gonbulun gözünə yuxu getməmişdi. Səhərəcən götür-qoy etmişdi: “Bir il işləsin, bir az özümüzə gələy, ağzımız indi çörəyə çatır. Arvadı da işdən çıxarax, bəsdi taa süpürgəçiliy edib onun-bunun ayağının altını təmizlədi, yazıxdı. Soora da ya qismət, bir halalsüdəmmiş tapıb evləndirim bu saqqalıağarmışı, çıxsın aradan”. Elə bu vaxt arvadı cüt səbir gətirmişdi. Gonbul:

- Sağ ol, ay arvad! – deyib yorğanı başına çəkəndə xoruzlar banlayırdı.

***

Bir ilin içində Gonbulun bircə adı qaldı. Hamı o boyda cəmdəyin necə əridiyinə məəttəl idi. Oğlunun ilinə az qalmışdı. Bir səhər xeyir-şər evinin həyətində samovarlar qaynadı. Camaat evin qabağına toplaşdı. Gonbulun cənazəsini o yerə qoydular ki, əlindəki beli dayayıb fikrə getmişdi, sahə müvəkkilinin öldüyünü eşidib qulağını çəkmişdi, oğluna da: “Qulağını çək ə, üzünnən irax” – demişdi. Oğlu da: ”Çəksəm ölmiyəcəm? Söz verirsən, ay dədə?” – deyib gülmüşdü...

# 1042 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #